Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti “Məlumat mübadiləsi saatı” keçirilib

 

Avqustun 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) “Məlumat mübadiləsi saatı”nın növbəti iclası keçirilib.

Nazirlikdən AzərTAc-a bildirdilər ki, iclas ƏƏSMN-in əhalinin sosial təminatının gücləndirilməsi, sosial xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, əmək hüquqlarının təminatına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahələrində aparılan işlər, bu sahələrdə yeni yanaşmaların tətbiqi barədə məlumatların mübadiləsinə həsr olunub.

İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyev tərəfindən sosial cəhətdən həssas əhali qruplarına göstərilən diqqət və qayğıdan söz açıb, ölkənin sosial təminat və sosial xidmətlər sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsi əsasında mühüm işlərin aparıldığını vurğulayıb.

Qeyd edib ki, ötən ilin dekabrı da daxil olmaqla son 9 aya yaxın dövrdə Prezident tərəfindən ölkə əhalisinin sosial təminatının gücləndirilməsinə xidmət edən 12 Fərman və Sərəncam imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, bizim üçün prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipimüasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir. Bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır. Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Nazir cari ilin iyulun 1-dən işə salınan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə də toxunub. Bildirib ki, artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni sistemdə qeydiyyatdan keçib və işəgötürənlər arasında aparılan çoxşaxəli məlumatlandırma işlərinin müsbət nəticəsi olaraq, hər gün qeydiyyatdan keçən bildirişlərin sayı əvvəlki günə nisbətən xeyli çox olur.

S.Müslümov qeyd olunan sahələrdə aparılan işlər, yeni bilik və təcrübələrlə bağlı bu iclasda məlumat mübadiləsinin “beyinlərin hücumumetodu ilə mövcud problemlərin həllinin ən optimal variantını tapmaqda, ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsində, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsində mühüm önəm kəsb etdiyini vurğulayıb.

Nazirliyin aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Səbinə Cəfərova və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərov tərəfindən iclasın mövzusuna uyğun sahələrlə bağlı təqdimatlar olub, ayrı-ayrı suallar cavablandırılıb.

İclasda görülən işlərlə bağlı fikir mübadilələri aparılıb.

 

Azərbaycan.- 2014.- 28 avqust.- S.3.