Azərbaycan güclü və modern müdafiə sənayesi potensialına malikdir

 

17 dekabr Müdafiə sənayesi işçilərinin peşə bayramı günüdür

 

Son illərdə inkişafının sürətli dövrünü yaşayan Azərbaycan tarix üçün kifayət qədər qısa zaman kəsiyində böyük tərəqqi yolu keçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahədə nümayiş etdirdiyi artım tempilə regionda lider mövqeyə yüksəlmişdir. Heç kimə sirr deyil ki, müstəqilliyin bərpasından sonrakı ilk illərdə dövlət suverenliyinin itirilməsi təhlükəsi də daxil olmaqla, iqtisadi, siyasi və digər sferalarda özünü göstərən problemləri dəf etmək, Azərbaycanı yeni inkişaf yoluna çıxarmaq ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Ölkəmizin tarixi taleyini müəyyən edən ümummilli lider müstəqilliyin bərpasından sonrakı ilk illərində hakimiyyətdə olmuş qüvvələrin Azərbaycanı üz-üzə qoyduğu böyük təhlükələr, çətinliklər, o cümlədən sosial-iqtisadi problemlər məngənəsindən xilas etmiş, dövlətçiliyimizi ağır və sərt sınaqlardan çıxararaq dönməz müstəqilliyə qovuşdurmuşdur.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu yeni çalarlarla zənginləşdirərək davam etdirən respublika Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin icra olunması - çoxşaxəli iqtisadiyyatın formalşadırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması ölkənin sürətli inkişafına təkan vermişdir. Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

Başa çatmaqda olan 2014-cü il ölkə həyatında bir sıra mühüm hadisələrlə zəngin olmuşdur. Beynəlxalq səviyyədə keçirilən və müxtəlif sahələri əhatə edən sərgilər, təməlqoyma mərasimləri, konfrans və forumlar bir daha bunu sübut edir. Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi (ADEX-2014) Sərgisini, “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimi, IV Bakı Beynəlxalq Humanitar Forumunu buna misal göstərmək olar. Azərbaycan həm də dünyada humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi edir. Əminik ki, 2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha nümayiş etdirəcək.

2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama uyğun olaraq il ərzində sənayenin müxtəlif sahələrinin inkişafını əhatə edən tədbirlər uğurla yerinə yetirilir. Müdafiə Sənayesi Nazirliyində də bu məqsədlə 2014-cü ildə bir sıra müdafiə təyinatlı məmulatların istehsalı müəssisələrinin istifadəyə verilməsi və regionda ilk dəfə olaraq Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirildi.

Ümumiyyətlə, son illər Azərbaycanda müdafiə sənayesi uğurla inkişaf etmiş, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artmış, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılmışdır. Əminliklə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Ordusu ərazilərimizin işğaldan azad edilməsi də daxil olmaqla qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirmək iqtidarındadır.

Müstəqillik dövründə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkənin müdafiəsini təmin edən ordunun hərbi-texniki bazasının gücləndirilməsi və kənardan asılılığının azaldılması məqsədilə respublikamızda Müdafiə Sənayesi Kompleksinin yaradılması və inkişafı olmuşdur. Yeni yaradılan Müdafiə Sənayesi Nazirliyinin qarşısında qoyulan əsas məqsəd tabeli müəssisələrdə bərpa və yenidənqurma işlərinin aparılması, müasir növ silah və döyüş sursatlarının istehsalının mənimsənilməsi və onların seriyalı istehsalını təmin etmək üçün yeni istehsal sahələrinin yaradılmasıdır. 2007-2014-cü illərdə müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi məqsədilə aparılan tikinti və yenidənqurma işləri nəticəsində 50-dən çox yeni istehsal sahəsi yaradılmışdır.

Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərdiyi 9 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarca texnoloji avadanlıq, minlərlə müxtəlif növ dəzgah, cihaz, alət və tərtibatlar alınıb quraşdırılmışdır. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Respublikası Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün artıq tam gücü ilə fəaliyyət göstərir.

Cari ildə istehsal olunmuş müdafiə təyinatlı məmulatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artmışdır. Belə ki, İstehsal Proqramına uyğun olaraq 2014-cü ildə sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 23,4 dəfə, 2010-cu illə müqayisədə 2 dəfə artmışdır. Nazirliyin müəssisələrində artıq 900-dən çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı mənimsənilmişdir. 2014-cü ildə də nazirliyin müəssisələri ilə sifarişə uyğun olaraq, müdafiə təyinatlı məmulatların istehsalı uğurla hayata keçirilmişdir.

Cari ildə ilk dəfə olaraq müxtəlif növ kapsulların seriyalı istehsalı mənimsənilmişdir ki, bu da döyüş sursatlarının istehsalında mövcud olan kənardan asılılığı aradan qaldırmışdır. 2014-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma işləri üzrə 66 mövzunu və 169 mərhələni əhatə edən təcrübi-konstruktor işləri aparılır. Cari ildə qumbaraatan üçün qəlpəli atəş yığımlarının, zirehli gödəkçənin, ötürücü-qəbuledici sistemin, qəlpəli-fuqaslı minanın, gecəgörmə cihazının yaradılması işləri tam başa çatdırılmış, onların seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Həmçinin xüsusi təyinatlı snayper tüfənglərinin zavod sınaqları aparılır və qısa müddət ərzində istehsalının mənimsənilməsi təmin ediləcəkdir. Eləcə də aviasiya bombalarının nümunələri hazırlanmış, sınaqları keçirilərək onların seriyalı istehsalının təşkili istiqamətində tədbirlər görülür.

Müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazası hesabına mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər davam etdirilir. Məhz bunun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2014-cü ildə mülki məmulatların istehsal həcmində 2,2 dəfə, 2010-cu illə müqayisədə 1,4 dəfə artım əldə olunmuşdur. Çeşidlərin sayı isə 450-dən çoxdur. Nazirliyin müəssisələrində istehsal olunan mülki məhsullar 2010-cu ildən etibarən bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilir.

Müdafiə Sənayesi Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında icrasının təmin edilməsi və istehsalat zərurəti ilə əlaqədar olaraq birlik və müəssisələrdə aparılmış struktur dəyişiklikləri öz bəhrəsini vermiş, müəssisələrin ritmik fəaliyyəti təmin edilmiş, məhsul istehsalı həcmi xeyli yüksəlmişdir. Bu istiqamətdə tədbirlər gələcək illərdə də davam etdiriləcəkdir.

2009-cu ildən etibarən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir və böyük maraqla qarşılanır. Sevindirici haldır ki, Müdafiə Sənayesi Nazirliyinin qatıldığı sərgilərdə Azərbaycan brendi kimi nümayiş etdirilən məmulatların çeşidlərinin sayı artmaqda davam edir. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar bu ilin aprel ayında Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən XIV Asiya Müdafiə Xidmətləri (DSA-2014) Sərgisində nümayiş etdirildi. Dünyanın ən böyük beş müdafiə sənayesi sərgisindən biri olan “DSA-2014”-də Müdafiə Sənayesi Nazirliyi 132 adda müdafiə təyinatlı məmulatla təmsil olundu.

Bu il sentyabrın 11-13-də Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə respublikamızın tarixində ilk dəfə olaraq birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisi keçirildi. Sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edirdi. “ADEX-2014” sərgisində Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirdilər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Milli Pavilyon Azərbaycan müdafiə sənayesinin yeniliklərini nümayiş etdirdi. 2009-cu ildə ilk dəfə qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi “ADEX-2014” sərgisində 168 adda məmulat nümayiş etdirdi.

“ADEX-2014” sərgisində MSN-in nümayiş etdirdiyi məmulatlar yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılandı. Sərgidə müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, döyüş sursatları, optik nişangahlar, mühəndis texnikası və s. məmulatlarla yanaşı, ilk dəfə olaraq yarımavtomat snayper tüfəngi, avtomatik qumbaraatan kompleksi, əl qumbaraatanı, yaylım atəşli reaktiv sistemlə təchiz olunmuş xüsusi təyinatlı avtomobil, müxtəlif tipli qumbaralı atəş yığımları və digər məmulatlar da nümayiş etdirildi. Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparıldı və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olundu. Sərginin yüksək səviyyədə keçirilməsi və Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların nümayişi ölkənin müdafiə qüdrətinin gündən-günə möhkəmlənməsinə və Azərbaycan Silahlı Qüvvələrinin regionda qüdrətli ordulardan birinə çevrilməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, digər dövlət və hökumət nümayəndələrinin “ADEX-2014” sərgisini ziyarət etməsi sərginin əhəmiyyətini daha da artırdı.

Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara artan maraq sayəsində Müdafiə Sənayesi Nazirliyi ilə əməkdaşlıq etmək istəyən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir. Elə bunun nəticəsidir ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilən xüsusi və müdafiə təyinatlı məmulatlar xarici ölkələrə də ixrac olunur.

Ötən müddət ərzində hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm işlər görülmüşdür. Belə ki, nazirlik hərbi sənayenin müxtəlif istiqamətləri üzrə dünyanın aparıcı şirkət və firmaları ilə sıx əməkdaşlıq edir.

Onu da qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin qazandığı uğurlara respublikanın güc strukturları ilə yaradılmış qarşılıqlı əməkdaşlığın nəticəsində nail olunmuşdur. Güc strukturlarının rəhbərləri ilə mütəmadi keçirilən görüşlərdə müdafiə sənayesi sahəsində İstehsal Proqramının formalaşdırılması, habelə müxtəlif növ atıcı silahların, döyüş sursatlarının və zirehli texnikaların istehsalı, modernləşdirilməsi ilə bağlı işgüzar müzakirələr aparılmış və müsbət nəticələr əldə olunmuşdur.

Respublikanın müdafiə sənayesinin gələcək inkişafını yüksək ixtisaslı kadrlarla təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılan Xüsusi texnika və texnologiyalar fakültəsində 5 ixtisas üzrə 250 tələbə təhsil alır. Qeyd olunan ixtisaslar üzrə təhsillərini davam etdirən tələbələrə praktiki məşğələlərin keçirilməsi üçün nazirliyin müəssisələrində hərtərəfli şərait yaradılmış və universitetin laboratoriyasının maddi-texniki bazasının yaradılması məqsədilə nazirlik tərəfindən bir sıra avadanlıq və əyani vəsaitlər ayrılmışdır. Xüsusi texnika və texnologiyalar fakültəsi tələbələrinin Bakıda keçirilən birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” sərgisini ziyarət etmələri də təşkil olundu. Tələbələr bu sərgiyə böyük maraq göstərdilər və sərgidən yüksək təəssüratlarla ayrıldılar.

Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələri tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması sahəsi istiqamətində elmi-tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 10 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri aparılır. Əsas mövzular müxtəlif növ aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sisteminin yaradılması və zirehli nəqliyyat vasitəsində silahların quraşdırılmasıdır. Eləcə də Milli Aerokosmik Agentliyin (MAKA) 2014-cü il üzrə elmi-təşkilati fəaliyyətində xüsusi təyinatlı avtomobillər üzərində məsafədən idarə olunan silah qülləsinin quraşdırılması, aerokosmik məlumatların emalı prinsiplərinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi və s. məsələlərin həllinə xüsusi yer verilmişdir. Cari ildə nazirlikdə fəaliyyət göstərən Elmi-Texniki Şuranın müvafiq bölmələrinin 5 iclası keçirilmiş, iş planına daxil edilmiş müxtəlif səpkidə mövzular üzrə müzakirələr aparılmış və müəyyən konkret təklif və rəylər qəbul edilmişdir.

Müdafiə Sənayesi Nazirliyində “Elektron hökumət”ə keçidlə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq elektron xidmət göstərilməsi və digər aidiyyəti işlər həyata keçirilir.

Qısa zamanda müdafiə sənayesinin inkişafında əldə olunmuş uğurlar Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Prezident, Ali Baş Komandan İlham Əliyevi və eyni zamanda Azərbaycan xalqını əmin edir ki, doğma torpaqlarımızın düşmən tapdağından azad olunması, müstəqil respublikamızın ərazi bütövlüyünün bərpa olunması və ölkəmizin müdafiə qüdrətinin artırılması naminə üzərinə düşən bütün işlərin öhdəsindən layiqincə gələcəkdir. Müdafiə sənayesi işçilərinin peşə bayramı ərəfəsində Prezident tərəfindən Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşına, onların fəaliyyətlərini qiymətləndirərək fəxri adların, yüksək dövlət təltiflərinin verilməsi kollektivin hər bir üzvündə dərin minnətdarlıq və sonsuz ehtiram hissləri doğurmaqla yanaşı, üzərlərinə böyük məsuliyyət də qoyur.

Hər zaman ölkə rəhbərliyinin diqqət və qayğısını hiss edən Müdafiə Sənayesi Nazirliyinin kollektivi bundan sonra da Azərbaycanın işıqlı gələcəyinin təminatçısı olan respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələri yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin etməsi üçün bütün qüvvəsini səfərbər edəcəkdir.

 

Yavər CAMALOV,

müdafiə sənayesi naziri

Azərbaycan.-2014.- 17 dekabr.-  S.7.