Dövlət-din münasibətləri və milli-mənəvi dəyərlərimizin təbliği

 

Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 saylı cəzaçəkmə müəssisəsində “Dövlət-din münasibətləri və milli-mənəvi dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev əsas məqsədin cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad ediləndən sonra onların sosial adaptasiyasına zəmin yaradılması olduğunu bildirib. Qeyd edilib ki, dünyanın heç bir dövlətində cəzaçəkmə sisteminə Azərbaycandakı kimi diqqət yoxdur. Ölkəmizdə üç yeni tipli cəzaçəkmə müəssisəsinin tikildiyi diqqətə çatdırılıb. Bundan başqa, respublikanın regionlarında yeddi cəzaçəkmə müəssisəsinin tikildiyi vurğulanıb. Prezident İlham Əliyevin tapşırığı əsasında penitensiar sahədə işlərin davam etdirildiyi, maddi-texniki bazanın möhkəmləndiyi bildirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, məhbuslar arasında maarifləndirici işlərin aparılması onların radikal dini təriqətlərin fəaliyyətinə uymamasına müsbət təsir göstərir.

Qeyd edilib ki, bəzi ölkələrdə İslam dinini gözdən salmağa cəhd edən radikal qruplar var. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət göstərir. Onlar İslama zidd qruplardır. Həmin qruplar İslam dinini gözdən salmağa çalışırlar. Məsələn, özünüİraqŞam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanı qeyd etmək olar. Bu qruplaşma İslam dininə terror damğası vurmaq üçün çalışan qruplardan yaradılıb. Belə qrupların dinə heç bir dəxli yoxdur.

Qeyd edilib ki, XXI əsrin 14 ili ərzində müharibələrdə 1 milyon 200 min insan həlak olub ki, bunun da 80 faizi müsəlman ölkələrinin payına düşür. Bu gün 30 ölkədə müharibə gedir. Bu müharibələrdən 12-si İslam ölkələrindədir.

Tədbirdə bildirilib ki, əvvəllər Azərbaycanda 17 məscid fəaliyyət göstərirdi. Hazırda isə 2050-dən çox məscid var. Ölkəmizdə dini etiqad azadlığının tam təmin edilməsi üçün hər cür şərait yaradılıb.

 

Azərbaycan.-2014.- 17 dekabr.- S.9.