«Metrologiya» Standartlaşdırma üzrə Texniki Komitə yaradılmışdır

 

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin (SMPDK) müvafiq əmri ilə "Metrologiya" Standartlaşdırma üzrə Texniki Komitə yaradılmışdır.

SMPDK-nın mətbuat xidmətindən verilən məlumata görə, yeni yaradılan Texniki Komitəyə ümumilikdə metrologiya sahəsi üzrə çalışan 22 dövlət və qeyri-dövlət müəssisələri üzv seçilmişdir. Maraqlısı odur ki, üzvlərin arasında həm istehsalçıların, həm də istehlakçıların maraqlarını qoruyan müxtəlif qurumlar təmsil olunur.

 "Metrologiya" Standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd Milli Standartlaşdırma Proqramına uyğun olaraq metrologiya sahəsi ilə bağlı milli standartların layihələrinin, kalibrlənmə və sınaqlarla bağlı ölçmə metodikalarının, dəyişikliklərin və ya təşəbbüs qaydasında işlənib hazırlanması və onun fəaliyyət sahəsinə aid edilən qaydaların hazırlanmasına dəstək göstərməkdir. Yeni texniki komitəyə cəlb edilən mütəxəssislər mövcud standartları nəzərdən keçirə bilər, onların günün tələblərinə uyğun olaraq ləğv edilməsi və ya təkmilləşdirilməsi barədə təşəbbüs qaldıra bilərlər. Müasir dövlət quruculuğu baxımından da texniki komitənin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif standartların ekspertizadan keçirilərək yenidən dəyərlənməsi, onlara rəy verilməsi vətəndaş cəmiyyətinin inkişafına, azad sahibkarlıq subyektlərinin ədalətli rəqabətinə, şəffaf bazar mexanizmlərinin formalaşmasına zəmin yaradacaqdır.    

Qeyd edək ki, metrologiya sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından qeyd olunan istiqamətlər üzrə ölkədə vahid standartlar toplusunun mövcudluğu olduqca əhəmiyyətlidir.

 

Azərbaycan. - 2014.- 27 avqust.- S. 7.