Qalib gəlmək haqqı

 

İslam Abbasovun 18 yaşı var. Sumqayıtda doğulub. Güləşçidir. İki dəfə dünya çempionu, bir dəfə də Avropa birincisi olub. İslamın atası Əzim müəllim əslən Qubadlıdandır. Qarabağ döyüşlərində iştirak edib. Hazırda polis mayorudur.

- İslam 16 saylı Sumqayıt tam orta məktəbində oxuyurdu, - deyə Əzim müəllim söhbətə başlayır. - Bir gün dərsdən gəlib anası ilə nə barədəsə danışırdı. Axşam onun elə hey fikirləşdiyini görsəm də, susurdum. Özü dilə gəlib dedi ki, idmanla məşğul olmaq istəyir. Soruşdum ki, bəs dərslərini necə çatdıracaqsan. Dedi ki, çalışıb hər şeyi yoluna qoyacaq. Mənim bu sözdən çox xoşum gəlir. İnsan çalışmalıdır, çünki uğur qazanmağın başqa yolu yoxdur.

İslam o vaxtdan yunan-Roma güləşi ilə məşğul olmağa başlayır. İki ildən sonra şəhərdə keçirilən yarışlara qatılan yeniyetmə idmançı ilk dəfə qələbə tamını dadır.

- Anası mənə dedi ki, bu gün İslamın yarışı olacaq, - deyə Əzim müəllim söhbətinə davam edir. - Düzü, həmin yarışa baxmağa getmədim. Düşündüm ki, məğlub olar, utanar məndən. Bir az keçmiş bacısı içəri girdi. Qızın gözlərindəki sevinci bugünədək unuda bilmirəm.

...Kuboku əlində tutub evə girəndə İslam atasının gözlərini yaşlı görmüşdü. Amma bilirdi ki, bu, sevinc gözyaşıdır: “Ata, mən udmuşam, sən niyə ağlayırsan...”

- Mən özüm də idmançı olmuşam, - ata deyir. - İki dəfə respublika çempionu olmuşam. Amma Avropa, dünya çempionluğu, heç yatsam da, yuxuma girməzdi. Bunu bizə İslam yaşatdı.

Beləcə, 12 yaşından turnirlərdə iştirak edən İslam onlarca fəxri fərman, kubok qazanır. Məşqlərdə tər tökür, yarışları qələbə ilə başa vurur.

10-cu sinifdə oxuyanda İslam təlim-məşq toplantısından sonra tezliklə mötəbər bir yarışa dəvət aldığını eşidir:

- Məşqdən sonra özümü evə güclə çatdırdım. Atam mənə baxan kimi soruşdu ki, olub? Dedim ki, Avropaya çempion olmağa gedəcəyəm.

2012-ci ilin martında Polşanın Katovitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində İslam qitə çempionu adını qazanır. Bir il sonra Serbiyanın Zrenyanin şəhərində keçirilən dünya çempionatında da 84 kiloqram çəkidə bütün rəqiblərinə qalib gəlir.

- Geri qayıdanda hava limanında bizi qarşılamağa xeyli adam gəlmişdi, - deyə İslam o günləri xatırlayır.

- İnanın, sevincimi bölüşməyə gələnləri görəndə gözlərim doldu. İnsan onun uğuruna sevinənləri görəndə bilirsiniz, hisslər keçirir? Ürəyində and içirsən ki, növbəti turnirdə qələbə qazanacaqsan.

2013-cü ildə İslam artıq tələbə idi. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasına qəbul olundu. Bu, Abbasovlar ailəsinin sevincini birə yüz artırdı.

İslamın akademiyaya qəbul olunduğunu eşidəndə evinə getdik, - deyə Qubadlı rayon Gənclər İdman İdarəsinin rəisi Namiq Abbasov bildirir. Təşkilatımız vaxtaşırı İslamla görüşür, ona qarşılaşdığı bütün çətinlikləri dəf etməkdə yaxından dəstək olur. İdmanı həyatı qədər sevən bu gənc hamımızın fəxridir.

Güləş fakültəsinin tələbəsi İslam məsuliyyətinin daha da artdığını qeyd edir. Tələbə olmaq onun ən böyük arzusu idi. Bu arzu da gerçəkləşdi.  

2014-cü il İslam üçün uğurlu oldu. İlin əvvəlində avqust ayında keçiriləcək dünya çempionatına vəsiqə qazanmış İslam məşqlərə ara vermirdi.

Gənc güləşçi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş son dünya çempionatını belə xatırlayır:

- Dünya birinciliyində 84 kiloqram çəki dərəcəsində çıxış edirdim. Turnirdə yüksək titullu idmançılar iştirak edirdilər. Onlardan biri almaniyalı Denis Kudla idi.

Yeri gəlmişkən, İslam 2013-cü il Avropa çempionatında almaniyalı idmançı ilə üz-üzə gəlmiş, həmin görüşdə qələbə hakimlərinsəy”i ilə Kudlaya verilmişdi. Azərbaycan tərəfinin etirazları nəzərə alınmamış, İslam ikinci yerlə kifayətlənməli olmuşdu:

- İnanın, elə vəziyyətə düşmüşdüm ki, heç bilmirdim neyləyim. Axı halal qələbəmi rəqibə vermişdilər. Hətta idmandan getməyim barədə düşünürdüm. Köməyimə atam gəldi, mənə toxtaqlıq verdi.

Yenidən məşqlərə başlayan İslam avqust ayında təşkil olunacaq dünya çempionatına vəsiqə qazanır. Ölkədə keçirilən seçmə turnirlərdə iştirak edir. Bütün görüşləri qələbə ilə başa vuran İslam Xorvatiyaya, Zaqreb şəhərinə yola düşür:

- İki qələbədən sonra dünya çempionu adına əsas iddialı rəqibim bəlli oldu. İkinci gün mənimlə yarışa çıxan idmançı məhz bir il əvvəl “məğlub” olduğum almaniyalı  Denis Kudla idi.

Görüşün əvvəlində almaniyalı güləşçi önə keçir. İkinci hissədə İslam əzmkarlıq nümayiş etdirir və qarşılaşmanı qələbə ilə başa vurur. Qaliblərin mükafatlandırılması mərasimində Kudla İslamın əlini sıxıb təbrik edir:

- O hamının qarşısında məni qucaqlayıb öpdü. Ətrafdakılar bizə baxırdılar. Kudla ona yaxınlaşanlara bizim bir il əvvəlki görüşümüzü xatırlatdı. Axırda fikrini belə yekunlaşdırdı ki, yaxşı idmançı qalib gələndir. Bayrağımızı ona bağışlamağı xahiş etdi. Mən üçrəngli bayrağımızı almaniyalı idmançıya  hədiyyə etdim.

İslamı qarşıda yeni turnirlər gözləyir. Gənc güləşçi yarışlara var gücü ilə hazırlaşır. Deyir ki, beynəlxalq turnirlərdə hər dəfə ay-ulduzlu bayrağımız dalğalananda adamın ürəyi dağa dönür: “Məncə, vətənə borcumuzu bacardığımız sahələrdə ödəməliyik. Hər kəs öz işində uğur əldə edirsə, deməli, kifayət qədər zəhmət çəkib, qazandığı da onun haqqıdır”.

Əlavə edək ki, elə zəhmətə qatlaşan idmançıların uğurları da onların haqqıdır - İslamın qazandığı qələbələr kimi...

 

Akif ƏLİYEV,

Azərbaycan.-2014.- 2 dekabr.- S.8.