Luigi D’Aprea: Azərbaycan
Qafqaz regionunda ən dinamik
tərəqqinin
müşahidə olunduğu ölkədir
İtaliyanın
“Exportiamo” portalında Azərbaycanda müxtəlif sahələrdə
əldə olunan uğurların təhlil olunduğu məqalədə
bildirilir ki, Avropa ilə Asiyanın kəsişmə nöqtəsində
yerləşən ölkəmiz Şərq və Qərb
arasında körpü rolunu oynayır. Hazırda Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
açar aktordur.
Azərbaycan-İtaliya
münasibətlərinə toxunan müəllif bildirir ki, əlaqələrimiz
sürətlə inkişaf etməkdədir. 2007-ci ildən
etibarən İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır.
Bu ölkədə xarici iş adamlarının fəaliyyəti
üçün əlverişli mühit yaradılıb. Təsadüfi
deyil ki, bir sıra İtaliya şirkətləri Azərbaycanda
müxtəlif sahələrə böyük maraq göstərirlər.
Yazıda
Bakıda fəaliyyət göstərən italiyalı iş
adamı Luigi D’Apreanın müsahibəsi yerləşdirilib.
O deyib: “2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət
göstərirəm. Bu ölkəyə çox qısa
müddətdə uyğunlaşdım və isti münasibət
gördüm. Burada xarici iş adamları üçün
münbit şərait yaradılıb”. Luigi D’Aprea
vurğulayıb ki, sürətli inkişaf yoluna qədəm
qoyan Azərbaycan Qafqaz regionunda ən dinamik tərəqqinin
müşahidə olunduğu ölkədir. Paytaxt Bakıda
yeni tikilmiş möhtəşəm otellər, “Alov qüllələri”
kompleksi, şəhərin müasir arxitektura tarixində yeni səhifə
olan Heydər Əliyev Mərkəzi və
gözqamaşdıran göydələnlər bu şəhərə
xüsusi gözəllik verir. Bakı artıq müasir
meqapolis kimi tanınmaqdadır.
Azərbaycan-İtaliya
münasibətlərinin möhkəm və tarixi bağlara əsaslandığını
deyən italiyalı iş adamı 1972-ci ildə Bakı və
Neapol şəhərləri arasında qardaşlaşma əlaqələrinin
qurulmasını bu yaxınlığın göstəricisi
kimi qiymətləndirib. Son illərdə hər iki ölkənin
dövlət rəsmilərinin qarşılıqlı səfərləri
müxtəlif sahələrdə əlaqələrin
qurulmasına və inkişafına imkan yaradıb. 2019-cu ildə
başa çatdırılması nəzərdə tutulan TAP
qaz boru kəməri layihəsi münasibətlərimizə
öz müsbət təsirini göstərməkdədir. TAP
Avropanın enerji təminatı baxımından önəmli
layihədir.
Məqalədə
Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası barədə də məlumat
verilir. Diqqətə çatdırılır ki, sənəddə
ölkə iqtisadiyyatının şaxələndirilməsi,
qeyri-neft sektorunun inkişafı, biznes mühitinin təkmilləşdirilməsi,
ətraf mühitin mühafizəsi və bir çox digər
istiqamətlərdə önəmli məqamlar əks olunub.
Azərbaycanın
dünyada ən qədim neft istehsal edən ölkələrdən
biri olduğunu yazan müəllif ölkəmizdə neft sənayesinin
tarixi, “Neft Daşları”, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin fəaliyyəti, 2015-ci ildə
inşası planlaşdırılan “Neft-Qaz Emalı və
Neft-Kimya Kompleksi” ilə bağlı da məlumat verilir.
Yazıda,
həmçinin 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunlarından bəhs olunur. Bildirilir ki, Azərbaycan
paytaxtında bütün Avropa xalqlarını birləşdirəcək
möhtəşəm idman tədbiri keçirmək
üçün yüksək səviyyəli hazırlıq
işləri aparılır.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi
müxbiri,
Roma
Azərbaycan.-2014.- 9 dekabr.- S.2.