Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrinə həsr olunmuş seminar-treninq keçirilib

 

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (ARM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə “Milli Tolerantlıq Mərkəzi” layihəsi çərçivəsində, Azərbaycanın dini tolerantlıq ənənələrinin təbliği məqsədilə ölkə üzrə “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan müasir çağırışlar və tolerantlıq” mövzusunda silsilə seminar-treninqləri davam edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin, dini icma rəhbərlərinin və rayon ziyalılarının iştirakı ilə Zaqatalada keçirilən növbəti seminar-treninqdə çıxış edənlər Azərbaycanın tolerantlıq ənənələrindən, dinlərarası münasibətlərdən danışıblar. Eyni zamanda şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, din xadimləri gəncləri qeyri-ənənəvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə dinimizin insanlara düzgün çatdırılmasına xüsusi əhəmiyyət verməlidirlər.

Seminar-treninqlərdə, həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavablandırılıb.

Qeyd edək ki, “Milli Tolerantlıq Mərkəzi” layihəsi 2013-cü il mayın 29-da II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində DQİDK və İƏT Gənclər Forumu ARM-in birgə layihəsi olaraq təsis edilib. Mərkəzin rəsmi təqdimat mərasimində BMT-nin Sivilizasiyalar Alyansı və ISESCO ilə memorandumlar imzalanmışdır.

Fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, seminar-treninqlərin və konfransların təşkil edilməsi olan Mərkəz bölgələrdə dini maarifləndirmə işinin aparılması və Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılması istiqamətində “Tolerantlığın ipək yolu”, “Azərbaycan-tolerantlıq məkanı”, “Hörmət naminə birləş” kimi bir sıra beynəlxalq və daxili tədbirlər həyata keçirib.

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 5.