Maarif fədaisi

 

Məhəmməd Tağı Sidqi-160

 

Bu il görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin anadan olmasının 160 ili tamam olur. Bu münasibətlə Ordubad şəhərində yubiley tədbiri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, Məhəmməd Tağı Sidqi böyük maarifçi idi. Klassik maarifçilərlə yeni maarifçi nəsil arasında varislik körpüsü yaradıb. Onun maarifçiliyi ziyalılığından doğurdu. Bütün mənalı həyatını insanlara maarif işığı gətirməyə həsr edən bu ziyalı Azərbaycan ədəbiyyatında və pedaqoji fikir tarixində özünəməxsus yer tutur. Naxçıvanda elmi, mədəni və təhsil mühitinin formalaşmasında Sidqinin tarixi xidmətlərini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”.

Tədbirdə qeyd edilmişdir ki, Məhəmməd Tağı Sidqi cəmi 49 il yaşamışdır. Bu ömrü o, xalqının təhsillənməsi naminə fədakar fəaliyyətlə zənginləşdirmiş, sağlığında müasirləri tərəfindən “böyük ustad”, “xalq müəllimi” adını almışdır. 1854-cü ildə Ordubadda anadan olan Məhəmməd Tağı Sidqi Səfərov ilk təhsilini molla məktəbində almış, sonra mədrəsədə davam etdirmişdir. Burada klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənən maarifçi ədib ədəbi dərnəklərdə, şeir məclislərində iştirak etmiş, bədii yaradıcılıqla məşğul olmuşdur. Lakin xalq arasında təhsilə ciddi ehtiyac olduğunu görən Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubad şəhərində “Əxtər”, yəni “Ulduz” adlı yeni məktəb yaratmışdır. Gənc müəllimin pedaqoji fəaliyyəti Naxçıvan ziyalılarının diqqətini cəlb etmiş, 1894-cü ildə Naxçıvana dəvət olunan Sidqi burada “Tərbiyə” məktəbinin əsasını qoymuşdur.

Ali Məclisin Sədri demişdir ki, Sidqinin “Tərbiyə” məktəbi o dövrdə mövcud olan mollaxana və mədrəsələrdən əsaslı şəkildə fərqlənirdi. Mollaxana və mədrəsələrdə dini elmlər, “Tərbiyə” məktəbində isə dünyəvi elmlər tədris olunurdu. Mollaxana və mədrəsələrdə dərslər ərəb dilində aparılırdısa, “Tərbiyə” məktəbində tədris doğma ana dilində keçilirdi. Burada ana dili, rus, fars dilləri, tarix, coğrafiya, hesab fənləri tədris edilir, əməli məşğələlərə yer ayrılırdı. Mollaxanalardan fərqli olaraq “Tərbiyə” məktəbində partalar qoyulmuş, sinif-dərs sistemi tətbiq edilmişdir. “Tərbiyə” məktəbində etika dərsləri tədris olunurdu ki, bu da Sidqi məktəbinin şöhrətini daha da artırırdı. Məhəmməd Tağı Sidqinin “Tərbiyə” məktəbinin şagirdləri üçün öz əli ilə yazdığı “Ədəb qaydaları” dövrümüzədək mühafizə edilib saxlanmışdır. Bu məktəb qısa bir zamanda Naxçıvan ədəbi-mədəni fikrinin əsas mərkəzlərindən birinə çevrilmişdir.

Məhəmməd Tağı Sidqinin açdığı yeni üsullu məktəblər xalqımızın bütöv bir ziyalı nəslini yetirmişdir. Azərbaycan romantik dramaturgiyasının banisi Hüseyn Cavid, tarixi roman janrının banisi Məmməd Səid Ordubadi, realist rəssamlığın banisi Bəhruz Kəngərli və onlarca başqaları Məhəmməd Tağı Sidqinin təsis etdiyiUlduz” və “Tərbiyə” məktəblərinin yetirmələridirlər. Mütəfəkkir şair Hüseyn Cavid məktublarında Sidqiyə “böyük ustad və cəlallı atamız” deyə müraciət edirdi. Elm bir çox kitabları oxuyub yazmaqdan ibarət deyil, oxuduqca anlamaqdan ibarətdir” deyən Məhəmməd Tağı Sidqi məktəbdə tədrisin səviyyəsinə, müəllimlərin dərsə hazırlığına, şagirdlərin bədii nitqinə, biliklərinin inkişaf etdirilməsinə xüsusi fikir verməklə Azərbaycan məktəbdarlığında yeni ənənələrin əsasını qoymuş, milli maarifçilik tariximizdə özünə böyük abidə ucaltmışdır.

Məhəmməd Tağı Sidqinin xüsusi xidmətlərindən biri də qızların təhsil alması ilə bağlı gördüyü fədakar işlərdir. Sidqi onların elmə və maarifə, mədəniyyətə yiyələnmələrinə xüsusi əhəmiyyət vermişdir. Nəzərə almaq lazımdır ki, Məhəmməd Tağı Sidqinin yaşadığı dövrdə qızların məktəbə cəlb olunması olduqca çətin məsələ idi, buna baxmayaraq Sidqi, 1896-cı ildə “Qız məktəbi”ni təsis etmiş, maarifləndirmə işləri aparmış, istəyinə nail ola bilmişdir. Məhəmməd Tağı Sidqi təkcə məktəbdar maarif xadimi kimi deyil, həm də maarifçi şair və yazıçı kimiböyük şöhrət qazanmışdır. Sidqinin yaradıcılığında maarifçi düşüncə daim aparıcı istiqamət kəsb etmiş, o, məktəbə nur, işıq mənbəyi kimi baxmış, əsl səadəti məktəbdə, xalqın təhsillənməsində axtarmışdır.

Şagirdlərin müsbət əxlaqi keyfiyyətlərə və vərdişlərə yiyələnməsi Sidqini daim düşündürmüş, şagirdlər üçün imla mətnlərindən ibarət “Əxlaq nümunələri” adlı dərslik tərtib etmişdir. Sidqinin müəllifi olduğu “Müxtəsər coğrafiya risaləsi” Azərbaycanda ilk coğrafiya dərsliyidir. Onun coğrafi məlumatları toplayıb sistemləşdirməsi və müstəqil bir dərslikdə əks etdirməsi o dövr üçün mütərəqqi hadisə idi. Məhəmməd Tağı Sidqi bir pedaqoq kimi nəsihətlərində tərbiyəvi məqamları aşılayır, gəncləri düzlüyə, etibarlılığa səsləyirdi. Bu baxımdan onun “Nəsihətnamə” və “Hikmətli sözlər” əsərləri maraqlı nəsr nümunələri kimi diqqəti cəlb edir.

Sidqinin qələmindən çıxmış uşaq ədəbiyyatı nümunələrində də maarifçi ideyalar öz əksini tapmışdır. Onun uşaqlar üçün hekayələri əsasən “Əxlaq nümunələri” və “Qızlara hədiyyə” dərsliklərində toplanmışdır.

Millət dərdi, vətən və xalq taleyi, elmmaarif problemi Məhəmməd Tağı Sidqinin maarifçi-realist üslubda qələmə aldığı qəzəllərində də əsas və aparıcı mövzulardır. Şairin qəzəllərinin ümumi ruhundan müəyyən etmək mümkündür ki, o, gənclik illərində qədim Şərq fəlsəfəsini mütaliə etmiş, görkəmli şəxsiyyətlərin ədəbi irsini mənimsəmiş və özünün bədii yaradıcılığında həmin mənbələrdən bəhrələnmişdir. Sidqi bir ziyalı kimi ədəbi dilin saflığı, sadələşməsi uğrunda da mübarizə aparırdı. Maarifçi ədib ana dilini lüzumsuz, qəliz sözlərlə ağırlaşdıranları tənqid edir, ziyalıları, qələm sahiblərini doğma dilin saflığını qorumağa çağırırdı.

Naxçıvan teatrının yaradılmasında və inkişafında da Məhəmməd Tağı Sidqinin mühüm xidmətləri olmuşdur. O, 1894-1899-cu illərdə “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin bir neçə komediyasının Naxçıvanda tamaşaya qoyulmasına nail olmuş, həm tamaşaların rejissoru, həm də aktyoru kimi çıxış etmişdir. Məhəmməd Tağı Sidqinin yaradıcılığında publisistikanın da özunəməxsus yeri vardır. Onun bu sahədəki fəaliyyəti Azərbaycan maarifçi-realist ədəbiyyatının və bədii publisistikanın formalaşmasına əvəzsiz töhfələr vermişdir.

Qeyd olunmuşdur ki, görkəmli pedaqoq, maarifçişair Məhəmməd Tağı Sidqinin Azərbaycan təhsili, ədəbiyyatı, teatr və mətbuatı sahəsindəki mühüm xidmətləri nəzərə alınaraq 2004-cü ildə 150 illik yubileyi, təhsil və mədəniyyət müəssisələrində həyat və fəaliyyətinə həsr olunmuş elmi konfranslar keçirilmişdir. Naxçıvan şəhərində Məhəmməd Tağı Sidqinin adını daşıyan küçə və məzarı abadlaşdırılmış, Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinın adı verilmiş, “Naxçıvan” jurnalının bir nömrəsi görkəmli pedaqoqun həyat və fəaliyyətinə həsr olunmuş, seçilmiş əsərləri çap edilmişdir. Ordubad şəhərində 1 nömrəli, Naxçıvan şəhərində isə 4 nömrəli tam orta məktəblər görkəmli pedaqoqun adını daşıyır. Bu il Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi geniş şəkildə qeyd olunur. Bu məqsədlə muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində maarifçi-şairin həyat və yaradıcılığını əks etdirən guşələr yaradılmış, tədbirlər keçirilmiş, “Naxçıvan” jurnalının bir nömrəsi Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinə həsr olunmuşdur. Məhəmməd Tağı Sidqinin həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə doğulub boya-başa çatdığı Ordubad şəhərində ev-muzeyinin yaradılması qərara alınmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli Ali Məclis Sədrinin “Görkəmli pedaqoq, maarifçişair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi haqqında” 20 avqust və “Görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin ev-muzeyinin yaradılması haqqında” 17 sentyabr 2014-cü il tarixli sərəncamlarını görkəmli pedaqoqun yaradıcılığına, onun pedaqoji fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirildiyini bildirmişdir. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalov görkəmli maarifçinin yaradıcılığı və pedaqoji fəaliyyəti ilə bağlı məsələlərdən danışmışdır. Sidqi irsinin tədqiqatçısı, filologiya üzrə elmlər doktoru Əsgər Qədimov böyük pedaqoqun şəxsiyyətinə göstərilən diqqət və qayğını mütəfəkkirlərimizin yenidən xalqımıza qaytarılması kimi yüksək mərama xidmət etdiyini bildirmişdir.

Tədbirdə ədibin əsərlərindən seçmələr, hikmətli və müdrik kəlamlar oxunmuş, qəzəlləri əsasında muğamlar ifa olunmuşdur.

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 13 dekabr.-  S.7.