Gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

 

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

1996-cı ilin 2 fevral tarixində ulu öndərin təşəbbüsü ilə keçirilən ölkə gənclərinin I forumu gənclər siyasətinin formalaşmasında önəmli rol oynaması ilə bərabər, bu sahəyə sistematik yanaşmanı ortaya qoydu. Hər il fevral ayının 2-sinin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ümummilli lider bəyan etmişdi ki, “...biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

Prezident İlham Əliyev də son 11 ildə gənclər siyasətini uğurla davam etdirmişdir. Gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək məqsədilə mühüm  dövlət proqramları qəbul edilmişdir. Prezident İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Ölkə başçısı bununla bağlı bildirmişdi: “Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla irəli çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar”. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri bir daha təsdiqləyir. Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti var.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 min gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır.

Bakıda gənclər mərkəzinin, regionlarda isə gənclər evinin inşa edilməsi bu sahəyə olan diqqətin parlaq ifadəsidir. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Dövlət proqramının əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. Gənclərin potensialının inkişafı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas prioritetlərindən birini təşkil edir. Bu məqsədlə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyasının həyata keçirilməsi də bu yanaşmanın davamlılığını təmin edir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası prizmasından gənclərin sabahı dövlətin bu sahədə yaratdığı imkanlar baxımından parlaqdır. Ən əsası, gənclərin ölkədaxili və ölkəxarici fəaliyyəti hökumətin bu sahədəki siyasəti ilə mütənasib olmalıdır ki, Azərbaycan gələcəkdə də müxtəlif sahələrdə davamlı inkişafını təmin etsin. Mənim də amalım və missiyam ölkə hüdudlarından kənarda hər zaman Azərbaycanın başını uca edəcək fəaliyyət göstərməkdən ibarət olmuşdur.

 

Babək MƏMMƏDZADƏ,

Azərbaycan Respublikasının Prezidenti yanında

Gənclər Fondunun Layihələr və regionlarla iş

 üzrə sektorunun baş məsləhətçisi

Azərbaycan.-2014.- 7 dekabr.- S.3.