Azərbaycan elmi xaricdə

 

Bilik Fondunun Praqada sərgisi keçirilir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu dekabrın 3-dən Çexiya Respublikasının paytaxtı Praqa şəhərində üçgünlük sərgi keçirir. “Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində reallaşan sərgi “Azərbaycanın geologiya elmi Çexiyada” adlanır.

Beynəlxalq əhəmiyyət daşıyan sərgidən öncə Karlov Universitetində “dəyirmi masa” təşkil olunub. “Azərbaycan - Çexiya: tarixi-mədəni münasibətlər” mövzusunda keçirilən müzakirələrdə elm-təhsil, siyasət, incəsənət, adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov iki dost ölkənin ortaq dəyərlərindən söz açaraq, tarixi-mədəni əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb.

Karlov Universitetinin Yaxın Şərq və Afrika ölkələri üzrə İnstitutunun professoru Eduard Gombar, həmin ali təhsil müəssisəsinin geologiya üzrə professoru Pavel Bosak, Çexiya Respublikasının Türkiyədəki sabiq səfiri, dilçi alim Tomas Lane, AMEA-nın müxbir üzvü Arif İsmayılzadə və Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Eybətov, petrologiya üzrə çex tədqiqatçısı Shah Vali Faryad, Çexiya Milli Təbiət Muzeyinin direktoru Jirina Daskova, tanınmış paleontoloq Jiri Kvacek, Çexiya Sənaye Nazirliyinin təmsilçisi Pavel Kavina çıxışlarında Azərbaycanla Çexiya arasındakı tarixi-mədəni münasibətlərin genişləndirilməsinin qloballaşma dövrünə uyğunlaşdırılmasının vacibliyini xüsusi qeyd ediblər. Tədbir iştirakçılarının fikrincə, ölkələr arasında münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün münbit zəmin var.

“Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərginin açılışında Karlov Universitetinin rektoru Tomas Zima Azərbaycanla Çexiyanın böyük enerji tərəfdaşı olduqlarını diqqətə çatdırıb. Çexiyanın enerji tələbatının 20 faizindən çoxunu Azərbaycanın ödədiyini xatırladan rektor  onu da vurğulayıb ki, belə layihələr iki ölkə arasındakı elmi mübadilənin inkişafına da təkan verir.

Ölkəmizin Çexiyadakı səfiri Fərid Şəfiyev Azərbaycan elminin xaricdə tanıdılması məqsədilə Bilik Fondunun həyata keçirdiyi layihələri təqdir etdiyini bildirib. O vurğulayıb ki, belə tədbirlərin bütün elm sahələrini əhatə etməsi  vacibdir. Səfirin sözlərinə görə, elmimizin xaricdə tanıdılması tələbə və müəllim mübadiləsinə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətinin təbliğinə şərait yaradacaq.  

Azərbaycanlı alimlər geologiya elmində qazandıqları nailiyyətlərin, təmsil etdikləri ölkənin ərazisində aşkara çıxardıqları qiymətli qədim eksponatların - dəmir, qızıl, gümüş, alunit, polimetalbaşqa yataqların əks olunduğu xəritələri nümayiş etdirib, çex alimləri ilə əməkdaşlıq münasibətləri qurublar.

Sərgiyə qatılan çexiyalı alimlər bildiriblər ki, nümayiş olunan eksponatlar Azərbaycanın geologiya elmi - zəngin yeraltı və yerüstü sərvətləri haqqında xeyli bilgi verir.

“Azərbaycan elmi xaricdə” proqramı çərçivəsində Bilik Fondunun xətti ilə Praqada keçirilən tədbirdə iştirak edən azərbaycanlı alimlərin də mühazirələri dinlənilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 5 dekabr.- S.6.