Müasir Azərbaycanın qurucusu

 

Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə qürur duymuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dövlətin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyev tariximizin parlaq səhifələrini yazaraq ölkənin salnaməsində dərin iz qoymaqla, sözün həqiqi mənasında, onu qurub- yaratmışdır. Bu böyük şəxsiyyət titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və dəmir iradəsi ilə daim xalqın, vətənin, dövlətin xidmətində dayanmış, Azərbaycan torpağının, dövlətinin, xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür.

Ümummilli lider Heydər Əliyev hələ 1969-1982-ci illərdə - Azərbaycana birinci rəhbərliyi dövründə keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş respublikamızın yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafın yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, ölkədə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Heydər Əliyevin qətiyyətli iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır.

Ulu öndər 1982-ci ildən sonra - SSRİ-ni idarə edən rəhbərlərdən biri kimi Kremldə çalışdığı dövrdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atıb, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutub, Qorbaçov rejimini kəskin tənqid edib. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 1990-cı illərin əvvəlində ölkəmizə qayıdaraq siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır.

1990-cı illərin əvvəllərində Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla müharibədə torpaqlarımızın işğalına da səbəb olurdu. Belə ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, genişmiqyaslı siyasi, hüquqi islahatlar aparıldı, iqtisadi inkişafa geniş meydan açıldı, bazar iqtisadiyyatına sürətli keçid təmin olundu. Dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, sosial və mədəni islahatlar həyata keçirildi. MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahatı keçirilərək torpaq həqiqi sahibinə, təmənnasız olaraq kəndlilərə paylandı. Geniş şəkildə mülkiyyət üzərində özəlləşdirilmə aparılaraq sahibkarlığın inkişafına şərait yaradıldı. Tədricən dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi, milli birlik və həmrəylik təmin olundu. Ulu öndərin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni bir inkişaf modeli kimi özünü doğrultdu.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə deyib: “Ölkəmiz üçün ən ağır, faciəvi bir dövrdə Heydər Əliyevin şəxsi keyfiyyətləri, biliyi, cəsarəti, uzaqgörənliyi və xalqa olan məhəbbəti öz həlledici sözünü demişdir. Azərbaycan bu ağır sınaqdan şərəflə çıxa bilmişdir. 1993-2003-cü illərdə ölkəmizin hərtərəfli inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilmişdir, islahatlar aparılmışdır. Heydər Əliyev neft strategiyası müəyyən edilmişdirbu gün hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında bu siyasətin əlamətlərini görür. Çünki bizim uğurlu iqtisadi inkişafımızın təməli məhz o illərdə qoyulmuşdur. Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir”.

Ulu öndər Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun ideyaları cəmiyyətin daim yeniləşməsində, müstəqil Azərbaycan dövlətinin daha da müasirləşməsində və qüdrətlənməsində aparıcı qüvvədir. Ümummilli liderin əbədiyaşar ideyaları və siyasi kursu Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və Azərbaycana yeni-yeni nailiyyətlər, uğurlar gətirir. Bunun nəticəsi olaraq ötən 11 ildə Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur.

Ötən 11 ilin yekunları göstərir ki, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın xüsusi rolunun artırılması, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, ən müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaradılması, işsizliyin, yoxsulluğun tədricən aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi məsələləri son 11 ildə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas hədəfləri olmuşdur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla, hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.

Azərbaycan dövləti tarix boyu indi olduğu qədər inkişaf etməmişdir. Bu inkişaf bir daha təsdiq edir ki, Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasətin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi yaxın illərdə Azərbaycanı dünyanın ən müasir və qüdrətli dövlətləri sırasına çıxaracaq. Azərbaycan xalqı isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiqdir.

 

Arzu İSGƏNDƏROV,

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin əməkdaşı

Azərbaycan.-2014.- 13 dekabr.-  S.4.