Bələdiyyə seçkilərində seçkiqabağı təşviqat və onun növləri

 

Seçki prosesinin ən mühüm mərhələlərindən biri seçkiqabağı təşviqatdır. Seçkiqabağı təşviqat müxtəlif seçki subyektləri tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, qaydadaüsullarla həyata keçirilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74.2.1-ci maddəsinə əsasən seçkiqabağı təşviqatın üsullarından biri kütləvi informasiya vasitələri ilə aparılan təşviqatdır.

Bələdiyyə seçkiləri ilə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış dayandırılır. Səsvermə günüondan əvvəlki gün saat 08:00-dan başlayaraq seçkiqabağı təşviqatın aparılmasına yol verilmir.

Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həmin şəxslərə verilmiş səlahiyyətlər çərçivəsində aparılır. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə yalnız ictimai, özəl və bələdiyyə teleradio verilişləri təşkilatlarının iştirakı nəzərdə tutulur. Həmin prosesdə iştirak edən dövri mətbuat nəşrləri isə dövlət, özəl və bələdiyyə nəşrləridir.

Respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatında ödənişsiz efir vaxtı, ölkə ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır.

Həmin teleradio verilişləri təşkilatlarının, dövri nəşr redaksiyalarının siyahısı seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc edildikdən sonra ən geci 30 gün ərzində Azərbaycan Respublikası Milli TeleviziyaRadio Şurasının və Azərbaycan Mətbuat Şurasının təqdimatı ilə müvafiq dairə seçki komissiyası tərəfindən yayımlanır və dərc edilir.

Bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları bələdiyyə üzvlüyünə qeydə alınmış bütün namızədlər üçün, həmçinin namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına təşviqatın aparılmasına bərabər şərait və imkanlar yaratmağa borcludurlar.

Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan ictimai teleradio verilişləri təşkilatları, ölkə ərazisinin yarısından az hissəsində verilişləri yayımlanan dövlət dövri nəşrlərin redaksiyaları bələdiyyələrin üçdə birindən çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müvafiq inzibati ərazi vahidində seçkiqabağı təşviqat aparmaq imkanı yarada bilərlər. Bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları bələdiyyə üzvlüyünə qeydə alınmış bütün namizədlər üçün, həmçinin namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına təşviqatın aparılmasına bərabər şərait və imkanlar yaratmalıdırlar.

Seçkiqabağı təşviqat müddəti başlanandan sonra bir həftə müddətində qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları arasında onların ərizəsi əsasında teleradio verilişləri təşkilatlarında ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilir. Onun yeri və vaxtı haqqında məlumat püşkatma keçirən orqan tərəfindən püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir.

Püşkatma müvafiq teleradio verilişləri təşkilatlarının yaratdığı püşkatma komissiyası tərəfindən təşkil edilir və həyata keçirilir. Püşkatma püşkatma komissiyasının elan etdiyi gündə, saatdaefir vaxtından istifadə etmək üçün müraciət etmiş qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin və qeyd edilən subyektlərin iştirakı ilə keçirilir. Püşkatma nəticəsində efir vaxtının verilməsi müvafiq protokolla rəsmiləşdirilərək buna dair cədvəl tərtib olunur, həmin cədvəl püşkatmanı təşkil etmiş seçki komissiyasına təqdim edilərək onun tərəfindən qanunla müəyyən edilmiş qaydada dərc edilir.

Dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma qanunla müəyyən edilmiş qaydada və müddətdə keçirilir. Püşkatmanın nəticələri ilə bağlı protokol və cədvəl tərtib olunur. Azərbaycan Respublikasının ərazisinin yarısından az hissəsinə, yarısına, yaxud yarısından çoxuna yayımlanan dövlət dövri nəşrlərindən hər birində pulsuz ayrılan nəşr səhifələrinin həcmi təşviqat dövrünədək həftəlik nəşr səhifələrinin ümumi həcminin 10%-ni təşkil etməlidir. Müvafiq dövri nəşrlərin səhifələrində ayrılmış yerdən hər bir təşviqat subyektinə düşən istifadə normalarını müəyyən etmək məqsədilə, təşviqat üçün ayrılmış ümumi həcmin bu dövri nəşrlərdə seçkiqabağı materialları pulsuz dərc etdirmək hüququ olan qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

Teleradio verilişləri təşkilatlarının ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcminin üçdə bir hissəsi müzakirələrin, “dəyirmi masa”ların, digər bu kimi təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılmalıdır. Qeydə alınmış namizədlərin, bələdiyyələrin üçdə birindən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarının həmin təşviqat tədbirlərində iştirakdan imtina etməsi ödənişsiz olaraq təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

İctimai teleradio verilişləri təşkilatları və dövri nəşrlər respublika üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişli əsaslarla efir vaxtı və dərc yeri ayırmaq hüququna malikdirlər. Seçkiqabağı təşviqat materiallarının yayımlanması və ya dərci özəl və bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşrlər üçün könüllülük prinsipinə əsaslanmalıdır. Həmin qurumları seçkiqabağı təşviqatda iştiraka məcbur etmək yolverilməzdir. Əgər özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqatda iştirak etməyə razılıq versələr, seçkiqabağı təşviqat materiallarının efirə verilmə və ya dərc olunma şərtləri bütün namizədlər, siyasi partiyalarsiyasi partiyaların blokları üçün eyni olmalıdır.

İctimai teleradio verilişləri təşkilatında ödənişli seçkiqabağı təşviqat üçün ayrılan efir vaxtının ümumi həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz. Təsisçiləri fizikihüquqi şəxslər olan dövri nəşrlər istisna edilməklə, digər nəşrlərin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır.

Efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma yuxarıda göstərilən müddətdə və qaydada keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının və dövri nəşr səhifələrində ayrılmış yerin dəyərinin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını efir vaxtının verilməsi və ya təşviqat materiallarının dərcetmə gününə ən geci 48 saat qalmış müvafiq banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank günündən çox olmamalıdır. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri yalnız bələdiyyə üzvlüyünə namizədlərin xüsusi seçki fonduya siyasi partiyaların, siyasi partiyalar bloklarının vahid seçki fondu vəsaitləri hesabına ödənilməlidir.

Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı pulsuzya pullu efir vaxtı yaxud dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli yer müvafiq teleradio təşkilatında və dövri nəşrin redaksiyasında qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir qeydə alınmış namizəd, siyasi partiya, yaxud siyasi partiyanın bloku üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının xarakteri göstərilməlidir.

Qeydiyyat barəsində səsvermə gününə ən geci 5 gün qalmış və səsvermə günündən 5 gün sonra MSK-ya məlumat verilməlidir. Məlumat kitabdan çıxarışı əks etdirməklə, məktub formasında verilir.

Qanunvericiliyin tələbinə görə bəzi subyektlər (xarici dövlətlər və xarici hüquqi şəxslər; xarici vətəndaşlar; vətəndaşlığı olmayan şəxslər; 18 yaşına çatmamış vətəndaşlar; beynəlxalq təşkilatlar və beynəlxalq ictimai hərəkatlar; dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları; dövlət, bələdiyyə təşkilatları və idarələri; seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslər; hərbi hissələr; xeyriyyə təşkilatları, dini birliklər, idarələr və təşkilatlar; anonim ianə köçürənlər və sair) tərəfindən seçkiqabağı təşviqatın aparılması qadağandır.

Bundan başqa, KİV-də seçkiqabağı təşviqat aparılarkən seçki qanunvericiliyi ilə yanaşı, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələbləri də nəzərə alınmalıdır.

Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış teleradio verilişləri təşkilatları və dövri nəşrlər, eləcə də seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlərdə dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi barədə məhkəməyə müraciət edə bilərlər.

Qanunvericilikdə dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat haqqında müəyyən edilmiş qaydalara riayət edilməsi üzərində nəzarəti Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir. Yuxarıda göstərilən şərtlərə əməl olunmaması qanunla müəyyən olunmuş qaydada məsuliyyət yaradır.

 

Azər TAĞIYEV,

Azərbaycan Respublikası Mərkəzi

 Seçki Komissiyasının üzvü

Azərbaycan.-2014.- 2 dekabr.- S.4.