Azərbaycan Prezidenti İlham Əliyev Polşa
Baş nazirinin
müavininin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də
Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat
naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Polşa
tərəfindən həmsədri Yanuş Pexoçinskinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
Azərbaycan
ilə Polşa arasında siyasi münasibətlərin
yüksək səviyyədə olduğunu vurğulayan
Prezident İlham Əliyev ölkələrimizin ticarət
dövriyyəsinin artdığını da məmnunluqla qeyd
etdi. Dövlətimizin başçısı ölkələrimizin
iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə
əməkdaşlığının genişləndirilməsi
üçün də böyük potensialın olduğunu
dedi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin
inkişafının regional əməkdaşlıq
baxımından önəmini qeyd etdi. Dövlətimizin
başçısı Azərbaycan Respublikası və
Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın
iclasının uğurlu olacağına əminliyini bildirdi.
Azərbaycanda
gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat
yaratdığını deyən Yanuş Pexoçinski əldə
olunan uğurlar münasibətilə dövlətimizin
başçısını təbrik etdi. O, Polşa
Respublikasının Prezidenti Bronislav Komorovskinin və
Polşanın Baş naziri xanım Eva Kopaçın
salamlarını dövlətimizin başçısına
çatdırdı. Ölkələrimiz arasında
qarşılıqlı iqtisadi münasibətlərə
toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə
Polşa iş adamlarından ibarət böyük nümayəndə
heyəti ilə səfər etdiyini vurğuladı və
ölkəmizin əməkdaşlıq üçün cəlbedici
olduğunu məmnunluqla qeyd etdi. Yanuş Pexoçinski Azərbaycanda
qeyri-neft sektorunda əldə edilən uğurların da
ölkəsində maraqla izlənildiyini dedi.
Dövlətimizin
başçısı Prezident Bronislav Komorovskinin və
Baş nazir xanım Eva Kopaçın salamlarına görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Polşanın dövlət
başçısına və Baş nazirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.- 16 dekabr.- S.1.