Vətənpərvərliyin və xeyirxahlığın təcəssümü

 

“Xocalıya ədalət!” kampaniyası uğurla davam etdirilir

 

Heydər Əliyev Fondu ictimai statusla fəaliyyət göstərməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz töhfəsini verir. Xalqın milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin yad təsirlərdən qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna rol oynayır.

Fəaliyyət göstərdiyi müddətdə ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu cəmiyyətdə yüz minlərlə insanın ümid və pənah yerinə çevrilmişdir.

Fondun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli genofondun qorunması, saf dəyərlərin ictimai şüurda möhkəmlənməsidir. Bu gün Mehriban xanım Əliyevanın adı gələndə Azərbaycan vətəndaşının düşüncəsində əsas yeri onun milli mədəniyyətimiz qarşısında göstərdiyi misilsiz xidmətləri dayanır. Azərbaycan musiqisinin, muğamının, aşıq sənətinin, cazın, estradanın, incəsənət sahələrinin inkişafı 10 il bundan əvvəlki ilə müqayisədə heyrətləndiricidir. Elə buna görə də 2004-cü il avqustun 13-də Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Qarşıya qoyduğu xeyirxah məqsədlərlə Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuzetimad qazana bilmişdir. Məhz bu fəaliyyətin nəticəsi olaraq fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və UNESCO-nun “Qızıl Motsart” medalına layiq görülmüşdür. Bütün bu saysız-hesabsız mükafatlar, əslində, ölkəmizin birinci xanımının yüksək intellektual səviyyəsindən və bacarıqlı lider olmasından xəbər verir. Mehriban Əliyevanın fəaliyyəti mədəniyyətimizin, milli irsimizin qorunması sahəsində mövcud olan boşluğu aradan qaldırdı. Xalq onun timsalında öz mədəniyyətinin etibarlı hamisini tapdı. Onun təşəbbüsü ilə bir sıra möhtəşəm layihələr həyata keçirildi.

Fondun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş mərasimdə bildirmişdi: On il bundan əvvəl - 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu öz fəaliyyətinə başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin əsaslarını qoymuş, müstəqil Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən atdığımız addımlarla, gördüyümüz işlərlə bu yüksək ada layiq olmağa çalışmışıq. On il ərzində biz xeyli nailiyyətlər əldə etmişik. Bizim ən böyük nailiyyətimiz və uğurumuz Azərbaycan xalqının inamını və etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır”.

Bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks tədbirlər nəticəsində xalqın milli kimliyində bir oyanış baş vermişson illər mədəniyyətini, keçmişini, milli varlığını özündə yaşadan Azərbaycan gəncliyinin fomalaşmasında bir təkan olmuşdur. Bütün bu işləri reallaşdırmaq üçün insanda ilk növbədə böyük vətənpərvərlik hissi olmalıdır. Fondun minlərlə insanın köməyinə çatması, müalicəyə ehtiyacı olanları dünyanın ən yüksək səhiyyə müəssisələrinə göndərməsi, evə, maddi dəstəyə ehtiyacı olanlara, xüsusilə valideynsiz uşaqlara sahib çıxması onun fəaliyyətinin ən böyük istiqamətlərindəndir. Heydər Əliyev Fondu XX əsrin ən dəhşətli faciələrindən biri sayılan Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün də əlindən gələni edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu acı həqiqətin dünyada tanıdılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün məqsədyönlü işlər həyata keçirilir.

Son illər Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan İslam Respublikası, BosniyaHerseqovina, Rumıniya, Çexiya və İordaniyanın parlamentləri Xocalı soyqırımını tanımışlar. ABŞ-ın Vest Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsi ilə bağlı bir müddət əvvəl qətnamə qəbul edilmişdir. Qətnamədə Xocalıda törədilmiş cinayətlərin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən təcavüzün tərkib hissəsi olduğu qeyd edilir. Bundan əvvəl isə Kaliforniya, Massaçusets, Texas, Nyu Cersi, Meyn, Nyu Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuş, Xocalıda qırğın törədənlərin məsuliyyətə cəlb olunması tələb edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü əsasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məqsədi də beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır. 2014-cü ildə də bu istiqamətdə zəruri tədbirlər həyata keçirilmişdir.

Xocalı sakini olaraq mən və bütün xocalılılar Heydər Əliyev Fondunun üzərinə götürdüyü bu missiyanın uğurla nəticələnəcəyinə ümid edirik. Çünki hələ də dünya birliyi erməni vandalları tərəfindən başımıza gətirilən bu müsibətə tam məsuliyyətlə yanaşmır, xalqımızın dərdinə ədalətsiz münasibət göstərir. Biz əminik ki, fond Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, habelə işğal nəticəsində tarixi torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin hüquqlarının beynəlxalq miqyasda qorunması istiqamətində bundan sonra da əzmlə fəaliyyət göstərəcək.

 

Ceyhun ƏLƏKBƏROV,

“Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri

Azərbaycan.- 2014.- 28 avqust.- S.2.