Redaksiyada görüş

 

Dünən "Azərbaycan" qəzetinin redaksiyasında ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Təbriz Universitetinin müəllimləri ilə görüş keçirildi. Qonaqları salamlayan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov öncə Azərbaycan-İran əlaqələrindən söz açdı.

Qeyd etdi ki, Azərbaycanın yerləşdiyi regionda geniş əlaqələrə malik olduğu dövlətlərdən biri də İrandır. Bu ölkə ilə Azərbaycanı mədəni-mənəvi dəyərlər bağlayır. Dövlət başçılarının siyasi iradəsinin və qarşılıqlı səfərlərinin nəticəsi olaraq indiyədək iki ölkə arasında əlaqələrin hüquqi bazasını təşkil edən onlarla sənəd imzalanıb. Azərbaycan cənub qonşusu ilə əlaqələrə həmişə diqqətlə yanaşır. Respublikamız heç vaxt ikitərəfli əlaqələrə kölgə salacaq addım atmayıb, habelə beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə qoşulmayıb.

Bəxtiyar Sadıqov onu da diqqətə çatdırdı ki, son illərdə Azərbaycan böyük inkişaf yolu keçib. Bu gün Cənubi Qafqazın aparıcı dövləti olan Azərbaycanın maraqları nəzərə alınmadan bu bölgədə hər hansı layihənin həyata keçirilməsi mümkün deyil. Dinamik inkişaf edən, gözəlləşən Azərbaycan həm də iranlı turistlərin daha çox maraq göstərdiyi ölkələrdən biridir.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızın bir qismini işğal edib. Hazırda danışıqlar prosesi davam edir. Əgər danışıqlar nəticəsiz başa çatarsa və Ermənistan işğalçılıq siyasətini davam etdirərsə, Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək ərazilərini digər vasitələrlə, o cümlədən müharibə yolu ilə azad edəcək.

Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetinin fəaliyyətindən də söz açdı. Bildirdi ki, ilk nömrəsi 1918-ci ildə işıq üzü görən "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı olub. Sovet dövründə repressiyaya məruz qalan və nəşri dayandırılan qəzet indi müstəqil Azərbaycan dövlətinin rəsmi mətbu orqanı kimi öz fəaliyyətini davam etdirir.

Görüş üçün təşəkkürünü bildirən İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Seyid İbrahim İbrahimi dedi ki, Təbriz Universitetinin müəllimlərinin səfərində məqsəd iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafına töhfə verməkdir. Müəllimlər Əhməd Farşbafian, Həbib Ağacani, Məhəmmədrza Nikcu, Qafar Abdullahi Azərbaycana səfər etməkdən məmnunluqlarını ifadə etdilər. Təbriz Universitetinin "Azərbaycanşünaslıq" mərkəzini təmsil etdiklərini bildirən müəllimlər xalqlarımızın zəngin və ortaq mədəni dəyərlərinin qarşılıqlı təbliğindən söz açdılar. Həmçinin mədəni və elmi mübadilələrin əhəmiyyətini vurğulayaraq bunun əlaqələrin inkişafına töhfə verdiyini bildirdilər.

Görüşdə qeyd olundu ki, bu gün Azərbaycan-İran əlaqələrinin inkişafına xələl gətirmək istəyənlər olsa da heç bir fayda verməyəcək. Çünki ortaq dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və İran arasındakı qarşılıqlı faydaya söykənən münasibətlər güclü və qırılmazdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2014.- 27 avqust.- S.4.