Baş prokuror onlayn rejimdə vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib.

Dekabrın 19-da Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Baş Prokurorluğun inzibati binasında Lənkəran Rayon Prokurorluğu ilə canlı bağlantı vasitəsilə bu şəhərin, eləcə də Astara və Lerik rayonlarının sakinlərinin müvafiq tabe rayon prokurorlarının iştirakı ilə qəbulunu keçirib.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu qurumun məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda 14 vətəndaşın şikayətləri dinlənilib. Zakir Qaralov vətəndaşların qaldırdıqları məsələləri xüsusi nəzarətə götürməklə, həmin müraciətlər üzrə qəbul olunmuş qərarların qanuniliyinin yoxlanılması, bu məqsədlə yoxlama materialları və cinayət işlərinin Baş Prokurorluqda öyrənilməsi, habelə bəzi şikayətlərin müraciət müəlliflərinin iştirakı ilə müzakirə edilərək qanunauyğun və operativ şəkildə həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə və tabe rayon prokurorlarına konkret göstərişlər verib.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə həllini tapıb.

 

Azərbaycan.-2014.-20 dekabr.-S.8.