Kollektiv səyahət etmək şagirdləri ikiqat sevindirir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyalar məktəbliləri ikiqat sevindirir. Onlar həm Vətənimizin bölgələrini tanıyır, həm də özlərinə yeni dostlar tapırlar.

Bu fikirləri avqustun 23-də Gəncə-Şəmkir-Göygöl marşrutu ilə tur-aksiyaya gələn Masallı məktəblilərinin qrup rəhbəri, Masallı şəhər 1 nömrəli orta məktəbin müəllimi Xalidə Kərimova AzərTAc-a müsahibəsində deyib. O qeyd edib ki, adətən şagirdlər rayon daxilində gəzirlər, ən yaxşı halda qonşu rayonlara gedirlər. İndiki aksiyada isə onlar yurdumuzun bütün bölgələrini gəzərək maddi-mədəniyyət abidələri ilə tanış olurlar.

Qrupun rəhbəri deyib: “Artıq iki gündür ki, Gəncədəyik. Bizə böyük diqqət və qayğı göstərilir. Azərbaycanın bu qədim şəhəri haqqında çoxlu məlumat toplamışıq. Dahi şairimiz Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişik, Nizami muzeyində eksponatlara baxmışıq, Şah Abbas məscidində, Cavad xan türbəsində və digər tarixi yerlərdə olmuşuq. Ekskursiya zamanı şəhərdə gedən abadlıq və quruculuq işlərini də müşahidə etmişik. Qısa vaxt ərzində Gəncənin bu qədər gözəlləşməsi, söz yox ki, dövlətimizin başçımızın diqqət və qayğısı sayəsində mümkün olub. Vətənimizi qəlbən sevən, onun çiçəklənməsi naminə yorulmaq bilmədən çalışan Prezidentimizə qrupumuzun bütün üzvləri adından minnətdarlığımı bildirirəm”.

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 7.