Şəki - dəyişən dünyanın dəyişməz gözəllik ünvanı

 

Bu gözəlliyin yaradılmasında sənətkarların da əməyi çox olub

 

Bu gün bölgələrimizdə tikinti-quruculuq, yenidənqurma işlərinin geniş vüsət aldığı hər kəsə bəllidir. Rayonlara yolu düşənlər bu işlərdən nə qədər məlumatlı olsalar da, inkişafı, müasirliyi, insanların rifahını, yeni yaşayış tərzini görəndə heyranlıqlarını gizlədə bilmirlər. O da yaxşı haldır ki, tikinti-yenidənqurma işlərində milli memarlıq üslubuna bütün rayonlarda əməl etməyə, müasirliyi tarixi ənənələrlə birləşmiş şəkildə verməyə çalışırlar. Düzdür, müəyyən memarlıq elementlərinə, infrastruktur sisteminə, şəhərsalma prinsiplərinə görə bir-birinə bənzəyən bölgələrimiz də az deyil. Bunu yaxşı mənada rəqabətlə də əlaqələndirmək olar.

Ən əsası odur ki, inkişaf sürətlə davam edir, rayonlarımız, qəsəbə və kəndlərimiz dövlətin yüksək qayğısı sayəsində yenidən tikilir, qurulur, abadlaşır, Azərbaycanın müasir simaya, gözəlliyə malik obrazını yetərincə tamamlayır. Bu inkişaf marafonunda qədim Şəkinin də özünəməxsus yeri var. Şəki nə qədər inkişaf edib müasirləşsə də, milli-tarixi memarlıq parametrləri elə qorunub saxlanır ki, onu ikinci bir bölgəmizə və ya şəhərimizə bənzətmək mümkün deyil. Şəki elə Şəki kimi dəyişir.

Prezident İlham Əliyev bu qədim yurda səfərlərinin birində demişdir: “Şəkinin çox füsunkar, özünəməxsus gözəlliyi vardır. Gözəl, qədim şəhərdir. Heç bir başqa şəhərə bənzəmir. Ona görə burada quruculuq, abadlıq işləri bax bu ənənəvi üslubda aparılmalıdır. İndi təmir edilən binalar, onların fasadları, dam örtükləri, döşəmələri, hasarları, nə varsa hamısı, görürəm ki, qədim Şəki üslubundadır”.

Şübhəsiz ki, ölkə rəhbərinin dediyi xoş sözlər hər bir şəkilinin qəlbini qürurla doldurmaqla yanaşı, onları yeni uğurlara da ruhlandırıb. Şəkini nəinki Azərbaycanın, həm də dünyanın turizm mərkəzlərindən birinə çevirmək üçün şəkililərin işgüzarlığı və əzmkarlığı yetərincədir.

Unutmayaq ki, bu dağlar gözəlini dünyaca məşhurlaşdıran, tanıtdıran onun füsunkar təbii gözəllikləri ilə yanaşı, həm də adı dillər əzbərinə çevrilmiş sənətkarları olub. Memarlıq, daşoyma, taxtaoyma, dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, ipəkçilik, papaqçılıq, nalbəndlik, həmçinin şəbəkəçilik sənəti ilə Şəkinin şan-şöhrəti çox-çox uzaqlara yayılıb. Şəki sənətkarlarının istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını ödəməklə yanaşı, xarici ölkə bazarlarına da yol tapıb.

Keçən əsrin ortalarında Azərbaycana səyahət etmiş böyük fransız mütəfəkkiri Aleksandr Düma Şəkinin təkəlduz ustalarının bədii tikmə sahəsindəki məharətinə heyranlığını belə ifadə edib: “Mən 24 manata Şəkidə bədii tikməli 2 ədəd yəhər aldım. Belə yəhəri Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə heç bir qiymətə tapmaq mümkün deyil”.

İllər ötdükcə Şəki sənətkarları özlərinin sənət sirlərini, qazandıqları təcrübəni nəsildən-nəslə ötürərək bugünümüzə qədər yaşadıblar.

Şəkinin küçələri ilə addımlayanda hansısa həyətdən gələn emalatxana səslərini də eşitmək olar. Daşoyma, dulusçuluq, dəmirçilik, misgərlik, şəbəkəçiliklə məşğul olan ustalar Şəkinin qaynar gününün fərqinə belə varmadan öz aləmlərindədirlər. Bu aləmə baş vurmaq, bənzərsiz Şəki sənətkarlığının keçmişinə sarı boylanmaq bizim üçün də maraqlı idi.

Keçmişdə Kiş çayının daşması nəticəsində Şəkinin bir hissəsi sel suları altında qalıb və şəhər müəyyən qədər şərqə çəkilərək Nuxa deyilən ərazidə inkişaf etməyə başlayıb. 1968-ci ildən qədim adı bərpa olunaraq yenidən Şəki adlanıb.

Şəkinin inkişafı sənətkarlığın inkişafı ilə də şərtlənib. Bu inkişaf əhalinin güzəranını yaxşılaşdırıb, yeni-yeni karvansaralar tikilib, xalqlar və ölkələr arasında ticarət əlaqələri formalaşıb. Bu isə əhalinin demoqrafik inkişafına da təsir edib. Yaşlı sakinlərin dediklərinə görə, Şəkidə hər sənət növü bir məhəllədə yerləşib və məhəllə də həmin sənət növünün, sənət sahəsinin adı ilə tanınıb. Ancaq şəhər inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət sahələri də yaranıb və bu sahələrin çoxu indi də yaşamaqdadır.

Qədimlərdə Şəki sənətkarlığının sahələri daha çox olub: dəmirçi, silahsaz, misgər, zərgər, dulusçu, dülgər, xarrat, şəbəkəçi, şərbaf, təkəlduz, boyaqçı, dabbaq, kürkçü, papaqçı, başmaqçı, sərrac, halvaçı və sair sənətlərin yaranıb inkişaf etməsi, həm də Şəkinin nəqliyyat yollarından uzaq olması ilə şərtlənib. Tarixi mənbələrdən aydın olur ki, 1848-ci ildə Şəki əhalisinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı, 178 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışırmış. Bu sənətkarlar Şəki əhalisi ilə yanaşı, qonşu əyalətlərdən gələn müştərilərin də sifarişlərini yerinə yetirərmişlər. Şəkinin əlverişli təbii şəraiti insanların həyatının firavanlaşmasına müsbət təsir edib. Digər tərəfdən də mövcud təbii sərvətlər sənət istehsalının yaranmasına və inkişafına təkan verib. Yabanı lifli bitkilər, yun, qəzil, ipək, gön, dəri, ağac, gil, mineral və nəbati boyaqlar sənətkarlar üçün başlıca xammal hesab olunub. Ancaq sənətkarlığın inkişafında əsas şərt insanların peşələrini kamil öyrənmələri və fədakarlıqları olub. Dulusçu da, papaqçı da, silahsaz da, halvaçı, şirniyyatçı və digər sənət sahiblərinin hər biri də çalışıb ki, əlindən zay məhsul çıxmasın, qapısını döyən birdöysün. Ustalar bu keyfiyyətləri zaman - zaman şagirdlərinə də aşılayıblar. Birki, həmin zamanlarda rəqabət çox güclü olub. Hansısa məhəllədən müştərinin narazı getməsi bütün məhəllədə söz-söhbət səbəb olub, müştəri incidən papaqçı, dərzi və ya nalbənd əməlli-başlı qınaq mənbəyinə çevrilib. Həmin ustaya bu münasibəti salam-kəlamda da hiss etdiriblər, ta o vaxta qədər ki, incidilən müştəri geri çağırılıb könlü alınsın. Məhz bu xüsusiyyətlər, peşəkar tələblərə, həmçinin usta-müştəri münasibətlərinin dürüstlüyünə görə bütün sənət sahələri daha yüksək səviyyədə inkişaf edirdi. Elə buna görə də əhalinin təsərrüfat və məişət ehtiyaclarını ödəmək üçün sənət dükanlarının sayı durmadan artıb. Maraqlı məqamlardan biribudur ki, qədimlərdə silahsazlar kənardan gətirilmə poladla yanaşı, elə Şəkinin özündə də xüsusi üsulla polad əldə etməyi bacarıblar. Ancaq soyuq silah istehsalının aradan çıxması, ucuz rusAvropa poladı idxalının artması ilə əlaqədar yerli dəmirçilərə xas poladhazırlama texnologiyasının sirləri də tədricən unudulub.

Şəkinin gümüşbəndlik sahəsində şöhrət qazanmış sənətkarlarından Müftəli bəy və Şəkər bəy Vəlicanbəyovların, usta Əbdülrəhim Hacı Mahmud oğlunun düzəltdikləri zinət əşyaları Şəkinin hüdudlarından çox-çox uzaqlara yayılıb. Qadınlar üçün saysız-hesabsız zinət əşyaları, o cümlədən, qızıl titə, qabaqlıq, bilərzik, belbağı, üzük, tənə, yaxa düymələri, həmayil, silsilə və qeyri-imarət növləri şəhərin zərgər dükanlarının başlıca məhsulları imiş. Maraqlıdır ki, 1886-cı ildə Şəkidə 31 zərgərxana fəaliyyət göstərib. Tədqiqatçı alim A.Mustafayevin yazdığına görə, şəkili zərgər Eyyub Mehdi oğlunun düzəltdiyi zərif zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisinin yüksək mükafatına layiq görülüb.

Tədqiqatçı A.Mustafayev qeyd edir ki, Şəki dağlarında çağlayan buz bulaqların suyu vaxtilə çox uzaq məsafədən şəhərə dulus ustalarının düzəltdiyi saxsı borular vasitəsilə gətirilib, içməli bulaq suyu şəhərin gur yaşayış məhəllələrinə sərin tünglərin köməyi ilə paylanıb. Yağ-pendir küpəsini, doşab bərnisini, tutmaqovurma küpələrini şəhər və kənd məişətindən çıxarmaq üçün əsrlər, qərinələr də kifayət etməyib. Boyaqxanalarda düzülüşü göz oxşayan boyaq küpələrinə sərfəli əvəz hazırlamaq müasir sənaye istehsalında da asan deyil.

Bu möcüzələri yaradanlar milliliyi, milli-mədəni irsimizin tələb və özəlliklərini heç vaxt yaddan çıxarmayıblar. Bu prinsip Şəki sənətkarlığının bütün sahələrində, o cümlədən ipəkçilikdə də qorunub yaşadılıb.

Görkəmli pedaqoq, folklorşünas, etnoqraf Rəşid bəy Əfəndizadənin tədqiqatlarından bəlli olur ki, Şəki dünyada ipəkçiliyin yarandığı məkanlardan biri sayılıb. Bu fikri şərtləndirən amillərdən biri də Şəkinin təbii coğrafi şəraitinin ipəkçiliyin inkişafındakı əhəmiyyətidir. Məhz bu amil Şəkidə ipəkçilik təsərrüfatının, ipəkçilik sənayesinin inkişafında bənzərsiz rol oynayıb.

Şəkidə bu gün inkişaf edib qədimliyini qoruyub yaşadan sənət sahələrindən biri şəbəkəçilikdir. Maraqlananlar yaxşı bilirlər ki, şəbəkəçilik sənəti daha çox məşhur şəbəkə ustası Əşrəf Rəsulovun və onun oğlu, mahir şəbəkəçi Tofiq Rəsulovun adları ilə bağlıdır.

Əşrəf Rəsulov bu zərif sənəti bütün incəliklərinə qədər öyrənib, bir çox maraqlı şəbəkə işləri ilə zamanında şöhrət qazanıb. Tədqiqatçı A.Mustafayevin qeyd etdiyi kimi, bu sehrli sənətə, sehrli naxışlara tükənməz məhəbbəti milli sənət ənənələrini davam etdirən Əşrəf Rəsulovun görkəmli şəbəkə ustası kimi yetişməyində mühüm rol oynayıb. Təsadüfi deyil ki, Şəki Xan sarayının XVIII əsrdən qalma şəbəkələrinin bərpası məhz ona etibar olunub. Bu bərpa işi üzərində 10 ildən çox davam edən zəhməti Əşrəf Rəsulovu bir çox ümumittifaq sərgilərinin fəxri diplomçusu və SSRİ Rəssamlar İttifaqının üzvü edib.

Əşrəf Rəsulovun oğlu Tofiq Rəsulovun da mahir şəbəkə ustası kimi sorağı ölkə hüdudlarını aşıb.

Sənətşünaslıq elmləri doktoru, professor Ertəkin Salamzadənin “Tofiq Rəsulov. Şəbəkə” kitabı bu ecazkar sənətin, o cümlədən Tofiq Rəsulovun yaradıcılıq sirlərinin sənətsevərlərə, oxuculara çatdırılmasında mühüm əhəmiyyətə malikdir.

Tofiq Rəsulov vaxtilə atasının yaratdığı “Şəbəkə” dərnəyindəki fəaliyyətini davam etdirir. 10-dan çox gəncə şəbəkəçilik sənətinin sirlərini öyrədir. İki oğlu - İlqarVüqar da bu gənclərin sırasındadır.

Tofiq müəllim 2014-cü ilin iyun ayında öz əl işləri ilə Almaniyada beynəlxalq turizm sərgisində iştirak edib.

Şəkidə Şəkixanovların evinin (Qış sarayının) bərpası da ona tapşırılmışdı, öhdəsindən layiqincə gəlib. Sarayın yenidənqurmadan sonra açılışında Şəkiyə səfəri çərçivəsində Prezident İlham Əliyev iştirak edib və görülən işləri yüksək qiymətləndirib.

Gələn il Tofiq Rəsulovu Amerikaya, Fransaya səfərlər gözləyir. İnanır ki, o ölkələrdə də öz yaradıcılıq nümunələrini uğurla təqdim edəcək.

Bəli, sənətkarlar yurdu Şəkinin zəngin tarixi keçmişi, gözəl, firavan bugünü var. Bu qədim diyarın bütün sənətkarlıq sahələrinə bir yazı ilə güzgü tutmaq, şübhəsiz ki, mümkün deyil. Ən əsası odur ki, bu sənət növləri yaşadılır və ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində yetərincə diqqət göstərilir.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 21 dekabr.- S.5.