Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti

 

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə Bakıda “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirib.

AzərTAc xəbər verir ki, komitənin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu, Azərbaycanda bu sahənin sabitsistemli şəkildə inkişaf etdiyini deyib. M.Qurbanlı vurğulayıb ki, ölkəmizdə dinlərarası məsələlərdə heç bir problem yoxdur. Azərbaycanda dövlət-din münasibətlərinə yüksək səviyyədə diqqət yetirilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir. Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var.

Komitə sədri bildirib ki, bu gün ayrı-ayrı ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunması halları müşahidə edilir. Bəzi dairələr din pərdəsi altında çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Bu dairələr bütün ölkələrdə var. Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, həmin əməllərin çoxsaylı insanları fəlakətə aparmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedirçox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın dövlət-din münasibətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Dünyada müxtəlif etnikdini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasidini sabitliyin mövcud olduğunu deyən A.Quliyev bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti institutlarının böyük potensiala malik olduğunu söyləyib. Şura sədri dini icmalarla QHT-lərin daha yaxından işbirliyinə nail olmaq üçün konfrans çərçivəsində rəhbərlik etdiyi qurumla DQİDK arasında əməkdaşlıq memorandumu imzalayacaqlarını qeyd edib.

Milli Məclisin Sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nın cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Bahar Muradova deyib: “Azərbaycanda dinietnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq. Azərbaycana yönəlmiş, rahatlığımızı pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır. Ona görə də həmin problemləri həll etməyə hazır olmalıyıq”.

Konfrans işini müzakirələrlə davam etdirib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Azərbaycan.-2014.- 18 dekabr.-  S.4.