Gəncə gözəlliklər və uğurlar şəhəri

 

Qədim Gəncə son dövrlər daha sürətli inkişaf dövrünü yaşayır. Şəhərdə abadlıq-quruculuq işlərinin miqyası çox genişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Gəncə ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurlu icrası şəhər əhalisinin sosial rifahının yaxşılaşmasına da təsir edir.

Ölkə Prezidenti İlham Əliyevin 2014-cü il yanvarın 21-də qədim Nizami yurduna səfəri şəhər sakinlərinin ruh yüksəkliyini daha da artırdı, ilboyu nəzərdə tutulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsinə stimul yaratdı. Ümumiyyətlə, dövlət başçısının Gəncəyə hər səfəri, ictimaiyyətin nümayəndələri ilə görüşləri, həmçinin verdiyi tapşırıq və tövsiyələr yeni uğurların qazanılmasında təkanverici amilə çevrilir. Bunun nəticəsidir ki, başa çatmaqda olan 2014-cü il də Gəncə və onun sakinləri üçün böyük nailiyyətlər ili kimi tarixə yazılacaq.

Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ilielan etməsi ölkəmizin iri sənaye şəhərlərindən biri olan Gəncənin də qarşısında duran vəzifələrin intensivliyini artırdı. Qeyd etmək lazımdır ki, bu ilin istər aylar, istərsə də rüblər üzrə sosial-iqtisadi göstəriciləri əvvəlki illə müqayisədə xeyli yüksək oldu. Şübhəsiz, hər bir uğurun arxasında dövlətin, dövlət başçısı İlham Əliyevin yüksək qayğısı dayanır. Bu qayğını yüksək qiymətləndirən gəncəlilər doğma şəhərlərinin abadlaşması və gözəlləşməsi üçün daha məsuliyyətlə və daha əzmkarlıqla çalışmağı başlıca məqsədləri hesab edirlər. Təqdirəlayiq haldır ki, Gəncənin inkişafı ilə bağlı şəhər rəhbərliyinin həyata keçirdiyi tədbirlər əhali tərəfindən böyük razılıq və dəstəklə qarşılanır.

Tikinti-quruculuq, abadlıq işləri sayəsində Gəncə gözəlləşir və müasirləşir. Onu da qeyd edək ki, heç bir yeni layihə Gəncənin milli memarlıq özəlliyini kölgədə qoymur, əksinə, millilikmüasirlik bütün görülən işlərdə vəhdətdə təqdim olunur. Söhbət etdiyimiz gəncəlilər görülən işlərlə bağlı razılıqlarını bildirməklə yanaşı, şəhər icra hakimiyyəti rəhbərliyinin təşəbbüskarlığını və işgüzarlığını yüksək qiymətləndirdiklərini xüsusi qeyd edirlər.

Gəncə Şəhər İcra Hakimiyyətində olarkən ŞİH başçısı Elmar Vəliyev söhbət zamanı qarşıdakı vəzifələrdən, gerçəkləşdirilməsi nəzərdə tutulan layihələrdən də söz açaraq dedi ki, məqsəd bütün milli xüsusiyyətləri, milli ruhu qorumaqla Gəncəni ən müasir şəhərə çevirməkdir.

Gəncədə həyata keçirilən yenidənqurma layihələri tikinti-quruculuq, abadlıq işləri ilə yekunlaşmır. Şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə, infrastrukturkommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır. Elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün gərəkli tədbirlər görülür. Bu tədbirlər sırasında əhali abonentlərinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatı ilə təmin edilməsini, yeni salınmış qəsəbələrin qazlaşdırılmasını, qaz təchizatı şəbəkəsinin əsaslı təmir işlərini də qeyd etmək olar.

Şəhər rəhbərliyi Gəncədə sahibkarlığın inkişafı üçün hər cür şərait yaratmağa çalışır, adamlarına lazımi dövlət dəstəyi göstərilir. 2014-cü ilin doqquz ayı ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına şəhər üzrə 9 sahibkarlıq subyektinə 799500 manat güzəştli kredit verilib. Bunun hesabına 37 yeni yeri açılıb. Ümumilikdə isə 2014-cü ilin 9 ayı ərzində 3819-u daimi olmaqla 4329 yeni yeri açılıb.

Xüsusi qeyd etmək lazımdır ki, ümumi uğurlarda tikinti sektorunun böyük rolu var. Cari ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi əvvəlki ilin səviyyəsini 8,7 faiz üstələyib. Bu müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 11,3 milyon manat olub.

Gəncəlilərin sevimli məkanına çevrilmiş 460 ha ərazisi olan Heydər Əliyev parkında Əyləncə Mərkəzinin və Qış Parkının, həmçinin Gəncə Olimpiya Parkının tikintisi davam edir. Gəncəçay çayının sağ sahili boyunca park salınır və inşaat işləri görülür.

Dövlət başçısının xeyir-duası ilə təməli qoyulmuş Gəncə Filarmoniyasının və Mətbuat Evinin tikintisi sürətləndirilib. Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 18-də Gəncədə olarkən “Stadler” Gəncə Vaqon İstehsalı Zavodunun, Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimlərində, 2 nömrəli körpələr evi-uşaq bağçasının, 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışlarında iştirak edib. “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti, eləcə də Gəncə Dövlət Filarmoniyasının binasında inşaat işlərinin gedişi ilə tanış olub.

Hazırda Gəncənin Atatürk prospektində inşa edilən 50 mənzilli, həmçinin həmin prospektdə 3,3 hektar ərazidə ümumi yaşayış sahəsi 32819 kvadratmetr olan 4 yeddimərtəbəli, 2 beşmərtəbəli yaşayış binalarının, Xətai prospektində 4,96 hektar ərazidə çoxmərtəbəli yaşayış evinin və qeyri-yaşayış binalarının inşası davam edir. Şəhərin Cavad xan küçəsində yeddimərtəbəli, ümumi sahəsi 5586 kvadratmetr olan Biznes Mərkəzi inşa edilir. Hacıkənd qəsəbəsində ümumi sahəsi 3550 kvadratmetr olan 72 otaqlı dördmərtəbəli mehmanxanada da tikinti işləri görülür. Yeni layihələrin icrasına başlanıldıqca tikinti-quruculuq işlərinin miqyası daha da genişlənir.

Gəncə şəhərinin içməli sukanalizasiya sisteminin yenidən qurulması layihəsi Almaniyanın KFW Bankı və İsveçrənin “SECO” təşkilatının Azərbaycan hökuməti ilə maliyyə əməkdaşlığı çərçivəsində icra olunur. Şəhər əhalisinə 3 mənbədən su verilir: Göygöl-Gəncə magistral su kəməri, Qızılqaya-Totanlı su aparıcı boru kəməri və subartezian nasosları vasitəsi ilə. Göygöldən gələn magistral su kəmərinin uzunluğu 26,5, Qızılqaya-Totanlı kəmərinin uzunluğu 8,5 kilometrdir.

Gəncənin su təchizatı sistemi şəhərdaxili 186 subartezian nasoslarından, müxtəlif ölçüdə 44 su anbarından, məhəllədaxili 62 su nasos stansiyasından, 2 xlorlayıcı qurğudan, 525 kilometr magistral və məhəllədaxili paylayıcı su şəbəkəsindən ibarətdir. Su anbarlarının ümumi tutumu 37,7 min kubmetrdir.

Qeyd edək ki, bu yaxınlarda “Açıq Kommunal İnfrastruktur Proqramı” layihəsi çərçivəsində inşa edilmiş Göygöl-Gəncə magistral su kəməri də istifadəyə verilib. Bu isə şəhərə saniyədə 200 kubmetr suyun daxil olması deməkdir. Yaxın zamanlarda Qızılqaya və Şəmkir dəryaçasından saniyədə daha 1550 kubmetr suyun daxil olması üçün müvafiq işlər görülür. Mütəxəssislərin bildirdiyinə görə, bu layihə gerçəkləşəndən sonra, demək olar, Gəncənin su problemi birdəfəlik həll ediləcək.

Gəncə şəhərinin son illərdəki inkişafı, sosial-iqtisadi uğurları bu qədim yurdun sənaye potensialı ilə də şərtlənir. Təsadüfi deyil ki, şəhərin sənaye müəssisələrində istehsal olunan məhsulların təxminən yarısı xarici ölkələrə ixrac olunur.

Prezident İlham Əliyev demişdir: “Mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır”.

Dövlətin yüksək qayğısı sayəsində Gəncənin sənaye şəhəri kimi inkişafı getdikcə sürətlənir. Yeni sənaye istehsalı müəssisələri fəaliyyətə başlayandan sonra Gəncə bu sahədə daha yüksək göstəricilərə nail olacaq.

Son dövrlər Gəncədə yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində də mühüm işlər görülür. Şəhərdaxili avtomobil yolları genişləndirilir, yol kənarındakı tikililərin dam örtükləri dəyişdirilir, binaların fasadları klassik memarlıq üslubunda yenidən işlənir.

Əhəmiyyətli məsələlərdən biri də Gəncə dairəvi avtomobil yolunun istifadəyə verilməsidir. Dövlət başçısı İlham Əliyev yolun açılış mərasimində iştirak edib. Bölgənin inkişafında, həmçinin nəqliyyatın maneəsiz, normal hərəkətində mühüm əhəmiyyət kəsb edən bu dairəvi avtomobil yolunda 4 körpü, 3 müxtəlif yol qovşağı, 9 avtobus dayanacağı inşa olunub. Əlavə iki zolağın tikilməsi ilə dairəvi yolun daha da genişləndirilməsi nəzərdə tutulur. Uzunluğu 37 kilometr olan yolda kifayət qədər piyadamal-qara keçidləri, suötürücüləri tikilib. Bu yol Gəncənin yollarındakı tıxac problemini xeyli azaldır.

Gəncə gözəlliklər şəhəridir. Bu gözəlliyi artıran yaraşıqlı binalar arasında Heydər Əliyev Mərkəzi öz möhtəşəm memarlıq görünüşü ilə diqqəti daha çox çəkir. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev deyir ki, bu bina gəncəlilərin ulu öndər Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramının daha bir parlaq təzahürüdür.

Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Mərkəzin binası perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli binada şüşədən müasir günbəz quraşdırılıb, Azərbaycanın xəritəsinin əks olunması da diqqəti çəkir.

Mərkəzin açılışında iştirak edən Prezident İlham Əliyev demişdir: “Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir, burada ulu öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.

Dünyanın 5 ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı-nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir.

Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər. Xüsusilə yerli icra hakimiyyəti və fəallar, Gəncə sakinləri. Bu, doğrudan da gözəl hadisədir”.

Qədim Nizami yurdunun muzeylər şəhərinə çevrilməsi barədə isə dövlət başçısı belə demişdir: “Gəncənin mədəni həyatı zəngindir. Həmişə belə olubdur. Gəncə Azərbaycanın, o cümlədən mədəniyyət mərkəzlərindən biri olmuşdur. Hazırda şəhərin mədəni həyatı kifayət qədər zəngindir. Yeni muzeylər açılır. Nizami Muzeyi, Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzi, ondan əvvəl bir neçə muzey açılmışdır.

Yəni şəhərin çox zəngin və dolğun ictimai, mədəni həyatı vardır və bu, əlbəttə ki, məni sevindirir, çünki Gəncə Azərbaycanın qədim şəhəridir, ikinci şəhəridir, Nizami yurdudur”.

Bəli, dövlətin yüksək qayğısı sayəsində Gəncə uğurlarını daha da artırır. İcrası davam edən layihələr gerçəkləşəndən, görülməli işlər başa çatandan sonra Gəncə öz gözəlliyi və müasirliyi ilə bizi daha çox sevindirəcək.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 19 dekabr.-  S.5.