Qubadlı rayonunun Ermənistan tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirildi

 

Avqustun 29-da Sumqayıtda Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirildi.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı” Memorial Kompleksini ziyarət etdilər.

Sonra tədbir Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən Olimpiya İdman Kompleksində davam etdirildi.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək işğal zamanı zəngin tarixə malik olan rayonun bütün əmlakının ermənilər tərəfindən talan edildiyini diqqətə çatdırdı. Bildirdi ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olub, 200 nəfərə yaxın ağır yaralanıb, 316 nəfər əlil olub, 100 nəfərdən çox insan itkin düşüb. Artıq 21 ildir ki, 35.836 nəfərdən ibarət Qubadlı əhalisi respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb.

İcra hakimiyyətinin başçısı vurğuladı ki, harada məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu Öndərimiz tərəfindən qoyulanbu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.

Malik İsaqov qeyd etdi ki, işğaldan ötən 21 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökumətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.

Mərasimdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 21 il ərzində Vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dövlətə sadiqliyin örnək olduğunu bildirdi.

Əli Həsənov torpaqlarımızın işğalını daim kədər içərisində yad etməyin düzgün olmadığını bildirdi. Bu gün keçirilən tədbirin formatının fərqli olduğunu deyən Ə.Həsənov Qubadlının mədəni-tarixi abidələrindən söhbət açdı. Diqqətə çatdırdı ki, Qubadlı Azərbaycana Qaçaq Nəbi kimi xalq qəhrəmanı, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general, görkəmli ziyalılar, bəxş edib. Eyni zamanda xüsusi vurğuladı ki, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş 149 Milli Qəhrəmanın 9-u Qubadlı sakinidir. Bu, rayon əhalisinin düşmənlə kifayət qədər döyüşdüyünü göstərir.

Baş nazirin müavini qeyd etdi ki, bütün çətinliklərə baxmayaraq bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət alan quruculuq işlərində fəal iştirak edib.

İşğalçı Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq göstərməməsinin təəssüf doğurduğunu bildirən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlara qayıdacağımıza olan sonsuz inamını dilə gətirdi.

Tədbir məktəblilərin paradı və idmançıların çıxışları ilə davam etdirildi. Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev adına idman klubunun güləşçiləri öz məharətlərini göstərdilər.

Mərasimdə vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.

 

Azərbaycan. - 2014.- 30 avqust.- S.7.