Bir teatrın uğurları

 

Mənəvi zənginliyi xalqın böyük sərvəti sayan ulu öndər Heydər Əliyev teatrın inkişafını daim diqqətdə saxlayırdı. Onun mədəni irsimizə münasibətini sənət adamlarına, aktyorlara, gənc istedadlara qayğısında da görmək olurdu. Ulu öndərin  siyasi kursunun varisi Prezident İlham Əliyevin həmin ənənəni davam etdirməsi bu sahənin inkişafına böyük töhfələr verir.

Prezident İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında”  19 fevral 2007-ci il tarixli sərəncamı teatrların inkişafında əsl dönüş yaratdı. Azərbaycan teatrında canlanma, müasirləşmə dövrü başlandı. Sənət ocaqlarının əksəriyyəti əsaslı təmirə dayandırıldı, yenidənqurma işlərinə start verildi.

Sənət ocaqlarına ayrılan diqqət və qayğının yalnız paytaxt teatrları üçün nəzərdə tutulmaması sevindirici məqamlardan biridir. Bu gün Şəki, Mingəçevir, Ağdam, Yevlax teatrlarında nəzərə çarpan yeniliklər, təmir-bərpa işləri təkcə sənət adamlarının deyil, bütün teatrsevərlərin ürəyincədir. 

Dövlətin qayğısı ilə əsaslı şəkildə yenidən qurulan Mingəçevir Dövlət Dram Teatrının təmirdən sonra açılışında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yaradıcı kollektivə uğurlar arzuladı, müasir dövrün tələblərinə uyğun tövsiyələrini verdi. Bildirilmişdir ki, burada  təmir zamanı 369 yerlik tamaşaçı zalı yeni avadanlıqlarla təchiz olunmuş, səhnə tamamilə yenidən qurulmuş, müasir səs və işıq sistemi quraşdırılmışdır. Mingəçevir teatrının həyatındakı yeniliklər yalnız təmir, bərpa, abadlıq işləri ilə yekunlaşmır. Teatra rəhbərliyin gənc və bacarıqlı kadr hesabına möhkəmləndirilməsi uğurların reallaşmasında mühüm şərtə çevrilmişdir. Artıq bir ildir ki, Səxavət Məmmədov teatra rəhbərlik edir. Kollektivdə sağlam mənəvi-psixoloji mühitin formalaşması üçün həyata keçirilən məqsədyönlü tədbirlər teatrın nailiyyətlərini şərtləndirən əsas amil rolunu oynayır. Kollektivdə ciddi əmək intizamı mövcuddur. Gənc aktyor heyətinin öz potensialından səmərəli istifadə etməsi üçün əlverişli yaradıcılıq mühiti yaradılmışdır. Gerçək bir sənət məbədinə çevrilmiş teatr şəhərin ictimai həyatında öz məzmunlu tədbirləri, maraqlı tamaşaları ilə fərqlənir. Bu ilin mart ayında Azərbaycan teatrının yaranmasının 141 və Mingəçevir teatrının 45 illiyi münasibətilə keçirilən möhtəşəm tədbir teatrsevərlərə və şəhər ictimaiyyətinə böyük sənət töhfəsi oldu.

Teatr dedikdə, adətən, göz önündə səhnə, tamaşa, aktyorrejissor yaradıcılığı canlanır. Ancaq bütün bunlarla yanaşı, teatr həm tamaşaçı zövqü, həm də düzgün seçilmiş repertuar planı ilə formalaşır. Mingəçevir teatrında məsələnin bu tərəfinə böyük önəm verilir. Repertuar seçimində bu sənət ocağı keçən mövsümdə öz tamaşaçılarını xalq artisti Zülfiqar Abbasovun quruluşunda “Aylı gecə” tamaşası ilə sevindirdi. Həm xarici, həm də yerli dramaturqların əsərlərini yüksək səviyyədə hazırlayıb təqdim edən teatr yeni mövsümə xalq artisti Vaqif Əsədovun quruluşunda hazırlanmış Ü.Hacıbəylinin “Ər və arvad” tamaşası ilə başlamışdır. Birinci Beynəlxalq Şəki Teatr Festivalında bu tamaşa ilə iştirakında qazandığı uğura görə Mingəçevir Dövlət Dram Teatrı Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin fəxri diplomları ilə təltif olunmuşdur.

Yeri gəlmişkən, “Ər və arvadmusiqili komediyasında aktyor heyətinin əksəriyyətini gənclər təşkil edir. Böyük yaradıcılıq enerjisinə malik gənclər doğma kollektivin şöhrətini artırmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.

Yaxşı haldır ki, teatr öz kiçik yaşlı tamaşaçılarını da unutmur. Əməkdar incəsənət xadimi Bəhram Osmanovun hazırladığı  “Qırmızı papağın nağılı” tamaşasını yeni mövsümün ilk uğuru saymaq olar. Hazırda teatrda bir neçə yeni tamaşanın məşqləri gedir. Respublikanın müxtəlif bölgələrinə qastrol səfərlərinə hazırlaşan kollektiv gələcəkdə beynəlxalq teatr festivallarında iştirak etməyi planlaşdırır.

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.-5 dekabr.-S.7.