Müdrik siyasətçi, demokratik ideyalar carçısı

 

Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir və bu günə qədər əldə olunan uğurların altında məhz dahi şəxsiyyətin imzası dayanır. Təbii ki, bu fikirlər Azərbaycanın reallıqlarına, tariximizə əsaslanır. İllər keçdikcə bu gerçəkliyi daha aydın görür və dərk edirik. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Hadisələrə ən böyük dəyəri zaman verir. Hansısa hadisə ilə bağlı düzgün dəyərləndirmə aparmaq üçün mütləq zamanın “hakimliyifonunda araşdırmalar aparmağa böyük zərurət duyulur.

Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin ilk illərində dövlətimizin və xalqımızın hansı problemlərlə üz-üzə qaldığı yaddaşlardadır. Olum, ölüm” dilemması qarşısında qalan Azərbaycan həmin dövrdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı.

Bir tərəfdən ölkədə xaos, anarxiya, özbaşınalıq, digər tərəfdən iqtisadi böhran və torpaqlarımızın biri-birinin ardınca işğalı xalqın sabaha olan ümidini itirmişdi. Belə çətin durumda xalq üzünü öz xilaskarına tutdu. Dahi şəxsiyyət Heydər Əliyev xalqının səsinə səs verməklə bir daha bu reallığı ortaya qoydu ki, onun üçün hər şeydən əziz xalqıdır, Vətənidir, torpağıdır.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə, yəni, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı illərdə gördüyü işləri təhlil etmədən öncə birinci dövrə diqqət yetirmək gərəkdir. Çünki müstəqillik tariximizdə həyata keçirilən tədbirlər məhz bu bazaya əsaslanır. Dahi şəxsiyyətin “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” tezisi məhz hakimiyyətinin birinci dövrü üçün xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı yasaq idi. Lakin ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası, bacarığı əsasında xalqımızın şüurundamili maraqlar” anlayışı dərindən kök saldı. Məhz sovetlər birliyi dövründə milli maraqların real siyasətdə reallaşması 80-ci illərin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün baza formalaşdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi. Azərbaycanı iqtisadi cəhətdən qüdrətli, müstəqil, azad ölkə kimi görmək istəyi dahi şəxsiyyətin atdığı bir-birindən əhəmiyyətli addımlardan daha aydın görünürdü. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev məhz hakimiyyətinin birinci dövründə təhsilin inkişafına, ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət göstərirdi. Həmin dövrdə yüzlərlə Azərbaycan gəncinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi məhz bu məqsədə xidmət edirdi. Bu fikirulu öndər Heydər Əliyev tərəfindən bəyan edilirdi ki, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün güclü ordunun olması mütləqdir. Hələ hakimiyyətinin birinci dövründən Azərbaycanı müstəqil ölkə kimi görəcəyinə böyük inamla yanaşan ulu öndər Heydər Əliyev müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail oldu. Bu gün orduda xidmət göstərən zabitlərin böyük əksəriyyəti məhz həmin liseyin yetirmələridir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrünün qısa təhlili bir daha bu gerçəkliyi təsdiqləyir ki, həmin dövrdə ölkəmiz geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir ölkəyə çevrildi. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir.

Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyini əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” Bu fikirdahi şəxsiyyət Heydər Əliyev tərəfindən bəyan edilirdi ki, müstəqilliyi qorumaq onu əldə etməkdən də çətindir. Bunun üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diqqət göstərdiyi əsas istiqamətlərdən biri məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi, onların təşkilatlanması işinin yüksək səviyyədə qurulması idi. Ulu öndər Heydər Əliyev inkişafın gələcək parametrlərini müəyyənləşdirərkən bir vacib məqamı da xüsusi önə çəkirdi ki, ölkədə ictimai-siyasi sabitliyin olması əsas şərtdir. Sabitlik olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həllindən söhbət gedə bilməz. Ümummilli lider sabitliyin möhkəmləndirilməsi, bütün sahələrdə inkişafın sürətləndirilməsi üçün atəşkəs sazişinin imzalanmasının zəruriliyini önə çəkdi və bu istiqamətdə ciddi səylər göstərdi. Nəhayət, onun gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Azərbaycan dövləti bu addımı ilə həm ölkəmizin sonrakı inkişafına zəmin yaratdı, həm də ermənilərin əsassız torpaq iddiası nəticəsində yaradılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verdiyini, problemin danışıqlar əsasında çözülməsinin vacibliyini bəyan etdi.

Ulu öndər Heydər Əliyevin düşünülmüş daxili siyasəti nəticəsində Azərbaycan çox qısa zamanda sabitlik diyarına çevrildi ki, bu da əlverişli biznes mühitinin yaradılmasına stimul oldu. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər ölkədə ictimai-siyasi durumun gərginliyindən qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkədə daxili sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasına stimul oldu. Xarici ölkələrə hər bir səfərində adamları ilə görüşməyə maraq göstərən ulu öndər Heydər Əliyev ölkəmizdə sabit, təhlükəsiz investisiya mühitinin yaradıldığını önə çəkərək, investorları qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin olmağa çağırırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün böyük fəxr hissi ilə qeyd ediriksə ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 160 milyard dollardan artıqdır, bu məhz həmin dövrdə əsası qoyulan sabitliyə əsaslanır. 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, dünya iqtisadi sisteminə inteqrasiyaya, əməkdaşlıq əlaqələrinin genişlənməsinə yol açdı. “Əsrin müqaviləsi”nin imzalanması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, Azərbaycan Respublikası demokratikhüquqi dövlətdir.”

Ölkə iqtisadiyyatının inkişafında neft amilinə böyük önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin göstəricisi idi. Dahi şəxsiyyət bir əsas məqamı da diqqətə çatdırırdı ki, neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. 1999-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Neft Fondunun yaradılması neft gəlirlərinin idarə olunmasında şəffaflığın və uğurların davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayan mühüm sosial-iqtisadi layihələrin gerçəkləşməsinə xidmət göstərir.

Daxili siyasətin davamı kimi dəyərləndirilən xarici siyasət sahəsində uğurlu addımların əsası da məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra qoyulub. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. Ulu öndərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi təmin edildi. Onların vahid mərkəzdən idarə olunması məqsədilə 2001-ci ildə ölkəmizdə Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda ümummilli lider Heydər Əliyevin proqram xarakterli çıxışı harada yaşamasından asılı olmayaraq bütün söydaşlarımızı bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birliyinin yaradılmasını və möhkmləndirilməsini bir tələb kimi qarşıya qoydu. Artıq ənənə halını alan dünya azərbaycanlılarının qurultayları diaspor təşkilatlarının fəaliyyətinə işıq salmaqla yanaşı, gələcək prioritetlərin açıqlanmasında da əhəmiyyətli rol oynayır. Ulu öndər Heydər Əliyev bildirirdi: “Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır!” Ümummilli liderin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Dövlətimizin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Ulu öndərin dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı. Qeyd olunduğu kimi, ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı, ermənilərin yalanlarının ayaq tutsa da, yeriməsi mümkünsüz oldu. Təbliğat real faktlara, tarixi həqiqətlərə əsaslananda uzunömürlü və inandırıcı olur. Özlərinə saxta tarix yazan ermənilər yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımağa səy göstərsələr də, fakt qarşısında aciz qaldıqlarının şahidinə çevrilirlər. Artıq dünya kimin haqlı, kimin haqsız olduğunu düzgün dəyərləndirməyə çalışır.

İqtisadi tərəqqi demokratik islahatların da sürətini artırdı. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olundu. 1995-ci il noyabrın 12-də müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulu Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 4 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik bazasının yaradılması da demokratik inkişafın əsas göstəricilərindəndir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, nə qədər partiya olur-olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir. Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi üçün təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub. Bu sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçirilməsini şərtləndirir.

Azad mətbuatın inkişafı dövlətin siyasətinin əsas tərkib hissəsinə çevrildi. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-nin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atıldı və tədbirlər həyata keçirildi. Ulu öndər Heydər Əliyevin: “Bunu dəfələrlə demişəm. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın” - fikri bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, müstəqil elektron KİV-nin, jurnalist qurumların və bu sahədə qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi demokratik mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımız qarşısındakı xidmətləri ictimai-siyasi miqyasına, tarixi əhəmiyyətinə və mahiyyətinə görə olduqca böyükdür. Onun 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də bu diqqət və qayğının təsdiqi idi.

Bütün bu demokratik addımlar ölkəmizin beynəlxalq nüfuzunu gücləndirdi, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarına üzv qəbul edildi. 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması dövlətimizin demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsi idi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan bu partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, qısa zamanda milyonların partiyasına çevrildi. Təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 640 mindən artıq üzv birləşir. Təbii ki, bu, Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Ulu öndər Heydər Əliyev böyük inam və qətiyyətlə bildirmişdir: Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.” Zaman-zaman sınaqlardan uğurla çıxan Yeni Azərbaycan Partiyası tutduğu yola, mövqeyə sadiqliyi ilə xalqın dəstəyini qazanmış, ölkədə keçirilən seçki proseslərindən uğurla çıxmışdır. Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanıb.

Ulu öndər Heydər Əliyev 91-lərin müraciətinə cavabında bu məqamı böyük inam və qətiyyətlə qeyd etmişdir ki, yaranması tarixi zərurət olan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Bu gün biz bir daha ölkənin reallıqlarında bu fikirlərin təsdiqini görürük. Azərbaycanın müstəqillik tarixində keçdiyi inkişaf yoluna bələdçilik edən YAP qazanılan uğurlara böyük töhfələr vermiş, xalqın istəyini və etimadını doğrultmuşdur. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. Ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafında partiyaların xüsusi rola malik olduğunu önə çəkən YAP bu istiqamətdə də öz töhfələrini verir. Partiyanın təşkilatçılığı ilə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər də buna əyani sübutdur. Fəaliyyət istiqamətlərini daim genişləndirən və zənginləşdirən Yeni Azərbaycan Partiyasının bir məqsədi var - xalqa xidmət etmək, Azərbaycanın hərtərəfli inkişafına dəstək olmaq. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadisiyasi islahatlardır” - söyləyən Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkə qarşısında dayanan vəzifələr YAP-ın rəhbərliyi ilə bundan sonra da uğurla icra ediləcək.

Tarixdə sabitlikinkişaf illəri kimi yadda qalan 1993-2003-cü illərin qısa təhlili bu gerçəkliyi də təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Qarşıdakı illərdə ölkəmizi daha böyük uğurlar gözləyir. Bu inama əsas verən amil isə Heydər Əliyev siyasəti və xalqın bu siyasətə böyük dəstəyidir. Xalq-iqtidar birliyinin sarsılmazlığı, möhkəmliyi uğurların davamlılığında əsasdır. Ulu öndər Heydər Əliyev hər zaman xalqına güvəndiyini, arxalandığını bildirirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimaddanetibardan yüksək mükafat yoxdur.” Son on ildə Azərbaycanın uğurlu inkişafı, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarının günbəgün kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsi də bu gerçəkliyin təsdiqidir ki, xalqın Heydər Əliyev siyasətinə inamı, etimadı böyükdür. Dövlət başçısı İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Qürur hissi ilə deyə bilərəm ki, bugünkü Azərbaycan ulu öndərin görmək istədiyi kimi inkişaf edir, onun qoyduğu yolla gedir, güclənir, möhkəmlənir və çox güclü regional amilə çevrilibdir.”

Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin əsası kimi qəbul edən möhtərəm Prezident İlham Əliyev çıxışlarında bu fikri dəfələrlə qeyd edib ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadisosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişafrifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Dövlətimizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi daim yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Yazının əvvəlində də qeyd olunduğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə sabitliyin, əmin-amanlığın yaradılması istəyini ortaya qoyan xalqımız bu gün Azərbaycanın daha da qüdrətli, zəngin dövlətə çevrilməsindən, inkişaf etmiş ölkələr sırasında addımlamasından bəhs edir. Bu hədəflərə çatmaq üçün isə bütün imkanların mövcudluğu böyük inam və qətiyyətlə bildirilir. Bu gün Azərbaycan iqtisadi möcüzələr ölkəsi kimi tanınır, dünyanın 10 xoşbəxt ölkəsi sırasında adı çəkilir, demokratiya təcrübəsi digər dövlətlərə nümunə göstərilir. Dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan Azərbaycanın reallaşdırdığı layihələr ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir. Azərbaycan bu gün beynəlxalq tədbirlər üçün ideal məkan seçilir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də uğurlarımıza və ədalətli mövqeyimizə əsaslandı. Bir sözlə, inkişafın Azərbaycan modeli mövcuddurbu model beynəlxalq səviyyədə təqdir olunur.

Ümummilli lider Heydər Əliyevin 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində səsləndirdiyi fikirləri bir daha xatırlatmaq istərdik: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Möhtərəm Prezident İlham Əliyev son on ildə bu etimadı yüksək səviyyədə doğruldaraq, 2008-ci və 2013-cü il prezident seçkilərində növbəti qələbələrini təmin etməklə Heydər Əliyev siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi.

Dövlət başçısı İlham Əliyevin Azərbaycanın müstəqillik tarixində qazandığı uğurların fonunda təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. İmkanların artmasını, Azərbaycanın bir dövlət olaraq dünyada söz sahibi olmasını şərtləndirən əsas amil isə qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasətinin uğurlu davamıdır. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Heydər Əliyevin irsi Azərbaycan xalqının milli sərvətidir. Bu irsi öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq. Müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin uğurlarını yaşayır və bu uğurlar davamlıdır.

 

Hüseyn PAŞAYEV,

YAP mətbuat xidmətinin rəhbəri,

 YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2014.- 11 dekabr.- S.2.