Salyanda komitə sədrinə ünvanlanan

 müraciətlərin bir qismi yerində həll edilib

 

Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu ilə bağlı tapşırığına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dekabrın 19-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan bir qrup vətəndaşı qəbul edib.

AzərTAc xəbər verir ki, komitənin müvafiq struktur qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, əmlakın özəlləşdirilməsi və icarəyə verilməsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul, habelə komitənin fəaliyyəti dairəsinə daxil olan digər məsələlərlə bağlı olub.

Qəbula gələn bütün vətəndaşlar komitə sədri tərəfindən diqqətlə dinlənilib və onların müraciətlərinin qanunauyğun həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Komitənin səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Ümumiyyətlə, 2014-cü ildə komitə sədri tərəfindən respublikanın 10 rayonunda 400-dən çox vətəndaşın müraciətinə baxılıb.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.8.