Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında

 əməkdaşlıq məsələləri müzakirə olunub

 

Dekabrın 15-də Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda səfərdə olan Dünya Bankının sosial müdafiə və əmək təcrübəsi üzrə meneceri Andryu Meysonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Andryu Meyson son illər Azərbaycanda gedən sürətli iqtisadi inkişafdan məlumatlı olduğunu qeyd edib. O, Azərbaycan hökumətinin bu istiqamətdə daha böyük uğurlara nail olacağına əminliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014 – il 4 noyabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2014-2020-ci illər üzrə Pensiya İslahatı Konsepsiyası”nın icrası istiqamətində görülən işlər ətrafında söhbət aparılıb. Bu mühüm prosesdə Dünya Bankının iştirakı məsələsinə toxunan Baş nazirin müavini Əli Əhmədov belə bir nüfuzlu qurumla sosial müdafiə və məşğulluq sahəsində yeni təşəbbüslərlə bağlı dialoqun genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Görüşdə, həmçinin Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında 2008-ci ildə imzalanmış “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti, qarşıda duran vəzifələr və hər iki tərəfi maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2014.- 16 dekabr.- S.3.