Xalqı davamlı tərəqqi və yüksəliş yoluna çıxaran rəhbər

 

Hər bir xalq gələcək inkişaf prioritetlərini düzgün müəyyənləşdirmək üçün ilk növbədə konkret zaman və məkan daxilində keçdiyi yolun uğurlu nəticələrindən bəhrələnməyə çalışır. Bu dəyərləndirmə həm də zamanı mənsub olduğu xalqın təminatlı gələcəyi baxımından idarə edərək uzaq hədəflərə hesablanmış praqmatik, əməli siyasət yeridən, milli inkişaf üçün dayanıqlı əsasların müəllifinə çevrilən fenomenal liderlərin misilsiz xidmətlərini ön plana çıxarır. Tarixə möhürünü vuran belə liderlər mütərəqqi inkişaf modelinin siyasi və iqtisadi əsaslarını formalaşdırmaq kimi ağır missiyanı çiyinlərinə götürərək mənsub olduqları xalqların gələcək inkişaf strategiyasını müəyyənləşdirirlər.

XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi uzaqgörən siyasətin nəticəsidir. Təsadüfi deyildir ki, qədirbilən xalqımız hər il dekabrın 12-də ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir.

XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Ümummilli lider qlobal dünya nizamı fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji məqsədləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildən dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan nəticədə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir.

Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik ümummilli lider xarici siyasətdə yol verilmiş kobud səhvlərin aradan qaldırılması istiqamətində qətiyyətli addımlar ataraq birinci növbədə qonşu dövlətlərlə münasibətləri sahmana salmağa çalışmış, balanslaşdırılmış xarici siyasət yeritməklə respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməmişdir. Müstəqil respublikamızın 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyasında xarici siyasətin konseptual xarakterinin, məqsəd və vəzifələrinin səhih şəkildə əksini tapması məhz ulu öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Ötən 20 ildə bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu müqavilə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixiləşmişdir.

Cənubi Qafqazın iqtisadi və mədəni inteqrasiyasında maraqlı olan ulu öndər Heydər Əliyev Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi kimi qlobal əhəmiyyətli beynəlxalq layihənin gerçəkləşdirilməsi təşəbbüsünü irəli sürmüş və beləliklə, Azərbaycanın perspektivdə strateji əhəmiyyətli tranzit məkana çevrilməsinə nail olmuşdur. TRASEKA layihəsi Avropa İttifaqının 1993-cü ildə Brüsseldə keçirilən sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilmişdir. 1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlanmışdır. TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans da məhz ulu öndər Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmişdir.

Ulu öndər Heydər Əliyev bu mərhələdən özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Böyük müdriklik və iqtisadi hesablamalar əsasında müəyyənləşdirilmiş bu iqtisadi inkişaf konsepsiyasının özəyini üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır.

Müasir dünya reallığı göstərir ki, iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün deyildir. Dinamizm, təşəbbüs, yenilik, yüksək məhsuldarlıq anlayışlarını özündə ehtiva edən sahibkarlığın inkişafı tərəqqi prosesinin sürətləndirilməsi ilə yanaşı, inkişafa yönəlik çoxsaylı yeni ideyaların ərsəyə gəlməsində də mühüm rol oynayır. İnkişaf etmiş Qərb ölkələrinin timsalında qeyd edilənlərin əyani təsdiqini göstərən çoxsaylı nümunələr gətirmək mümkündür. Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişə verdiyi töhfəni aydın görən Heydər Əliyevin həyata keçirdiyi sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün həm hüquqi baza yaradılmış, həm digər mühüm əməli tədbirlər görülmüş, həm də dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək verilmişdir.

Özəl sektorun inkişafı istiqamətində atılan mühüm addımlardan biri də bu sahədə hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəaların öz əksini tapması olmuşdur. 1994-cü ilin sentyabr ayında ulu öndərin təşəbbüsü və bilavasitə iştirakı ilə Bakıda “Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda keçirilən beynəlxalq konfrans ölkədə sahibkarlığın inkişafına təkan verən mühüm məqamlardan birinə çevrilmişdir. Sözügedən sahədə qabaqcıl Qərb təcrübəsinin Azərbaycanda tətbiqi üçün hər bir şəraitin yaradılacağını diqqətə çatdıran ümummilli lider ölkəmizdə bu sahənin inkişafında xarici investorları fəal iştiraka dəvət etmişdir. Ölkəmizə gələn və gələcək xarici investorların həm hüquqlarının, həm də yatırdıqları sərmayələrin təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan edən ümummilli lider sahibkarlığın inkişafında Qərb təcrübəsindən istifadə olunacağını konfransda bəyan etmişdir: “İqtisadi baxımdan inkişaf etmiş Qərb ölkələrinin təcrübəsindən bəhrələnməklə, sözün yaxşı mənasında, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə bilək. Bununla əlaqədar olaraq mən xarici investisiyalar üçün hüquqi imkanlar yaradan, onların müdafiə edilməsini nəzərdə tutan qanunu da xatırlatmaq istərdim. Zənnimcə, bu qanun əlverişli şərait yaradır ki, bizdə sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə, xarici investisiyalardan fəal istifadə olunmaqla həyata keçirilsin. Xarici investisiyaların Azərbaycanda tətbiq olunması üçün burada şərait var”.

İqtisadiyyatın, ümumi rifah halının yüksəlişində aparıcı element kimi çıxış edən sahibkarlığın təşəkkülü istiqamətində görülən işlər tezliklə öz bəhrəsini verməyə, Azərbaycanın iqtisadi cəhətdən daha qüdrətli dövlət halına gəlməsinə rəvac vermişdir. Ümumi sosial-iqtisadi tərəqqi prosesində sahibkarlıq potensialının uğurla realizasiyası üçün atılan növbəti vacib addımlardan biri 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramı olmuşdur. Həmin proqramlar Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi məhz sahibkarlığın inkişafını, dövlət tərəfindən özəl sektor subyektlərinə hərtərəfli dəstəyin göstərilməsini özündə ehtiva etmişdir. Bütün bunlara paralel olaraq sözügedən sahəyə dövlət nəzarəti sistemi təkmilləşdirilmiş, müvafiq qanunvericilik bazasında qabaqcıl dünya təcrübəsinə uyğun dəyişikliklər həyata keçrilmişdir. 1996-cı il iyunun 17-də “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” ölkə Prezidenti tərəfindən verilən fərman iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz xarakterli yoxlamaların sayının azaldılmasına gətirib çıxarmışdır. “Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Əmtəə birjası haqqında”, “Lizinq xidməti haqqında” və bazar iqtisadiyyatının hüquqi mexanizminin qurulmasını təmin edən digər qanunlar da ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə mükəmməl hüquqi bazanın formalaşmasını təmin etmişdir. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra şəhər və rayonlarda sahibkarlığın inkişafı mərkəzlərinin yaradılması ilə dövlətin sözügedən iqtisadi subyektlər dəstəyi yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur.

Ulu öndər Heydər Əliyev mütəmadi olaraq sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərinin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəllərində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla sahibkarları dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı yerindəcə aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda Heydər Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüsümüzə də müsbət yanaşmış, belə bir qurumun yaradılmasını dəstəkləmişdi. Bu görüşdən az sonra ulu öndərin sərəncamı ilə yaradılmış Şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər vermək olmuşdur.

Həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıq iqtisadiyyatın səmərəli strukturunu formalaşdıran əsas amillərdən birinə çevrilmiş, ölkənin insan amilindən, təbii ehtiyatlarından və texniki potensialından daxili bazarın formalaşmasında məharətlə istifadə olunmuşdur. Eyni zamanda, sahibkarlığın etibarlı müdafiə sistemi yaradılmış, bu sahənin ardıcıl inkişafı təmin edilmiş, bazar infrastrukturunun təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə mexanizminin yaradılması, işlək müdafiə sisteminin formalaşdırılması reallaşdırılmışdır. Sahibkarlığın daha dinamik formada inkişafını xüsusi diqqət mərkəzində saxlayan ümummilli lider sonrakı dövrdə də bu istiqamətdə vacib addımlar atmış, özəl sektorun ümumi iqtisadiyyatda xüsusi çəkisinin artmasına xidmət edən yeni fərman və sərəncamlar imzalamışdır. Sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədilə 1999-cu il yanvarın 7-də imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, 2002-ci il sentyabrın 28-də “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlar tarixi əhəmiyyətə malik sənədlər olmuşdur. Təqdirəlayiq hal idi ki, həmin fərmanlarda dövlət qurumları ilə sahibkarlıq subyektləri arasındakı problemlər tam təsvir olunur və onların aradan qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi. Sonuncu fərmana əsasən, Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğv edilməsi və məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsinin qadağan edilməsi sahibkarların müdafiəsi istiqamətində vacib xarakter daşımışdır. Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat və Sənaye Nazirliyi) yaradılması isə sahibkarlığın inkişafına dövlət köməyi və onun dövlət tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin və idarə edilməsinin əsasını qoymuş və sahibkarlığın inkişafını ümumi iqtisadi inkişafın tərkib hissəsinə çevirmişdir.

2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış bir sıra mühüm fərman və sərəncamlar isə ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Nəticə etibarilə ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sistemi daha təkmil hala gəlmiş, təkcə paytaxtda yox, həmçinin regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılmış, rəqabətqabiliyyətli məhsulların məcmu istehsal həcmi əhəmiyyətli dərəcədə artmışdır. 2001-ci ilin yekunlarına görə ümumi daxil məhsulda qeyri-dövlət sektorunun payı 71 faiz təşkil edirdi.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını son 11 ildə uğurla davam etdirən, yeni əlavələrlə daha zəngin hala gətirən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın kompleks tərəqqisində yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması və bütün problemlərin həllində iqtisadi aspektin ön plana çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yüksəlişini, həmçinin onun beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirmişdir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl şəkildə reallaşdırılması, özəl sektora verilən dövlət dəstəyinin genişlənməsi, sahibkarlara verilən dəstəyin gücləndirilməsi, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması üçün görülən tədbirlər qazanılmış nailiyyətlərin miqyasını əhəmiyyətli dərəcədə genişləndirir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, bu tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Təhlillər və əldə olunan nəticələr göstərir ki, azad bazar münasibətləri şəraitində Azərbaycan iqtisadiyyatının inkişaf tempinin daha dinamik hala gətirilməsi üçün qəbul olunan müvafiq dövlət proqramları və onlara əlavələr ölkəmizdə mövcud tərəqqinin tarazlı, davamlı xarakter almasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini müvəffəqiyyətlə təmin etmişdir. Dayanıqlı, düşünülmüş inkişafı özündə ehtiva edən bu siyasət ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluğunun artırılması və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına gətirib çıxarmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi və daimi diqqəti altında həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam edir. 2014-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5, qeyri-neft sektoru 6, qeyri-neft sənayesi isə 6 faiz artmışdır. Ölkəmizin maliyyə mövqeyi daha da güclənmiş, məcmu valyuta ehtiyatlarımız 2014-cü il 1 oktyabr tarixinə 53 milyard ABŞ dolları səviyyəsinədək yüksəlmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 milyard ABŞ dolları və ya 8 faiz artım əldə edilmişdir. Məcmu valyuta ehtiyatlarımızın xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olmuşdur. Ölkənin xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 8,5 faiz səviyyəsində qərarlaşmışdır.

Qeyri-neft sektorunun inkişafının mühüm göstəricilərindən biri də ötən 9 ayda investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin yüksəlməsidir: hesabat dövründə ölkə iqtisadiyyatına 19 milyard dollar investisiya qoyulmuş, bunun 11 milyard manatı daxili investisiyalar olmuşdur. Bu prosesdə artıq yerli sərmayədarların üstünlüyü də qabarıq duyulur. Sərmayələrin təqribən 60 faizinin daxili investisiyalar olması isə ilk növbədə dövlətin investisiya siyasətinin uğurlu olduğunu göstərir. Bu, bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə kifayət qədər normal göstərici sayıla bilər. Həmin göstərici eyni zamanda regionlarda əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizəsi, daxili istehsalın təşviq edilməsi ilə şərtlənir. Daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun da respublikamızın qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyən ölkə olduğunu bir daha təsdiqləyir. “Büdcə sistemi haqqında” qanuna, habelə Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na uyğun olaraq hazırlanmış ali maliyyə sənədinin strateji hədəfləri qeyri-neft sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac qabiliyyətinin artırılması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamının gücləndirilməsi, şəffaflığın artırılmasıdır.

2015-ci ilin dövlət büdcəsi deməyə əsas verir ki, qarşıdakı il respublikamızın bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaqdır. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft konyunkturundan asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2015-ci ildə də qarşıda duran başlıca vəzifələrdəndir.

Sevindirici haldır ki, qeyri-neft sektorunun inkişafında və bu sahədə istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət etibarilə yüksəlişində sahibkarlar get-gedə daha böyük rol oynamağa başlayırlar. Bütün bunlar, faktiki olaraq, Azərbaycan Respublikası Prezidentinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, iqtisadiyyata yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanında sahibkarlığın dinamik inkişafı sahəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi və ölkəyə xarici investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqların aparılması tapşırığı qarşıya əsas vəzifələrdən biri kimi qoyulmuşdur.

Paytaxt və regionların tarazlı inkişafının təmin edilməsində mühüm rola malik “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafi Dövlət Proqramı (2004-2008-ci illər)”, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sahibkarlığın inkişafına böyük töhfə vermişdir. Son 11 ildə Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizminin işə salınması, ölkədə ixrac rüsumlarının ləğv edilməsi, idxalda rüsumların 15 faizlik maksimal həddinin müəyyənləşdirilməsi də özəl sektorun yüksəliş tempini daha çevik etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsinin 22-dən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddinin 35-dən 30 faizə, fərdi sahibkarlar üçün isə 35-dən 20 faizə endirilməsi, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin azaldılması mühüm nəticələr verir.

Sadələşdirilmiş verginin ildə bir dəfə ödənilməsinin təmin edilməsi, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılması, kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün yanacaq, motor yağlarının və mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, “Aqrolizinq” ASC tərəfindən ölkəyə gətirilən texnikaların və texnoloji avadanlıqların lizinqə verilməsi, satışı zamanı dəyərinin ödənilmə müddətinin 5 ildən 10 ilədək artırılması, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə əlavə 80 manat yardımın verilməsi, bəzi fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumunun məbləğinin aşağı salınması da sahibkarlar üçün yaradılan yüksək şəraitin mühüm göstəriciləridir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti sahibkarların investisiya təminatının gücləndirilməsi sahəsində vacib addımlar atır. Qeyd edilənlərə paralel olaraq sahibkarların işgüzar əlaqələrinin inkişafı və ixrac imkanlarının dəstəklənməsi sahəsində də dövlət müvafiq işlər görür. 2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə təsis edilmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir. Bu sahədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da xidmətlərini vurğulamaq lazımdır. Konfederasiya sahibkarların maarifləndirilməsi, hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini həyata keçirir, yeni təşəbbüslərlə çıxış edir.

Sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli Fondunun yaradılması özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır. Fondun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü, 2005-ci, 2006-cı və 2009-cu illərdə onun statusu və vəsaitlərinin istifadə edilməsi qaydaları təkmilləşdirilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycanda özəl bölmənin inkişafı, sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidentinin xüsusi diqqət mərkəzində yer alır.

Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik inkişaf yoluna çıxardığı Azərbaycan hazırda regionun ən sürətlə tərəqqi edən, yeniləşən, müasirləşən ölkəsinə çevrilmişdir. Respublikamız qlobal böhranın təsirlərinin hələ də qabarıq duyulduğu bir şəraitdə sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Cəmiyyətin bütün sahələrində özünü göstərən dirçəliş, intibah meyilləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır. Ölkəmizdə inkişaf və tərəqqi sahəsində son illər əldə olunmuş böyük nailiyyətlər xalqımızın təminatlı gələcəyinə etibarlı zəmin yaradır.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” Səhmdar Cəmiyyətinin sədri,

 iqtisad elmləri doktoru

Azərbaycan.-2014.- 12 dekabr.-  S.9.