Bu layihə mənə Qəbələ və İsmayıllını yaxından tanımağa imkan yaratdı

 

"Dünyaya göz açdığım Azərbaycanın gözəl, qədim və zəngin bir ölkə olması barədə geniş məlumatım var. Həmişə istəyirdim ki, ölkəmizin bölgələrinə səfər edərək rayonlarımız barədə oxuduqlarımı və eşitdiklərimi gözlərimlə görüm. "Ölkəmizi tanıyaq" layihəsi mənə Qəbələ və İsmayıllını yaxından tanımağa imkan yaratdı".

 Bu sözləri tur-aksiyanın iştirakçısı, Yevlax şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Asim İsmayılov Qəbələdə AzərTAc-a müsahibəsində söylədi. Qəbələ ilə tanışlığın onda çox zəngin təəssürat yaratdığını bildirən Yevlax məktəblisi daha sonra dedi: "Etiraf edim ki, indiyədək yaşadığım Yevlax rayonundan kənara çıxmamışdım. Bu layihədə iştirak etdiyimə görə çox şadam. Qəbələdəki "Tufandağ" Qış-Yay İstirahət Kompleksinə, "Beltman" piano fabrikinə, eləcə də rayonun digər tarixi yerlərinə ziyarəti səbirsizliklə gözləyirdim. Bu, təkcə mənim deyil, həm də tur-aksiyada iştirak edən hər bir məktəblinin arzusu idi. Nəhayət ki, bu istəyim gerçəkləşdi. Qəbələdə kanatla dağ gəzintisi mənə unudulmaz anlar yaşatdı. Dağların zirvəsindən Qəbələ şəhərini, çayları, meşələri, gözəl mənzərəni seyr etdim, dostlarımla xatirə şəkli çəkdirdim".

Yevlax məktəblisi onlara bu şəraiti yaratdığına görə şagirdlər adından dövlət başçısına minnətdarlığını bildirdi.

 

Azərbaycan. - 2014.- 31 avqust.- S. 6.