Məsuliyyət və məhəbbət

 

Tarixi şəxsiyyətlərin taleyi çətin olur, ağır mübarizələrdə keçir. Onlar öz sağlamlıqlarını da xalq üçün sərf edirlər. Lakin bunun mükafatı da olur: ümumxalq məhəbbəti. Bu misilsiz bir mükafatdır, ancaq xoşbəxt insanlara nəsib olur. Belə insanlardan mənə görə ən əzizi Heydər Əliyevdir. O, xalqın həm sıra nəfəri, həm də dahi öndəri kimi həmişə bizimlədir. Sanki bu gün də bizimlə birgə həyəcanlanır, sevinir, bizə üz tutur. Amma həmişə ən düz yolu, ən düzgün qərarı tapır, xalqını qoruyur və sabaha ötürür.

Müstəqil Azərbaycan dünya siyasətinin reallığıdır. Bayrağımız bayraqlar sırasında, millətlər evi üzərində dalğalanır. Bu, Heydər Əliyevin, müdrik rəhbərin doğma xalqına yarıməsrlik xidmətinin ən yüksək bəhrəsidir. Xalqımızın ən böyük qoruyucu və irəliaparıcı dəyəridir. Heydər Əliyev ilk növbədə yaratdığı müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaqdır!

Heydər Əliyevin siyasi və dövlətçilik irsi misilsiz bir xəzinədir. Müstəqil dövlətimiz, xalqımız onun yolu ilə gedərkən bu xəzinəni öyrənməli, onun dərslərini təhlil etməli və bütün bunlardan xalqımızın sürətli tərəqqisi üçün istifadə etməlidir və edir. Bəs tərəqqi necə əldə olundu? Ulu öndərin irsində bunun da ən yaxşı cavabı var. Milli tərəqqi xalqın və dövlətin daim özünü təkmilləşdirməsi, zamanın durmadan ortaya atdığı çağırışlara cavab verməsi, müşkülləri isə incə siyasətlə, konkret işlərlə həll etməsidir. Onun üçün siyasətin düzlüyü elə milli tərəqqi hədəflərinə uyğunluğudur, onlara xidmət etməsidir.

Hətta fiziki yoxluğundan sonra da dahi rəhbər bizimlədir: müşküllərin həllində, çətinə düşəndə, yadlar ayağımızı basanda, hər əsgər itkisinin ağrısında - bütün hallarda bizimlədir! Onun yeri bizim içimizdədir, ürəyimizdə və mübarizə meydanındadır. Azərbaycanın sabahına aid məsələlər barədə qərarlar veriləndə də o, bizimlədir, bizim güc mənbəyimiz, iradəmizin təpəridir, tükənməz hikmət mənbəyimizdir. Düşünürük, haqqında yazırıq, yenə qayıdırıq və hər dəfə yeni bir həqiqət və nəticə tapırıq.

Dövlət və xalq işi üçün məsuliyyətdən danışanda Heydər Əliyev şəxsiyyətinin parlaq nümunəsini xatırlamamaq olmur. Böyük rəhbərin şəxsiyyətində yüksək əxlaqla vətən sevgisi və siyasi müdriklik ayrılmaz idi. Ümummilli lider ağlını, istedadını, bütün qüvvəsini şəriksiz olaraq xalqına və onun dövlətinin inkişafına həsr etdi. Ulu öndər bizim tərbiyə etmək və dövlətin taleyini tapşırmaq istədiyimiz milli elita üçün parlaq bir nümunədir. Vətən hissi, torpaq sevgisi olmayan alimlər və məmurlar xalqa tam qüvvəsi ilə xidmət edə bilməzlər. Dəyişən, sürətlə mürəkkəbləşən dünya isə bizdən məhz bunu istəyir, Azərbaycanın təəssübü, onun bayrağının məhəbbəti ilə yaşayan zəka sahiblərini istəyir.

Heydər Əliyevdə ümumxalq məhəbbətinin çoxlu çalarları var. Amma bunların bəlkə ən mühümü onun öndər və vətəndaş məsuliyyəti idi. Məsuliyyət və məhəbbət kağızın iki üzü kimidir. Dahi şəxsiyyətə məhəbbətin hamısı onun insanlar qarşısında məsuliyyətindən qaynaqlanırdı. Xalqa, topluma aid məsələlərin irisi-xırdası yoxdur. Ulu öndər bizə bu məsələlərə məsuliyyətlə yanaşmağı öyrətdi. Özümüz, sabahımız, uşaqlarımızın gələcəyi haqqında məsuliyyətlə düşünməyi öyrətdi.

Bir əyyam vardı, biz özümüz haqqında heç düşünmürdük. Bəlkə az düşünürdük, tək-tək adamlarımız düşünürdü. Buna öyrəşmişdik. Yadları özümüzdən ağıllı və xeyirxah sayırdıq. Onlar ağıllı idilər, amma xeyirxahlığı demək çətindir. Sərvətləri özlərinə götürür, bizə şirin sözlər verirdilər. Biz də deyəsən buna öyrəşirdik. Şirin sözlərlə yaşamaq elə bil bəs edirdi. Amma ulu öndər bilirdi: öz varlığını, tarixini, taleyini dərk etməyən, özəlliyi ilə fəxr etməyən xalq müasir dövlət yarada bilməz. Gerçəklik isə başqa idi: milli, millətçi, türk kimi sözlər, demək olar ki, qadağa altında idi. Ona görə ehtiyatla, lakin məqsədyönlü hərəkət etmək lazım gəlirdi.

Ancaq ümummilli lider siyasət üfüqlərində görünəndən bizim də öz sözlərimiz, məfkurəmiz yarandı, artdı, çoxaldı. Bu sözlər şirin deyildi, böyük Sabirin ürəyini yandıran sözlər kimi dərdli-nisgilli idi, amma onların o biri tərəfində balaca işıq ucu var idi. Bu, xalqımızın firavan və müstəqil yaşamaq arzuları idi, bu, azərbaycançılıq düşüncəsi idi. Xalqın mənəvi tərəqqisinə, milli şüurun artmasına ulu öndər xüsusi əhəmiyyət verir və bu sahədə tədbirlər, yeniliklər həyata keçirirdi. Məhz onun nümunəsi ilə böyük dövlət tədbirlərində Azərbaycan dili səslənməyə başladı. Ulu öndər 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu, nüfuzlu ziyalıların çıxışlarını şəxsi göstərişləri ilə təşkil etdi. Ötən əsrin 70-ci illərində Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində həyata keçirilən yubileyləri gənc nəslin vətənpərvərlik tərbiyəsində, onun azadlıq hərəkatı üçün hazırlanmasında misilsiz rol oynadı.

Formalaşan milli düşüncə əməllərə çağırırdı, iş görməyə, Azərbaycanın qüdrətini artırmağa, iqtisadiyyatını ucaltmağa səsləyirdi. Atalar yaxşı deyib: niyyətin hara, mənzilin ora. Və bir gün xalqımız Heydər Əliyevi Azərbaycan rəhbərliyinin başında gördü. Bu uzaq 1969-cu il idi. Azərbaycanı həm də öz taleyi sayanların yolu açıldı.

Ölkənin birinci şəxsi olandan sonra Heydər Əliyevin başlıca keyfiyyəti - parlaq dövlətçilik bacarığı özünü qabarıq göstərdi. Ulu öndər öz siyasi planlarını çılpaq, volyuntaristcəsinə deyil, gündəlik və yorulmaz təşkilatçılıq fəaliyyəti ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə onun hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Həmişə milli dövlətçilik planları ilə bağlı idi.

Quruculuq və əməlçilik dövrü başlandı: ulu öndər dedi ki, hamı çalışanda biz ucalırıq, basılmaz oluruq. Hamı eşitdi bunu, xalqımız ümummilli liderin ardınca getdi. Həm də iri addımlarla getdi. Dahi rəhbərin şəxsi zəhmətkeşliyi və yorulmazlığı bütün xalq üçün nümunə oldu. Heydər Əliyev özü işləməklə kifayətlənmədi, xalqımızı da dünyanın qabaqcıl xalqları kimi gecə-gündüz işləməyə öyrətdi. Azərbaycanın müstəqilliyi və müasirliyi bu zəhmətlərin nəticəsi və yekunu oldu. Ulu öndərin yaratdığı zəhmət kultu - xalqımızın ən mühüm mənəvi sifətlərindən birinə çevrildi. Xoşbəxt həyat və cəmiyyət qurmağın yeganə yolu gecə-gündüz işləməkdir. Bu, ulu öndərdən bizim xalqa, cavan nəsillərə qalan ən böyük vəsiyyətdir.

Ümummilli liderin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasını addım-addım bütün sahələrdə milliləşdirməyə yönəlmişdi. Bu xətt isə əvvəlcə milli ruhlu kadrların aparıcı postlarda yerləşdirilməsində, ikinci isə erməni millətindən olan şəxslərin mühüm və çox gəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.

Amma dar düşüncəli gileyçilər də oldu: kimin üçün işləyirik, dedilər. Öz tənbəlliyinə, seçimsizliyinə bəraət qazandırmaq üçün bəzi insanlar hər bəhanə tapır, təki içində olduğu ətalətdən çıxmasın, xırda xülyalarla çürütsün ömrünü. Hədisdə var: yoxsulluq hər iki dünyada üz qaralığıdır! Yəni əməlsizliyə, mənəvi və fiziki tənbəlliyə heç bir bəraət yoxdur. Üzü qara - elə köləliyə yaxın bir şeydir. Ətalət və tənbəllik köləliyə aparan cığırlardır.

Amma xalqımız ulu öndərini eşitdi, onun göstərdiyi yolu seçdi: zavodlar tikdi, torpaq becərdi, evlər və yollar saldı, savadlı övladlar yetişdirdi. Ümummilli lider yaxşı bilirdi: insan zəhmətindən başqa heç nə həyatı dəyişmir. İnsan da zəhmət sayəsində başqa, yeni bir insana çevrilə bilir. Sadə fəhlə oğlu Heydər Əliyev bunu bilirdi, çünki fəhlə oğlundan millət öndərinə onu zəhmət çevirmişdi. O, yorulmaz zəhməti, uzaqdakı işıq ucuna inamı ilə özünü yenidən yaratmışdı. Xalqını da o yola dəvət edirdi. Çünki bilirdi: Azərbaycanın bayraqları dalğalanan dövlətlər sırasına keçməsi yalnız onun öz zəhməti və mübarizəsi sayəsinə mümkündür. Yalnız xalq öz-özünü yenidən yarada bilər, xalqın özündən qeyri heç bir xilaskarı yoxdur.

Biz ulu öndərin arxasınca gedə-gedə çox işlər gördük: dünyanın altıda biri boyda ölkədə buna paxıllıq edənlər, ağız büzənlər də oldu. Müsəlman bir xalqın ayağa qalxmasına, özünə gün ağlamağa çalışmasına varlı cəmiyyətlərdə heç kəs sevinmir. İndinin özündə də belədir: qardaş Türkiyənin iqtisadi uğurları onun düşmənlərini qabıqdan çıxarır. Amma düzə zaval yoxdur, deyiblər. Heydər Əliyevin ardınca gedən xalq heç gözləmədiyi bir şey aşkar etdi. 1989-cu ildə meydana çıxıb azadlıq və müstəqillik deyə çağırdı. Həm də milyon müsəlman tərəfindən birdən azadlıq tələbi gəldi və bu, Kremli silkələdi. Amma yadlardan çox özümüz heyrətdə idik: milyon ağızdan azadlıq və istiqlaliyyət istəyən, öz torpağını himayə edən bizik, yoxsa biz deyilik? Doğrusu, bu, heç özümüzə oxşamırdı, təsəvvür etdiyimiz Azərbaycana oxşamırdı. Amma bu, sovet şəraitində, sovet məktəbində, sovet müəssisələrində işləmiş həmvətənlərimiz idilər. Bunu ona görə deyirəm ki, sovet dönəmində hər şeyin pis olduğunu təkrarlayanlar bir götür-qoy etsinlər. Xüsusilə təhsil və tərbiyə sahəsində, axı insanlar bu bəyənmədiyimiz “ideoloji” təhsil sisteminin məhsulu idilər. Sovet adamının bəzi xüsusiyyətindən başqa onlarda vətən hissi də, torpaq təəssübü də var idi!

Həm də cəmiyyətimiz ötən əsrin 70-80-ci illərində xeyli dərəcədə dəyişmişdi. Bəs əslində nə baş vermişdi? Həyatımızı, iqtisadiyyatımızı, təhsil və mədəniyyətimizi təzədən qura-qura biz özümüz də dəyişmişdik, əməlçi, gələcək gününü arzulayan bir xalqa çevrilmişdik. Bu, Heydər Əliyev siyasətinin bəhrəsi idi. Bütün bu dəyişikliklər həm də Heydər Əliyevin uzaqgörən siyasətinin, praqmatizminin, Azərbaycan iqtisadiyyatına, təhsilinə, mədəniyyətinə qayğısının nəticələri idi. Həyat səviyyəsi dəyişəndə insanlar da dəyişir, öz taleyinin sahibi olur.

Biz 1989-cu ildən bəri ağır sınaqlardan keçdik. Yadellilər iqtisadi çətinlikdən istifadə edib haram pulları bizim cavan və iddialı gənclərimizə payladılar. Onların məramı maddi kömək deyildi: onlar bizim gənclərə, çox zaman sadəlövh və vətənpərvər gənclərə, yaxşı və pis siyasətin fərqini öyrətmək idi. Varlı ölkələrin bizə yaramayan və bizdə kökü olmayan demokratiya, şəffaflıq dəyərləri “yaxşı” idi. Özümüzdə nə vardısa, “pis” sayılırdı. Maarifçilərimiz ruspərəst olduğu üçün qaralandı, sovet dövründə yaranan mədəniyyətimiz “ideolojidir” - deyə ləkələndi, sovet şəraitində yetişmiş böyük və sınaqdan çıxmış şəxsiyyətlərimiz xain elan olundu. Bunlar xarici “məsləhətçilərin” dövlət binalarına dolmasına görə lazım idi. Qədimdən məlumdur: ancaq dəyərlərini itirən və ya belə dəyərləri olmayan toplumlar kölə olurlar.

Bir də tarixdə heç vaxt görünməyib ki, kənar bir dövlət gəlib zəif və cavan bir dövləti xoşbəxt etsin, ya onun ərazisinə bu hədəflə gəlsin. Gələnlər pul kisəsi ilə gəlirlər və bu, dünya qədər qədim əhvalatdır. Xarici səfirlərin bəzisi bizim neft puluna o qədər susadı ki, sonra vətənlərinə dönmədilər, Bakı neftinin alverçisi oldular. Bizim dəyərlərə görə bu, ayıb işdir, onların “dəyərlərinə” görə qoçaqlıq. Bizim küçə siyasətçiləri isə qrant paylayanları görəndə elə bil mələkləri görürdülər. Onlardan soruşan yoxdur ki, ay bala, bu havayı pulu alanda heç fikirləşmirsən? Xeyr ola, bunlar havayı pul paylayır? Olsun ki çoxları sadəlövhlükdən fikirləşmir. Amma xarici sifarişlə işləyən QHT-lər içində şəxsi maraqlarla, bilərəkdən xəyanət edənlər də var. Bax onlar hamıdan təhlükəlidir.

Bu məsələ 20 il əvvəl bu dərəcədə aydın deyildi. Amma dünyadakı bəzi hadisələr kasıb dövlətləri və onların vətəndaşlarını da ayıltdı. 20 il əvvəl atom bombasına sahib olan Ukraynaya baxın. Adamın ürəyi yanır, xarabaya çevrilib bu ölkə. Nəyə görə? Ona görə ki, varlı ölkələrdən qrant alan bir neçə min işsiz-peşəsiz adam ölkənin əhalisinin yarısını satqın və hətta işğalçı elan edib. Eyni ssenaridir. Eyni nəticələrdir: mənəvi və ardınca ərazicə parçalanma. Azərbaycan torpaqlarının işğalına yol açanlar bizdə də qrant puluna “xain” axtaranlar idi.

Amma məsələ təkcə bunda deyil. Sovetlər dağılan kimi azad mətbuat yaranmağa başladı. Bizə “ürəyi yanan” varlı dövlətlər azad mətbuat yaratmağa tələsdilər. Yeni mətbuatın bir qismi xarici sifarişçilərin, bir qismi də kriminal elementlərin əlinə keçdi. Amma qrant alan qəzetlər tez bir zamanda Qərbin pul kisəsinin əlinə keçdi. Ermənistan tərəfdə də belə oldu. Eyni ünvandan həm ermənilərə, həm də bizim çayxana vətənçilərinə pul verildi. Məqsəd - sərhəddə müharibəni qızışdırmaq idi. Bu müharibə Rusiya təsirini zəiflədirdi, Kremlə vurmaq üçün dəyənək idi. İki xalqın o boyda faciəsi dəyənək idi ABŞ üçün! Qərb dəyərlərinin, demokratiyanın, azadlığın, şəffaflığın arxasında duran bu yırtıcı, vəhşi niyyətlər idi. Havayı pul da ona görə paylanır: qoy xalqlar, dövlətlər dağılsın, kül olsun, təki biz rahat yaşayaq. Hələ XX əsrdə buna ingilis siyasəti deyirdilər. Müharibələri özgə əli ilə aparmaq.

Bu müharibə ermənilərə sərf edirdi, çünki onlar ərazi tutmaq istəyirdilər. Bizə isə müharibə əl vermirdi, biz ərazimizin toxunulmazlığını istəyirdik. Taksi sürücüləri, çayxana əhli, rayon mərkəzlərindəki işsizlər, məmur qırıntıları isə müharibəyə çağırırdılar. İlk baxışda vətənpərvər görünürdü bu çağırışlar. Amma müharibə qızışanda biz torpaqları itirdik. Çünki qrant əhli Rusiyadan Milli Orduya gələnləri də yaxın qoymurdu. Qrant paylayanlar çayxana millətçilərinin başını hakimiyyət havası ilə doldurmuşdu. Milli fəlakətin əsas səbəbi də bu oldu. Demokratiya dərsi hakimiyyət davası ilə qurtardı.

Əgər Heydər Əliyevin xilaskar fəaliyyəti və qayıdışı olmasaydı, bəlkə indiyəcən bu dartışma davam edərdi. Ulu öndər bilirdi ki, möhkəm dövləti olmayan xalq başqalarına nökər olmağa məhkumdur. Ona görə gecə-gündüz çalışdı, ümid etdiyi və inandığı sınaqdan çıxmış insanları öz ətrafına topladı. Yeni Azərbaycan Partiyasını yaratdı, dağıdılmış dövlət qurumlarını bərpa etdi.

Ölkədə keçirilən hüquqi islahatların misilsiz əhəmiyyəti var idi. Onlar olmadan respublikanı müstəqil və müasir bir dövlətə çevirmək olmazdı. Qısa bir vaxtda qəbul olunan onlarla qanun, xüsusilə yeni mülki və cinayət qanunvericiliyi yeni quruluşun sovet sistemindən əsaslı fərqlərini təyin etdi. Yeni məhkəmə qanunvericiliyinin yaradılması və tətbiqi tarixi bir hadisə idi. Sürətli və prinsipial hüquqi islahatlar yeni, müstəqil və demokratik dövlətin yaradılması prosesini tamamladı. Artıq 1995-1996-cı illərdə ölkə yeni bir siyasi yolda idi. Bu yolun bütün məzmunu onun, sözün həqiqi mənasında, milli tərəqqi yolu olması idi. Məhz bu illərdən dağıdılmış iqtisadiyyatımızın və cəmiyyətimizin tərəqqisi başlandı.

Xaricdən pul alan pozucu elementlərlə mübarizə 1994-cü ilə qədər davam etdi. Azğınlaşan “demokratlar” qandan, terrordan belə çəkinmədilər. Lakin ulu öndər xalqını vətəndaş müharibəsindən və dövləti dağıntıdan xilas etmək üçün bütün vasitələrdən istifadə etdi, öz fiziki sağlamlığını da xərclədi. Xalqımız xilas oldu.

Ümummilli lider xalqını ucaltdı, xalq öndərini! İllər keçdikcə Heydər Əliyev şəxsiyyətinə xalq məhəbbəti artır, onun əməllərinin əbədiləşməsi üçün hər şey edirik. Mən ulu öndərin əbədiliyini onun arzu və ideallarının gündən-günə daha parlaq və əyani gerçəkləşməsində görürəm. Yeniləşən, müasirləşən vətənimiz, Bakımız mənim üçün ulu öndərin həmişəyaşarlığının təcəssümüdür.

Çox mühümdür ki, Heydər Əliyevin quruculuq xətti ölkəmizdə davam edir. Ürəklə demək olar: ölkəmiz böyük sürətlə, XXI əsrin tələbləri üzrə yenidən qurulur. Yollar, aeroportlar, nəqliyyat və infrastruktur layihələri böyük miqyasda davam edir. Bu, uzaqgörən siyasətdir, hər cəhətdən yenilənmədən dünya prosesləri və tərəqqisi ilə ayaqlaşmaq olmaz. Prezident İlham Əliyev bu sahədə bütün tədbirləri görür, təsərrüfat qərarlarının yüksək sürəti və icrası təmin olunur. Bu, nikbinlik yaradır və vətənimizin suverenliyini möhkəmlədir. Xalqın güc və suverenlik mənbələri xalqın özündədir - Heydər Əliyevin dövlətçilik doktrinasının bu mühüm tələbi ölkəmizdə dönmədən həyata keçirilir. Bu isə dünyada nüfuzumuzu və gücümüzü artırır. İnfrastruktur yenidənqurmasının nəticələri isə yaxın 10-15 ildə daha qabarıq üzə çıxacaq, iqtisadi tərəqqi və çiçəklənmə ilə nəticələnəcək.

Bunun üçün mühüm bir təminat da ölkədə təhsil və mədəniyyətin sürətli inkişafına qayğı göstərilməsi və maddi vəsaitin ayrılmasıdır. Orta və ali təhsili iqtisadiyyatımızın ehtiyacları ilə daha artıq bağlamaq, diplom alan gənclərin iş tapması üçün əvvəlcədən düşünmək lazımdır. Məktəb tikintisi, mədəniyyətin maddi bazasının möhkəmlənməsi, turizmin inkişafı, şəhər və kəndlərimizin kökündən abadlaşdırılması tarixi bir sürətlə gedir. Ölkədə iş yerlərinin açılması üçün daim konkret tədbirlər aparılır. Müasir idmanın inkişafı dünyanı heyran qoyur, bu sahəyə ayrılan vəsaitlər baxımından ölkəmiz dünyada ilk yerlərdən birini tutur.

Ölkədə keçirilən beynəlxalq miqyaslı humanitar tədbirlərin məna və mahiyyətini görməmək çətindir. İndi bütün dünyada Azərbaycan mədəniyyətinin ortaya çıxarılması və təbliği ölkəmizin, dövlətimizin imicini yüksəldir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə uzaqgörən fəaliyyəti fərəh və qürur doğurur. Ölkəmizin adı dünyanın hər yerində bir mədəniyyət ocağı kimi səslənir, bizi tanıdır və sevdirir. Respublikamızın yeni, müasir imici formalaşır. Azərbaycan şəfqət və mərhəmət ölkəsi kimi anılır.

Lakin dünyada mürəkkəb proseslərin getdiyini də görürük. Qərb “dəyər”lərinin qrantlar hesabına ixracı bütün Yaxın Şərqi alova bürüyüb. Dünyada qeyri-sabit və təhlükəli bir vəziyyət yaranıb. Bu vəziyyətdə yaşayan bütün cavan dövlətlər, o cümlədən biz müxtəlif təhlükələr qarşısında qalmışıq. Sanksiyalar siyasəti müharibəni iqtisadi müstəviyə keçirib, müxtəlif yollarla neftin qiyməti süni olaraq aşağı salınır. Belə şəraitdə bizim cəmiyyətimizə də daxili birlik, sabitlik, iqtisadi tərəqqi templərini qorumaq çox vacibdir. Düşünürük ki, Qərb-Şərq seçimi süni və uydurma bir problemdir. Xatırlayaq ki, iki dünya müharibəsindən sonra nə Qərb, nə də Şərq yox olmayıb. Kasıb ölkələrin varlığı tarixin bir faktıdır, lakin bundan xalqların taleyi ilə oynamaq, siyasəti bazar fırıldaqlarına qatmaq üçün istifadə yaramaz. Kasıb ölkələrin də qədim ənənəsi vardır və onlar öz yolları ilə gedəcəklər. Heç bir qərbyönümlü hökumət kasıb ölkəni 5-10 ildə varlı bir Qərb dövlətinə çevirə bilməz, ona görə insanları aldatmaq lazım deyil. Dövlətlərin dayağı olan milli elitalar arasında müharibələr təşkil etmək azı mənəviyyatsızlıqdır. Xatırlayaq ki, milli elitaları parçalamaq, onların bir qrupunu düşmən, kasıblığın səbəbi və şər mənbəyi kimi düşmən obrazına çevirmək bütün çəhrayı inqilabların əsas ünsürüdür. Əslində ideoloji nifaq yarada bilən bütün qrantların icrası qadağan olunsa, yaxşıdır.

Bu çətin beynəlxalq şəraitdə biz yenə də Heydər Əliyevin dövlətçilik prinsiplərindən istifadə edəcəyik. Ulu öndərin milli dövlət konsepsiyası müasir və çoxtərəfli idi. O, dərindən inanırdı: yalnız güc strukturlarını modernləşdirməklə xalqı irəli aparmaq olmaz. Ərəb dünyasında gedən proseslər bunu bir daha təsdiqlədi. Müasir dövlət ilk növbədə iqtisadi və mənəvi sahədə fasiləsiz yüksəlişə nail olmalıdır, hər bir vətəndaş özünü ölkənin sahibi kimi hiss etməlidir. Həqiqi tərəqqi, müasirlik və sabitlik ancaq belə yarana bilər.

Bu gün Azərbaycanda sürətli iqtisadi tərəqqi vardır. İnsanların həyat şəraiti yaxşılaşır, elmə, təhsilə, idmana kütləvi marağın artması ölkədəki iqtisadi tərəqqinin göstəricisidir. Lakin biz görülən işləri gözdən salmaq, yaxşı şeyləri də bilərəkdən qaralamaq istəyən qüvvələri də görürük. Bu, radikal müxalifətdir. Onunla iş sahəsində də Heydər Əliyev nümunəsi var: sərt addımlara ancaq son məqamda əl atmaq. Güc - siyasətin ancaq bir hissəsidir. Qanunun aliliyi prinsipindən daha cəsarətlə və ardıcıl istifadə etmək lazımdır.

Dünyadakı gərgin vəziyyət, Dağlıq Qarabağ probleminin həllini tapmaması Milli Ordumuzun qüdrətini daha da artırmağı, cavan nəsli vətənpərvərlik ruhunda tərbiyə etməyi tələb edir. Prezident İlham Əliyev Milli Ordumuza, Azərbaycan əsgərinin maddi-texniki təchizatına misilsiz qayğı göstərir. Azərbaycan regionda sözü keçən lider dövlətə çevrilmişdir. Doğru deyirlər: sülh istəyirsənsə, hərbə hazırlaş. Bu gün Azərbaycan əsgərinin döyüş ruhu həmişə olduğundan daha yüksəkdir, o, hər cür hünər və qəhrəmanlığa hazırdır. Ölkəmizin düşmənləri bizim ordu quruculuğuna qibtə və qərəzlə baxırlar. Qoy baxsınlar. Güclü ordu xalqın vuran qolu, etibarlı sipəridir.

Azərbaycan dünyada sülh siyasəti yeridir, torpaqlarımızın dinc yolla qaytarılması xəttinə sadiqdir. Xarici siyasətimizin Heydər Əliyev tərəfindən hazırlanmış prinsipləri uğurla davam edir. Bu siyasət, ilk növbədə, yaxın qonşularımızla mehriban əməkdaşlıq ənənələrinə əsaslanır. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Türkiyə, Qazaxıstan, Rusiya, Orta Asiya ilə mehriban qonşuluq münasibətləri həm də iqtisadiyyatımızın uzaq və yaxın maraqlarına müvafiqdir. Azərbaycan dünyadakı siyasi ziddiyyətlərdən, intriqalardan uzaqdır, sabitlik siyasəti yeridir.

Biz bütün siyasi və iqtisadi uğurlarımıza, güzəranımızın gündən-günə yaxşılaşmasına görə Heydər Əliyev siyasətinə və şəxsiyyətinə borcluyuq. Bu, misilsiz bir mirasdır, onun qədrini bilməli, onu göz bəbəyi kimi qoruyub gələcək nəsillərə ötürməliyik. Ulu öndərə misilsiz ümumxalq sevgisi, xatirəsinə və vəsiyyətlərinə hörmət bir gerçəklikdir, bir övlad minnətdarlığıdır. Bu minnətdarlıq bu gün hər addımda görünür, sabah da görünəcəkdir və həmişə olacaqdır.

 

Nurlana ƏLİYEVA,

YAP İdarə Heyətinin üzvü,

 YAP Qadınlar Şurasının sədri, professor

Azərbaycan.-2014.- 12 dekabr.-  S.8.