Həsrətdə qalan yurd yeri

 

Elə tarixlər var ki, insan onu ağrılı yaşayır hətta həmin günün hadisəsinə görə özünü günahkar da sanır. Belə tarixlərdən biri məhz torpaqlarımızın işğalı ilə bağlıdır. Bütün ömür boyu tikib-qurduğunun, topladığının bir anın ya günün içərisində itirdiyin, əlinin boşda qaldığı gün...

Mən belə bir günün, işğalın canlı şahidiyəm. 1993-cü ilin 31 avqust tarixini, ermənilərin yerdən səmadan güllələr yağdıraraq torpaqlarımızı yağmalamalarını heç zaman unutmaram. Xüsusən atamın, babalarımın, nənələrimin nəhayət qardaşımın fidan körpəsinin uyuduğu qəbiristanlığın yanmasını...

Şübhəsiz ki, kimliyindən asılı olmayaraq hər kəs doğulub boya-başa çatdığı, başı üzərində şirin şivəsində laylaların çalındığı, gözəlliklərin cilvələndiyi,  qanında, canında müqəddəs duyğuların kök saldığı doğma yurduna qırılmaz tellərlə bağlı olur. Bu tellər qədər nazik olsa, zamanla, düşdüyü mühitlə bağlı olaraq qırılma həddinə çatsa belə onları asanlıqla qoparmaq, aralamaq, sonsuzluğa atmaq mümkün deyil. Çünki bu tellər şaxələnib. Bu şaxələr isə ən azından hər bir insanın yeddi arxa dönəninə qədər gedib çatır. Bu gün bizlər dünyanın hansı guşəsində yaşasaq da babalarımızın daşı-daş üstə qoyaraq binə qurduqları yurd yerimiz, müqəddəs ruhları əsirlikdə qalan Qubadlımız qəriblikdə, düşmən tapdağı altında qaldığı müddətdə hamımızın içindən doğma, məlhəm duyğularla keçən gizilti məhz həmin torpaqlara bağlıdır.

Qədim Azərbaycan torpağı, Qarabağ xanlığının tərkib hissəsi sayılan Zəngəzurun digər ellərə açılan qapısı olan Qubadlının 21 illik qəriblikdə qaldığı bir vaxtda soydaşlarımızın bu torpağa bağlı olan insanlar haqqında düşüncələrini eşitmək çox maraqlıdır. "Mərd insanlardır", "sözü bütöv adamlardır", "dostu yarı yolda buraxmazlar", "lazım olsa dost üçün son qəpiklərini xərcləyər bir yol da olsa dilə gətirməzlər" - bu digər çoxlu belə kəlmələr məhz bu torpağın yetirmələrinin ünvanına səslənir.

Təbii ki, bir yanından Həkəri, digər tərəfindən isə Bərgüşad çayının zümzümə edərək axdığı bir məkanın övladlarının əsla başqa cür olmaq haqları da yoxdur. Hələ hər daşının altından çıxan buz bulaqları demirəm. Məhsuldar torpaqlarının suvarıldığı su isə dağ çayının tərtəmiz suyudur.  Meyvə-tərəvəzlərinin hər biri can dərmanıdır.

Amma təəssüf, min təəssüf...  Artıq 21 ildir ki, qubadlılar Tanrının onlara bəxş etdiyi naz-nemətlərdən məhrumdurlar. Buna baxmayaraq onlar əsl həqiqətin - məhz o torpaqların qəsbkardan - erməni işğalçılarından təmizləndiyi gün bərqərar olacağına inanırlar. Bütün qubadlılar həmin günü böyük həsrətlə gözləyir bunun üçün səfərbərliyə hər zaman hazırdırlar. Təkcə qubadlıların deyil, cəmi Qarabağın, eləcə əksər soydaşlarımızın inam, etiqad yeri olan Mir Sədi Ağa ocağından çıxan Mir Məhəmməd Ağanın "Qürur" qəzəlində deyildiyi kimi:

 

Mən comərdəm, mən mərdəm,

mən ər oğlu ərəm,

Qovğa günü qalxanam,

cəngə sinə gərənəm.

Mən hünər meydanında

rəşadət göstərənəm,

Bir kirpik qırpmaram -

ləşkər gələ üstümə.

 

Qubadlıda olan bir çox toponimlər, yer adları da bu məkanın əsl türk yurdu olmasının göstəricisidir. Məsələn, Dondarlı, Dəmirçilər, Ulaşlı, Qaraqoyunlu, Tatar, Xocahan, Məlikəhmədli, Padar, Əfəndilər... Qubadlıda olan kənd adlarıdır. Bundan başqa, Məmər Hal kəndlərinin arasında, daha çox Məmərə yaxın olan "Papaqlı qaya" da çoxlarının yadındadır. "Kitabi Dədə Qorqud"u oxuyanlar üçün elə o andaca mənzərə aydınlaşır. Ümumiyyətlə, qədim oğuz-türk yurdu olan Zəngəzurun Qubadlı rayonu tarixi abidələr yaşayış məskənləri ilə zəngindir. Bunların içərisində qədim qəbiristanlıqlar, mağaralar, məbədlər, qalalar, türbələr, tağlı körpülər xüsusi yer tutur.

"Qubadlı" toponiminin mənşəyi araşdırılarkən mövcud yaşayış məntəqəsinin oğuz-türk yurdu olması dəqiqləşir. Mənbələrin təhlili nəticəsində "Kobatlı", "Qubadlı" yer adının bəydilli nəsli ilə əlaqələndirilməsi bu torpaqların bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan olan nəvəsi idi. Qeyd olunanlar Ziya Göyalpın "Türk mədəniyyət tarixi" kitabında öz əksini tapır.

Qubadlı bölgəsinin qədim tarixi, Qubadlı adının türk mənşəli olması elmi dəlillərlə izah edilir. Qeyd olunur ki, rayonun Muradxanlı, Qaracallı Əliquluuşağı kəndlərinin yaxınlığındakı qədim mağaralar bu diyarda hələ Daş dövründə insanların yaşamasından xəbər verir. İbtidai insan düşərgələri olan bu mağaralar sonralar əhali tərəfindən müqəddəsləşdirilib, ziyarətgahlara çevrilib. Qubadlıdakı " kaha", "Qara kaha" mağaraları belə ziyarətgahlardandır.

Azərbaycanın cənub-qərbində yerləşən Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olunarkən  işğal nəticəsində rayonun 95 yaşayış məntəqəsi talan edilib yandırılıb. Dağlıq əraziyə, əlverişli coğrafi şəraitə malik Gəyən Yazı düzü, Həkəri, Bərgüşad çaylarının vadisində yerləşən Qubadlının sahəsi 826 kv.km təşkil edir.

Hazırda rayonun təxminən 35 min nəfərdən çox əhalisi dədə-baba yurdundan uzaqda, respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır. Daha çox insan isə Sumqayıt şəhərində məskunlaşıb. Ona görə rayon icra hakimiyyətinin aparatı bu qəbildən olan əksər dövlət idarələri məhz bu şəhərdə yerləşir.

Qubadlı əslində, erməni təcavüzü ilə Qarabag münaqişəsindən bir qədər əvvəl üzləşmişdi. 1988-ci ildə Ermənistandan deportasiya edilən soydaşlarımızın ilk qaçqın dalğası da Qubadlıdan keçib. Ümumilikdə isə Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları müharibənin ilk günlərindən rayonu işğal etmək niyyətində olublar.

Qeyd edək ki, Qubadlı Ermənistanla 120 km məsafədə həmsərhəddir.  Artıq 1989-cu ilin sonlarından Qubadlı hər gün düşmənin hücumlarına məruz qalırdı. Qüvvələr qeyri-bərabər olsa da, Qubadlının özünümüdafiə dəstələri, yerli əhali ermənilərin qarşısına sipər çəkmişdi. Təəssüf ki, təcavüzün qarşısını sonadək almaq mümkün olmadı. Qubadlının işğalı zamanı rayondan olan 238 nəfər şəhid, 146 nəfər isə əlil olub.

Üzümçülük, baramaçılıq, taxılçılıq heyvandarlıq, tütünçülük rayon iqtisadiyyatının əsasını təşkil edirdi. Qubadlıda üzüm  emalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası, tütün qəbulu məntəqəsi  mərmər sexi fəaliyyət göstərib. İşğala qədər rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisə fəaliyyət göstərib. Qubadlıda 111 mədəni-maarif 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyirdi. Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. İşğal zamanı ermənilər həmin mədəniyyət nümunələrini götürərək sonradan özününkü kimi dünyanın inkişaf etmiş ölkələrində sərgiləməkdədirlər. Bundan başqa işğalçılar Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar götürüblər. Təcavüzkarlar Qubadlının qədim mədəniyyət abidələrini  tar-mar ediblər.

Qubadlıda 13160 hektar dövlət meşə fondu sahəsi vardı. Meşələrdə yaşı 160 ildən 1600 ilədək olan Şərq çinarları, saqqız ağacı təbiət abidəsi kimi dövlət qeydiyyatına alınıb qorunurdu. Qubadlı Dövlət Təbiət Yasaqlığı, Bəsitçay Dövlət Təbiət Qoruğu isə qiymətli fauna flora növlərinə malik idi. Əldə olunan faktlar ermənilərin həmin qiymətli təbii sərvətlərimizi talan etmələrindən xəbər verir.

Qubadlılar qədim oğuz yurdu olan Qubadlının düşmən işğalından azad olunacağına inanır bu dağ vüqarlı insanların yenidən qopduqları dağlara qovuşacaqları günün uzaqda olmadığına əmindirlər. Bu əminliyi doğuran isə şəhidlik zirvəsinə qalxaraq göstərdikləri şücaətə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Əliyar Əliyev, Kazımağa Kərimov, Vasili Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Ələkbər Əliyev, Səfa Axundov kimi cəsur oğulların bu gün var olması Ali Baş Komandanın torpaqlarımızın mənfur düşməndən azad olunması istiqamətində aparılan ardıcıl məqsədyönlü siyasətidir.

 

Əli SƏLİMOV

 

Azərbaycan. - 2014.- 30 avqust.- S.10.