Qarabağ səmasında qalan iz

 

Səfa Fətulla oğlu Axundov - 1958-ci ildə Masallıda doğulub. Elə uşaqlıq illəri də bu yerlərdə keçib. Sonra tale onu müxtəlif məkanlara çəkib aparıb. Anası Maya xanım demişkən, Səfa yerlərdən çox göylərə bağlı idi. İki əmisi - AlimXankişi Axundov qardaşları ölkəmizdə aviasiya şirkətinin qurucularından sayılırdılar. Sonralar onların nəslindən ən azı 50 nəfər bu sahədə çalışıb. Səfada da aviasiya işinə meyilmaraq yaradan əmiləri olmuşdu.

Orta məktəbi bitirəndən sonra Kiyevdə Ali Mülki Təyyarəçilər Məktəbində təhsil almışdı. Sonra Latviyada öz ixtisası üzrə işə başlamışdı - aviasiya məktəbində müəllimlik etmişdi. Amma Azərbaycandan kənarda yaşasa da, öz vətəni, el-obası üçün xeyirxah işlər görürdü. Hələ o illərdə Riqada “Azəri” cəmiyyətini yaratmışdı. Səfa Axundovun rəhbərlik etdiyi bu cəmiyyət Azərbaycanı daha geniş meridianda tanıtmaq üçün beynəlxalq əlaqələr yaratmışdı. Ölkəmiz haqqında toplanan məlumatlar, bilgilər Latviyada da geniş yayılırdı. Bütün bunlar Azərbaycanla Latviya arasında dostluq əlaqələrinin daha da genişlənməsinə, şaxələnməsinə kömək edirdi. O, cəmiyyətə rəhbərlik etdiyi illərdə Riqadakı müsəlman məscidini təmir etdirmiş, orada yaşayan həmyerlilərimizin adət-ənənələrimizə daha sıx bağlanması üçün köməyini əsirgəməmişdi. Səfa deyirdi ki, harada oluruqsa olaq, dilimizi, mədəniyyətimizi, zəngin ənənələrmizi, mənəvi irsimizi qorumaqyaşatmaq bizim borcumuzdur. “Azəri” cəmiyyətinin nəzdində yaradılan müxtəlif dərnəklər də ana dilimizin ölkədən kənarda da yaşamasına və qorunmasına kömək edirdi.

Səfa Axundovun o illərdə yazdığı gündəlikdən oxuyuruq: “Elə bilirəm ki, dilini qoruyan xalq əbədi yaşayacaqdır. Buna görə də “Azəri” cəmiyyətini yaratdığım ilk günlərdən dil problemi üzərində ciddi düşünməli oldum. Azərbaycandan öz dilimizdə xeyli kitab gətirdik. Daha doğrusu, zəngin bir kitabxana yarada bildik. Bütün bunlar ona xidmət edirdi ki, həmvətənlərimiz dillərini yadırğamasınlar. Bu yerlərdə doğulan uşaqlara da dilimiz, mədəniyyətimiz, ənənələrimiz barədə geniş məlumat verməyi özümüzə vətəndaşlıq borcu sayıram...”

Vətəndaş mövqeyi, öz yurduna bağlılıq insanın harada yaşamasından asılı deyil. Əsas odur ki, milli ruhu, doğma dili axıra qədər yaşatmağı və qorumağı bacarasan. Elə Səfa Axundov da xalqımızın belə təəssübkeş oğullarından biri idi.

Qarabağ savaşı başlayanda Səfa doğma yurduna, el-obasına dönməyi qərara alır. Riqada nə qədər təmtəraqlı yaşayışı olsa da, vəzifə, nüfuz sahibi sayılsa da, vətənin çətin günlərində seyrçi mövqeyində qala bilmir. Çətin illərdə Azərbaycana dönən Səfa Axundov könüllü olaraq döyüş bölgəsinə yollanır. Təcrübəli aviasiya mühəndisi pilot kimi Qarabağ səmasında uğurlu uçuşlara başlayır. Elə bir vaxt idi ki, Qarabağda adamlar ağır günlər yaşayırdı. Düşmən dinc əhaliyə divan tutur, gecəli-gündüzlü atəş səsləri kəsilmirdi. Onda kəndlər birucdan boşaldılırdı, əhalini daha təhlükəsiz yerlərə çatdırırdılar. Ona görə də həmin illərdə Səfa kimi təcrübəli pilotlara daha çox ehtiyac duyulurdu. Yenə də gündəliyində yazır: “Hər gün dəfələrlə uçuş keçirir, dinc əhalini daha təhlükəsiz yerlərə çatdırırdıq. Hiss edirdim ki, az-çox adamların köməyinə çatıram, çətin şəraitdə yaşayanlara dayaq oluram. Belə məqamlarda vətənə döndüyümə görə özümdə bir təsəlli tapırdım...”

1992-ci ilin yanvar ayının 28-də Səfa Axundov “Mİ-8” vertolyotu ilə növbəti dəfə Qarabağ səmasında uçur. Düşmən onun idarə etdiyi vertolyotu gizli mövqedən hədəf seçib atəşə tutur. 47 nəfər dinc əhali iki min metr hündürlükdən yerə çırpılmaq təhlükəsi ilə üz-üzə qalır. Ölümlə həyat arasında dəqiqələrin hesablandığı zaman kəsiyində də Səfa Axundov cəldliyini, çevikliyini itirmir. Hiss edir ki, onların uçduğu ərazi Şuşanın tarixi abidələri ilə zəngindir. Ona görə də ölümlə həyat arasında mübarizə apardığı məqamda ona cəhd edir ki, vertolyotun səmtini boşluğa sarı çevirsin. Son məqamda da bu yurdun qədim nişanələrinə - tarixi abidələrinə, mədəniyyət nümunələrinə zədə dəyməsin deyə o, bütün gücündən istifadə edir və istəyinə nail olan Səfa vertolyotun istiqamətini dəyişməklə Şuşanın onlarla qədim abidəsini zədələnməkdən xilas edə bilir. Amma özünü ölüm təhlükəsindən sovuşdura bilmir. Elə bu cəldliyinə, igidliyinə görə də Səfa Axundova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilir.

Qardaşı Əbdül Axundov deyir ki, onu inadından döndərmək çox çətin idi. O, ömrünün xeyli hissəsini vətənindən kənarda yaşasa da, bu yerlərə sevgisi daha böyük idi. Hələ Latviyada yaşadığı illərdə Azərbaycanla bağlı zəngin eksponatlar toplayıb muzey, kitabxana yaratmışdı. Öz yurdunu, el-obasını tanıtmaq üçün xeyli vəsait xərcləmişdi. Harada olursa-olsun, Azərbaycanın qazandığı uğurlara, yüksəlişlərə sevinir, bundan qürur duyurdu. “Bu torpağın bir övladı kimi bizi ona görə böyüdüblər ki, ən çətin məqamlarda bu yerlərin dayağı, güvənci ola bilək”. Səfa ömrü boyu belə düşünürdü. Elə son nəfəsinə qədər də eyni əqidə ilə yaşadı.

Bu gün Səfa Axundovun ocağında iki oğul böyüyür - YusifEmin. Hər ikisi atalarının şərəfli yolunu ləyaqətlə davam etdirir, onun arzularının, istəklərinin həqiqətə çevrilməsi üçün imkanlarını əsirgəmirlər. Deyirlər ki, bircə niyyətləri var: “Atamız səmasında həlak olduğu Şuşanı düşmən caynağından xilas edib o yerlərə dönə bilək. O yerlər bizim üçün doğma və əziz məkandır. Ona görə ki, Qarabağ səmasında atamızın izi qalıb. Heç olmasa o müqəddəs ziyarət yerlərinə bir də dönə bilək. Gedib o yerlərdə atamızı dönə-dönə xatırlayaq. Elə bilirik ki, onda atamızın müqəddəs ruhu qarşısında borcumuzu, halal haqqımızı az da olsa qaytarmış olarıq. Biz inanırıq ki, təmsil olunduğumuz nəsil o günləri görəcək...”

Səfa Axundovun adı və xatirəsi daim uca tutulur. Onu təkcə Azərbaycanda, doğulduğu el-obada yox, bir vaxtlar yaşadığı Latviya torpağında da hörmətlə yad edirlər. Hər il orada yaşayan həmyerlilərimiz Səfa Axundovun xatirə gününü keçirir, onun xeyriyyəçilik ənənələrini ləyaqətlə davam etdirirlər.

Səfa Axundovun boya-başa çatdığı el-obada onun adına küçə, məktəb var. Bu yerlərdə onun abidəsi ziyarət yerinə çevrilib. Hər il ən maraqlı tədbirlərdə, xeyriyyə marafonlarında qəhrəmanın adı hörmətlə xatırlanır, əməllərindən danışılır. Ona görə də deyirlər ki, qəhrəmanlar heç vaxt, heç vədə ölmürlər...

Bu gün Səfa Axundovun nigaran ruhu bir arzusunun, istəyinin arxasınca boylanır: “Qarabağ səmasında aydınlıq və əmin-amanlıq görmək!” Bu istəyin həqiqətə çevrilməsi üçün illərdir ki, mübarizə davam edir. Biz inanırıq ki, Azərbaycan dövlətinin, ölkə Prezidentinin ardıcıl və məqsədyönlü siyasəti xalqımızı bu arzusuna qovuşduracaq!

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 10 dekabr.- S.6.