Mehdi Səlimzadə: Ulu öndər Heydər Əliyev

 ilə bütün türk dünyası qürur duyur

 

 

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəstəyi ilə “Türk dünyası” adlı toplu işıq üzü görüb. Nəfis tərtibatda nəşr olunan kitabda türkdilli xalqların tarixi, mədəniyyəti, dövlət atributları və s. haqqında ətraflı məlumat verilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, Birliyin həmsədri Mehdi Səlimzadə “Türk dünyası” toplusu, eləcə də TDBB ilə əlaqələr haqqında AzərTAc-ın müxbirinin suallarını cavablandırıb.

- Mehdi müəllim, bu yaxınlarda mətbuatda Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən “Türk dünyası” kitabının nəşr olunması haqqında xəbər böyük marağa səbəb olub. Məlumatlarda bildirilir ki, kitabda türkdilli dövlətlər arasında əlaqələr, mədəni münasibətlər, türk dünyasının tarixi, məşhur və görkəmli dövlət xadimləri haqqında söhbət açılıb.

İstərdik, TDBB-nin həmsədri kimi, həm bu qurumun fəaliyyəti, həm də haqqında söhbət gedən toplu ilə bağlı ətraflı məlumat verəsiniz.

- Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri tarixən mövcud olub. Ulu öndər Heydər Əliyev bu əlaqələrin möhkəmləndirilməsini istər sovet dövründə, istərsə də sonrakı dövrlərdə diqqət mərkəzində saxlayıb. Hələ sovet dövründə ulu öndər Heydər Əliyevin türk dünyası, türkdilli dövlətlər və xalqlar, eləcə də müsəlman ölkələri ilə sıx dostluq münasibətləri var idi. Ulu Öndər müsəlman və türkdilli dövlətlərlə sıx əlaqələrin qurulmasına, onların inkişafına həmişə dəstək olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Türkiyə ilə sıx əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilib.

2000-ci ildə Bakıda türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısı keçirildi. Qeyd edək ki, bundan bir il əvvəl - 1999-cu ilin dekabrında Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilmişdi və artıq 2000-ci ildə ölkəmizdə bələdiyyələrin təşkil olunması prosesinə başlanılmışdı. Azərbaycanın təşəbbüsü ilə həmin zirvə toplantısının yekun bəyannaməsinin altıncı maddəsində türkdilli dövlətlərin yerli özünüidarəetmə orqanlarının işbirliyinin yaradılması əksini tapmışdı. Beləliklə də Türk Dünyası Bələdiyyələr Birliyinin yaradılması məsələsi gündəmə gəldi. Bununla bağlı təşəbbüs qrupunun ilk iclası 2003-cü ilin dekabrında Bakıda keçirildi. Sonra Türkiyədə Türk Dünyası Bələdiyyələr Birliyi yaradıldı.

Bundan sonra TDBB üzv dövlətlərin bələdiyyələri arasında əlaqələrin və işbirliyinin qurulması, mədəni və humanitar tədbirlərin keçirilməsi ilə yanaşı, təcrübə mübadilələrinin aparılması, müxtəlif mövzuları əhatə edən beynəlxalq konqres və konfransların təşkili, türkdilli xalqlara məxsus müqəddəs bayramların, o cümlədən Azərbaycanda NovruzQurban bayramlarının və s. qeyd olunması istiqamətində mühüm işlər görməyə başladı. Həmçinin Birliyin təşkilatçılığı ilə hər il Azərbaycan bələdiyyələrinin nümayəndələri (bələdiyyə sədrləri, üzvləri, işçiləri) ardıcıl olaraq, Türkiyənin İstanbul, Ankara və digər şəhərlərində təcrübə mübadiləsində iştirak edirlər. Qarşılıqlı razılıq əsasında müəyyənləşdirilən mövzularda seminarlar təşkil olunur və həmin proses bu gündavam etdirilir.

TDBB tərəfindən müxtəlif illərdə yerli özünüidarəetmə orqanlarının üç beynəlxalq konqresi keçirilib. Bu konqreslərdə Azərbaycan nümayəndələri də iştirak ediblər. Hazırda quruma 26 dövlət üzvdür. Onların arasında türkdilli dövlətlərlə yanaşı, müsəlman ölkələri və digər dövlətlər də var. Hazırda sıralarında 1000-dən çox bələdiyyəni birləşdirən TDBB-yə Azərbaycandan 400-ə qədər bələdiyyə üzv olub.

Qeyd etmək istərdim ki, Birliyin fəaliyyəti dövründə bir çox nəşrlər işıq üzü görüb. Belə ki, “Türküstan və Qafqazların biblioqrafiyası”, “Səlcuqludan Cümhuriyyətə şəhər idarəçiliyi”, “Orta Asiyadan Anadoluya şəhər və insan” adlı nəşrlər hazırlanaraq çap edilib. Bu il isə “Türk dünyası” adlı ensiklopedik toplu çapdan çıxıb. TDBB idarə heyətinin sabiq üzvü, Bursa Yıldırım bələdiyyəsinin keçmiş sədri, tanınmış türk yazıçısı, professor Özgen Keskinin müəllifi olduğu “Türk dünyası” kitabı Birliyin təşəbbüsü və dəstəyi ilə Türkiyədə nəşr edilib.

- Mehdi müəllim, qeyd etdiniz ki, Türk Dünyası Bələdiyyələr Birliyi 2003-cü ildə yaradılıb. Bu qurumun on illik yubileyi münasibətilə hansı tədbirlər keçirilib?

- Bu ilin mayında Ankarada TDBB-nin on illik yubileyi yüksək səviyyədə qeyd olundu. Yubiley tədbirlərinə Birliyə daxil olan 26 ölkənin nümayəndələri, o cümlədən Türkiyənin yüksək vəzifəli şəxsləri, parlamentin rəhbəri və deputatları iştirak edirdilər. Azərbaycandan yubiley tədbirlərinə parlamentin nümayəndələri, bələdiyyələrin milli assosiasiyalarının, birliyə üzv olan bir neçə bələdiyyənin sədrlərindən ibarət nümayəndə heyəti qatılmışdı. Mən də Birliyin həmsədri kimi bu tədbirlərdə iştirak edirdim.

Yubiley münasibətilə qurumun “Perspektiv” jurnalının xüsusi nömrəsi dərc olunub. Jurnalda həmin ərəfədə Azərbaycanda keçirilən Prezident seçkilərində əhalinin böyük əksəriyyətinin səsini qazanan dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti haqqında da geniş məlumat verilib. “Azərbaycan Prezidenti İlham Əliyev – uğurlu dövlət başçısı örnəyi” sərlövhəli məqalədə ötən ilin oktyabrında keçirilən seçkilərdə seçicilərin 85 faizinin səsini qazanaraq üçüncü dəfə prezident seçilən dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycanda əhalinin rifah halı yaxşılaşmaqda, təhsil, səhiyyə və digər sahələrin inkişafı təmin olunmaqdadır. Azərbaycanın xarici siyasət, iqtisadiyyat, mədəniyyət və idman sahələrində əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Jurnalda Prezident İlham Əliyevin on illik hakimiyyəti dövründə əldə olunan inkişafı, qazanılmış uğurları diqqətə çatdıran Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iqtisadisiyasi baxımdan böyük önəm daşıyan bu göstəricilərin Azərbaycanda müstəqil dövlətin formalaşması mərhələsinin başa çatdığını sübut etdiyini bildirib.

- Yenə “Türk dünyası” toplusuna qayıdaq. Nəşrdə əsasən hansı məsələlərə toxunulur, türk dünyası, türkdilli ölkələr necə təqdim edilir?

- İlk dəfə olaraq, bu nəşrdə türk dünyasını təmsil edən dövlətlər, onların qədim tariximüasir dövrdəki coğrafiyası, ərazisi, əhalisi, mədəniyyəti, dövlət atributları, sərhədləri, xəritələri, büdcələri haqqında məlumat verilir. Həmçinin minilliklər ərzində - ən qədim dövrlərdən XXI əsrə qədər türk dünyasının görkəmli, tanınmış dövlət xadimləri, tarixi şəxsiyyətləri, onların həyat və fəaliyyətləri haqqında məlumatlar yer alır. Eləcə də türkdilli dövlətlərin turizm imkanlarından, tarixi-mədəniyyət abidələrindən, mili mətbəxlərindən, tanınmış yazıçılarından bəhs olunur.

Kitabda TDBB-nin təşkilatçılığı ilə ötən il mayın 23-də Bakıda keçirilən və 12 ölkədən 104 nümayəndənin qatıldığı “Türk dünyasını maarifləndirənlər: Mehmet Akif ErsoyHüseyn Cavid” mövzusundakı simpozium da geniş işıqlandırılıb.

- Mehdi müəllim, qeyd etdiniz ki, topluda türk dünyasının tanınmış dövlət xadimləri haqqında söhbət açılır. Bu barədə məlumatlar əsasən hansı dövrləri əhatə edir?

- Topluda türk dünyasının ən görkəmli dövlət xadimləri haqqında müfəssəl məlumat verilib. Onların sırasında 12 böyük tarixi şəxsiyyət, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də var. Həmin tarixi şəxsiyyətlər - miladdan öncə 209-cu ildə Hun dövlətinin hökmdarı olan Oğuz xan, eramızın 434-453-cü illərində hakimiyyətdə olmuş hökmdar Atilla, Böyük Səlcuq dövlətinin hökmdarları Alparslan və Məlikşah, monqol hökmdarı və sərkərdəsi Çingiz xan, Osmanlı imperatorluğunun banisi Osman Qazi, İstanbulun fatehi Sultan Mehmet, nəhayət XXI əsrdə iki müasir müstəqil türk dövlətinin – Türkiyənin və Azərbaycanın qurucuları Mustafa Kamal Atatürk və Heydər Əliyevin həyat və fəaliyyətləri haqqında geniş söhbət açılır.

Ən maraqlı və qürur duyduğumuz məqam isə odur ki, türk dünyasının tanınmış, ən məşhur 12 tarixi şəxsiyyəti, görkəmli dövlət xadimlərinin siyahısı - miladdan öncə 209-cu ildə Oğuz xandan başlayan iki min illik dövr XXI əsrdə ulu öndərimiz Heydər Əliyev ilə tamamlanır. Bu, son dərəcə fəxr olunası, qürur duyulası tarixi reallıqdır. Nəinki Azərbaycan xalqı, bütün türkdilli xalqlar dahi şəxsiyyət Heydər Əliyevi türk dünyasının öndəri və atası kimi qəbul edir. Bundan böyük milli şərəf nə olar bilər?! Bu gün ulu öndərimiz Heydər Əliyev ilə bütün türk dünyası qürur duyur.

Təbii, hamımız bilirik ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində nəinki yalnız Azərbaycanın, eyni zamanda, türkdilli ölkələrin inkişafında, türkdilli xalqlar arasında sıx əlaqələrin, əməkdaşlığın qurulmasında böyük xidmətləri olan görkəmli dövlət xadimidir.

Bizim üçün bir məqam da xüsusən önəmlidir ki, TDBB-nin dəstəyi ilə hazırlanan topluda Azərbaycanın görkəmli şəxsiyyətləri, yazıçı və şairləri, ölkəmizin mədəniyyəti, tarixi-mədəni abidələri və coğrafi-siyasi mövqeyi haqqında ətraflı məlumat verilib.

Bir daha vurğulamaq istərdim ki, Ulu Öndərimizin adının türk dünyasının ən görkəmli şəxsiyyətləri sırasında yer alması dahi insan Heydər Əliyevin türkdilli ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərin məntiqi nəticəsidir.

- Mehdi müəllim, müsahibəyə görə çox sağ olun. Mən də bir jurnalist və azərbaycanlı kimi qürur hissi keçirirəm ki, ulu öndərimiz Heydər Əliyevin adı türk dünyasının ən görkəmli tarixi şəxsiyyətləri ilə bir sırada çəkilir.

 

Azərbaycan.-2014.- 18 dekabr.-  S.8.