O illər yaddaşımın bəzəyidir

 

1949-cu ilin ortalarından Sumqayıtda yaşayıram.  O zaman Sumqayıtda həyat o qədər qaynayırdı ki, adam bu yüksəlişdən geri qalmamaq üçün gecə-gündüz çalışmaq istəyirdi. Bu mənim nəzərimdə əsl mübarizə meydanı idi. Şəhərin elə bir ərazisi yox idi ki, orada getməsin.

1970-ci illərdə ölkənin hər yerində bir canlanma əmələ gəlmişdi. Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkə həyatında hər şeyə təsir etmişdi. Elə bil insanlar daha yaxşı işləmək, uğurlar əldə etmək üçün yarışa girmişdilər. Hər kəs vətənə öz köməyini etməyə çalışırdı.

1971-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçildim.

Səhər təzə seçilən deputatları Heydər Əliyev qəbul etməli idi. Biz hamımız qapının ağzında dayanmışdıq. Birdən o özü otaqdan çıxaraq bizə yanaşdı. Hamı ilə bir-bir görüşdü. Mənə çatandaSiz haranın deputatısınız” deyə soruşdu.

- Sumqayıtdan gəlmişəm - dedim. Əlimdən tutub üzünü otağa toplaşanlara çevirərək dedi:

- Bu xanım gənclər şəhəri olan Sumqayıtın nümayəndəsidir. Bu şəhər məhz gənclərin çiynində ərsəyə gəlib. Ona görə də biz sizə borcluyuq...

 Keçmiş sovet dönəmində dəfələrlə partiya iclaslarında, plenumlarda, qurultaylarda iştirak etmişəm. Bu şəkli Moskvada çəkdirmişik. O vaxtkı müttəfiq respublikaların hamısının nümayəndələrinin iştirak etdiyi qurultayda mən də vardım. Orada Heydər Əliyev çıxış etdi. Foyedə respublikamızdan olan nümayəndələr Heydər Əliyevin və Zərifə Əliyevanın başına yığışmışdı. Birdən Heydər Əliyev məni Zərifə xanıma göstərib dedi:

- Bu xanım sumqayıtlıdır. Zəhmətkeşdir, öz işini sevəndir. O həyatda hər şeyi zəhməti ilə qazanıb. Biz sizin kimi adamlarla fəxr edirik.

Sonra şəkil çəkdirmək məqamı yetişdi.

O əli ilə Zərifə xanımı yanına çağırdı və çevrilib mənə dedi:

- Vəliyeva, yaxın gəlin, bir yerdə şəkil çəkdirək.

O illərdən xeyli zaman keçməsinə baxmayaraq, həmin anlar gözlərimin önündən getmir.

İndi 43 ildən artıq zaman keçməsinə baxmayaraq, bu şəkil mənim üçün doğmadır. Sadə zəhmət adamına verilən dəyəri bizə Heydər Əliyev öyrətdi. Ulu öndər qayğıkeş insan,  dövlət başçısı və  unudulmaz şəxsiyyət idi.

 

Gülbahar VƏLİYEVA,

“Şöhrət” ordenli əmək veteranı

Azərbaycan.-2014.- 13 dekabr.-  S.5.