AzərTAc-a qonaq gələn italiyalı jurnalistlər ölkəmiz

 haqqında geniş məlumat toplamaq istəyirlər

 

Azərbaycanla yaxından tanışlıq məqsədi ilə ölkəmizə gələn italiyalı jurnalistlər AzərTAc-ın baş direktoru Aslan Aslanovla görüşüblər.

ANSA xəbər agentliyinin əməkdaşı Kristiana Missori, “Losservatore Romano” və “il Messagero” qəzetlərinin müxbiri Rossella Fabiani Azərbaycan mediası ilə sıx əlaqələr qurulmasına çalışdıqlarını qeyd ediblər.

Görüşdə bildirilib ki, AzərTAc və İtaliyanın ANSA agentliyi 2005-ci ildən əməkdaşlıq edir və hər iki agentlik Avropa Xəbər Agentlikləri Alyansı çərçivəsində fəal qarşılıqlı əlaqələr yaradıb. Qonaqlara AzərTAc-ın keçdiyi inkişaf yolu, dünyanın nüfuzlu media təşkilatlarına inteqrasiyası haqqında məlumat verilib, onun 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik edəcəyi qeyd olunub.

Azərbaycanla çox maraqlandıqlarını deyən jurnalistlər ölkəmiz barədə mümkün qədər geniş məlumat toplamaq istədiklərini bildiriblər. İtalyan jurnalistlərin diqqətinə çatdırılıb ki, Şərqdə ilk parlament respublikası Azərbaycanda yaradılıb. İlk operanın müəllifi də azərbaycanlı bəstəkardır. 20 il əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu yolda böyük çətinliklərdən və sınaqlardan keçib. Ümummilli lider Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxarıb, ölkəmizin dirçəlişini təmin edib.

Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşdiyi, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığı, torpaqlarımızın 20 faizinin işğal edildiyi qonaqların diqqətinə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edərək, regionun liderinə və beynəlxalq aləmdə söz, nüfuz sahibinə çevrilib.

Görüşdə ölkələrimiz arasında yaranmış sıx dostluq münasibətlərindən bəhs olunub, Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada bir sıra tarixi abidələrin bərpa edildiyi, Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində tədbirlər həyata keçirildiyi bildirilib. Həmçinin müasir media tendensiyaları, informasiya agentliklərinin etibarlı xəbər mənbəyi kimi rolu, sosial şəbəkələrin ənənəvi mediaya təsiri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2014.- 11 dekabr.- S.5.