Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir

 

Prezident İlham ƏLİYEV: “Qarabağsözünün özü Azərbaycan mənşəli sözdür, bu regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı məlumdur”

 

Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avroatlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur.

Xarici siyasətdə varisliyin qorunub saxlanılması hər bir dövlətin beynəlxalq miqyasda layiqli yerini tutması, maraq və mənafelərini təmin etməsi baxımından son dərəcə vacibdir. Ötən 11 ildə ulu öndərin balanslı xarici siyasət kursunu inamla davam etdirən Prezident İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərmişdir. Ölkə başçısının xarici siyasət konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli xüsusilə mühüm yer tutur. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb. BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqisiyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. İşğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə “status-kvonu qoruyub saxlamağa çalışır.

Ermənistanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib. Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb. Xatırladaq ki, cari ilin avqust ayında da Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında isə Prezident İlham Əliyevlə ABŞ-ın dövlət katibi Kerrinin analoji görüşü baş tutdu. Oktyabr ayında Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisdə görüşə dəvət etdidiskussiyalar keçirildi. Müzakirə mövzuları arasında münaqişənin tənzimlənməsi və danışıqlar prosesi ilə yanaşı, etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində insidentlərin azalması, tərəflərin bir-birinə daha çox etimad göstərməsi məsələləri də vardı. Görüşdən iki həftə sonra Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirməyə başladı, eləcə də təmas xətti boyunca təxribat törətdi. Bununla da işğalçı dövlət danışıqlar prosesinə sadiq olmadığını bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev bu günlərdə Ümumrusiya Dövlət Teleradio Verilişləri Yayım Şirkətinin “Rossiya-24” informasiya telekanalına verdiyi müsahibədə bu məqamlara da toxunub: “Bizdə belə təsəvvür yaranıb və özübu təsəvvür cəmiyyətdə artıq kifayət qədər qərarlaşıb ki, Ermənistan sülh istəmir, bu məsələnin tənzimlənməsini istəmir, hər şeyi olduğu kimi saxlamaq istəyir. Başqa sözlə, “status-kvonu saxlamaq istəyir. Hərçənd ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin - Rusiyanın, ABŞ-ın və Fransanın prezidentləri dəfələrlə bəyan ediblər ki, “status-kvo” qəbuledilməzdir, o, dəyişməlidir. “Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Bu, münaqişənin tənzimlənməsi üçün başlıca şərtdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı bütün başqa münaqişələrdən onunla fərqlənir ki, onun həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcuddur. Özübir yox, dörd qətnamə. Həmin sənədlərdə erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Artıq 20 ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir”.

Münaqişənin həlli üçün hüquqi baza BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaqbu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Təcavüz aktının baş verməsi ilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq, BMT-nin Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının birində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün.

BMT Nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, təşkilatın Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsində erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb.

Prezident İlham Əliyev bildirib: “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dağlıq Qarabağ ona görə “dağlıq” adlanır ki, Aran Qarabağ da var. Qarabağ qədim Azərbaycan torpağıdır. Bu gün Qarabağın bir hissəsi işğal altındadır. Özü də yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında yox, həm də keçmiş DQMV hüdudlarından kənarda yerləşən, erməni əhalinin, ümumiyyətlə olmadığı ərazilər də işğal edilib. Biz etnik təmizləməyə məruz qalmışıq, bu gün ərazimizin xeyli hissəsi işğal altındadır. Yəni, bu məsələnin həlli üçün hüquqi baza mövcuddur. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələridir. Tarixi baza mövcuddur. Ona görə ki, “Qarabağsözünün özü Azərbaycan mənşəli sözdür, bu regionun tarixi tarixçilərə və bu mövzu ilə məşğul olanlara yaxşı məlumdur. Ermənistan isə öz hərəkətləri ilə danışıqlar prosesini hər vasitə ilə pozmağa çalışır”.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh danışıqlarına sadiqdir. Ancaq işğalçı Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ölkə rəhbərliyi birmənalı şəkildə bildirib ki, sülh danışıqları nəticə verməzsə, digər vasitələrlə işğal edilmiş bütün torpaqlar azad olunacaq. Bu baxımdan da Azərbaycan ordu quruculuğu istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dövləti bu gün hərbi quruculuq prosesində müəyyən dövlətlərin və beynəlxalq təşkilatların mütərəqqi təcrübəsini mənimsəyir. Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir.

Bölgədə gerçəkləşdirilən bütün qlobal layihələrdən kənarda qalan Ermənistan əhalisinin sosial durumu olduqca acınacaqlı vəziyyətdədir. Bu ağır vəziyyət işğalçı dövlətdə ciddi kataklizmlərin yaşandığından xəbər verir. Azərbaycanın artan iqtisadi, siyasi, hərbi gücü qarşısında işğalçı Ermənistan gündən-günə zəifləyərək səfillər ölkəsinə çevrilməkdədir. Ermənistan əhalisinin sürətlə ölkəni tərk etməsi bu ölkədə sosial durumun fəlakət həddinə çatdığını təsdiqləməkdədir. İşğalçı Ermənistan rəhbərliyi real vəziyyəti düzgün qiymətləndirməli və qeyri-konstruktiv mövqe nümayiş etdirməkdən əl çəkməlidir. Əks-təqdirdə qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü görəcək.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 5 dekabr.- S.1.