ÖZÜMÜZ və SÖZÜMÜZ

 

Dünya nizamını pozan ikili standartlar

 

...Dünyanın yaranıb vücuda gəldiyi ilkin başlanğıc barədə materialist və idealist düşüncənin tam ortasında qərar tutub, onların min illərdən bəri eşidilən mübahisəsinə bircə hökmlə aydınlıq gətirmək fürsətim olsaydı, əminliklə deyərdim ki, dünya sözdən yaranıb...

Söz olmadan nə materiya var, nə də şüur...

Ruhla maddi aləm arasında körpüyə çevrilib onları bir-biri ilə qovuşduran, həyatı yoxdan var edən sehrli qüvvə məhz Sözdür.

İnsan sözdə yaşayır, sözdə var olur və kamilliyə, Haqqın dərgahına doğru aparan o müqəddəs yolu da sözün işığında arayır...

Bu böyük sözün yaradıcıları və daşıyıcıları olan mətbuat, televiziya-radio vaxtın səsidir, zamanın özü barədə hekayətidir. Özünə jurnalist, yazar deyib, vaxtın səsini dinləmək iddiasına düşən bir insan qarşısında duran çox vəzifələr var.

Bir qələm sahibinin peşəkarlığı, ustalığı onun söz sevgisinə sadiqliyidir, həm də hansı dövlətə, xalqa mənsubluğunu sözünün heç bir vədəsində unutmamasıdır...

***

İndi kimsə bir çox xarici institutların məqsədli şəkildə apardıqları təbliğata uyaraq mətbuatın vətənsizliyi, milliyyətsizliyi barədə dastanlar uydura, bu sahədə peşə maraqlarının guya milli maraqlardan öndə gəlməsi xüsusunda boşboğazlıq edə və bütün bunları cəmiyyətin faydası, demokratik inkişaf əlaməti kimi qələmə verməyə ciddi-cəhd göstərə bilər. Neynək, qoy olsun. Amma...

Azərbaycan - həyata baxışından, siyasi mövqeyindən asılı olmayaraq hamımızın ümumi Vətənimizdir.

Onun taleyinə görə hər birimiz məsuliyyət daşıyırıq - vətəndaş məsuliyyəti!..

Çünki bu, həm də bizim öz taleyimizdir, doğmalarımızın taleyidir...

***

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürmüşdü. AXC-nin hüquqi varisi olaraq 1991-ci ildə öz istiqlalını bütün dünyaya bəyan etmiş müstəqil Azərbaycan dövləti isə bu ilin 18 oktyabrında müstəqilliyinin 23 şərəfli ilini geridə buraxdı.

Bu əlamətdar fakt əsrlərcə sürən möhnət və iztirabların, Azərbaycanın istiqlalı naminə canını fəda etmiş Vətən övladlarının çəkdikləri məşəqqətlərin, yarıda qırılmış ömürlərin əsəridir.

Azərbaycanın müstəqilliyi böyük dövlət adamı Heydər Əliyevin memar əllərində zərrə-zərrə ucalan nailiyyətdir!

Ulu öndərin yadigarı, Prezident İlham Əliyevin minbir çətinliklərə rəğmən böyük zəhmət bahasına qoruyub bütün sahələr üzrə tarixinin ən cəlallı, ən parlaq günlərinə yetirdiyi qudsal dəyərdir!

Bu 23 ildə Azərbaycan başlanğıcda siyasi-iqtisadi təlatümlərin amansızca silkələdiyi, ruzigarın hər əsintisinin qırılıb yox olmaq qorxusu ilə təhdid etdiyi körpə, kövrək fidandan qollu-budaqlı qocaman bir ağaca dönüb.

İndi ölkə sərhədlərindən kənarda sözümüz daha ucadan, daha ötkəm eşidilir. İllər əvvəl bizimlə hədə, təhdid, kinayə dilində danışanlar indi Azərbaycanın dünya üçün əhəmiyyətini, gərəkliliyini, ölkə rəhbərinin xalqın vəhdətinə, gücünə söykənən təpərini, qətiyyətini nəzərə alaraq intonasiyanı dəyişməyə məcbur olublar.

Biz hansısa sənətin sahibi olmazdan əvvəl bu torpaqların sahibi kimi doğulmuşuq. Anamız bizi Azərbaycan vətəndaşı statusunda dünyaya gətirib və özümüzdən asılı olmayaraq, Tanrı Azərbaycanı taleyimizə yazıb! Bizim üçün bütün nailiyyətlərin son nöqtəsi Azərbaycanın istiqlalıdır və bütün şəxsi istək və iddialarımızın bitdiyi yer də Azərbaycanın milli maraqları olmalıdır!

Bu gün cəmiyyətimizdə insanlar kimi söz və düşüncə də ona görə azaddır ki, bu azadlıqlar Azərbaycanın özünün azadlığından pöhrələnir, vətənin hürriyyətindən gəlir. Unutmamalı ki, Vətən azad olmayan yerdə, insanların söz və ifadə azadlığı ideyası da yerlə-yeksandır, dar sinələrin əsarətindədir!

Ona görə də özünü bu vətənin övladı sayan hər bir qələm sahibi müstəqil Azərbaycan dövlətinin təəssübünü çəkməyi, onun milli maraqlarını təmsil etməyi, Azərbaycanın uğurlarına uğur qatmağı özünə vətəndaşlıq borcu və ülvi missiya bilməlidir...

***

...Bu ilin avqustunda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirildi. 24 sentyabr 2014-cü il tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzaladı.

Həmin müşavirə və sərəncama rəvac verən səbəb yetərincə düşündürücü idi: avqustun əvvəlində Ermənistan hərbi birləşmələrinin növbəti təxribatı nəticəsində cəbhə bölgəsində gərginlik yaşanarkən, cəmiyyət cəbhədən gələn hər sorağın intizarında ikən kütləvi informasiya vasitəsi, jurnalist adına iddialı biriləri, xüsusilə bəzi internet resurslarının yiyələri insanların narahat hissləri ilə hərcayı davranmağa başlamışdılar.

O çağacan peşəkarlıq baxımından təcrübəsi az olan bu kəslər cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar yayırdılar. Hərbi hissələrimizin dislokasiyası və hərəkəti barədə düşünülməyən informasiyalarla, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ məlumatlarla özlərinə auditoriya toplamağa can atırdılar.

Cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması belə bir xoşagəlməz gerçəkliyi ortaya qoymuşdu ki, özünü jurnalist adlandıran bəzi həmvətənlərimizin düşüncəsizliyi, məsuliyyətsizliyi, ucuz populyarlıq qazanmaq həvəsi belə çətin məqamlarda milli maraqlarımızı ciddi təhdid altında qoya bilər...

***

Y.V.Çəmənzəminli öz məqaləsində yaşadığı dövrdəki milli mətbuatımızı xarab olmuş lampaya bənzədirdi. Göstərirdi ki, bu lampa gah yanır, gah keçir, yandıqda işıq vermir, işıq verdikdə şöləsi həmişə bərqərar olmur: “Mətbuatımızın bu qeyri-sabit halı oxucuların və millətin halına da sirayət etməmiş olmur...”

Milli dövlətçilik tariximizin ən parlaq, ən qüdrətli dövrünü yaşadığımız indiki günlərimizi o məqalənin qələmə alındığı zamandan fərqləndirən çox nəsnələr var.

Şükürlər olsun ki, Azərbaycanın istiqbalı kimi milli mətbuatımızın çırağı da indi yetərincə gur yanır. Demokratiyanı, söz və ifadə azadlığını özünün inkişaf yolu kimi seçmiş, hər kəsin düşündüyünü söyləməkdə, yazmaqda, tirajlayıb paylaşmaqda tam azad olduğu müstəqil ölkəmizdə fəaliyyət göstərən qəzet və jurnalların sayı artıq minləri ötüb. Texniki inkişafın bu sıraya əlavə etdiyi televiziya və radio yayımları, informasiya təqdimatının misilsiz imkanlarını özündə birləşdirən internet, sosial şəbəkələr bu sahədə vəziyyəti keçmiş günlərdəkindən çox-çox fərqli edir.

Amma o məqalənin sərlövhəsində görünən ehtiyac, təsvir etdiyi vəziyyət, ötən əsrin sonlarından bəri yenə də ara-sıra qəzetlərimizin səhifələrində görünür, sayları gündən-günə artan internet resurslarından, sosial şəbəkələrdən boylanır...

Təəssüf... və yenə də təəssüf!..

Bu gün də hal eyni hal!..

Və nə qədər qəribə olsa belə, bu hallara rəvac verən səbəblər də yenə yüz il əvvəlkinin tam eynisi...

***

Ədalət naminə bunu əvvəldən yazmalıyam: qəzet səhifələrində, televiziya-radio efirində, internet portallarında əsl jurnalistika örnəyi sayıla biləcək yaradıcılıq nümunələri yetərincədir. Publisistik ifadə tərzləri, mühakimə və müşahidə qabiliyyətləri, ana dilimizin incəliklərinə bələdlikləri ilə, yazılarında adamın gözlərini dolduran, qəlbini sevindirən, ruhuna su səpib rahatlıq gətirən gənc yazarlarımız, publisistlərimiz yetişir.

Azərbaycan teleməkanında problemlərdən danışmazdan əvvəl, haqq üçün, onu da qeyd edim ki, AzTV milli-mənəvi dəyərlərin təbliğində öz ənənəviliyini saxlayır. Ailə və əxlaq kodeksinin, peşə etikasının tələblərinin qorunması, yaradıcı fəaliyyətdə keyfiyyətli nəticənin təmini, dil normalarına riayət edilməsi, geyimdən danışığadək bütün istiqamətlərdə milli kimlik amilinin üstünlük təşkil etməsi dövlət televiziyamızın və radiosunun əsas cəhətidir və bu, təqdir olunmalıdır.

Və əlbəttə ki, tək əldən səs çıxmaz...

Əfsuslar olsun ki, mövzuya qeyri-peşəkar yanaşma tərzi, dünyagörüşünün kasadlığı, düşüncə dayazlığı, Sözlə məsuliyyətsiz davranış da bu gün əksər kütləvi informasiya vasitələrində oxucuya, tamaşaçıya təqdim olunan “ucuz məhsullar”da əsəb qıcıqlandırır, qəlbimizi göynədir.

Qəzetlərin, internet portallarının çoxu məzmun, tematika baxımından bir-birini təkrarlayır. Onlardan yalnız birini nəzərdən keçirməklə, demək olar ki, hamısının məzmunundan xəbər tutmuş olursan.

Bəzən jurnalistlər boyat məzmunun ifadə formasını dəyişməyə belə ərincəklik göstərirlər. Kompüterin texniki imkanlarının son illərin maraqlı terminlərindən biri kimi fəal leksikona daxil etdiyi “copy-past” texnologiyasının kəraməti sayəsində informasiyalar, müəllif yazıları olduğu kimi köçürülərək başqa mənbələrdə təqdim olunur. Qəzetlər, saytlar, televiziyalar arasında qarşılıqlı plagiat ittihamları bitib-tükənmək bilmir.

***

Kütləvi informasiya vasitələrində bəzən ana dilimizin elementar normalarına belə əməl edilmir.

Yüksək üslubi imkanlara malik, şirəli, musiqili Azərbaycan dili, böyük dahilərin bircə misrasından, bircə cümləsindən də xəbəri olmayan, bəzən adi bir sözün də mənasını bilməyən mütaliəsiz, bilgisiz, naşı jurnalistlərimizin korşa qələmində əzab çəkir. Televiziya, radio aparıcılarının pozuq nitqində zar-zar zarıyır. İnkişafın yeni dönəmində zənginləşməli olduğu halda, keçmişin qazandırdığı zənginlikləri də itirir.

Efirdə məhəlli danışıq tərzi, sanki, bir normaya çevrilib, sözlərin vurğusu pozulur, aparıcıların ləhcəsindən onların hansı dialektə mənsub olduqlarını dərhal təyin edə bilirsən, efirə ziyalı statusu ilə çıxan bir çoxları da məhəlli danışıq tərzlərini rəndələmək, ləhcələrini ədəbi dilimizin vahid normaları qəlibində cilalayıb qaydaya salmaq barədə əsla düşünmürlər. Beləliklə, milli mətbuatımız, televiziyalarımız, qəzetlərimiz bu gün ədəbi dil normalarını müəyyən edə bilmir və bütün bunlar gənc nəslin ana dilində düzgün, səlis, rəvan kommunikasiya imkanlarına yiyələnməsi prosesinə mənfi təsir göstərir.

***

Müharibə gedən ölkədə populyarlıq qazanmaq xatirinə cəbhə bölgəsində baş verənlər barədə ağlına gələnləri yazıb insanların hissləri ilə oynayanlardan, ictimai rəyi çaşdıranlardan, sözü ali məqamından endirib urvatdan salan “reket jurnalistika” kimi qara ləkələrdən geniş müzakirələr açıldığından, ətraflı bəhs etməyəcəyəm. Zənnimcə, bunlar qeyri-peşəkarlıqdan çox, fərdlərin mənəviyyatı, naşılıq və peşə səriştəsi ilə bağlı problemlərdir.

Kimlikləri hər kəsə bəlli olduğu halda xalqa əxlaq dərsi keçmək istəyənlərin, cəmiyyətə ağıl xocalığı iddiasına düşənlərin, şou adı altında “qeybət” xarakterli söhbətlərə rəvac verən “efir” qəhrəmanlarının davranışları isə artıq elə bir problemə çevrilib ki, bunun çarəsini elliklə axtarmalıyıq...

***

Sosioloqlardan birinin “Televiziya evimizin çağrılmamış qonağıdır” deyimindəki məntiqə yetərincə diqqət verməliyik.

Televiziya kimsənin fikrini soruşmadan dəvətsiz və icazəsiz evimizə gəlir, gündəlik məişətimizə daxil olur, özümüz də bilmədən həyat tərzimizi müəyyən edən xariqüladə qüvvəyə çevrilir. Ona görə də bu sirli qüvvəni insanların mənəvi tərbiyəsinə yönəltmək, onun gücündən pozitiv məqsədlərlə istifadə etmək televiziyanın kəşfindən bəri ötən bütün dövrlərin aktual məsələsidir.

Əfsuslar olsun ki, bu gün Azərbaycan tamaşaçısı, dinləyicisi adına şou-biznes deyilən bataqlığın girdabındadır, düzgün tərbiyə verməyə, həyatın min bir pis sifətlərindən, eybəcərliklərindən qorumağa çalışdığımız gülüzlü, safqəlbli körpələrimiz belə bir qorxulu təhdidlə üz-üzədirlər.

***

Efirin ancaq elmi-kütləvi proqramlardan, yalnız hazırlıqlı auditoriyanın maraqlarına hesablanmış ağır məzmunlu verilişlərdən təşkil olunmasına əsla tərəfdar deyilik. Televiziya tamaşaçılarının, radio dinləyicilərinin heç də hamısı alim, yüksək təhsil görmüş ziyalılar deyil. Bu auditoriyada əyləncə xarakterli verilişlər arzulayan kəsimin payı daha böyükdür. Amma şounun da bir əndazəsi olar, bunu da bir qədər səviyyəli, faydalı formada düşünmək olar, şou xarakterli verilişlərdə də insanların istirahətini təşkil etməklə yanaşı, həm də maarifləndimək, bilgiləndirmək olar. Əfsuslar ki, hələlik milli efirimizdə əyləncə tematikasının ən səviyyəsiz, ən az istedad və qabiliyyət tələb edən, ən bəsit ifadə tərzi ilə baş-başayıq.

Ən pisi budur ki, şou sənayesi təmsilçiləri reklam, məşhurluq xatirinə, cəmiyyət həyatı üçün mühüm aktuallıq kəsb edən az-çox ciddiliyə iddialı verilişləri də inhisara alıblar. Bütün mövzularda, demək olar ki, ancaq onlar danışır, bütün mövzuların müzakirəsində, ancaq onlar görünür.

Bu insanlar hər fürsətdə öz bayağı həyat tərzlərinin, imkanlı həmvətənlərimizin xeyir işlərdəki sadəlövh bədxərcliyi hesabına əldə edilmiş bahalı maşınlarının, təmtəraqlı evlərinin, dəbdəbəli geyimlərinin nümayişinə çalışırlar. Axı ömründə bircə kitabın da üzünü açmamış belə “sənətçi”lərin həyat tərzi, zövqü, dünyagörüşü, məsələlərə münasibəti nədən cəmiyyət üçün norma müəyyənləşdirməlidir, etalona çevrilməlidir?!

Onların işi, sənəti nədir? Oxumaq!.. Tamam... Qoy istədikləri qədər oxusunlar, buna kimsə bir söz demir, yoxsa əllərini müdrikcəsinə çənələrinə dayayıb, ünlü fransız heykəltəraşı Ogüst Rodenin yaratdığı “Mütəfəkkir” heykəlinin pozasını alaraq, “müdrik məsləhətlərini” efirdən bizlərə sırımalarına və yaxud başqasının ailə-məişət problemlərinə yersiz müdaxiləyə nə hacət?!

Belələrini fetişləşdirmək, bütləşdirmək və ən nəhayət filosoflaşdırmaq kimə xeyir gətirəcək, kimə?!

***

Akademik Ramiz Mehdiyev bir müddət əvvəl indiki gənclərimizin həyata baxışlarında, davranışlarında nəzərəçarpan xoşagəlməz bir meyli ziyalı narahatlığı ilə diqqətə çatdırmaqla, əslində cəmiyyətin sabahını düşünən hər kəsin narahat düşüncələrini ifadə etmiş oldu: “Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir...”

Müasir gəncliyimizin həyatın mənası ilə bağlı tərəddüdlərində, illərdir efirdən evimizə soxulan ucuz və mənasız şouların, bu mənasızlığın təlqin etdiyi yanlış yolun, yanlış düşüncənin rolu çox böyükdür.

Əyləncə sənayesinin zahirən göz qamaşdıran, daxili isə bomboş meşşan həyat tərzi ilə cəmiyyətimizə sırıdığı saxta dəyərlər, mənasız obrazlar hələ yolun başında olan bəzi gənclərimizi öz yollarından yanıldır, onları hədəflərindən yayındırır.

***

Uşaqlığımızın, gəncliyimizin elə bəstəkar mahnıları var ki, aradan keçən illər yaddaşımızda onların üzərinə toz qondurmayıb, o nəğmələr indi də qəlbimizin ahəngidir, dodağımızın zümzüməsidir, bu mahnıların bahar şəbnəmi kimi saf, duru misraları bir ömür boyu ruhumuzun yol yoldaşıdır.

Başqa cür ola da bilməzdi, çünki o mahnıların sözlərini əsl söz sərrafı olan şairlərimiz yazıb, dahi bəstəkarlarımız bəstələyib, korifeylərimiz ifa edib və bu mahnılar efirə, oradan isə qəlblərə yol tapmaqdan ötrü yaradıcılığın min bir süzgəcindən keçib.

Amma indi hər şeyin meyarı itib, dadı-bərəkəti qaçıb, eyni şəxs həm mahnının sözlərini yazır, həm musiqisini “bəstələyir”, həm də efirə çıxıb oxuyur və belə “universal” konveyer üsulu ilə gündə əllisi qoşulan bu cür kəpənək ömürlü mahnılar sabun köpüyü kimi dağılıb gedir, onlardan, demək olar ki, heç nə yadda qalmır.

Bu ağrılı mövzunu əsrlər əvvəl də insanların diqqətinə çatdıran Həsən bəy Zərdabinin təbirincə desək, “Bu mahnılara baxıb təəccüb edirsən ki, xudavənda, onları kim və nə üçün düzəldib?!”

Belə mahnılar insanların zövqünü korlayır, cəmiyyətin mədəni inkişafına xələl gətirir, cəmiyyəti savaddan, mədəniyyətdən uzaq salır.

Televiziyaların proqram siyasətinin nizama salınması, xüsusilə milli mədəniyyət incilərimiz olan Azərbaycan bədii filmlərinin televiziyalarda yayımı ilə bağlı ümumi koordinasiya sisteminin yaradılması da zərurətdir. Yoxsa eyni Azərbaycan filminin, tutaq ki, “O olmasın, bu olsun” kinosunun ya bütövlükdə, ya da bir epizodunu bu kanalda, həmin epozidun davamını eyni vaxtda başqa kanalda izləməli olursan və bu cür xaotik yayım siyasəti o filmləri tamaşaçı üçün adiləşdirir, maraqsızlaşdırır, dəyər kimi gözdən salır.

Bir filmin, bir yubiley gecəsinin və ya hər hansı başqa arxiv materialının eyni gündə və eyni zaman ərzində müxtəlif kanallarda və proqramlarda təkrar-təkrar nümayişində məqsəd nədir?!

Milli dəyərlərə, milli sərvətlərə belə sayğısızlıq haradan qaynaqlanır?!

Fikrimizcə, bütün bu məsələlərin az-çox sahmana salınmasından ötrü vahid bədii, proqramlaşdırma və koordinasiya şurasının yaradılmasına, efirə verilməzdən qabaq hər yeni mahnının musiqisinin, sözlərinin ciddi şəkildə bədii nəzarətdən keçirilməsinə, eyni zamanda təkrarçılığı aradan qaldırmaq üçün televiziyaların proqram siyasətinin koordinasiyasına böyük ehtiyac var.

Televiziya aparıcılarının, efirə çıxan insanların zahiri görkəmi, geyim tərzi, paltarlarının rəngi, biçimi də ciddi bir məsələdir. İnsanın adi həyatdakı zahiri görünüşü, yaraşıqlı, ya kifirliyi, geyiminin şıq olub, olmaması əsla sorğulanmaz, bu təbiətin verdiklərinə və maddi imkanlara bağlı məsələdir. Amma söhbət televiziya efirindən gedəndə burada vəziyyət dəyişir. Televiziya özünün efir estetikası ilə insanların geyim, zahiri görünüş zövqünü müəyyən edən, onlara düzgün davranış normaları aşılayan əhəmiyyətli təsisatdır, televiziya ekranına necə gəldi geyinib, bəzənmək, necə gəldi görünüb çıxmaq düzgün deyil.

Əfsuslar olsun ki, bu gün əksər televiziyalarımızda bu məqama əsla diqqət yetirilmədiyindən efir zövqdən çox, zövqsüzlük, bayağılıq aşılayır.

***

Bu gün bəzi kanallarda nümayiş etdirilən bir çox verilişlərin ideyası və süjeti xarici, xüsusilə Türkiyə və Rusiya televiziyalarından bəsit köçürmələrdir, bilavasitə özümüzə aid olan, özümüzü ifadə edən, dünya teleməkanında Azərbaycanın vizit kartı sayıla biləcək verilişlər, demək olar ki, yox səviyyəsindədir...

Televiziyalarda nümayiş etdirilən xarici filmlərin, kəskin süjetli kadrların, zorakılıq aşılayan görüntülərin insanların ruhi durumuna pis təsir göstərdiyini yazmaqla yenilik kəfş etmirəm, əslində, bu, uzun illər boyu aparılan elmi araşdırmalar gedişində zaman-zaman öz təsdiqini tapmış həqiqətdir.

Konfliktləri, kriminal xarakterli olayları sosial münasibətlər sistemindən yığışdırıb kənarlaşdıra bilmərik, bunlar yüz illər əvvəl də olub, bu gün də var, yəqin ki, sabah da olacaq. Biz mövcud təbliğat, maarifləndirmə vasitələrindən faydalanmaqla insanlar arasında daha rahat, səbrli, təmkinli bir ortamın formalaşdırılmasına nail ola bilərik və televiziya bu vasitələrdən ən mühümüdür.

Amma bu gün özəl telekanallar bu missiyanın tamam əksini yerinə yetirir, heç bir ictimai əhəmiyyəti olmayan kriminal olaylar ətürpədən detallarına qədər görüntülənməklə əsəblər tarıma çəkilir, heç fərqinə də varmadan zorakılıq, hüzursuzluq təbliğ edilir.

Efirə çıxıb şəxsi həyatını utanmadan intim detallarına qədər sərgiləyən, evinin, ailəsinin sirrini televiziyadan aləmə car çəkən insanların davranışlarında Azərbaycan kişisinin, Azərbaycan qadınının, Azərbaycan ailəsinin yüz illər ərzində formalaşmış ictimai obrazı sarsılır, yerlə-yeksan olur.

Bax, bu, olduqca qorxulu bir tendensiyadır!

***

Özüm sosial şəbəkə istifadəçisi olmasam da, ölkəmizdə informasiyalı cəmiyyətin, azad internetin mövcudluğuna dəlalət edən, insanlar arasında kommunikasiyaları misilsiz şəkildə asanlaşdıran bu texniki platformaya rəğbət bəsləyirəm.

Amma bu sahənin bilicilərindən sosial şəbəkələrdəki real mənzərə barədə eşitdikcə, bu şəbəkələrdə baş verənlər xüsusunda məqalələr oxuduqca içimdəki narahatlıq artır.

Oxumaq, öyrənmək, maariflənmək və bütün bunları başqaları ilə də paylaşmaq baxımından təkrarsız imkanlara malik bu cür platforma, əfsus ki, istifadəçi auditoriyasının böyük kəsimi üçün sadəcə virtual dostları ilə laqqırtı vurmaq, şəxsi həyatını sərgiləmək, bəzənsə sosial şəbəkələrdən ayrı-ayrı fərdlərə, cəmiyyətə, bəzənsə, hətta öz dövlətinə qarşı təhqir, böhtan, şantaj aləti kimi istifadə vasitəsidir.

Ən pisi də budur ki, bizim gəncliyimiz, gələcəyimiz müəyyən istisnaları nəzərə almasaq, pis vərdişlərin baş alıb getdiyi, ana dilimizin elementar qaydalarına belə riayət olunmadığı, etik normaların gözlənmədiyi belə bir virtual mühitin təsiri altında yetişir. Əslində, sosial şəbəkələrdəki bu qorxulu meylin real həyatdakı durumun aynası olduğunu nəzərə alsaq, virtual dünyada da yüngül mövzuların, insanların qızıl kimi qiymətli vaxtını əllərindən alan bəsit əyləncələrin dominantlığına təəccüblənməyə bilmirsən.

***

Ciddi media, kitab, sanballı məzmuna malik televiziya, radio verilişləri bu gün də cəmiyyətimizin yalnız məhdud bir kəsiminin gündəlik həyat tərzidir.

Azərbaycanda insanların dolanışıq səviyyəsi, şükürlər ki, indi yetərincə yaxşıdır. Ən azı modern ictimai-iaşə müəssisələrində, alış-veriş yerlərində müşahidə edib ölkəmizdəki sosial-iqtisadi inkişafın xoş nişanəsi kimi fərəhləndiyimiz qələbəlik Azərbaycanda qəzetə, kitaba pul xərcləmək imkanına malik milyonlarla insanın yaşadığını göstərir.

Biz təhsilin, təxminən bir əsrdir, icbari xarakter daşıdığı, hər il minlərlə gənc vətəndaşımızın ali məktəblərdən məzun olduğu savadlı insanlar ölkəsində yaşayırıq.

Ona görə bəzən jurnalistləri qeyri-peşəkarlıqda günahlandırarkən, imkan daxilində gündə bir neçə qəpiyimizlə qəzet alıb ciddi mətbuata dəstək vermək, aylıq xərclərimizin cəmi bir neçə manatını yeni kitablara ayırmaqla gənc, istedadlı yazarlarımıza, mütərcimlərimizə dayaq olmaq, səriştəli jurnalistlərimizin min bir əziyyəti bahasına başa gələn sanballı verilişləri televizorlarıımızın idarəetmə pultlarında, nə yazıq ki, yüksək reytinq gətirən səviyyəsiz şouların, şou-biznes əhlinin dedi-qodularının ayağına verməmək qayğısına da qalmalıyıq.

İndi qarşıda duran əsas məsələ, insanlarımızı qəzetə, kitaba, ciddi verilişlərə, bir ömür boyu maariflənməyə, sözə dəyər verib onun işığına sığınmağa, sözün hərarətində isinməyə və sözünə sahib çıxmağa öyrətməyin yollarını aramaqdır, kütləvi marağı bu hədəfə yönəltməkdir.

Azərbaycan jurnalistikası da bu istiqaməti özünün əsas missiyası elan etməlidir. İndi milli jurnalistikamızın əsas məramı, əsas mövzusu cəmiyyətimizin mədəni inkişafı, insanlarımızın maariflənməsi, Azərbaycanın inkişafına uyğun sivil bir ictimai mühitin formalaşdırılması olmalıdır.

Elə bir mühit ki, hamı bir-birinə hörmət və sevgilə yanaşsın, savadlılıq, bilgi sahibliyi, əsl mədəniyyət, ədəbiyyat, musiqi bu mühitin ən qiymətli sərvəti sayılsın. Valideynlər qız uşaqlarının erkən ərə verilməsi yox, təhsil alması qayğısına qalsınlar, insanlar demokratiya ilə xaos, vicdan azadlığı ilə xurafat, doğru ilə yanlış arasında daim aydın seçim edə bilsinlər, öz dövlətçilik dəyərlərinə sahib çıxsınlar, milli hədəflər qarşısında məsuliyyət hissini unutmasınlar.

Elə bir mühit ki, burada insanlar özlərinin azadlıqları ilə birgə başqalarının hüquqları barədə də düşünsünlər, fərdi əxlaqla yanaşı, ictimai əxlaq normaları da qorunsun, burada heç kim əlindəki zibili küçəyə atmasın, növbələrdə basabas salmasın, insanlar hansısa anlaşılmazlığa görə bir-birindən üzrxahlıq etməyi özlərinə ar bilməsinlər, adi bir mübahisə ailələrin faciələrinə çevrilməsin.

Elə bir mühit ki, burada heç kim dəbdəbəli həyatı, israfçılığı, geyiminin markası, avtomobilinin bahalığı ilə öyünməsin, bu mühitdə hər kəs dövlət rəhbərinin, onun ailə üzvlərinin sadəliyindən, təvazökarlığından, nəcib əməllərindən görüb-götürsün, həyatın mənasını cəmiyyət üçün faydalı olmaqda axtarsın.

Bax budur, çağdaş jurnalistikamızın özü və sözü ilə diqqət yetirməli olduğu məsələlər!..

Bax budur, təlqin olunmalı dəyərlər!..

***

...Bu düşüncələrimi qeydə alarkən, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı tədqiqat əsərini oxudum. Bu yazıda bir qütblü dünyaya transformasiyanın doğurduğu geosiyasi təlatümlərdən, ikili standartların nəticə etibarilə bəşəriyyəti savaş, qan təşnəsinə çevirməsindən bəhs edir. Dövlətləri və millətləri səfil günə salan bu fırtına önündə Azərbaycanın və onun lideri İlham Əliyevin mətin duruşunu, qətiyyətli müqavimətini real faktlarla göstərir.

Böyük vətəndaş yanğısı ilə ərsəyə gələn bu əsərin təəssüfatı məndə indicə üzərində işlədiyim bu mövzu ilə də bağlı dolğun rəy və konkret fikir yaratdı. Bəli, reallıq budur ki, Azərbaycana yönəlmiş təhdidlər yalnız geosiyasi və geoiqtisadi yönümdə deyil, bu, həm də mənəvi sferada öz fəsadlarını törədir. “Beşinci kolon” ancaq ictimai-siyasi proseslərə təsir göstərməyə çalışmır, bəlkə də daha çox mənəviyyat sahəsini, mənəvi dəyərlərimizi hədəfə götürüb. Açıq etiraf edək, bu gün məmləkətimizdə mənəvi sahədə baş verən aşınmalar, təlatümlər əslində, elə mənəviyyatımıza yönəlmiş “Xaç yürüşlərinin” nəticəsi deyilmi?!.

Min il öncə əllərində qılınc İslam torpaqlarına yürüş edənlərin xələfləri bu gün dillərində “qloballaşma”, “müasirləşmə”, “demokratiyanın ixracı” kimi “patofon kəlmələri” ilə silahlanıb, yenidən müsəlman dünyasına hücum çəkir və doğma Azərbaycanımızı da “səlib savaşı”na qoşmaq istəyirlər...(?!)

Bu gün mənəviyyat sahəsində baş verən hər hansı bir problemə biz Azərbaycan çərçivəsində - lokal miqyasda baxmayaq. Bunlar qlobal məkandan ölkəmizə transformasiya edilən bəlalardır. Bunun qarşısında isə acizlik və laqeyidlik göstərilməsi, mübaliğəyə varmıram, elə Vətənə xəyanət kimi bir şeydir!..

Bu məqamlara bizim hamımız və əsasən də mətbuatımız xüsusi diqqət yetirməli, bu ikili standartların baş alıb getdiyi laqeyd və biganə dünyada düşmən dəyirmanına su tökməməliyik!..

...Dünyanın təlatümlü yoluna sözlə çıxdıq beləcə...

Bu yol - getdikcə bitməyən intəhasız bir yoldur...

Sevgi, ümid, ruhu isindirən ən gözəl hisslərin izharıdır söz...

Söz həm də Vətəndir!.. Səmada dalğalanıb vətən torpaqlarına şölə saçan bayraqdır!..

Bəs onu kim qorumalıdır?

Bu müqəddəs sözün - müqəddəs Azərbaycan sözünün işığında və müstəqil Azərbaycanın bayrağı ətrafında birləşməyə hamımızın ehtiyacı var, hamımızın...

Və biz - Azərbaycan ziyalıları sözümüzlə, vətəndaş mövqeyimizlə, ictimai qınaq imkanlarımızla bu vəziyyəti müsbətə doğru dəyişməkdə yubanmamalıyıq!

Və... böyük Üzeyir bəyin dediyi kimi: “Bu vətənin taleyi - hamının taleyidir...”

Bəs bu taleyin təəssübünü kim çəkməlidir?..

 

İmamverdi İSMAYILOV

Azərbaycan.-2014.- 9 dekabr.- S.3.