Şəkinin tarixi məkanları ilə tanışlıq Bərdə və Naftalan məktəblilərinin ürəyincə oldu

 

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində İsmayıllı-Qəbələ-Şəki marşrutu ilə hərəkət edən Bərdə və Naftalan məktəbliləri avqustun 27-də Şəkinin tarixi yerləri və muzeyləri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.

AzərTAc xəbər verir ki, şəhərin qədim tarixi hissəsinə – “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gələn tur-aksiya iştirakçıları əvvəlcə burada yerləşən Şəki xanlarının sarayı ilə tanış olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İkimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan vardır. Sarayın divar rəsmləri əsasən həndəsi və nəbati naxışlardan ibarətdir. Saraydakı şəbəkə-pəncərələr, ikinci mərtəbədəki otaqların tavan və divarlarını bəzəyən döyüşov səhnələri xüsusilə diqqəti cəlb edir.

Tur-aksiya iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra qoruğun ərazisində yerləşən Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində olan Bərdə və Naftalan məktəblilərinə məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.

“Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzən məktəblilərin diqqətinə çatdırılıb ki, ərazidə dövlət qeydiyyatına götürülən 25 tarixi abidə vardır.

Qoruğun ərazisindəki Yay teatrında Şəkinin musiqi kollektivlərinin hazırladıqları maraqlı konsert proqramını izləyən tur-aksiya iştirakçıları rəqs də ediblər.

XVIII əsrin sonunda Şərq memarlığı üslubunda tikilən “Yuxarı Karvansaraymehmanxana kompleksi ilə tanışlıq da məktəblilər tərəfindən maraqla qarşılanıb.

Səfər proqramına uyğun olaraq tur-aksiyanın iştirakçıları daha sonra Şəkinin digər tarixi məkanlarına baş çəkib, şəhərin görməli yerlərini gəziblər.

Qədim və müasir Şəki ilə tanışlıq Bərdə və Naftalan məktəblilərinin ürəyincə olub

 

Azərbaycan.- 2014.- 28 avqust.- S.6.