Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində
2014-cü
ilin idman yekunlarına həsr olunan mərasimdə
iştirak edib
Dekabrın
22-də Milli Olimpiya Komitəsində 2014-cü ilə yekun
vurulub, idmançılara və idman mütəxəssislərinə
mükafatlar təqdim olunub.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Azərbaycan
Prezidenti İlham Əliyevin çıxışı
- Əziz dostlar, hər il olduğu kimi, ilin sonunda biz ilin idman yekunlarını müzakirə edirik. Artıq bu gözəl ənənə neçə ildir ki, yaşayır və əminəm ki, bundan sonra da yaşayacaqdır. Yadımdadır, 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə mən demişdim ki, Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi idmançılara qayğı göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirik.
Bu siyasət uğurlu siyasət olmuşdur. Bu siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır. Bir daha demək istəyirəm ki, Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir.
Bütövlükdə, 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Eyni zamanda, bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olmuşdur. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılmışdır və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Bu, həm onu göstərir ki, idmançılarımız daha da gözəl nəticələr qazanırlar, eyni zamanda, daha geniş mənada beynəlxalq yarışlarda iştirak edirlər. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir.
İl ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilmişdir. Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Hər bir beynəlxalq yarışın keçirilməsi həm böyük məsuliyyətdir, eyni zamanda, gözəl imkandır ki, qonaqlar, idmançılar ölkəmizlə tanış olsunlar, Azərbaycan reallıqlarını görsünlər və bilsinlər ki, dünyada güclü, qüdrətli, müasir Azərbaycan dövləti vardır.
Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanmışlar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülmüşlər. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir.
İdmançılarımızın uğurları xalqımızı sevindirir. Bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə ediblər. Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar.
Bu il idman qurğularının tikintisi davam
etdirilmişdir. Göygöl şəhərində
Olimpiya Mərkəzi açılmışdır. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi
aparılır, yaxud da ki, ona hazırlıq işləri gedir.
Bütövlükdə bölgələrdə
41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son
illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi
yaradılmışdır. Beləliklə,
idmanla məşğul olmaq üçün hər bir
bölgədə yaxşı imkanlar -
üzgüçülük hovuzları, açıq,
qapalı zallar və bütün infrastruktur var. Ona görə
tam əminəm ki, bizim beynəlxalq yarışlardakı
nailiyyətlərimiz uğurla davam edəcək.
Gənc, peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı
dünyada ləyaqətlə təmsil edirlər. Azərbaycan idman dövləti kimi artıq
özünü təsdiq edib. Bunu beynəlxalq
idman qurumları da qeyd edirlər. Noyabr
ayında Bakıda Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında
Azərbaycanın uğurlu inkişafı, o cümlədən
idmanın inkişafı ilə bağlı çox dəyərli
fikirlər səsləndirilmişdir. Bu
Assambleyada 300-dən çox qonaq iştirak etmişdir.
Avropanın bütün yerlərindən gələn qonaqlar
şəhərimizlə, idman nailiyyətlərimizlə tanış oldular. Həm Avropa
Olimpiya Komitəsinin prezidenti, eyni zamanda, bu tədbirdə
iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Azərbaycanın
bu sahədəki uğurlarını qeyd etmişlər.
Bizim bütövlükdə beynəlxalq idman
qurumları ilə əməkdaşlığımız
uğurla davam etdirilir. Təsadüfi deyil ki, Bakıda birinci
Avropa Oyunları keçiriləcək. Bu
Oyunların keçirilməsi tarixi hadisədir. Çünki bildiyiniz kimi, ilk dəfə olaraq
Avropada belə oyunlar keçiriləcək və bu məsuliyyət
bizim üzərimizə düşür. Biz
bu məsuliyyəti öz üzərimizə
götürmüşük, buna hazır idik. Görülən bugünkü işlər onu
göstərir ki, Avropa Olimpiya Komitəsi düzgün qərar
qəbul etmişdir.
Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq
üçün bizim cəmi iki il
yarım vaxtımız var idi. Biz bu
hazırlıq işlərini çox məhdud bir vaxt, zaman
çərçivəsində görürük. Ancaq bütün işlər yüksək keyfiyyətlə,
qrafik üzrə aparılır və bütün idman
qurğuları vaxtında hazır olacaq. Bu,
o qədər də asan məsələ deyil. Çünki bizim bəzi idman qurğularımız
var idi, bəziləri isə tikilir, olanlar da əsaslı təmir
edilir. Ona görə hazırda çox
böyük quruculuq işləri aparılır.
Bütün idman obyektlərində gərgin iş gedir. Bu Oyunların keçirilməsi nəticəsində
Azərbaycanda yenilənmiş və yeni gözəl idman
infrastrukturu yaradılacaqdır ki, gələcəkdə Yay
Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq.
Əslində, Avropa Oyunları idmançıların,
idman növlərinin sayına görə Yay Olimpiya
Oyunlarına çox yaxındır, altı mindən çox
idmançı iştirak edəcək və 20 idman
növündə yarışacaqdır. Müqayisə
üçün deyə bilərəm ki, 1980-ci illərə
qədər Yay Olimpiya Oyunlarında təxminən 6 min
idmançı iştirak edirdi. Ondan sonra
idman növlərinin artırılması nəticəsində
Yay Olimpiya Oyunlarında təqribən 9-10 min idmançı
iştirak edib. Yəni, bizim
Oyunlarımız Yay Olimpiya Oyunlarından o qədər də
çox fərqlənməyəcək. Eyni
zamanda, bizim Oyunlarımızın bir neçə
üstünlüyü olacaqdır. Çünki
bir neçə idman klasteri yaradılıbdır,
idmançılar və mətbuat nümayəndələri
üçün Olimpiya şəhərciyi və media şəhərciyi
yaradılır. Bu da ən yüksək səviyyədə
olan binalardır, orada ən gözəl şərait
yaradılacaqdır, özü də şəhərin mərkəzində
yaradılır. Yay Olimpiya Oyunlarında
Olimpiya şəhərciyi şəhərlərin kənarında
yerləşir. Oraya gedib çatmaq
üçün ən azı bir saat vaxt lazımdır.
Bu isə şəhərin mərkəzindədir.
Bizim
mövcud olan bütün idman obyektlərimiz təmir olunur –
Heydər Əliyev adına İdman
Kompleksi, Bakı İdman Sarayı və bizim digər obyektlərimiz
“Crystal Hall” - indi orada da bir neçə idman növü
üzrə yarışlar keçiriləcəkdir. Bakı Gimnastika Arenası bu yaxınlarda istifadəyə
verilmişdir. Stend
Atıcılığı Mərkəzi uğurla inşa
edilir. Su İdmanı Sarayı, indi onun
tikintisi son mərhələdədir. Böyük
Olimpiya Stadionu tikilməkdədir. Eyni zamanda,
Baku Sport City adlanan mərkəz də inşa edilir və bu,
nadir bir idman mərkəzi olacaqdır. Eyni
zamanda, bu Oyunların keçirilməsi nəticəsində
şəhərimizin infrastrukturuna böyük dəstək
verilir, nəqliyyat məsələləri öz həllini
tapır, yeni nəqliyyat istiqamətləri
açılır, yollar, körpülər, estakadalar
salınır və şəhər nəqliyyatının təkmilləşdirilməsi
üçün yeni avtobuslar alınır. Yəni, bu Oyunlardan sonra əlbəttə ki, Bakı
şəhərində yeni imkanlar yaranacaq.
İndi böyük ekoloji layihələr icra edilir. Göllərin
təmizlənməsi prosesi gedir, o cümlədən
Böyükşor gölünün təmizlənməsi indi
uğurla davam etdirilir. Böyükşor
gölü ikiyə bölünür. Göl
üzərində bənd artıq tikilibdir. Bəndin
üzərində geniş avtomobil yolu çəkilir, yəni,
nəqliyyat üçün çox gözəl imkanlar
açılır, eyni zamanda, Böyükşor
gölünün təmizlənməsinin birinci mərhələsi
nəticəsində, - o da Oyunlara qədər hazır olacaq,
şəhərin mərkəzində 300 hektar sahədə təmiz,
gözəl, abad bir göl olacaq ki, onun ətrafında bulvar,
meşə, gəzinti, idman, velosiped zolaqları - hər
şey nəzərdə tutulubdur. Artıq təmizləmə
prosesi getdiyi bir vaxtda - mən bunu böyük sevinclə qeyd
etmişəm – artıq köçəri quşlar da o
gölə qonur. Bu da onu göstərir ki,
artıq orada su təmizlənir.
Eyni zamanda, Sport City yerləşən ərazidə,
köhnə buruqların yerində gözəl bir idman mərkəzi
salınır.
Bibiheybət neft yataqları dünyanın ən
qədim neft yataqlarından biridir. Vaxtilə
neft hasilatının fəsadları orada özünü
büruzə vermişdir, o yer tamamilə ekoloji fəlakət
mənzərəsini əks etdirirdi. Orada
olan buruqlar bəzi filmlərdə də öz əksini
tapmışdır. İndi o ərazi
tamamilə təmizlənir, böyük - 20 hektarlıq bir
park salınır. Su İdmanı
Sarayının ətrafı gözəl Bakının bəlkə
də ən gözəl park zonasına çevriləcəkdir.
Beləliklə, bulvarın uzunluğu da
artacaqdır. Ənənəvi bulvarın
uzunluğu 3 kilometr yarım idi. İndi isə
yeni layihələr nəticəsində bulvarın uzunluğu
16 kilometrə çatacaqdır. Bu,
dünyanın bəlkə də ən uzun bulvarı olacaq.
Hər bir insan “Ağ şəhər”dən
başlayaraq ta Bibiheybət buruqlarına qədər piyada gedə
bilər. Ancaq əlbəttə ki, bu,
çox uzun bir məsafədir. Ona görə,
bulvara əlavə xüsusi kiçik avtobuslar gətiriləcək
ki, onlar da insanlara rahatlıq verəcək.
Yəni, demək istəyirəm ki, görün bu
Oyunların keçirilməsi bizim üçün nə qədər
böyük imkanlar açır. Düzdür, onsuz da
biz bu layihələri icra edəcəkdik. Həm
Böyükşor gölünün təmizlənməsi,
bulvarın tikintisi, yəni, bu, bu günün məsələləri
deyil. Biz, eyni zamanda, böyük Olimpiya
Stadionunun da təməl daşını qoyanda hələ
Oyunların keçirilməsi haqqında qərar verilməmişdi.
Biz onsuz da bunları edəcəkdik. Sadəcə olaraq, Oyunlar bizi məcbur edir ki, bunu
daha da qısa müddət ərzində həyata keçirək.
Altı aydan sonra bütün bu gözəl,
yeni yerlər ictimaiyyət üçün açıq olacaq
və Oyunlardan sonra Bakı sakinləri, onun qonaqları bu gözəl
imkanlardan istifadə edəcəklər. Bizim
gözəl şəhərimiz Bakı daha da gözəl
olacaq və əminəm ki, qonaqlar, idmançılar, şəhərimizə
gələn bütün turistlər bunu bir daha görəcəklər.
Bu Oyunların keçirilməsi, eyni zamanda, ölkəmizin
gücünü göstərir. Çünki ancaq
güclü dövlətlər belə böyük tədbirləri,
idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən
işlər nəticəsində ölkəmiz gücləndi,
güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət
istiqamətdə gedir. Beynəlxalq aləmdə
Azərbaycan çox böyük hörmətə malik olan
bir ölkədir. İdman aləmində
isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən
bütün vəzifəli şəxslər Azərbaycanın
uğurlarından danışırlar. Ona görə bu
Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu
kimi dünyaya təqdim edək və bir daha göstərək
ki, gənc müstəqil Azərbaycan böyük uğurlara
imza atır, dünyaya açıqdır, ölkəmiz
müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə
bağlıdır, ölkəmizdə təhlükəsizlik
tədbirləri yüksək səviyyədə təmin edilir.
Bakı və Azərbaycan dünyanın ən
təhlükəsiz şəhərlərindən, ölkələrindən
biridir. Beləliklə, Azərbaycan
dünyaya öz imkanlarını bir daha göstərəcək.
O ki
qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn
il də bu uğurlar təmin ediləcək.
Artıq gözəl bir ənənə
vardır. İdmançılarımız
həm peşəkardırlar, həm vətənpərvərdirlər,
Vətənə bağlıdırlar və Azərbaycan bundan
sonra da beynəlxalq arenalarda öz sözünü deyəcək.
Bu gün biz idmançıları, idman mütəxəssislərini
ənənəvi olaraq təltif edəcəyik. Dövlət, xalq
üçün görülən hər bir iş əlbəttə
ki, dövlət tərəfindən layiqli qiymətini
alacaqdır. Biz idmançıları hər il
təltif edirik, müxtəlif mükafatlar verilir. Bu gün də bu mükafatlar veriləcəkdir.
Əminəm ki, biz gələn il Avropa
Oyunlarının qaliblərini təltif edəcəyik.
Mən
fürsətdən istifadə edərək, sizi və
bütün Azərbaycan idmançılarını,
bütün Azərbaycan xalqını qarşıdan gələn
Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramı münasibətilə ürəkdən
təbrik edirəm, sizə gələn ildə yeni uğurlar
arzulayıram. Sağ olun.
Sonra 2014-cü ildə yüksək nailiyyətlər
qazanan idmançılara və idman mütəxəssislərinə
mükafatlar təqdim olundu.
Prezident İlham Əliyev müxtəlif beynəlxalq
yarışlarda fərqlənən, ölkəmizdə
idmanın inkişafına töhfə verən bir qrup
idmançı və idman mütəxəssisinə yeni mənzillərin
orderlərini təqdim etdi.
İdmanda yüksək nailiyyətlər göstərən
Elsevər Quliyev, Elvin Əhmədli, Əkbər Fərəcov
və Cəsarət Əhmədov Milli Olimpiya Komitəsinin
prezidentinin fəxri fərmanları ilə təltif edildilər.
Respublikamızda idmanın inkişafında xidmətləri
olan Rafiq Həsənova və Məmməd Useynova Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi
haqqında sənədlər təqdim olundu.
Azərbaycan
Prezidenti ölkəmizdə bədən tərbiyəsi və
idmanın inkişafında xidmətlərinə görə
Maqomed Aliomarova, Vaqif Cəfərova, Musa Həsənova və
Çingiz İsmayılova “Əməkdar Bədən Tərbiyəsi
və İdman Xadimi”, Akif Atakişiyevə və Şəmsəddin
Şahbazova isə “Əməkdar Müəllim” fəxri
adlarının döş nişanlarını təqdim etdi.
Azərbaycan Qol Güləşi Federasiyasının
prezidenti Cəsarət Əhmədov federasiya üzvləri
adından dövlətimizin başçısına minnətdarlığını
ifadə etdi.
Bildirdi ki, bu il qol güləşi üzrə
24-cü Avropa çempionatı Azərbaycanda keçirilib. 33 ölkədən 600-dən çox
idmançının iştirak etdiyi yarışda Azərbaycan
pəhləvanları 41 medal qazanıblar. Qeyd edildi ki, bu
il həm də federasiyanın yeni mərkəzinin
açılışı olub.
Ağır Atletika Federasiyasının nümayəndəsi,
veteran Məmməd Useynov fərdi təqaüd
aldığına və idman veteranlarına göstərdiyi diqqətə
görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi.
Bakı Dövlət Universitetinin idman kafedrasının
müdiri Akif Atakişiyev dövlətimizin
başçısına idmanın inkişafına göstərdiyi
qayğıya, həmçinin idman mütəxəssislərinə
və idmançılara ayrılan diqqətə görə
minnətdarlığını ifadə etdi.
Milli
Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü,
Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri,
Əməkdar İncəsənət Xadimi Zərifə
Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri
təqdim etdi, dövlətimizin başçısına
doğum günü münasibətilə təbriklərini
çatdırdı, fəaliyyətində uğurlar
arzuladı.
Azərbaycan.-2014.- 23 dekabr.- S.1-2.