Cabbarlı - faciənəvis

 

 

Azərbaycan dramaturgiyasının inkişafında yeni mərhələ Cəfər Cabbarlının yaradıcılığı ilə başlanır. Ömrünün və bədii fəaliyyətinin təxminən yarısı çar imperiyası, yarısı da sovet rejimi şəraitində, kapitalistsosialist Bakısının bənzərsiz ədəbi-mədəni mühitində keçən və yaşadığı ömrün tən ortasında 23 ay müstəqil, suveren dövlətin vətəndaşı olan bu nadir sənətkar kapitalizmi də, sosializmi də bəşəri dəyərlər, humanist ideallar mövqeyindən qiymətləndirmişdir.

Yaradıcılığa lirik şeirlərlə başlayan Cabbarlı ədəbiyyat tarixində böyük dramaturq, novator bədii-estetik düşüncənin, müasir dramatik üslubun, təzə sənət prinsiplərinin banisi olaraq şöhrətlənmişdir. Ona qədər Azərbaycan ədəbiyyatında faciə janrının gözəl nümunələri, tragik obrazların böyük bir qalereyası yaradılmışdı. Cabbarlı səhnəyə tragik-fəci konfliktin və qəhrəmanın tamam yeni, orijinal örnəklərini gətirdi. İlk dəfə olaraq onun yazdığı faciələrdə bədii-dramatik konfliktin fərd və dünya, şəxsiyyət və zaman miqyasında əksi və təhlili göründü.

Özünü yaşadığı mühitə tanıtmaq, cəmiyyətdə sayılıb-seçilmək istəyən azad düşüncəli insanın daxili böhranları, aldanış və iztirabları, həyəcan və üzüntüləri ərşə yüksəldi, Azərbaycan ədəbiyyatının tragik qəhrəmanlar sırası Bəhram, Aydın, Oqtay, Elxan surətləri ilə daha da zənginləşdi. Bu qəhrəmanlar bir tərəfdən mühitlə, dövranla, digər tərəfdən özü özü ilə daxili mübarizədədir; onlar cəmiyyətdə təsdiq olunmaq, şəxsi istəklərini reallaşdırmaq uğrunda çalışır, lakin yüksək əxlaqi problemlərlə rastlaşarkən tərəddüdlər, sarsıntılar keçirir, xoşbəxtlik uğrunda mübarizə yollarında yeni maneələrlə qarşılaşırlar. Tragik qəhrəmanın daxilində, könül dünyasında xalis maddi-sosial münasibətlərlə mənəvi-əxlaqi düşüncələr möhkəm qarşıdurma təşkil edir. Onlar cəmiyyətdə yalnız mənəvi cəhətdən yox, həm də maddi cəhətdən təsdiq olunmaq istəyir, bundan ötrü tragik mübarizə yolları düşünürlər. Bütün bu xüsusiyyətlər "Solğun çiçəklər" faciəsinin qəhrəmanı Bəhramın simasında aydın görünür.

Ədəbiyyatşünasların dəfələrlə qeyd etdiyi kimi, Bəhram burjua cəmiyyətində yetişən gənclərin ümumiləşdirilmiş surətidir. Mülkədar ziyalı gənclərindən fərqli olaraq o, yaşadığı cəmiyyətdə hələ təsdiq olunmamış bir adamdır. Onu heç kəs tanımır. Bəhram isə cəmiyyətdə tanınmaq, təsdiq olunmaq, maddi rahatlıq içərisində yaşamaq istəyir. Bundan ötrü geniş maddi imkan lazımdır. Lakin Bəhramın belə bir imkanı yoxdur. Özü etiraf edir ki, əgər Gülnisənin evindən çıxıb getsə, 40-50 manat məvacib alacaq. Bu isə maddi rahatlıq və fərdi özünütəsdiq üçün kifayət deyil.

Bəhram öz imkanlarını və yaşadığı mühitin qanunlarını gözəl başa düşür, yaxşı bilir ki, cəmiyyətdə pulsuzluq ölümə bərabərdir. O, aydın surətdə dərk edir ki, Sara gözəl və səmimi bir qız olsa da, kasıblığına görə Bəhramın həyatına xoşbəxtlik, maddi təminat yox, yalnız sıxıntı gətirəcəkdir.

Doğrudur, əsərin əvvəlində o, tamamilə saf, təmiz bir gəncdir: "xeyirxah və nəcib bir adamdır". Lakin Saradan uzaqlaşmaqla Bəhram öz insanlıq ləyaqətini, şərəfini itirir. Xüsusilə Saranın öz evindən qovularaq, tamamilə köməksiz, arxasız qaldığı vaxtlarda Bəhramın ondan gizlənməsi özünə qarşı kəskin ikrah, nifrət hissləri oyadır.

Fərdi özünütəsdiq arzusu Bəhramı mənən eybəcərləşdirir. O, maddi zənginliyə çatmaq üçün "hiylə qarşısında hiylə işlətmək" istəyir, lakin özü hiylənin qurbanı olur. Pərinin və Gülnisənin şirin - iblisanə dillərinə və milyonlarına uyaraq əxlaqi müflisliyə düşür. Ancaq Bəhram öz faciəsini şərin məhvi kimi keçirmir. Onun daxilindəki xeyir tamamilə yox olmayıb. Qəlbinin lap dərinliklərində insanlıq, vicdan rudimenti yaşayır. Buna görə də günahsız Saranın ölümü onun damarlarındakı qeyrəti, humanist duyğuları tərpədir və Bəhram: "Qəhr olsun dünyanın milyonlar sayəsində vücuda gələcək səadəti" - deyə maddi özünütəsdiq ehtiraslarından uzaqlaşır.

Bəhram öz faciəsini hissiyatına aldanaraq kökündən, varlığından ixtiyarsız surətdə ayrılmış, öz aldanışını gecikərək dərk edən bir insanın məhvi kimi keçirir. Pərinin pulları onu xoşbəxt edə bilmir. Həmin pullara Bəhram cəmiyyətdə təsdiq olunmaq, Saranı xoşbəxt etmək, onunla birlikdə mənalı ömür sürmək üçün yiyələnmək istəyir. Ancaq pullar onun mənəvi rahatlığını da pozur; hələ Sara sağ olarkən Bəhram çox böyük narahatlıq keçirir, özünü bəla gölündə hiss edir. Sara təhqir və iztirablara dözməyib öldükdən sonra isə Bəhram dərin iztirablar dənizinə düşür və nəhayət psixi xəstəliyə tutulur.

Pyesdə tragik qəhrəman kimi Bəhramı canlandıran onun öz vicdanı qarşısındakı etiraflarıdır. Saranın facianə ölümü Bəhramı ayıldır, keçmiş mənliyini özünə qaytarır. O, hərəkətləri üçün əzab çəkir. Məhz əzabları onu daxilən təmizləyərək, qəbahət və günahlarını, qeyri-insani hərəkətlərini qiymətləndirə biləcək insan yüksəkliyinə ucaldır. Bəhram özünün  mənəvi eybəcərliyini yalnız etiraf eləmir, o, bunu öz sifətinə sillə kimi çırpır: "Mən də insanmıyam? (Güzgüyə tərəf gedib baxır). Ey, sən kimsən? Bəhramsan? Yox! Yox! Sən bir xəbissən, bir alçaqsan! Sənin surəti-xəbisin bir xəyanət mücəssəməsinə bənzəyir. Nəsən, nə? Gözlərindən görünür. Sən qiymətsiz pullara öz eşqini, məhəbbətini satan bir qatil, bir cani!"

Bəhram realist bir qəhrəmandır. Onun həyata və mühitə baxışları mövcud cəmiyyətin ictimai qanunlarına əsaslanır. Daha doğrusu, Bəhram yaşadığı tipik şəraiti olduğu kimi görüb qiymətləndirir. O, Pəriyə qəlbinin hökmü ilə deyil, həyatın, mövcud şəraitin tələbi və özünün vəziyyəti ilə bağlı olaraq məcburi surətdə yaxınlaşır. Sevdiyi qızdan uzaqlaşmaq istərkən onun keçirdiyi tərəddüdlər, ruhi-psixoloji sarsıntılar, Saranın ölümündən sonra çəkdiyi əzablar, peşimançılıq hissləri, bu hisslərin təsiri altında Pərini boğub-öldürməsi çox təbii və real göstərilir.

"Solğun çiçəklər"də tragik pafosu qüvvətləndirən ən mühüm amil Saranın taleyidir. Əslində pyesin qəhrəmanı da bilavasitə odur. Çünki konfliktin bir qütbündə məhz Sara dayanır. Pəri və Gülnisə Bəhrama qarşı deyil, Saraya qarşı mübarizə aparır, onu evdən uzaqlaşdırmaq istəyirlər. Bəhramdan fərqli olaraq Sara həyatda mənəvi özünütəsdiqə üstünlük verir. O, insan səadətini əxlaqi təmizlikdə görür. Gülnisənin və Pərinin təklifləri qarşısında əmisi oğlunun tərəddüd keçirdiyini görən Sara deyir: "Bəhram! Bilirəm, indi sənin heç bir şeyin yoxdur. Unutma, mən günlərlə ac qalmağa da hazıram. Hərgah səni bu evdən qovmaqla təhdid edirlərsə, eybi yoxdur. Sən ac, mən də ac, gedək bir guşeyi-xəlvətdə əl-ələ verib işləyək, yaşayaq. Səadət pulda deyil, mənim səadətim səninlə olmaqdadır".

Saranın təbiətində romantizm qəhrəmanlarına xas olan xüsusiyyətlər vardır. Müztəriblik, mövcud həyatı subyektiv rakursdan qiymətləndirmə, gələcəyə nikbin baxış həmin xüsusiyyətlərin ən mühümləridir. Onun məhəbbəti də Bəhramın sevgisindən seçilir: bu məhəbbət romantik ruhdadır.

Göründüyü kimi, həyata, sevgiyə baxışları, bütövlükdə dünya dəyərlərinə münasibətləri baxımından Sara Bəhramla əks mövqedə dayanır. Hətta hərəkət və davranışlarına, danışıqlarına görə də onlar bir-birindən əsaslı surətdə fərqlənirlər; Bəhramın danışığında mövcud həyatın, sosial mühitin sərt tələbləri, Saranın sözlərində isə mənəvi ünsiyyət ehtiyacları, insan hisslərinin sentimental kəskinliyi görünür. Buna baxmayaraq həyatı estetik idrakinikas prinsipləri baxımından onların ikisieyni tipli olub, vahid ədəbi metod əsasında yaradılmışdır; yəni həm Sara, həm də Bəhram realist qəhrəmanlardır.

Fərdin mühitdən, şəxsiyyətin cəmiyyətdən qlobal miqyasda narazılığı C.Cabbarlının "Aydın" faciəsinin qəhrəmanı üçün də səciyyəvidir. Bəhramdan fərqli olaraq Aydın qeyri-adi, romantik arzularla böyümüş bir gəncdir, hələ uşaqkən valideynlərini itirib, günülü bacısının himayəsində qalan bu gəncin həyatı məhrumiyyət və iztirablar içərisində keçmiş, o, kiçik yaşlarından əhatə olunduğu adamların danlaq və təhqirlərinə dözmüşdür. Bu cür şəraitdə bacısından başqa heç kəsdən xoş üz görüb, şirin söz eşitməyən Aydının qəlbində "mühitdən intiqam almaq", bacısını sevindirmək ehtirası oyanır. O, böyüdükcə arzu və istəkləri də böyüyür: "Mən istəyirdim, bütün dünya mənimlə hesablaşsın, küçələrdən keçərkən Aydın gəlir - deyə, xalq məni barmaq ilə göstərsin. Mən istəyirdim əyilmədən kimsə yanımdan keçməsin. Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın..."

Lakin bunlar hələ Aydının məktəbdə oxuyarkən "Çingiz xanNapoleon kimi məşhur simaları öyrənincə" bəslədiyi arzular idi. İctimai həyata yaxınlaşdıqca onun arzuları da dəyişir. "Bütün yaşayışda bir inqilab yaratmaq", "diriliyi yeni əsaslar üzərində qurmaq üçün bütün bəşəriyyəti qan dənizlərində çimdirib, insanlığın çeynənmiş sümükləri üzərində sağ qalacaq beş yaşlı səbilər üçün səadət sarayları tikdirmək" istəyir. Ancaq bu arzuları həyata keçirmək üçün Aydın gücsüzdür və səbəbi də onun sevgi uğursuzluğu ilə bağlıdır. Sevdiyi qızın qarşılıqlı məhəbbətini Aydın uğursuzluq, "parlaq ulduzlara doğru" gedən yolda maneə hesab edir: "Mən istəyirdim ki, sevdiyim məni sevməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuxusuz gecələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə... nəhayət, Napoleonvari, yurduma dönərkən istiqbalıma çıxmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hesablaşmaq əlaməti olaraq ancaq gülümsəməsini istəyirdim... "

Aydın narazı, etirazçı bir surətdir. O, ictimai istismara mülkiyyətçilik münasibətlərinə əsaslanan cəmiyyətə qarşı insan şərəfinin hər şeydən uca tutulduğu bir dünya istəyir: "Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad, zəhmət azad, vicdan azad, hərəkət azad, bütün varlıq azad, istila zənciri yox, altun yox, nəşə, dəbdəbə yox, fərman yox, hər kəs öz zəhmətinin, öz arzusunun quludur". Bu cür cəmiyyətdə hər şey insanın xoşbəxtliyinə xidmət etməlidir. Bəşəriyyət təkcə xalqlar, millətlər, qruplar haqqında yox, eyni zamanda ayrı-ayrı fərdlər barədə düşünməlidir. Bütün adət və qanunlar insan arzularının çiçəklənməsi, həqiqətə çevrilməsi naminə aradan götürülməli, şəxsiyyət öz varlığını və qüdrətini göstərmək üçün tamamilə azad, ixtiyari olmalıdır. Köləlik adətləri parçalanmalı, istismar qanunları tapdanmalıdır.

"Mən və dünya", "şəxsiyyət və zaman" miqyasında davam edən qlobal, böyük masştablı konfliktin bir qütbündə dayanan Aydın öz idealları uğrunda üsyana qalxarkən intiqam hədəfi kimi müəyyən bir şəxsi, yaxud zümrəni seçmir. O, "bütün bəşəriyyətə qarşı, bütün adətlərə, qanunlara qarşı... Bütün kainata, aya, günəşə, ulduzlara, hətta tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan" qaldırır. Aydın böyük, fövqəladə arzular, yüksək ideallar daşıyıcısıdır; hərəkətlərində və sözlərində inad edən üsyankar bir gəncdir. Gültəkinin xəyanəti isə bu faciəni daha da şiddətləndirir. Əslində əsərdə "dünyanın tarazlığı"nın pozulması Gültəkinin Dövlət bəyə yaxınlaşması ilə başlanır. Məhz bu məqamda yalan və saxtakarlıq qarşısında gözəllik və həqiqət məğlub olur. İnsanlıq qarşısında altun təntənə edir. Beləliklə, Aydının böyük inamı sarsılır.

İdeallarının oxşarlığı baxımından Azərbaycan dramaturgiyasında Aydına ən yaxın tragik qəhrəman Oqtayı hesab edirlər. Hətta Y.Qarayev yazır ki, Oqtayın "həyat idealı ilə Aydının idealı arasında nəticə etibarilə heç bir fərq yoxdur". Çox qəti və mübaliğəli, qeydsiz-şərtsiz deyildiyinə görə bu fikir səmərəli perspektivlərindən artıq mübahisəli məqamlarına görə diqqəti cəlb edir. Bizcə, Aydınla Oqtayın yaxınlığından, oxşarlığından deyil, onların uzaqlığından, fərqindən bəhs edən tədqiqatçıların fikirləri doğru, elmi həqiqətə uyğun səslənir. Düzdür, onların ikisi də həyatda süniliyə nifrət edir, olduqları kimi, təbii görünmək istəyir, cəmiyyətdə özlərini aldadıb yaşaya bilmir, insan münasibətlərində "mütləq bir prinsip, həqiqət axtarırlar". Bununla belə Aydın və Oqtay həm qarşılarına qoyduqları məqsəd, ideal, həm də xarakter etibarilə bir-birinə yad adamlardır. Aydın, sözün geniş, etik-fəlsəfi mənasında eqoist, Oqtay isə altruistdir. Hər yerdə özünü göstərmək, bəşəriyyətə "bir həqiqət" olduğunu sübut etmək Aydının arzusudur. Mən və cəmiyyət müxalifətində o, özünü hamıdan yüksək tutur, bəşəriyyəti özünə tapındırmaq, bütün insanları özü ilə hesablaşdırmaq istəyir.

Oqtay isə heç vaxt özünü bəşəriyyətə və dünyaya qarşı qoymur. Ümumiyyətlə, "Aydın"dakı mən və cəmiyyət, mən və dünya qütbləşməsi "Oqtay Eloğlu" faciəsində yoxdur. Bu əsərdə konflikt və ziddiyyətlərin miqyası, əhatə dairəsi konkretdir. Hansı maraq ön planda olmalıdır - şəxsi, yoxsa ümumi?! Kimin mənafeyi üstündür - fərdin, yaxud xalqın?! Bu dilemmalar ayrıcında dayanarkən Oqtay şəxsi "mən"ini deyil, xalqını düşünür. Özünü bütövlükdə doğma xalqına, onun ictimai mədəni tərəqqisi uğrunda mübarizə işinə səfərbər edir.

Xarakterinin mahiyyəti, varlığa münasibətlərinin formaları, həqiqəti və azadlığı dərk etmək yolları baxımından da Oqtay Aydından seçilir. Aydının qəlbində güclü bir xəyalpərvərlik, Oqtayda isə həqiqətpərəstlik var. Öz fəaliyyət və düşüncələrində Aydın ideal, Oqtay real zəminə istinad edir. Onlardan birincisi romantik, ikincisi (Oqtay) isə realist qəhrəmandır. Aydındakı romantik duyğular və hisslər Oqtayda yoxdur. O, həyatda konkret məqsədi, aydın qayəsi olan və niyyətinə çatmaq üçün real düşünən gəncdir.

İxtisasca aktyor olan Oqtayı ilk növbədə milli səhnənin yoxluğu düşündürür. Həqiqi ziyalı, sənət xadimi kimi o, xoşbəxtliyini və idealını milli səhnə yaratmaqda görürözünü bütünlüklə bu vəzifənin həyata keçirilməsinə səfərbər edir: "Yaşamaq istəyirsək, yaratmalıyıq. İyirminci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilirsə, bilsin, mən bilmirəm. Yaşadığımız mübarizə meydanlarının müxtəlif qazmaları vardır... Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam".

Göründüyü kimi bu, real düşüncə tipidir, mövcud varlığa obyektiv münasibət formasıdır. Burada ictimai-mədəni həyatı zənginləşdirmək üçün şəxsiyyətin üzərinə düşən tarixi vəzifə ön plandadır. Oqtayın əsas çıxışlarında güclü bir obyektivlik, vəziyyəti, əhvalatları analitik qiymətləndirmək qabiliyyəti vardır. Onda romantizm qəhrəmanlarına məxsus əsas keyfiyyətlər yoxdurbuna görə də onu romantik qəhrəman tipinin meyarları ilə təhlil edib qiymətləndirmək özünü doğrultmur.

Oqtayı romantik qəhrəman sayan alimlər onun "məzlumlar dünyasından" çıxmasına, "sənət vurğunu" və "həqiqət soraqçısı" olmasına istinad edirlər. Halbuki bu xüsusiyyətlər yalnız romantizmə aid xüsusiyyətlər deyildir. Realist sənətkarlar da yoxsullar, səfillər, dilənçi və basyakların gündəlik həyatını bədii təsvirin mərkəzinə çəkir, onların mənəvi aləmini əks etdirirdilər. Klassizmdə isə "orta və aşağı təbəqələr (qulluqçular, nökərlər, tacirlər, yoxsullar, müəllimlər, sənətkarlar) qəhrəman səviyyəsinə yüksəldilir, aşağı təbəqə nümayəndələri səhnəyə çıxardılırdı".

Oqtay yaşadığı, fəaliyyət göstərdiyi mühiti, şəraiti aydın başa düşən, gördükləri barədə real düşünən bir ziyalıdır. O yaxşı bilir ki, yaşadığı zəmanədə insanlar bir-birini şəxsi qabiliyyətinə, istedadına, bacarığına görə yox, varına, dövlətinə görə sayırlar. Cəmiyyətdə istedadlılar yox, pullular, adamlılar nüfuz sahibi olurlar. Buna baxmayaraq, Oqtay yüngül yolla pul qazanmaq ehtirasından uzaqdır. O, sənət aləminə pul qazanmaq üçün yox, milli səhnə yaratmaq üçün gəlmişdir. Əsas məqsədi istedadlı aktyor nəsli, xüsusilə qadın aktyorlar yetişdirmək, bu yolda da doğma xalqının mədəni tərəqqisinə kömək etməkdir.

Obyektiv-maddi həqiqəti xalqa xidmətdə - teatr yaratmaqda görən Oqtay subyektiv-mənəvi həqiqətini də Firəngizə bəslədiyi yüksək, ideal məhəbbətin timsalında tapır. Amma Firəngiz Oqtayın düşündüyü kimi ola bilmir. O, əhdini, ilqarını pozaraq, öz sevgisinə xəyanət edir. Bununla da Oqtayın qəlb evi dağılır, arzuları, ümidləri puç oluronun faciəsi başlanır. Bu, yaşadığı cəmiyyətin saxtalığını və yalançılığını dərk etmiş ağıl sahibinin, həyatın zahiri tərəfi ilə daxili mahiyyəti arasındakı ziddiyyətlər barədə düşünən gənc bir ziyalının faciəsidir. Yalana, saxtakarlığa, ikiüzlülüyə qarşı etiraz əlaməti, mübarizə üsulu kimi Oqtay sosial həyatdan uzaqlaşıb səfil olmaq yolunu seçir. Aslanın "Siz kimdən intiqam alacaqsınız?" sualına o, belə cavab verir: "Özümdən, öz eşqimdən, öz taleyimdən, öz idealımdan, öz tanrımdan, həyatdan, mühitdən, gələcəkdən, həqiqətin yoxluğundan! Mən o olacağam ki, bundan sonra ola biləcəyəm. Ola biləcəyəm və olacağam bir səfil. Həm də sadə bir səfil yox, səfillər padşahı! Budur mənim intiqamım!".

Ümumiyyətlə, səfillik, şəxsiyyətin özünü təsdiq etmək üçün cəmiyyətdən küsüb uzaqlaşması Yaxın Şərq bədii-fəlsəfi fikrində qədimdən mövcuddur: Məcnunu və sufiləri xatırlamaq kifayətdir. Həm Məcnunun, həm də sufilərin maddi səfilliyi - mənəvi-əxlaqi zənginliyin zirvəsi idi. Onlar daxilən təmizlənmək, varlanmaq üçün dünya malından tamamilə əl çəkir, yoxsullaşırdılar. XX əsr realizmi də yoxsulların və sənətkarların həyat və məişətini, xüsusilə ziyalıların cəmiyyətə yadlaşmasını təsvir edərkən onların mənəvi dünyasını ön plana çəkir, əsas diqqəti səfillərin daxilindəki təmizliyin və saflığın təqdiminə yönəldirdilər.

C.Cabbarlının qəhrəmanı cəmiyyətdən uzaqlaşıb "səfillər padşahı", yəni cəmiyyətin ən səfil, ən yoxsul adamı olur. Bu isə bütün çirkinlikləri rədd edib ən saf, ən təmiz adam olmaqdır. Oqtay, eyni zamanda saflıq, təmizlik mücəssəməsidir. Lakin bu obrazın faciəsi ondadır ki, o, səfillik - təmizlik yolunda axıra qədər davam gətirə bilmir. Bacısını görəndən sonra yenidən əvvəlki mühitə, yəni süni həyata, sənət dəllallarının içərisinə qayıdır və idealsız bir fərdə çevrilir...

C.Cabbarlının faciələrində təsvir olunan surətlərin bir qismi gənc qızlardır: Sara, Gültəkin, Firəngiz... Daxili saflıqları, mənəvi gözəllikləri ilə seçilən və sevilən bu gənclər insanı qiymətləndirə bilməyən antihumanist cəmiyyətin nakam qurbanlarıdır. Onlar mühitdə məhv olsalar da, ürəklərə köçür, qəlblərdə yaşayırlar.

 

Zaman ƏSGƏRLİ,

filologiya üzrə elmlər doktoru

Azərbaycan.- 2014.- 28 avqust.- S.6.