Heydər Əliyev irsi Azərbaycanın

 inkişaf strategiyasının istinad mərkəzidir

 

Dövlətimiz, xalqımız üçün daha bir vacib prosesi uğurla başa çatdırdıq. Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi Milli Məclisdə ənənəvi olaraq faydalı müzakirələr, səmərəli təkliflər, maraqlı diskussiyalarla yadda qaldı. Dünya ölkələrinin növbəti böhran təlaşında olduqları halda, Azərbaycan hökumətinin real əsaslara söykənən təmkini, neftin qiymətlərindəki siyasi konyunktura ilə bağlı ən müxtəlif ssenariləri rasional dəyərləndirməsi və gələn ilə nikbinliklə baxması ölkə iqtisadiyyatının əvvəlki templə irəliləyəcəyinə hansısa tərəddüd yeri qoymadı. Nəinki Milli Məclisin deputatlarında, bütövlükdə ölkə ictimaiyyətində Azərbaycanın sabit inkişafının dönməz olduğuna, ölkəmizin yalnız və yalnız irəliyə doğru irəliləyəcəyinə bir daha qəti əminlik yarandı.

Dövlət büdcəsi ilə bağlı məsələyə xüsusi diqqət ayırmağım, şübhəsiz, səbəbsiz deyil. Bu ali maliyyə sənədi hər bir dövlətin sadəcə iqtisadi inkişaf potensialını, real resurslarını və imkanlarını deyil, həm də hökumətin əməli iş əmsalının göstəricisi sayılır. Bu mənada Azərbaycanın dövlət büdcəsi təkcə iqtisadi deyil, həm də siyasi planda iqtidar komandasının gücünü, xalqdan real dəstək aldığını, irəliyə doğru inamla irəlilədiyini, ən ekstremal situasiyalara hazır olduğunu əyani nümayiş etdirdi. Bu gerçəkliklər işığında bir daha aydın olur ki, Azərbaycan xalqına bu gün güclü və qətiyyətli siyasi lider və onun şəxsində ölkənin davamlı tərəqqisi ilə bağlı aydın hədəflərə malik siyasi hakimiyyət rəhbərlik edir. Hakimiyyətlə xalqın sarsılmaz birliyi müstəqil Azərbaycanı istər hərbi-siyasi, istər iqtisadi, istərsə də total mənəvi-psixoloji həmlələrdən qoruyur, onu daha da qüdrətli, sarsılmaz edir.

Nəinki ölkə ictimaiyyətinin, ümumilikdə praqmatik dünyanın etiraf etdiyi bir danılmaz həqiqət var: qazanılan nailiyyətlər əsası XX əsr Azərbaycan tarixinin böyük sərkərdəsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi inkişaf strategiyasının və bu siyasəti son 11 ildə milli maraqlar çərçivəsində uğurla davam etdirən, daha da zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin danılmaz xidmətləri ilə bağlıdır.

Milli Məclisdə qızğın büdcə müzakirələri gedərkən mən bir anlığa vacib tarixi məqamı xatırladım: bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahib və digər iki ölkənin birgə büdcəsindən dəfələrlə artıq büdcəyə malik olan, həmçinin MDB məkanında büdcə artımına görə ön sırada dayanan ölkəmiz 21 il öncə ümumiyyətlə büdcəsiz yaşamışdı. Bəli, tarixin acı gerçəkliyi budur ki, Heydər Əliyev 1993-cü ildə parçalanmış Azərbaycanın sükanı arxasına keçərkən bu dövlətin ümumiyyətlə büdcəsi qəbul edilməmişdi...

21 il öncə büdcəsiz yaşayan Azərbaycan və bu gün Qafqazın ən böyük büdcəsinə malik olan Azərbaycan...

Yalnız elə bu müqayisə Azərbaycanın keçdiyi inkişaf yolunun mahiyyətini anlamağa, ən əsası isə Heydər Əliyev dühasının böyüklüyünü dərk etməyə kifayət qədər əsas verir...

***

Üzərinə götürdüyü missiya ilə xalqı, dövləti üçün faydalı olmağın məsuliyyətini başa düşənlərlə yanaşı, bunu alın yazısı, qəzavü-qədər kimi qəbul edərək özünün həyat amalına çevirənlər, həqiqətən, böyük şəxsiyyətlərdir. Həm də ona görə ki, tarixi proseslər bu şəxsiyyətləri ardınca apara bilmir, əksinə, onlar özləri dərk edilmiş məsuliyyətdən doğan cahanşümul fəaliyyətləri ilə yeni bir tarixin müəllifinə çevrilirlər. Bununla da, əslində, adlarını yaratmış olduqları tarixin şərəf salnaməsinə həkk edir, əbədiyaşarlıq imkanı qazanırlar.

Azərbaycanlıların əsrlər boyu cilalanaraq formalaşan güclü, istiqamətverici, gerçək ümummilli lider idealı məhz ulu öndər Heydər Əliyevin şəxsiyyətində həqiqətə çevrilir. Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixində təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi yox, həm də yaratdığı dövləti hər cür qəsddən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.

Azərbaycan dövlətinin və xalqının son 70 ildən artıq yaşam dövrü gözlərimin qarşısındadır. Tariximizin ən ziddiyyətli, keçməkeşli mərhələləri, fərəhli, acılı-şirinli günləri həyatımdan keçib. Qanlı repressiya illərində dünyaya gəlib, uşaqlıq illərimi İkinci Dünya müharibəsinin ağır dövrləri, məhrumiyyətləri məngənəsində keçirmişəm. Yetkinlik dövründə isə şəxsiyyətə pərəstiş illərinin mənəvi-ideoloji sarsıntıları taleyimdə dərin izlər buraxıb. Hələ gənclik dövrümdə bir məsələ məni daim qayğılandırıb, düşüncəmə hakim kəsilib: Azərbaycan xalqı niyə İttifaq tərəfindən etinasızlıq, ayrı-seçkiliklə qarşılaşır? Ağır sosial-iqtisadi çətinliklər, mənəvi böhran, xalqın layiqli həyat tərzindən məhrum edilməsi niyə səngimir? Ölkəmizin keçmiş İttifaq miqyasında geridə qalmış respublika kimi tanınması, bürokratiyanın, mənəvi-siyasi aşınmanın nəticəsi kimi dövlət orqanlarında dərin problemlərin baş qaldırması mənim kimi on minlərlə gənci narahat edirdi. Bir-birimizlə fikir mübadiləsi aparanda bu qənaətə gəlirdik ki, Azərbaycanın problemlərinin kökündə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz fəaliyyəti, qətiyyətsizliyi, milli məsələlərdə prinsipial mövqe tutmaması kimi amillər dayanır. Bizlərin bu subyektiv qənaətinin obyektiv olduğunu isə məhz Heydər Əliyev dühası sübuta yetirdi.

Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyət əslində məhz Azərbaycan üçün doğulmuşdu. Canından da artıq sevdiyi vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutdu. Onun cismən ayrılığından artıq 11 il keçir. Lakin hər ötən dövr, hər ötən gün Heydər Əliyevin əbədiyaşarlığını, mövcudluğunu daha aydın hiss etdirir.

Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin şəxsiyyətindən və idarəetmə qabiliyyətindən ilk növbədə onun rəhbərlik etdiyi dövlətin, xalqın taleyi asılıdır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində mühüm rol oynayır, milli tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Biz, azərbaycanlılar üçün belə alternativsiz lider məhz Heydər Əliyevdir.

XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib. Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət ilk növbədə Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib. Məhz ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, xalqın və dövlətin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini müəyyənləşdirdi.

Biz bəzən yanlış olaraq Azərbaycanın uğurlarını sadəcə ötən 21 illik dövrlə əlaqələndiririk. Halbuki müstəqillik illərində qazandığımız böyük uğurların əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol dahi öndərin hakimiyyətə birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilən Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inqilabın başlandığı göz önündə idi. Gənc, milli ruhlu, enerjili, qətiyyətli bir şəxsin respublika rəhbərliyinə irəli çəkilməsi insanlarda daxilən razılıq və xoş hisslər doğursa da, iqtisadi böhran, tənəzzül içində yaşayan, keçmiş SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyətin tezliklə dəyişəcəyinə inanmayanlar da az deyildi. Lakin Heydər Əliyev çevik təşkilatçı, zamanın nəbzini tutan rəhbər kimi sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissi olan zaman az müddətdə çox şeyə nail olmaq mümkündür.

Böyük öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Hər cür riskə rəğmən, o dövrün naqisliklərini açıq deməkdən çəkinmədi, neqativ hallara qarşı mübarizə tədbirlərini gücləndirdi. Keçmiş SSRİ miqyasında korrupsiya və rüşvətxorluğa, iqtisadi cinayətkarlığa qarşı ilk qətiyyətli mübarizə tədbirlərini də məhz Heydər Əliyev başladı. Respublikaya rəhbərliyinin ilkin dövrlərindən etibarən qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atdı. İmperiya rəhbərliyi bu neqativ təzahürləri ört-basdır etməyə çalışsa da, ümummilli lider Heydər Əliyev bu acı həqiqətləri gizlətməməyin, problemi doğuran səbəbləri aradan qaldırmağın tərəfdarı kimi çıxış edirdi.

Ümummilli lider tez-tez xalq arasına çıxır, sadə vətəndaşlarla canlı ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənirdi. Xüsusən də hələ çox tanınmadığı ilk aylarda Heydər Əliyev sərbəst qiyafədə dükan-mağazalarda, istehsal müəssisələrində olur, vəziyyətlə yerindəcə maraqlanırdı. Vaxtilə Naxçıvan Muxtar Respublikasının rayon partiya komitələrinə, müxtəlif nazirliklərə rəhbərlik etmiş bir şəxs kimi xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin hələ 70-ci illərdə məmurlar qarşısında müəyyənləşdirdiyi ən ciddi tələb xalqa layiqli xidmət göstərmək, insanların inamını doğrultmaq idi. Məhz bu keyfıyyəti ilə Heydər Əliyev hələ o illərdə cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdu.

***

Ümummilli lider Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə əməli fəaliyyəti ilə məhz gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı. Müstəqilliyin iqtisadi əsasları isə məhz həmin illərdə faktiki olaraq yaradılmışdı. Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir üç (Rusiya və Ukrayna ilə birgə) respublikadan birinə çevrilmişdi. Respublikanın qarşısında duran vəzifələri düzgün müəyyənləşdirən Heydər Əliyev yaxşı bilirdi ki, millətin siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. O, qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail oldu. Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrildi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi. Həmin illər Bakıda, Naxçıvanda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir.

İrimiqyaslı tikinti-quruculuq, abadlıq işlərinə başlamaqla respublika həyatında yeni intibah mərhələsinin əsası qoyuldu. Şəhərlərin, kəndlərin siması dəyişdi, insanların mədəni-intellektual səviyyəsi, mənəvi zənginliyi artdı. Heydər Əliyev Azərbaycan fəhləsinin, kəndlisinin mənafeyini uca tutdu, onun əməyini yüksək dəyərləndirdi, zəhmətkeşlərin mənəvi himayədarına çevrildi. Müəllimlərin, alimlərin, mədəniyyət işçilərinin sosial müdafiəsi gücləndirildi. Yeni ali məktəblər yaradıldı, çoxlu sayda orta məktəb tikilərək istifadəyə verildi. Elmlər Akademiyasına diqqət və qayğı artdı, elmi kəşf və yeniliklər istehsalatda geniş tətbiq olunmağa başladı. Paralel olaraq xalqda milli ruhun, milli özünüdərkin yüksəlişinə xidmət edən məqsədyönlü addımlar atıldı. Xalqına bağlı rəhbər milli ruhlu ziyalı elitasını rejimin təhdidlərindən, repressiyalarından qorudu, klassik ədəbi irsə qayğı siyasətini gücləndirdi. Məhz həmin illərdə xalqın tarixinin, dilinin, mədəniyyətinin, folklorunun obyektiv tədqiqi istiqamətində qətiyyətli qərarlar qəbul edildi.

Ümummilli lider Heydər Əliyev respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını verir, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərk hissini gücləndirir, bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Heydər Əliyev sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı bu qorxunu, çəkingənliyi aradan qaldıra bilmiş, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı bacarmışdı.

1982-ci ildə ulu öndərin böyük qətiyyətinin, prinsipiallığının, millətə sevgisinin əyani təcəssümü olan, bu gün də böyük qürur, fəxarət hissi ilə xatırlanan bir hadisənin canlı şahidiyəm. Bəli, məhz Heydər Əliyevin böyük, əzmkar mübarizənin təntənəsi kimi 1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün olunmuş görkəmli dramaturq Hüseyn Cavidin nəşi uzaq Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Həmin vaxt Culfa rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən şəxs kimi mən Heydər Əliyevin bu addımının necə böyük rəğbətlə qarşılandığını görmüş, belə bir şəxsiyyətin respublikamıza rəhbərlik etdiyinə görə qürur hissi keçirmişdim. Fikrimcə, bu hadisəni yalnız ulu öndərin milli-mənəvi, ədəbi irsə qayğıkeş və həssas münasibəti kimi dar çərçivədə dəyərləndirmək yanlış olar. O dövr üçün son dərəcə qeyri-adi, təhlükəli, riskli görünən bu addım bütövlükdə ulu öndərin xalqda milli kimlik və özünüdərk hisslərinin güclənməsi istiqamətində apardığı siyasətin mahiyyətindən irəli gəlirdi.

Əminliklə deyə bilərəm ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə de-fakto müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı. Ulu öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP MK-nın Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu respublikanı unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirdi, mərkəzin yeritdiyi siyasətin ayrı-ayrı çalarları ilə bağlı tənqidi fikirlərini, mülahizələrini ortaya qoydu. Kremldə Ermənistanın əsassız ərazi iddiaları ilə üzləşmiş Azərbaycanın haqlı mövqeyinin müdafiəsi naminə verdiyi bəyanatlar, nümayiş etdirdiyi mövqe bir daha təsdiqlədi ki, Heydər Əliyevi həqiqəti deməkdən çəkindirmək, susdurmaq sadəcə mümkün deyil.

***

Ötən əsrin 80-ci illərinin sonuna yaxın bədnam qonşularımız imperiya rəhbərliyinin himayəsi altında Azərbaycana qarşı aşkar ərazi iddiaları ilə çıxış etməyə başladılar. Bütün bunlara göz yuma bilmədiyi üçün SSRİ rəhbərliyindən istefaya göndərilən Heydər Əliyev hətta təqaüddə olarkən də millətinin haqq səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin Qanlı Yanvarından dərhal sonra ailəsi ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedən bu fenomen şəxsiyyət imperiya rəhbərliyini Kremlin bir addımlığında ən sərt ittihamlara məruz qoydu, xalqının faciəsinə vətənpərvərliklə reaksiya verdi, dərdinə şərik çıxdı.

1990-cı ilin iyununda ulu öndərin Moskvadan Azərbaycana dönüşü ilə ölkəmizdə kortəbii xarakter daşıyan xalq hərəkatı tədricən konkret məcraya salındı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasına xidmət edən ilk hüquqi addımlar atıldı. 1991-ci ildə müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafeyin və dövlətçilik maraqlarının təmsilçisi olmaq missiyası da təbii olaraq Heydər Əliyevin üzərinə düşmüşdü. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək insanın, xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşdilər.

Tarixi inkişafın gedişinə təsir göstərərək hadisələrin fövqündə dayanan böyük siyasi liderlər ictimai proseslərin ən böhranlı, dönüş anında məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın nicatına çevrilirlər. Bu gerçəklik fonunda deyə bilərəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən, bir sözlə, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Ümummilli lider ölkədə siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı.

Ümummilli liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində ilk mühüm addımlarından biri cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Bu bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan vermədi. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. Dünya Azərbaycanınlılarının I qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında səfərbər etdi.

Heydər Əliyevin dahi rəhbər olmasını təsdiq edən çoxsaylı faktlardan biri də aparılan torpaq islahatları idi. Ulu öndər Azərbaycanın çoxminillik tarixində torpağı kəndliyə təmənnasız olaraq bağışlayan yeganə rəhbər oldu. Bir məqamı da vurğulamaq istərdim ki, Heydər Əliyevin torpaq islahatlarını 1996-cı ildə başladığını deyənlər, əslində, böyük yanlışlığa yol verirlər. Hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərlik edərkən Heydər Əliyevin kənd təsərrüfatında kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qəbul etdiyi qərar nəinki Azərbaycanda, ümumilikdə İttifaq miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğvinə dair ilk təşəbbüs idi. Ulu öndərin səyi nəticəsində Azərbaycan kəndllisi bazar iqtisadiyyatı dövründə sahibkarlıq təfəkkürünə yiyələndi, torpağına sahibliyi ilə öz ruzisini halallıqla əldə etməyi öyrəndi. Eyni zamanda, respublikamız aqrar sektor üzrə islahatlarda postsovet məkanı ölkələri üçün model dövlətə çevrildi.

***

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçı yetişdirməsindədir. Möhtərəm İlham Əliyevin müəllifliyi ilə son 11 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasət çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Bəli, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

Düşünürəm ki, cənab İlham Əliyevin böyük uğurlarının əsas səbəblərindən biri də məhz onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alındı, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirildi. İlham Əliyev ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının cazibəsinə toplaya bildi. İlham Əliyevin ötən illərdə yürütdüyü siyasətin real, əməli fəaliyyətə söykəndiyinə hər bir vətəndaş əmin oldu. Hər kəs inandı ki, prezident səlahiyyətlərini Heydər Əliyev kimi dahi siyasətçidən sonra uğurla davam etdirmək, xalqın sevimli rəhbərinə çevrilmək üçün İlham Əliyevdə lazımi səriştə, bacarıq, qabiliyyət, intellektual səviyyə, idarəçilik keyfiyyətləri var.

Hələ Sovetlər Birliyi dövründə belə, evində mavi yanacaq görməyən bir sıra kəndlərə, ucqar yaşayış məntəqələrinə qaz çəkildi. Ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və s. tikintisi - bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb oldu, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırdı.

İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur. Bu siyasətin ən böyük uğuru isə bütövlükdə Azərbaycan insanının təfəkkür və düşüncə baxımından müasirləşməsi, milli və bəşəri dəyərləri uzlaşdıra bilməsidir. Bəli, 23 il bundan əvvəl dünyaya göz açan körpələr indi müstəqil Azərbaycanın 23 yaşlı, yetkin, müasir düşüncəli gəncləridir. Onlar tam olaraq müstəqillik dövründə yaşayıb, formaşaşıb, bu nemətin şirinliyini dadıblar. Şəxsi qənaətim belədir ki, onlar yeni ictimai-iqtisadi formasiyada, azərbaycançılıq və müstəqillik ideyası ruhunda formalaşdıqları üçün müstəqilliyin qədrini, qiymətini orta və yaşlı nəsildən daha yaxşı bilməlidirlər.

Bu gün Milli Məclisdə təmsilçisi olduğum Qəbələ rayonu sanki qələbənin rəmzinə çevrilib. Prezident İlham Əliyevin təbirincə desək, Qəbələ hətta xarici ölkələrin paytaxt şəhərləri ilə müqayisə olunacaq səviyyədədir. Mübaliğəsiz bu fikirdəyəm ki, Qəbələnin özünəməxsus gözəl təbiəti Ulu Tanrının xalqımıza böyük ərməğanıdır. Burada ilin hər fəsli insanda xoş ovqat yaradır. Yayın qaynarlığını, qışın qar-boranını, payızın həzinliyini, baharın təravətini daha yaxşı duyan daxili və xarici turistlər Qəbələyə dönə-dönə gəlmək istəyirlər. Ulu öndər Heydər Əliyevin vaxtilə “Qafqazın İçveçrəsi” adlandırdığı rayonda ilin bütün dövrlərində turist qələbəliyi hiss olunur. Qəbələnin turizm obyektləri hər il nüfuzlu beynəlxalq sərgilərdə iştirak edir. Bunun nəticəsidir ki, məzuniyyətini Qəbələdə keçirmək və rayonla daha yaxından tanış olmaq istəyən əcnəbi qonaqların sayı da sürətlə artır.

Qəbələdə kəndlər qəsəbə, şəhər mənzərəsi alıb. Abad yollar, çoxsaylı sosial obyektlər, məktəblər, xəstəxanalar, idman kompleksləri, müəssisələr, istirahət mərkəzləri, parklar - bütün bunlar kəndlərimizin artıq adi görüntüsünə çevrilib. Bir zəruri fakta nəzər salmaq istərdim. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində Qəbələdən Bakıya və digər ölkələrə kütləvi axın vardısa, son illər bu axın geriyə doğru yönəlib. Qəbələlilər öz doğma yurdlarına - artıq abad və gözəl Qəbələyə qayıdırlar. İnsanlar üçün Qəbələdə iş yeri tapmaq problem deyil. Amma sahibkar üçün işçi tapmaq artıq problemə çevrilir. Buna görə də Qəbələ indi ətraf bölgələrdən olan vətəndaşlarımızın da ruzi qapısına çevrilib. Mübaliğəsiz deyək ki, Qəbələ Azərbaycanın turizm paytaxtına çevrilir. Bütün bu uğurların zəmini Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsidir. Bu nailiyətlər möhtərəm Prezident İlham Əliyevin böyük qayğısının, himayəsinin nəticəsində əldə olunub. Məhz dövlət başçısının diqqəti sayəsində bu gün Qəbələ davamlı inkişaf və yüksəliş yolundadır.

Bu gün “Azərbaycanın paytaxtı qlobal beynəlxalq tədbirlərin mərkəzinə çevrilib” fikri kimin üçünsə yenilik deyil, adi həyat gerçəkliyidir. İndi təkcə paytaxt Bakı şəhəri deyil, Azərbaycanın bölgələri - rayon və şəhərləri beynəlxalq tədbirlər üçün qapılarını açır. Bu xüsusda Qəbələ rayonunun adını xüsusi qeyd etmək olar. Deputatı olduğum rayonun son illər, sözün həqiqi mənasında, beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini böyük fəxarətlə deyirəm! Xüsusən də yay aylarında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq musiqi festivalları rayonun şöhrətini bütün dünyaya yayıb. Bu ilin avqust ayında keçirilmiş növbəti festival da təkcə rayonun böyük potensialını deyil, ümumən Azərbaycan musiqisinin zənginliyini bütün dünyaya nümayiş etdirdi.

Dövlət başçılarının müxtəlif sammitlərinə, çoxsaylı beynəlxalq forumlara, konfranslara ev sahibliyi edən Qəbələnin artıq dünya miqyaslı bir şəhərə çevrilməsi əslində, Azərbaycanın dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilməsinin əyani göstəricilərindəndir.

***

Bir məsələnin də üzərində xüsusi dayanmaq istərdim. Prezident İlham Əliyevin 11 illik fəaliyyəti yalnız yüksək quruculuq, abadlıq, inkişaf, tərəqqi kimi anlayışlarla səciyyələnmir. Dövlət başçısı az müddətdə insan hüquq və azadlıqlarının təmini, ölkədə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində də qətiyyətli addımlar atdı. Prezident nümayiş etdirdi ki, əsl demokratiya təkamül yolu ilə, tədricən bərqərar olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, ölkədə demokratik proseslər də dərinləşir, qanunçuluq möhkəmlənir. Yaşayış səviyyəsi, maddi rifah halı yüksələn insanlar demokratiyanın həqiqi mahiyyətini dərk etməyə başlayırlar. Azərbaycan cəmiyyəti yüksək demokratik inkişafa hər hansı dağıdıcı inqilabla deyil, məhz təkamül yolu ilə nail olur. Azərbaycanın demokratik inkişafında yeni mərhələ uğurla davam edir. Xalq məhz bugünkü iqtidarın səmərəli fəaliyyətinin bəhrəsi olan iqtisadi, elmi, mədəni inqilabı dəstəkləyir. Son illərdə ölkədə baş verən möhtəşəm, inqilabi yeniliklər, modernləşmə prosesləri ölkəsini, xalqını sevən hər bir vətəndaş tərəfindən razılıqla qarşılanır. Azərbaycan iqtidarı iqtisadi, siyasi, hüquqi, demokratik islahatları bu gün də inamla davam etdirir.

Ölkə ildən-ilə yox, gündən-günə inkişaf edir, müasirləşir, bütün sahələrdə yeniləşmə baş verir. Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik var. Məhz İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində biz azərbaycanlılar zamanın mənfi təzahürləri ilə mübarizədən qalib çıxdıq. Modernləşmə xəttini əsas tutan bu siyasət həm də Azərbaycanın MDB-də ilk olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmasına imkan verdi.

Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 35 ilinə (1969-2003-cü illər) sahiblik edir. Fəqət əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilib. Bu 35 il Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət tək mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatələyir.

Müstəqil Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolu keyfiyyətcə yeni mərhələdə böyük uğurlarla zəngindir. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf modeli olan, qısa müddətdə yüksək makroiqtisadi göstəricilər əldə edən müstəqil dövlət kimi tanınır. Bu gün Azərbaycanda həyata keçirilən siyasi və hüquqi islahatlar, modernləşmə kursu keçid dövrünü yaşayan ölkələr üçün model olaraq qəbul edilir.

Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik var. Məhz bu birlik sayəsində ölkə iqtidarı daha böyük iqtisadi-mədəni inqilablara müəlliflik edir. Bu gün Heydər Əliyev yolu ilə irəliləyən Azərbaycan xalqı onun ən layiqli davamçısının rəhbərliyi altında gələcəyə çox nikbin baxır.

Bəli, məhz cənab İlham Əliyevin fenomenal liderlik keyfiyyətləri sayəsində Azərbaycan xalqı XXI əsrin əvvəlində zamanla mübarizənin qalibi oldu. Daha böyük zəfərlərə doğru daim birgə addımlayacağıq.

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı, Respublika

Ağsaqqalar Şurasının sədri

Azərbaycan.-2014.- 12 dekabr.-  S.4.