Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyi

 Beynəlxalq Hakimlər Assosiasiyasına tamhüquqlu üzv seçilmişdir

 

Respublikamızın məhkəmə-hüquq sistemi ilə

bağlı beynəlxalq miqyasda obyektiv qənaət formalaşır

 

Yekunlaşmaqda olan 2014-cü il müstəqil respublikamız üçün təkcə sosial-iqtisadi sahədə əldə olunan mühüm uğurlarla deyil, eyni zamanda demokratik proseslərin dərinləşdirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən islahatların davam etdirilməsi ilə də əlamətdar olmuşdur. İctimai həyatın müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər Azərbaycan Respublikasının insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da genişlənməsinə, həmçinin inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsinə və yerli şəraitdə tətbiqinə imkan yaratmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, respublikamızın məhkəmə-hüquq sisteminin liberallaşdırılması və müasirləşdirilməsi sahəsində əldə etdiyi böyük nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu təmələ əsaslanır. Ulu öndərin əbədiyyətə qovuşmasından ötən 11 ildə ən böyük təsəllimiz də məhz budur ki, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir.

 

Mütərəqqi islahatların uğurlu davamı

 

Son illər respublika məhkəmələrinin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, ədalət mühakiməsinin qanunamüvafiq şəkildə həyata keçirildiyi müstəqil hakimiyyətin qolu kimi fəaliyyət göstərmələri, cəmiyyətdə yüksək etimad qazanmaları bu sahədə beynəlxalq təcrübənin geniş tətbiqini də şərtləndirmişdir.

Xatırlatmaq yerinə düşər ki, bölgələrin inkişafına xidmət edən tədbirlərin tərkib hissəsi kimi 2010-2011-ci illərdə əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələr - ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələr formalaşdırılmışdır. Bu islahatlar, şübhəsiz, regional inkişaf proqramları ilə paralel surətdə gerçəkləşdirilmiş, məqsəd bölgələrdə yaşayan əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətini yüksəltmək olmuşdur.

Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Məhkəmə hakimiyyətinin yüksək hazırlıqlı və mənəvi cəhətdən sağlam hakimlərlə komplektləşdirilməsi məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmiş, habelə hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydaları müəyyən edilmişdir.

Ötən illərdə məhkəmələr üçün yeni binaların inşası, onların maddi-texniki bazasının, şəraitinin əsaslı dərəcədə yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixliElektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı bu sahədə ötən illərdən başlanmış islahatların uğurlu davamına etibarlı zəmin yaratmışdır. Sərəncamın imzalanmasında məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təminatı, habelə müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsidir. Sərəncam “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan vermişdir. İlk dəfə paytaxtın Yasamal Rayon Məhkəməsində tətbiqinə başlanılmış “Elektron məhkəmə” informasiya sistemi vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik və işlək mexanizmlər əsasında qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında qanunvericiliyin tələblərinə tam riayət olunmasına imkan yaratmış, operativliyi və şəffaflığı maksimum dərəcədə təmin etmişdir.

Dünyanın bir sıra ölkələrində qlobal iqtisadi böhranın hökm sürdüyü bir şəraitdə respublikamızda hakimlərin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması, onların qanuni hüquq və mənafelərinin etibarlı təminatı istiqamətində tədbirlər davam etdirilir. Ali Məhkəmənin qanunvericilik təşəbbüsü əsasında bu ilin iyun ayında Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü (Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası) maddəsinə edilmiş əlavəyə görə, hakim vəzifəsindən öz arzusu ilə azad olunan şəxs bu qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hakim təyin edilə bilər.

Qanunun 100-cü (Hakimlərin müstəqilliyi) maddəsinə edilmiş əlavəyə görə, hakimin fəaliyyətinə kənar müdaxilə olduqda o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir. Mühüm əlavələrdən biriqanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilmişdir. Həmin əlavəyə əsasən, hakimin fəaliyyəti dövründə onun əməkhaqqının məbləği aşağı salına bilməz. Bu müddəa hakimlərin müstəqilliyinin daha da möhkəmləndirilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü (Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları) maddəsinin 9-cu bəndinə edilmiş dəyişikliyə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Əvvəlki variantda isə altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə Məhkəmə-Hüquq Şurası tərəfindən təşkil edilmiş xüsusi hakim komissiyasının müvafiq rəyi olduqda hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilərdi. Ümumilikdə “Məhkəmə və hakimlər haqqında” qanuna edilmiş əlavə və dəyişikliklər məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini və hakimlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

 

Həyata keçirilən tədbirlər yüksək qiymət alır

Dinamik inkişafın hazırkı mərhələsində respublikamızın məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatların beynəlxalq səviyyədə təbliği Azərbaycana qarşı bəzi əsassız iddiaların aradan qaldırılması və ölkəmiz haqqında obyektiv təsəvvürlərin möhkəmləndirilməsi baxımından vacib məsələlərdən biridir. Azərbaycanda ümumi məhkəmə hakimlərini birləşdirmək, onların müstəqilliyinin daha da möhkəmləndirilməsinə kömək etmək, yüksək təcrübəsini yaymaq, xarici ölkələrin məhkəmə praktikasını öyrənmək, müsbət yenilikləri təbliğ etmək, habelə hüquqi maarifləndirmə işi aparmaq məqsədi ilə 2002-ci ildə yaradılmış Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimlərinin İctimai Birliyi (Assosiasiyası) dövlət səviyyəsində həyata keçirilən bu və digər tədbirləri dəstəkləyir, eyni zamanda onların ictimai rəyə dolğun şəkildə, mahiyyəti üzrə çatdırılmasına çalışır. Birlik respublika hakimlərinin beynəlxalq əlaqələrinin genişləndirilməsinə çalışmaqla yanaşı, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi ilə bağlı dəyərli təkliflər, tövsiyələr hazırlayır.

Birlik, eyni zamanda Azərbaycanda məhkəmə sisteminin inkişafı və müasirləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı beynəlxalq səviyyədə təbliğat işi aparır, bu sahədə ixtisaslaşmış mötəbər təşkilatlarla səmərəli əlaqələri genişləndirməyə çalışır. Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının təmsilçisi olaraq müxtəlif ölkələrə səfərlərimiz zamanı respublikamızın beynəlxalq nüfuzunun artdığının böyük qürur hissi ilə şahidi oluruq. Xüsusilə də Beynəlxalq Hakimlər Assosiasiyasının (BHA), habelə onun regional qrupu olan Avropa Hakimlər Assosiasiyasının (AHA) müxtəlif ölkələrdə keçirilən illik toplantılar ümumən beynəlxalq ictimaiyyətdə respublikamızın məhkəmə-hüquq sistemi barədə dolğun təsəvvürlərin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Son illər hər iki qurumun Mərakeş, Fransa, Malta, Niderland, Türkiyə, ABŞ, Ukrayna, KiprBraziliyada təşkil olunmuş yüksək səviyyəli illik iclaslarında ölkə hakimlərinin təmsilçisi kimi bunu aydın şəkildə görmüşük.

2014-cü ilin ötən dövrü bu baxımdan respublikamız üçün uğurlu mərhələ hesab oluna bilər. Xatırladaq ki, BHA-nın regional qrupu olan AHA-nın, adətən hər ilin may ayına təsadüf edən yaz iclası 2014-cü ildə Kiprin Limassol şəhərində keçirildi. Görüşdə AHA-nın ötən il Yalta şəhərində keçirilmiş görüşünün protokolu təsdiqləndi, Beynəlxalq Hakimlər Assosiasiyasının vitse-prezidenti cənab Kristof Regnardın illik hesabat məruzəsi dinlənildi. Qurumun vitse-prezidenti məruzəsində AHA-nın təşkilatçılığı ilə keçirilmiş toplantılardan, təşkilatın məhkəmə hakimiyyəti ilə bağlı müxtəlif beynəlxalq tədbirlərdə iştirakından, digər qurumlarda əlaqələrindən, birgə layihələrindən söz açdı.

AHA-nın iclasında, həmçinin, üzv ölkələrdə hakimlərin vəziyyəti ilə bağlı məsələlər, bu sahədəki mövcud nöqsanlaruğurlar müzakirə olundu. Müzakirələr zamanı Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının rəhbəri olaraq BHA və AHA ilə əməkdaşlıqda maraqlı olduğunu, bu əməkdaşlığın ölkəmizdə məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi işinə müsbət töhfələr verdiyinixüsusi vurğuladıq. Onu da vurğuladıq ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü geridə qoymuş Azərbaycanın məhkəmə-hüquq sistemində son 10 ildə köklü islahatlar həyata keçirilmiş, ədalət mühakiməsinin müstəqilliyinin təminatı üçün zəruri tədbirlər görülmüşdür.

 

Hakimlərlə bağlı məsələlər diqqət mərkəzindədir

BHA-nın 2014-cü il noyabrın 8-dən 14-dək Braziliyanın Foz do İqaçu şəhərində təşkil olunmuş illik iclasının yekunları respublikamız üçün bir sıra məqamlarla əlamətdar oldu. Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının rəhbərliyinin də iştirak etdiyi iclas çərçivəsində noyabrın 9-da Avropa, Asiya, AmerikaOkeaniya, Afrika regional qrupları işə başladı.

Sədrin hesabat məruzəsi müzakirə edilərək bəyənildi.

Daha sonra AHA-nın prezidenti Kristof Regnard qurumun Avropa Dövlət İttihamçıları Ofisinin yaradılması istiqamətində gördüyü işlərdən danışdı. Tədbirdə, həmçinin Türkiyə, SlovakiyaUkrayna milli hakimlər birliklərinin fəaliyyətinə maneə yaradan amillərin aradan qaldırılması ilə bağlı həmin ölkələrin rəhbərliyinə müraciətlərin ünvanlanması ilə bağlı qərar qəbul edildi.

Avropa Regional Qrupunun rəhbəri, BHA-nın vitse-prezidenti Kristof Regnard çıxışında il ərzində AHA daxilində keçirilən tədbirlər, ayrı-ayrı ölkələrə edilən səfərlər, müxtəlif ölkələrdə məhkəmə hakimiyyəti ilə bağlı keçirilən toplantılar barədə ətraflı məlumat verdi. O, müəyyən problemlərlə üzləşmiş Polşa, Ukrayna, Türkiyə, SlovakiyaLüksemburqun milli hakimlər birliklərinə dəstək məqsədilə həmin ölkələrin hakimiyyət dairələri ilə danışıqların aparıldığını da diqqətə çatdırdı. Cənab Regnard həmçinin Portuqaliyada keçirilmiş tədbirdə “Avropada hakimlərin statusumövzusunda təqdimatla çıxış etdiyini diqqətə çatdırdı.

Sonra ənənəvi olaraq AHA-nın “Brüsselə gedən yollar” adlı işçi qrupunun üzvləri son bir ildə görülmüş işlər barədə ətraflı məlumat verdilər. İşçi qrupunun rəhbəri, AHA-nın sədr müavini Joze Manuel İgreja Matos milli birliklər, qeyri-hökumət təşkilatları və hökumətlərlə aparılmış işlər barədə məlumat verərək mövcud çətinliklərdən və əldə edilmiş uğurlardan söz açdı. Qeyd olundu ki, işçi qrupunun əsas vəzifəsi Avropa məkanında məhkəmələrin müstəqilliyinin təmini və vətəndaşların məhkəmələrə maneəsiz şəkildə müraciət etmək imkanlarının təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirməkdir.

Noyabrın 10-da isə BHA-nın illik iclası öz işinə başladı. İclası BHA prezidenti Gerard Reissner açaraq qonaqları salamladı, onun təklifi ilə qurumun Yalta iclasının protokolu təsdiq edildi. Daha sonra cənab Reissner qurumun illik fəaliyyətinin yekunları ilə bağlı geniş məruzə ilə çıxış edərək görülmüş işlər barədə məlumat verdi. BHA sədri il ərzində Albaniya, Belçika, Fransa, İspaniya, Türkiyə, Ermənistan, Ukrayna, Avstriya və Qazaxıstana səfərlər etdiyini, hakimlərlə bağlı müxtəlif seminarkonfranslara qatıldığını, məhkəmələrin üzləşdikləri problemlər və onların aradan qaldırılması yolları ətrafında müzakirələr apardığını, təqdimatlar etdiyinis. məsələləri diqqətə çatdırdı. 2014-cü ilin yanvarında Ermənistana səfər etdiyini BHA prezidenti bu ölkədə məhkəmələrin fəaliyyətinə ciddi müdaxilələrin olduğunu, hakimlərin sosial vəziyyətləri, təqaüdləri ilə bağlı ciddi problemlərin mövcudluğunu diqqətə çatdırdı.

BHA prezidenti Gerard Reissner, həmçinin il ərzində Beynəlxalq Özəl Hüquq konfransında, Beynəlxalq Prokurorlar Assosiasiyasının və Beynəlxalq Antikorrupsiya Agentliyinin toplantılarında iştirak etdiyini diqqətə çatdırdı. Sədrin məruzəsi dinlənilərək qənaətbəxş dəyərləndirildikdən sonra tədbir çərçivəsində “Ətraf mühit və ətraf mühitin qorunması üçün cəmiyyətin tərbiyələndirilməsində məhkəmə hakimiyyətinin rolumövzusunda “dəyirmi masa” təşkil edildi. Braziliyanın, Paraqvay və Argentinanın ekologiya nazirliklərinin məsul vəzifəli şəxslərinin iştirak etdiyi “dəyirmi maşada xüsusi vurğulandı ki, məhkəmə hakimiyyəti ətraf mühitin mühafizəsində daha cəsarətli olmalı, bu sahədə qanunun aliliyinin yüksək səviyyədə təminatına çalışmalıdır.

BHA-nın iclası çərçivəsində 4 işçi qrupu tərəfindən “Sosial mediaKİV-in məhkəmə hakimiyyəti ilə münasibəti, onların məhkəmələrin müstəqilliyinə təsiri, məhkəmə administrasiyaları”, “Mülki ətraf mühit üçün çağırışlar”, “Ətraf mühitin çirklənməsi: bununla mübarizədə cinayət hüququ yaxşı vasitədirmi?”, “İş yerində sağlamlıq və təhlükəsizlik” mövzularında müzakirələr aparıldı.

Azərbaycan nümayəndə heyəti noyabrın 12-də “Sosial mediaKİV-in məhkəmə hakimiyyəti ilə münasibəti, onların məhkəmələrin müstəqilliyinə təsiri, məhkəmə administrasiyaları” mövzusunda müzakirələrdə fəal iştirak etdi. Müzakirələr zamanı məhkəmələrin fəaliyyətinə xüsusi maraq göstərən KİV-lə əlaqələrin müasir tələblər səviyyəsində qurulmasının vacibliyibu zaman məhkəmələrin müstəqilliyinə xələl gətirən hər hansı bir hərəkətə yol verilməməsi ciddi vurğulanmışdır.

Müzakirələr zamanı avtoritar rejimli bəzi Afrika ölkələrində sadəcə mətbuatda dərc olunmuş məlumatlar əsasında, yəni xüsusi araşdırılma aparılmadan hakimlərin cəzalandırılması hallarına rast gəlindiyi və bunun narahatlıq doğurduğu vurğulandı. Ümumi qənaət bundan ibarət oldu ki, cəmiyyət həyatındakı mühüm roluna baxmayaraq, KİV-in məhkəmələrin fəaliyyətinə müdaxiləsinə qətiyyən yol verilməməli, hakimlərin müstəqil qərar qəbul etmələrinə mənfi təsir göstərən bütün neqativ hallar aradan qaldırılmalıdır.

 

Azərbaycan BHA-nın tamhüquqlu üzvü seçildi

BHA-nın noyabrın 13-də keçirilmiş Mərkəzi Şurasının iclasında əsasən təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Təşkilatın prezidentinin və vitse-prezidentlərinin seçkisi iclasın gündəliyində dayanan əsas məsələlərdən idi.

Gerard Reissner quruma rəhbərliyi dövründə görülmüş işlər barədə məlumat verərək ötən dövrün məhsuldar və səmərəli olduğunu, ayrı-ayrı ölkələrin milli hakimlər birlikləri ilə əlaqələrin genişləndirildiyini diqqətə çatdırdı. Sədrliyə yeganə namizəd uruqvaylı hakim xanım Kristina Krespodur. Xanım Kristina Kresponun namizədliyi səsə qoyularaq qəbul edildi, o, BHA-nın 29-cu prezidenti seçildi. Cənab Gerard Reissner isə qurumun fəxri prezidenti statusunu qazandı.

Xatırladaq ki, BHA-nın hələ 2012-ci ildə ABŞ-da keçirilmiş illik iclasında qurumun Konstitusiyasına edilmiş dəyişikliklə üzvlüyə namizədlik məsələsi ləğv edilmişdi. Həmin iclasda həmçinin üzvlüyə namizədlərin birbaşa üzv kimi qəbuluna qərar verilmişdi. Qurumun 2013-cü ildə Yaltada keçirilmiş illik iclasında isə Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının müəyyən şərtlər çərçivəsində BHA-ya üzvlüyü barədə qərar qəbul edilmişdi. Bundan sonra Assosiasiya rəhbərliyinin sorğu anketi əsasında Azərbaycan üzrə məruzəçi hakim Lother Jueneman Direktorlar Şurasına təqdim etdiyi məruzədə Azərbaycanın üzvlüyünün təsdiqlənməsini məqbul saymışdı.

Direktorlar Şurasının 13 noyabr 2014-cü il tarixli iclasının qərarına əsasən, Azərbaycan Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının BHA-ya tamhüquqlu üzvlüyü də təsdiqləndi. Beləliklə, son illər ərzində quruma tamhüquqlu üzvlük istiqamətində apardığımız ardıcıl və sistemli fəaliyyətimiz uğurlu bəhrəsini verdi.

Ümumilikdə, BHA-nın illik iclası çərçivəsində keçirdiyimiz müxtəlif görüşlərdə Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların fəaliyyətində İKT-nin ən son nailiyyətlərinin tətbiqi, hakimlərin sosial şəraitinin yaxşılaşdırılması, yeni məhkəmələrin yaradılması və digər istiqamətlərdə həyata keçirilən islahatlar barədə də məlumat verdik. Onu da vurğuladıq ki, bir sıra Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda məhkəmələrin fəaliyyətinə hökumət qurumları tərəfindən heç bir müdaxilə yoxdur, hakimlərin müstəqilliyi tam təmin olunmuşdur. Ölkəmizdə hakimlərin seçkisi və təyinatı tam şəffaf, ədalətli şəkildə həyata keçirilirbu islahatlar Avropanın bir sıra nüfuzlu təşkilatları tərəfindən yüksək qiymət alır. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycana səfərlər təşkil edilərək hakimliyə namizədlərin seçimi bilavasitə izlənilmişdir. CEPEJ ekspertləri Azərbaycanın bu sahədə müsbət təcrübəsini örnək kimi qiymətləndirmiş, təcrübəmizi digər dövlətlərə də tövsiyə etmişlər. Görüşlərimiz zamanı, həmçinin məlumat verdik ki, ölkə rəhbərliyinin iradəsi əsasında gerçəkləşdirilməsinə başlanılmış “Elektron-məhkəmə” informasiya sisteminin Bakı şəhərinin Yasamal Rayon Məhkəməsində uğurla həyata keçirilməsinə başlanılıb. Bütün bu məlumatlar, təbii ki, ölkəmiz haqqında daha obyektiv təəssüratın formalaşmasında da əhəmiyyətli rol oynadı.

Ümumilikdə, BHA-nın Braziliyada keçirilmiş illik iclası dünya dövlətlərinin ölkəmizin məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar barədə məlumatlandırılması, ümumilikdə Azərbaycanla bağlı obyektiv təyin formalaşdırılması baxımından mühüm platform oldu.

Ümumi Məhkəmə Hakimləri Assosiasiyası bundan sonra da Azərbaycanın həm BHA, həm də AHA çərçivəsində maraqlarının qorunması, ölkəmizin məhkəmə-hüquq sistemi ilə bağlı həqiqətlərin dünyaya obyektiv şəkildə çatdırılması baxımından üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

 

Ələddin CƏFƏROV,

Azərbaycan Respublikası Ümumi

 Məhkəmə Hakimləri İctimai Birliyinin

 (Assosiasiyasının) sədri

Azərbaycan.-2014.- 11 dekabr.- S.7.