Yeni uğurlara doğru

 

 

Balakəndə aparılan tikinti və abadlıq-quruculuq işləri sırasında yol çəkilişi əhəmiyyətli yer tutur

 

Prezident İlham Əliyevin 2013-cü ilin avqust ayında imzaladığı sərəncamla tikintisi üçün vəsait ayrılmış Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunda işin birinci mərhələsi artıq başa çatıb. Ümumiyyətlə, rayonda respublikayerli əhəmiyyətli avtomobil yollarının lazımi vəziyyətdə olmasına ciddi fikir verilir. Artıq Balakən şəhərinin arxa küçələrinin də asfaltlaşdırılmasına başlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, son dövrlər yerli bələdiyyələrin vəsaiti hesabına 1,5 kilometr kəndarası yollara asfalt döşənib. İlin sonunadək daha 8 kilometr kənd yolları asfaltlanacaq. Uzun illər ərzində qum-çınqılla təmir edilən yollar artıq müasir tələblərə cavab vermir. Buna görə bələdiyyələr tərəfindən yollara asfalt döşənməsi təqdirəlayiq işdir. Su kanallarının və arxların təmir edilməsinə, yeni içməli su xətlərinin çəkilməsinə, abadlıq və yaşıllaşdırma işlərinə can yandıran bələdiyyələr də az deyil.

Dövlət başçısının 2013-cü il avqust ayında imzaladığı digər bir sərəncama əsasən ayrılmış vəsait hesabına tikinti-quruculuq işləri də sürətlənib. Ötən müddət ərzində xeyli görülüb. Balakən şəhərindəki bağ abadlaşdırılaraq yenidən qurulubburada soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksi inşa edilib. Həmin ərazidə Veteranlar bağı salınıb. Şəhərdə 20 kommunal binanın dam örtüyü dəyişdirilib, 16 binanın fasad hissələri mişardaşı və dekorativ daşlarla üzlənib. Heydər Əliyev adına Mədəniyyət və istirahət parkının giriş hissəsi də yenidən qurulub. Şəhərin bir sıra prospekt və küçələrində, həmçinin Soyqırımı bağında yeni işıq dirəkləri basdırılıb. Küçələrə tamet plitə, bardür qoyulub, divarlar dekorativ daşlarla üzlənib. Balakənçay körpüsünün kənarları isə kol-kosdan təmizlənib və həmin ərazi müasir üslubda yaşıllaşdırılıb. Qabaqçöl qəsəbəsinin mərkəzində yerləşən park da abadlaşdırılıb.

Qəsəbə və kəndlərdə də abadlıq işləri görülür. Qaysa kəndində 20 yerlik körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib. Talalar kənd tam orta məktəbinin 280 yerlik yeni binasının inşası başa çatdırılıb və bina yeni dərs ilində qapılarını şagirdlərin üzünə açacaq. Şərif və Şambul kəndlərində yeni uşaq bağçalarının tikintisi, Sarıbulaq kəndində isə uşaq bağçasının əsaslı təmiri davam edir. Yeri gəlmişkən qeyd edək ki, rayon üzrə ilin əvvəlindən ümumi sahəsi 2534 kvadratmetr olan 23 fərdi yaşayış evi, ümumi sahəsi 1510 kvadratmetr olan 15 xidmət və sahibkarlıq obyekti istifadəyə verilib.

Balakən sel sularına həssas rayon olduğu üçün burada əhalinin təhlükəsizlik tədbirlərinə ciddi fikir verilir. Mazımçay və Balakənçay sistemlərində, İnterçayın Şərif kəndindən keçən hissəsində daş-beton bəndlər tikilib. Katexçayda daş-beton bənd tikintisi üçün hazırlıq işləri görülür. Bunlardan əlavə, mövcud daş-beton bəndlərdə təmir işləri gedir, çayların məcraları təmizlənir.

Rayonda əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün də tədbirlər həyata keçirilir, su anbarları, magistral və şəhər su xətləri təmir edilir.

Prezidentin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 29 yanvar 2014-cü il tarixli sərəncamına əsasən, Balakəndə qazılması planlaşdırılan 10 artezian quyusundan 8-i artıq istifadəyə verilib. Qalan 2 quyunun da qazılması ilə bağlı hazırlıq görülür. Sarıbulaq kəndində mövcud su quyusundan 3 kilometr məsafədə su şəbəkəsi də qurulub.

Kənd yollarının tikintisinə, təmirinə dövlətin göstərdiyi diqqət sakinləri çox sevindirir. Rayon ərazisini şimaldan cənuba kəsib keçən, çox istifadə olunan, ən işlək yollar Balakən-Qazma-Darvazbinə, Balakən-Qabaqçöl və Balakən-İtitala yollarıdır. Balakən-Qazma-Darvazbinə yolunun tikintisi ötən il başa çatıb. Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunun tikintisininbirinci mərhələsi yekunlaşıb. Balakən-İtitala yolunun tikintisi isə 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramına salınıb və yaxın zamanlarda layihənin icrasına başlanılacaq.

Onu da qeyd edək ki, bu və digər məsələlərlə bağlı RİH başçısı İslam Rzayevin səyyar qəbullarında da yerli əhali tərəfindən təkliflər irəli sürülür, fikirlər bildirilir. RİH başçısının Bedağar kəndində 160 sakinin iştirak etdiyi səyyar qəbulunda 5 müxtəlif təklif səsləndirildi. Bildirildi ki, kənddə yeni məktəb binasının tikilməsinə, uşaq bağçasının açılmasına, bankomatın quraşdırılmasına, fasiləsiz elektrik enerjisi ilə təminat üçün elektrik dirəklərinin dəyişdirilməsinə və Qazma-Bedağar kəndarası yolun birləşdirilməsi üçün 500 metr yola asfalt döşənməsinə ehtiyac var. Çıxış edən kənd sakinlərindən Fərhad Qarakişiyev, Sevil Ceerçiyeva, Hizbullah İbrahimov, Rəsul QarakişiyevEyvaz İbrahimov əmin olduqlarını bildirdilər ki, təklif olunan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görüləcək.

Elə yerindəcə ilk tədbir görüldü: 500 metr yolun bələdiyyə tərəfindən asfaltlanması qərara alındı. Digər təkliflərlə də bağlı lazımi tədbirlərin görüləcəyi bildirildi.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Azərbaycan.- 2014.- 28 avqust.- S.5.