QƏLBLƏRİ FƏTH ETMİŞ DAHİ

 

Milli matəm gününün astanasındayıq. Odur ki, sözümə qəmli notlarla başlamaq məcburiyyətindəyəm. 2003-cü ilin soyuq dekabr günlərində biz ümummilli lider Heydər Əliyevlə vidalaşdıq, onu doğma vətən torpağına tapşırdıq. Heydər Əliyev və Azərbaycan - ruhən ayrılmaz olan bu anlayışlar cismən də birləşdi, müasir Azərbaycan tarixində, xalqın qəlbində möhtəşəm bir Heydər Əliyev abidəsi yüksəldi. Ötən illər bir daha göstərdi ki, zaman keçib nəsillər dəyişsə də, ümummilli lider xalqın yaddaşından silinmir, bu gün də insanların qəlbində ən yüksək ehtiramla yad edilir. Çünki Heydər Əliyev şəxsiyyəti bütün dövrlər və nəsillər üçün əbədilik statusu qazanıb, adı Azərbaycan tarixinə əbədi həkk olunub.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 11 il keçir. İnsanın dünyaya gəlməsi, öz həyatını başa vurduqdan sonra haqq dünyasına qovuşması təbii prosesdir. Dünya əzəldən belədir: biri gəlir, biri gedir, nəsillər bir-birini əvəz edir. Lakin qısa bir ömürdə əsrlərə sığmayacaq əməlləri ilə zirvələrə ucalmış qeyri-adi şəxsiyyətin dünyadan getməsi bütün xalqlar və zamanlar üçün böyük itkidir. Azərbaycan tarixində dövlətçiliyimizin xilaskarı kimi əbədi qalan, bütün dünyada dahi siyasətçi kimi tanınan Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Onun vətənimiz və xalqımız qarşısında ölçüyəgəlməz xidmətləri barədə nə qədər söz deyilsə, kitab və tədqiqat əsərləri yazılsa da, heç vaxt yetərincə olmayacaq. Çünki Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarıməsrlik tarixini özündə əks etdirir, hər zaman öyrənilməli və öyrədilməlidir.

Düşünürəm ki, söhbət dahi liderdən gedirsə, dünya şöhrətli siyasətçidən gedirsə, ilk növbədə dahinin şəxsi keyfiyyətləri qeyd olunmalı, onu bu səviyyəyə yüksəldən səbəblər araşdırılmalıdır. Çünki dahi şəxsiyyət fəlsəfi anlamda nəticədir, səbəb ali keyfiyyətlərdir, qeyri-adi iş qabiliyyətidir. Deməli, insanın dahi olması üçün böyük istedad azdır. Bu istedadı reallaşdıracaq, üzə çıxaracaq iş qabiliyyəti də lazımdır. Dahi insan isə hələ dahi siyasətçi demək deyil! Siyasətin həm də ictimai rəy qazanmaq və onu idarə etmək sənəti olduğunu nəzərə alsaq, deməli, dahi siyasətçi xalq tərəfindən lider kimi qəbul olunmalı, milləti, ölkəni arxasınca aparmağı bacarmalıdır. Yəni adi insanlardan fərqli olaraq, böyük xarizmə malik olmalıdır. Xarizm də hərfi mənasından göründüyü kimi (hədiyyə, pay deməkdir), sonradan qazanılmır, istedad kimi, iş qabiliyyəti kimi anadangəlmə olur. Deməli, yalnız bu üç keyfiyyətin - böyük istedadın, tükənməz iş qabiliyyətinin və xarizmin qovşağında Heydər Əliyev kimi dahi siyasətçilər yetişə və xalqın ümummilli lideri səviyyəsinə yüksələ bilərlər.

Tarixi təcrübə göstərir ki, Heydər Əliyev kimi fenomenal şəxsiyyətlər, siyasi liderlər yalnız tarixi şərait yetişəndə, həlledici məqamlarda, millət, Vətən ölüm-dirim dilemması qarşısında qalanda taleyin qisməti kimi meydana gəlir və öz missiyasını həyata keçirir. Yəni eyni ictimai-siyasi şəraitdə eyni tarixi missiyanı yalnız müəyyən dahiyanə keyfiyyətlərə malik olan şəxsiyyətlər həyata keçirə bilər. Fikrimizi bir az konkretləşdirək, müstəqilliyin yenicə əldə olunduğu 90-cı illərin əvvəllərinə qısa ekskurs edək. Məlum olduğu kimi, Heydər Əliyev müstəqil Azərbaycanın 3-cü Prezidenti idi. Birinci iki nəfər isə nəinki Azərbaycanın 70 ildən sonra qazanılmış müstəqilliyini qorumaq, yaşatmaq missiyasını həyata keçirə bildi, hətta şəxsi həyatları üçün kiçik bir təhlükə hiss edən kimi müqəddəs Qurana əl basıb təhlükəsizliyini, dövlətçiliyini qorumağa and içdikləri xalqı taleyin ümidinə buraxıb qaçmağa üstünlük verdi. Ola bilsin ki, onlar da dövlət rəhbəri kimi öz siyasi məsuliyyətlərini dərk edirdilər və ən azı tarixə düşmək xatirinə nə isə etmək istəyirdilər. Amma öz yerlərində deyildilər, xalq dili ilə desək, gücləri çatmayan işdən yapışmışdılar. Yalnız dahi bir şəxsiyyətin qadir olacağı tarixi missiyanı həyata keçirmək istəyirdilər. Nəticələr də özünü çox gözlətmədi: iqtisadiyyat dağıldı, vətəndaş müharibəsi təhlükəsi reallaşdı, xarici təcavüzə də fürsət yarandı. Mən həmin dövrü xarakterizə edən ağır iqtisadi-siyasi şərait, daxili irtica, xarici təcavüz təhlükəsi məsələlərinə yeri gəldikcə toxunmaq niyyətindəyəm və qətiyyən şübhə etmirəm ki, həmin məkanda, həmin zamanda Heydər Əliyev şəxsiyyəti olmasaydı, bugünkü müstəqil Azərbaycan Respublikası da olmayacaqdı.

Taleyin qisməti ilə ömrümün yarıdan çoxunu Heydər Əliyevin rəhbərliyi altında işləmişəm və onun dahiyanə şəxsi keyfiyyətlərini, tükənməz enerjisini bilavasitə iş prosesində müşahidə etmişəm. Böyük insanla ilk görüşümüzü yaxşı xatırlayıram. Mənə elə gəldi ki, qarşımda Atatürkün cavanlığını görürəm, o dəqiqə hiss etdim ki, tarixi şəxsiyyətlə üz-üzə dayanmışam. Həyatda isə o, hündür alnı, tünd çalarlı mavi gözləri olan, mütənasib cizgiləri adama xoş təsir bağışlayan, hündür boylu cavan adamdı. Hərbi forma ona çox yaraşırdı, daha hündür, daha ciddi göstərirdi. Mənə demişdilər ki, o, kristal kimi şəxsdir, işlədiyi xidmət sahəsində ən peşəkar və perspektivli zabitlərdən biridir. İlk görüşdə diqqətimi cəlb edən və sonradan iş prosesində daim müşahidə etdiyim əsas cəhətlərdən biri də onun insanlara, kimliyindən asılı olmayaraq, hörmətlə yanaşması, diqqətlə və səbrlə qulaq asması oldu. Eyni zamanda yaxşı psixoloq idi, qarşısındakı adamın kimliyini, nə istədiyini dərhal hiss edirdi. Buna görə də insanlarla tez və rahat ünsiyyət yaradır, onların diqqətini özünə cəlb edə və mühüm hesab etdiyi məsələlərə yönəldə bilirdi. Yeri gəlmişkən, bunlar adi yox, ali keyfiyyətlərdi və onun böyük diplomat olmasından xəbər verirdi.

Qeyd edim ki, Heydər Əliyev hələ cavanlığında xidmətdə nizam-intizamı, işdə tələbkarlığı ilə seçilirdi. İşə heç vaxt gecikməzdi, hamıdan tez gəlib hamıdan gec gedərdi. Rəhbərliyin verdiyi əmr və göstərişləri vaxtında və qüsursuz yerinə yetirərdi. Xarici görünüşünə, səliqə-sahmanına isə söz ola bilməzdi, o, əsl zabit kimi tabeliyində olanlara nümunə göstərirdi. Doğrudur, onlara qarşı çox tələbkar görünürdü, amma özünə qarşı daha tələbkar idi. Eyni zamanda tabeliyində olanların qayğısına da qalırdı, ailə problemləri ilə maraqlanır, həllinə kömək etməyə çalışırdı. Odur ki, tələbkarlığı da xeyirxahlığı kimi müsbət qarşılanır, təbii qəbul edilirdi. Vəzifəsi və rütbəsi artdıqca tələbkarlığı və xeyirxahlığı da artırdı və təbii olaraq kollektivdə nüfuzu da yüksəlirdi. Mən indi onun neçə nəfər haqqı çatana növbəsiz rütbə, ehtiyacı olana növbəsiz mənzil almağa kömək etdiyini, neçəsinin övladının yüksək təhsil almasına, ya yaxşı müalicə olunmasına dəstək verdiyini xatırlatmaq istəmirəm - bunlar sadəcə olaraq, nəticədir. Səbəb Heydər Əliyev şəxsiyyətidir, onun təbiətindən gələn, millətinə, vətəninə məhəbbətini göstərən yüksək xüsusiyyətləridir.

O, sözün əsl mənasında qeyri-adi insandır. Sanki təfəkkürün işığı ilə zəhmətin qarışığından yaranmışdı. Öz üzərində işləməyi bacarır və sevirdi, bir dəqiqə də boş vaxt itirməzdi, bilmədiyini öyrənər, öyrəndiklərini təkmilləşdirərdi. Doğrudur, dahi şəxsiyyət olduğundan bu, onda daha yaxşı və daha tez alınardı. Məsələn, başqasının günlərlə vaxt sərf edəcəyi bir kitabı, materialı o, bircə dəfə vərəqləməklə mahiyyətinə vara bilirdi. Eyni zamanda fenomenal yaddaşı vardı, oxuduqları, eşitdikləri, gördükləri sanki ömürlük yaddaşına həkk olunardı. Və lazım olduğu vaxtda, anda onları xatırlamaqda, çıxışlarında və yazılarında yerində istifadə etməkdə heç bir çətinlik çəkməzdi. Cavanlığına baxmayaraq, son dərəcə müdrik, səbirli və tədbirli insan idi, hamını dinləyər, məsələnin mahiyyətinə varar, sonda qərar qəbul edərdi. Onda qəribə vaxtı hiss etmək qabiliyyəti vardı, hansı qərarı nə vaxt verməyi fitrən duyurdu. Sonralar respublikaya birinci və ikinci rəhbərliyi dövründə də bu yüksək xüsusiyyətləri - böyük diplomat və müdrik rəhbər olması quruculuq və xilaskarlıq missiyalarını həyata keçirməyə imkan verdi.

Heydər Əliyevin liderlik keyfiyyətləri, qeyri-adi xarizmi də elə gənc yaşlarından özünü büruzə verirdi. Doğrudur, o heç zaman heç kimin qarşısında əyilmirdi, qanundan kənara çıxmırdı, heç kimi razı salmağa çalışmırdı, amma buna baxmayaraq hamı onu sevirdi. Onun xoş təbəssümü, aydın danışığı, mənalı baxışları ətrafındakılara qeyri-adi təsir bağışlayırdı. O harada peyda olurdusa, hamı sevinir, hamı canlanırdı. Ondan elə bil ki, enerji ayrılır, işıq yayılırdı, hamı onun ətrafına yığışır, onun auditoriyasına çevrilirdi. Əslində diqqətli müşahidəçi onun bu keyfiyyətlərini, böyük xarizmini dərhal hiss edə bilərdi. O, sevinəndə, yalnız özünə məxsus xoş təbəssümlə gülümsəyəndə adam qeyri-ixtiyari gülümsəyir, daxili bir sevinc hiss edirdi. Sözün əsl mənasında fövqəlinsan idi, adamlara sanki kənardan təsir edə bilirdi. Qeyri-adi inandırmaq qabiliyyəti vardı, fikirlərini sadə, aydın dillə ifadə edirdi, insanları inandırmağa, konkret məqsəd ətrafında təşkilatlandırmağa və arxasınca aparmağa qadir idi. Bir sözlə, o, ictimai rəyi qazanmaq və idarə etmək ustası - anadangəlmə lider idi.

Burda yenidən müstəqilliyin ilk dövrü, 1994-cü ilin payızı yada düşür. Heydər Əliyev 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdaraq mütləq səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilib və gənc müstəqil dövlətin problemlərini həll etməklə, dövlətçiliyi möhkəmlətməklə məşğuldur. Artıq bunun üçün siyasi-ictimai, iqtisadi əsaslar da hazırlanıb, 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəs elan olunub və sentyabrında isə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycan faktiki olaraq start vəziyyətindədir və Heydər Əliyevin rəhbərliyi ilə tənəzzül dövründən tərəqqi dövrünə keçməyə hazırlaşır. Amma xarici düşmənlər, onların ölkədəki əlaltıları da yatmır, nəyin bahasına olursa-olsun Azərbaycan Prezidentinə mane olmağa, onun qurmaq istədiklərini özülündəcə dağıtmağa çalışır. Budur, daxili irtica yenidən ayaqdadır, Azərbaycanda növbəti dəfə dövlət çevrilişinə cəhd hazırlanır. Cavadov qardaşları Respublika Prokurorluğunu zəbt edir, Surət Hüseynov isə qiyam qaldırmaq üçün Gəncəyə səfər edir. Belə ağır bir zamanda, millətin, dövlətin taleyi təhlükə altında qalanda Heydər Əliyev birbaşa xalqa müraciət edir, müstəqil Azərbaycan Respublikasını xilas etmək üçün xalqdan dəstək istəyir. Azərbaycan xalqı öz liderinin səsinə səs verir, bir neçə saatın içində on minlər, yüz minlər meydana axışır və daxili irtica müvəqqəti olsa da, geri çəkilir. Doğrudur, onun tam tərk-silah olunmasına hələ altı aydan da çox vaxt qalır, amma xalqın iradəsi hər şeyi həll edir. Azərbaycan xalqı millətin və dövlətin taleyini təyin etmək üçün 1993-cü ilin prezident seçkilərində Heydər Əliyevə verdiyi etimad mandatını 1994-cü ildə bir daha təsdiq edir.

Məlum olduğu kimi, hər bir xalq onun mentalitetini özündə əks etdirən, onun qəhrəmanlarının keyfiyyətlərini özündə daşıyan şəxsiyyətləri lider kimi görmək istəyir. Heydər Əliyev də Azərbaycan xalqının önəm verdiyi yüksək keyfiyyətlərin daşıyıcısı idi. Səbirli və tədbirli olduğu qədər də, cəsarətli və qətiyyətli idi, gözü-könlü tox, sözü ilə əməli bütöv insan idi. Heç vaxt heç kimin qarşısında geri çəkilməzdi, dünyada heç bir qüvvə onu öz yolundan döndərə bilməzdi. Vətən sevgisi, millət təəssübkeşliyi onun canında, qanında idi. O, təhlükəsizlik orqanlarında işləyəndə də cəsarətlə milli ziyalıları müdafiə edir, onların vurulmasına, sıradan çıxarılmasına imkan vermirdi. Azərbaycana birinci rəhbərliyi dövründə də qapalı sistemin senzurasına və qadağalarına baxmayaraq, cəmiyyətdə saflığın və düzgünlüyün müdafiəsinə və mübarizəsinə qalxmışdı. O, heç bir şeydən çəkinmədən həqiqəti deyirdi, çünki təbiətən belə idi, haqqın-ədalətin tərəfində idi! İttifaq rəhbərliyində, Moskvada işləyəndə də Azərbaycanı cəsarətlə müdafiə edir, respublikanın problemlərini qabardır, həllinə nail olmaq istəyirdi. Buna görə də Azərbaycan xalqı onu sevir, dəstəkləyirdi.

Burada yenidən yaxın tarixə qayıtmaq, deyilənlərlə əlaqədar bir məqamı xatırlatmaq istərdim. Xalqımızın faciəsi və qəhrəmanlıq salnaməsi olan 20 Yanvar tarixini yada salaq. Həmin faciəli və təhlükəli günlərdə də Heydər Əliyev böyük vətənpərvər insan, əsl qəhrəman kimi hərəkət etmişdi. Bakıda günahsız insanların qanının töküldüyü, yalançı liderlərin qaçıb gizləndiyi bir vaxtda ağır xəstəlikdən yenicə ayağa qalxmış Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gəldi və mətbuat konfransı keçirərək Qorbaçov siyasətini kəskin tənqid etdi, onu antihumanist, antidemokratik və hüquqa zidd saydığını elan etdi. “Azadlıq” radiosu da Böyük insanın səsini bütün dünyaya yaydı, Azərbaycanın faciəsini beynəlxalq aləmə çatdırdı. Göründüyü kimi, Heydər Əliyev təhlükəyə baxmayaraq sözünü deyirdi, onu həmin çıxışına görə həbs və hətta məhv edə bilərdilər. İttifaqın son illəri idi, Qorbaçov hakimiyyəti can verirdi. Belə bir vaxtda özünü müdafiə üçün hamını əzməyə hazır idi. Heydər Əliyev təcrübəli siyasətçi kimi bunları bilirdi. Amma deməyə bilməzdi, çünki dedikləri xalqın, doğma Azərbaycanın problemləri idi.

Heydər Əliyev dühasını yaradan və onu ümummilli lider səviyyəsinə ucaldan səbəblər - ali keyfiyyətlər barədə kifayət qədər məlumat verdik. Xalqımızın ziyalıları, mütərəqqi insanları da bunları bilir və yüksək qiymətləndirir. Bu səbəblərdən biri, bəlkə də birincisi, onun böyük xarizmi, yəni insanlar tərəfindən şəriksiz lider, sərkərdə kimi qəbul olunması idi. İkincisi, hesab edirəm ki, onun mahir diplomat olması, qarşı tərəflə, fərqi yoxdur, istər tək-tək insanlarla olsun, istər bütöv bir xalqla, istərsə də dünya liderləri ilə, tez ünsiyyət qurmaq və yaxşı münasibət yaratmaq bacarığı idi. Üçüncüsü isə, onun çox müdrik - səbirli və tədbirli, son dərəcə uzaqgörən dahi siyasətçi olması idi. Xarizmatik liderin müdrik siyasətçi, mahir diplomat olması isə, onu yetirən xalqın xoşbəxtliyidir və onu ümummilli lider səviyyəsinə yüksəldən əsas amillərdir.

Bu amillərdən birincisini, yəni ümummilli liderin böyük xarizmini göstərmək üçün biz 1994-cü ilin oktyabr hadisələrini seçdik və Xalq-Heydər Əliyev birliyinin gücünü əyani surətdə göstərdik. İkinci amillə, ümummilli liderin böyük diplomatik məharəti ilə əlaqədar MDB ölkələri, xüsusilə Rusiya ilə əlaqələrin bərpa olunması, Avropa və dünya ölkələri ilə əlverişli münasibətlərin qurulması, məlum 907-ci düzəlişin təsirinin dayandırılması və s. taleyüklü məsələləri qeyd edə bilərik. Heydər Əliyev o zamanlar Rusiya mətbuatının da yazdığı kimi, Azərbaycanın qonşu dövlətlərlə, beynəlxalq aləmlə münasibətlərini bir zərgər dəqiqliyi ilə qura bilirdi, böyük dövlətlərin maraqlarının kəsişdiyi dünyada kiçik Azərbaycanın maraqlarını qoruya bilirdi. Azərbaycan üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin bağlanması və reallaşması məsələsinə diqqət edək. Məlum olduğu kimi, 1994-cü ildə ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında müqavilənin imzalanmasını Xəzəryanı dövlətlərdən yalnız Qazaxıstan dəstəkləyirdi. Doğrudur, Heydər Əliyev böyük siyasi iradə və diplomatik məharət nümayiş etdirərək müqavilənin vaxtında imzalanması üçün münbit şərait yaratmış, Dağlıq Qarabağ müharibəsində atəşkəsə, Azərbaycanda və ümumilikdə regionda ictimai-siyasi sabitliyə nail ola bilmişdi. Amma Rusiya, İran və Türkmənistan Xəzərin hüquqi statusunun müəyyən olunmamasını əsas gətirərək hövzədə karbohidrogen yataqlarının işlənməsinə qarşı çıxırdılar. Müqavilənin imzalandığı dövrdə Rusiyanın Xarici İşlər Nazirliyi hətta Böyük Britaniyanın BP şirkətinə etiraz notası da vermişdi.

Regionun aparıcı dövləti olan Rusiya ilə bu məsələdə razılığa gəlmək üçün münbit şərait isə yalnız 2000-ci ildə hakimiyyət dəyişdikdən və siyasi rəhbərliyə müasir düşüncəli yeni qüvvələr gəldikdən sonra yarandı. Ümummilli lider də əsl diplomat kimi yaranmış əlverişli siyasi vəziyyətdən Azərbaycanın xeyrinə məharətlə istifadə etdi. 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin Prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər etdi. Səfər çərçivəsində 20-dən çox sənəd imzalanmaqla yanaşı, Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət və qarşılıqlı əməkdaşlıq baxımından ümumi istifadədə qalması ilə əlaqədar Azərbaycanla Rusiya arasında “Birgə Bəyannamə” imzalandı. Bu, Xəzərin statusu problemində hər iki dövlətin mövqe yaxınlığını əks etdirən, mahiyyət etibarilə Azərbaycanın ilk gündən dəstəklədiyi milli sektorlara bölünmə prinsipinin gerçəkləşməsinin əsasını qoyan ilk rəsmi sənəd idi. Bu sənəd Azərbaycan və Qazaxıstan, Qazaxıstan və Türkmənistan arasında ikitərəfli sazişlərin imzalanmasına yol açdı. Sonrakı dövr isə Bakı-Tbilisi- Ceyhan, Bakı- Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrin reallaşması, Azərbaycana beynəlxalq sərmayələrin gəlməsi, iqtisadi inkişafın yüksəlməsi ilə əlamətdar oldu.

Nəhayət, Heydər Əliyevin çox müdrik - səbirli və tədbirli, son dərəcə uzaqgörən dahi siyasətçi olması məsələsi. Hesab edirəm ki, ümummilli liderin 70-ci illərdə sovet Azərbaycanında quruculuq, 90-cı illərin ortalarında müstəqil Azərbaycanda xilaskarlıq missiyalarını uğurla həyata keçirməsi məhz bu ali keyfiyyətlərinin göstəricisi idi. Birinci halda Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, müəyyən obyektiv və subyektiv səbəblərdən çətin problemlərlə üzləşmişdi. Ümummilli lider həmin dövrü belə təsvir edirdi: “60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”. Bəli, nə qədər acınacaqlı olsa da, Azərbaycan İttifaqda iqtisadi göstəricilərinə görə sonuncu yerlərin birində idi. Təbii resurslarla zəngin olan respublika İttifaqın xammal əyalətlərindən birinə çevrilmişdi. Heydər Əliyev respublika rəhbərliyinə gələn kimi, ilk növbədə bu məsələni şəxsi nəzarətinə götürdü, Ölkənin potensialından və İttifaq büdcəsinin imkanlarından maksimum istifadə edərək qısa müddətdə Azərbaycanın neft və sənaye sahələrinin yenidən qurulmasına və inkişafına nail oldu. Kənd təsərrüfatı da canlandı, yeni emal və istehsal sahələri yaradıldı. İnfrastrukturun inkişafına diqqət artırıldı, yeni təhsil, səhiyyə mərkəzləri açıldı, müasir yaşayış massivləri, yollar salındı. Beləliklə, qısa bir zamanda sənaye və kənd təsərrüfatı istehsalı bir neçə dəfə artdı, ən əsası isə xalqın rifahı yüksəldi.

Həmin dövrdə respublikanın əsas problemlərindən biri də milli kadrların, mütəxəssislərin çatışmazlığı ilə bağlı idi. Bu problem hər sahədə vardı, amma hərbi, təhlükəsizlik və hüquq-mühafizə orqanları kimi strateji sahələrdə xüsusilə özünü göstərirdi. Heydər Əliyev siyasi rəhbərliyə təhlükəsizlik orqanlarından gəlmişdi, odur ki, vəziyyətdən bilavasitə xəbərdar idi. Hərbi sahədə və təhlükəsizlik orqanlarında zabit heyətinin yarıdan çoxu, hüquq-mühafizə orqanlarında isə, az qala yarısı qeyri-millətlərdən ibarət idi. Axırıncılarda, xüsusilə təhlükəsizlik orqanlarında ermənilər çox idi. Bu, respublika üçün potensial təhlükə mənbəyi olmaqla bərabər, çox incə məsələ sayılırdı və incəliklə də həll olunmalı idi. Eyni zamanda, onları əvəz edəcək milli kadrlar, mütəxəssislər hazırlanmalı idi. Və Heydər Əliyev özünə məxsus enerji və qətiyyətlə işə başladı. İlk növbədə strateji sahələrin və vəzifələrin qeyri-milli kadrlardan tədricən təmizlənməsi prosesi başladı. Paralel olaraq, azərbaycanlı gənclərin Moskva, Kiyev, Minsk və s. mərkəzi şəhərlərin aparıcı hərbi və mülki ali təhsil müəssisələrinə göndərilməsi və ölkəyə vacib olan ixtisaslara yiyələnməsi prosesi vüsət aldı. Milli zabit korpusunun yaradılmasını sürətləndirmək üçün Bakıda Naxçıvanski adına xüsusi hərbi məktəb açıldı. 1982-ci ildə Heydər Əliyev İttifaq rəhbərliyində yüksək vəzifəyə təyin olunub Moskvaya gedəndə, vəziyyət tamamilə dəyişmiş, respublikada strateji sahələrdə milli kadrlar yerləşdirilmişdi.

Beləliklə, ümummilli liderin özünün də qeyd etdiyi kimi, “1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə bu illər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur”. Deməli, Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdı. Tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.

1990-cı illərin əvvəllərində isə Azərbaycan ağır vəziyyətdə faktiki olaraq ölüm-qalım dilemması qarşısında idi. Yenicə müstəqillik qazanmış və xarici təcavüzə məruz qalmış gənc respublikada vətəndaş müharibəsi başlamışdı. Belə bir zamanda Azərbaycanın müstəqilliyi və dövlətçiliyi böyük təhlükə altında qalanda, şükürlər olsun ki, tarixin sınağından çıxmış Heydər Əliyev kimi müdrik liderimiz vardı. Azərbaycan xalqı ona müraciət etdi, öz taleyini, dövlətini yenidən ona etibar etdi. Ulu öndər 1993-cü ilin iyun ayında xalqın tələbi ilə hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını şərəflə yerinə yetirməyə başladı. Heydər Əliyevin müdrik siyasəti və xalqın dəstəyi ilə Azərbaycanın parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi aradan qaldırıldı, ölkədə ictimai-siyasi sabitlik yarandı. İqtisadi tənəzzülü dayandırmaq və dövlət quruculuğu ilə məşğul olmaq üçün imkan yarandı. Obrazlı desək, Heydər Əliyevin gəlişi ilə sanki uzun sürən qaranlıq gecə sona çatdı, sabah açıldı və işıqlı bir gün başladı. Ən əsası isə insanlarda sabaha bir inam, gələcəyə ümid yarandı. Ulu öndər həmin dövrü belə xatırlayırdı: “Ən böyük nailiyyətimiz o oldu ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq. Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir şərtdir”.

Sonrakı dövr isə Azərbaycanın böhranlardan çıxarılması, demokratik dövlət quruculuğunun aparılması, bunun üçün vacib olan siyasi və iqtisadi islahatların həyata keçirilməsi kimi mürəkkəb, taleyüklü məsələlərin həlli ilə əlamətdar oldu. Azərbaycanın iqtisadi inkişafı vüsət aldı, sivil dünyaya inteqrasiya prosesi başlandı. Burada bir məsələni xüsusi olaraq vurğulamaq lazımdır. Qapalı sovet sistemindən çıxmış, iqtisadiyyatı dağılmış respublikanın liberal dəyərlər, bazar iqtisadiyyatı sisteminə keçməsi üçün Heydər Əliyevin əlində hazır plan yox idi. Başqa ölkələrin təcrübəsini olduğu kimi götürüb tətbiq etmək isə pis nəticələr verə bilərdi. Burda zamanın və məkanın xüsusiyyətləri, iqtisadiyyatın vəziyyəti, mental dəyərlər nəzərə alınmalı idi. Odur ki, ulu öndər Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin layihəsini özü hazırladığı kimi, həyata keçirilməsinə də bilavasitə özü rəhbərlik edirdi. Əsas hədəflər ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik prinsiplərin həyata keçirilməsi və Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi idi.

Heydər Əliyev sonralar bu barədə deyirdi: “Azərbaycanın müstəqilliyinin bundan sonrakı mərhələsi ölkəmizin daxilində ictimai-siyasi sabitliyi möhkəmləndirməkdən, Azərbaycanın iqtisadiyyatını və xalqın rifahını yüksəltməkdən, Azərbaycanı hüquqi-demokratik dövlət kimi yaşatmaq və inkişaf etdirməkdən ibarət olacaqdır. Müstəqil Azərbaycan dövlətinin qarşısında çoxlu vəzifələr durur. Biz onları həyata keçiririk və bu sahədə xeyli nailiyyətlər də əldə etmişik. Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, biz Azərbaycanın dövlət müstəqilliyini, xalqımızın milli azadlığını qorumuşuq, saxlamışıq. Müstəqil bir dövlət kimi Azərbaycan inkişaf edir, güclənir və qüdrətlənir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi davam edəcək, insan haqları qorunacaq, mətbuat, fikir azadlığı təmin olunacaq, demokratiyanın bütün tələbləri və prinsipləri Azərbaycanda həyata keçiriləcəkdir. Bu, bizim tutduğumuz yoldur və Azərbaycan bu yoldan dönməyəcəkdir!”

Heydər Əliyevin uzaqgörən siyasətçi, dahi şəxsiyyət olduğunu bir daha göstərən əsas amillərdən biri, hesab edirəm ki, daim Azərbaycanın gələcəyini düşünməsi, onun siyasətini davam etdirəcək, arzularını, ideallarını gerçəkləşdirəcək möhtərəm İlham Əliyev kimi müdrik bir siyasətçini yetişdirməsi, ona etimad göstərməsidir. Azərbaycan xalqı da ümummilli liderin bu etimadını yüksək dəyərləndirdi və millətin, dövlətin taleyini təyin etmək kimi məsuliyyətli vəzifəni möhtərəm İlham Əliyevə etibar etdi. Möhtərəm Prezident bu gün öz şərəfli işi, yorulmaz fəaliyyəti ilə ümummilli liderin etimadını, xalqın etibarını şərəflə doğrultduğunu sübut edir. Nəticələr də göz önündədir. Obrazlı desək, hazırda bütün dünyada planetar miqyaslı qarşıdurmaların, iqtisadi böhranların baş verdiyi kritik bir zamanda Azərbaycan fırtınalı dənizdə, sualtı qayaların arası ilə üzən ağ yelkənli gəmiyə bənzəyir. Amma bu gəminin sərnişinləri, yəni Azərbaycanın sakinləri öz talelərindən arxayındırlar, sabaha inanırlar. Çünki Azərbaycanın bu günü, sabahı etibarlı əllərdədir, Azərbaycanın möhtərəm İlham Əliyev kimi müdrik Prezidenti var. Bu cür mürəkkəb zamanda ölkəyə bacarıqla başçılıq edir, Azərbaycanı iqtisadi böhranlardan və siyasi fırtınalardan qoruyaraq irəli, inkişafa və rifaha doğru aparır. Respublikamız dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən, əhalisinin sosial rifahı sürətlə yüksələn, yenilikçi və islahatçı ölkə kimi tanınır, beynəlxalq aləmdə nüfuzu sürətlə artır. Eyni zamanda, neqativ hallara, korrupsiya, məmur özbaşınalığına qarşı əsası ulu öndərimiz tərəfindən qoyulmuş sistemli mübarizə möhtərəm Prezidentin nəzarəti altında qətiyyətlə davam etdirilir, iqtisadiyyatın inkişafına və hüquqi dövlət quruculuğuna öz töhfələrini verir və ictimai rəydə yüksək qiymətləndirilir.

Yeganə təsəllimiz Heydər Əliyev siyasətinin ölməzliyidir. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasətin də əsas hədəfləri xalqımızın azad, təhlükəsiz və firavan yaşaması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları əsasında həll olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın ata-baba yurdlarına qayıtmasıdır. Qoyulan məqsədlərin reallığa çevrilməsi heç bir şübhə doğurmur, çünki çoxəsrlik dövlətçilik tarixində, möhtərəm Prezidentimiz İlham Əliyevin də haqlı olaraq qeyd etdiyi kimi, müstəqil Azərbaycan heç vaxt indiki kimi güclü, qüdrətli və özünəinamlı olmamışdır.

 

Ziya YUSİF-ZADƏ,

MTN-in Heydər Əliyev adına

 Akademiyasının rəisi, general-leytenant

Azərbaycan.-2014.- 12 dekabr.-  S.5.