Azərbaycan ilə Malta
arasında iki sənəd imzalanıb
Dekabrın
15-də Azərbaycan Respublikasının Baş naziri Artur
Rasizadə ölkəmizdə rəsmi səfərdə olan
Malta Respublikasının Baş naziri Cosef Muskat ilə
görüşüb.
AzərTAc
xəbər verir ki, əvvəlcə Azərbaycanın və
Maltanın Baş nazirlərinin təkbətək
görüşü olub. Sonra görüş nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə
davam etdirilib.
Azərbaycanın
Baş naziri Artur Rasizadə bildirib ki, təkbətək
görüşdə bir çox vacib məsələlər
müzakirə olunub. Azərbaycanın iqtisadi inkişafı,
regionda baş verən proseslər haqqında həmkarını
məlumatlandırdığını bildirən Artur Rasizadə,
ölkəmizin həyata keçirdiyi genişmiqyaslı layihələr
barədə danışıb. Azərbaycanın Ermənistan
tərəfindən hərbi təcavüzə məruz
qaldığı, bu münaqişə nəticəsində
ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğu,
1 milyondan artıq azərbaycanlının ata-baba yurdundan didərgin
salındığı qonaqların diqqətinə
çatdırılıb.
Baş
nazir Artur Rasizadə maltalı həmkarının Azərbaycana
səfərinin ölkələrimiz arasında əməkdaşlığın
genişlənməsi üçün hüquqi bazanın
yaradılması baxımından əhəmiyyətini
vurğulayıb. Baş nazir bu səfərin gələcəkdə
iki ölkə arasında bütün sahələrdə əlaqələrin
genişləndirilməsinə təkan verəcəyini deyib.
Cosef
Muskat ölkələrimiz arasındakı münasibətlərindən
danışaraq bildirib ki, Azərbaycan Malta üçün
vacib ticari tərəfdaşa çevrilir. İki ölkə
arasında imzalanan sənədlər əməkdaşlığın
daha da genişləndirilməsi üçün yaxşı
imkan yaradır.
Geniş
tərkibdə görüş başa çatdıqdan sonra
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və
Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında
Maltada neft və qaz sektoru çərçivəsində
strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və
Maltanın energetika və səhiyyə naziri Konrad Mizzi
imzalayıblar.
Eyni
zamanda, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə
Maltanın Energetika və Səhiyyə Nazirliyi arasında
Maltada neft və qaz sektoru çərçivəsində
strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Natiq
Əliyev və Maltanın energetika və səhiyyə naziri
Konrad Mizzi imzalayıblar.
Azərbaycan.-2014.- 16 dekabr.- S.2.