Əli HƏSƏNOV: Azərbaycan dövləti gəncliyin inkişafı

ilə bağlı mükəmməl proqrama malikdir

 

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda “Gənclər təşkilatları: yeni imkanlarmüasir çağırışlar” mövzusunda tədbir keçirilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətindən, həyata keçirilən müvafiq dövlət proqramlarından danışıb. Qeyd olunub ki, 2011-ci il dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fondu yaradılıb. Üç il ərzində fond tərəfindən 6 qrant müsabiqəsi keçirilib. Fond elektron müraciət sistemi yaratmaqla gənclərin bu qurumla əməkdaşlığını daha da asanlaşdırıb. Müsabiqələr çərçivəsində icra edilmişqalib olmuş layihələr bütün bölgələri əhatə edir. Gənclər, həmçinin xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara və digər tədbirlərə qatılmaq imkanı qazanıblar.

Fond ölkəmizdə ilk dəfə olaraq layihələrin internet vasitəsilə qəbuluna başlayıb. Nəticədə ilk qrant müsabiqəsinə 165 layihə daxil olmuşdusa, sonuncu - 6-cı müsabiqəyə 1249 layihə təqdim edilib. Fond gələcəkdə müxtəlif telekanallarda intellektual, gənclik və idman, ixtiraçılığın inkişafına dəstək layihələri də həyata keçirəcək. Hazırda fondda 304 gənclər təşkilatı və 3842 gənc qeydiyyatdan keçib.

Milli Məclisin deputatı Hadi Rəcəbli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, fondun Müşahidə Şurasının üzvü Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və başqaları çıxış edərək fondun həyata keçirdiyi layihələrin bütün regionları əhatə etməsini təqdirəlayiq hal kimi dəyərləndiriblər. Ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirilməsindən, bu istiqamətdə müxtəlif dövlət proqramlarının həyata keçirilməsindən, gənclərin yaradılan şəraitdən yetərincə faydalanmalarının vacibliyindən bəhs ediblər. Gənclər Fondunun dəstəyi ilə təxminən iki minə yaxın layihənin icra olunduğunu deyən natiqlər təşkilatın gənclər arasında etimad qazandığını bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fondun ötən üç ildə kifayət qədər səmərəli fəaliyyət göstərdiyini qeyd edərək deyib ki, bu fəaliyyət praktiki nəticələrini göstərməkdədir. Hər bir fəaliyyətin səmərəsi onun ictimai mahiyyəti, dövlətin, xalqın ictimai-siyasi, sosial maraqlarına xidmət etməsi ilə ölçülür. Bu baxımdan tədbirdə təqdim olunan layihə nümunələri, fondun rəhbərliyinin hesabatı, ötən 3 il ərzində 1865 layihənin dəyərləndirilməsi, onlara ciddi vəsaitin ayrılması, müraciətlərin intensiv şəkildə artması, tematikasının genişlənməsi, gənclərin bütün təbəqələrini əhatə etməsi görülən işin üstünlüyündən, ictimai dəyərindən xəbər verir.

Əli Həsənov bildirib ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində müstəqil dövlətini qurmağa və möhkəmləndirməyə nail olub. Azərbaycan bu gün beynəlxalq aləmdə layiqincə təmsil olunur, hətta bir sıra mötəbər qurumlara rəhbərliyi həyata keçirir. Dünya dövlətləri sırasındakı yerini özünün müstəqil xarici siyasəti, uğurlu neft strategiyası ilə möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı dünyanın öndə gedən iqtisadiyyatlardan biridir, onun sosial siyasəti bu gün dünyaya örnəkdir. Bunun nəticəsi olaraq Azərbaycanda tolerantlıq mühiti hökm sürür, multikulturalizm ənənələri zənginləşir. Bizim ən dəyərli sərvətimiz Azərbaycan dövləti və onun varlığıdır.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, Azərbaycanda qürur duyduğumuz Milli Ordu formalaşıb. Əgər sülh danışıqları nəticə verməsə, bu ordu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Əli Həsənov bildirib ki, qürur duyduğumuz digər bir məsələ də məhz Azərbaycanda formalaşdırılan, təməlində sağlam prinsiplər dayanan gənclər siyasətidir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Gənclər siyasətinin təməlində duran prinsiplərə aydınlıq gətirən Ə.Həsənov deyib: “Azərbaycan gənci ilk növbədə, milli köklərə bağlı olmalıdır. Əgər gənclərimiz dövlətinə, xalqının mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxa, onları qoruya, inkişaf etdirib gələcək nəsillərə çatdıra bilirsə, bu xalqın gələcəyi var. Bu hədəflərə çatmaq üçün gənclər təhsilli, fiziki cəhətdən sağlam, informasiyalı, innovativ, kreativ olmalıdırlar. Təkcə istək azdır, gənclik istədiyini həyata keçirməyi bacarmalıdır. Azərbaycan əhalisinin təxminən 65 faizini gənclər təşkil edir. Dövlət siyasi, iqtisadi, mənəvi və digər resursları gənclərin inkişafına yönəltməklə, gənclər siyasətini məqsədyönlü şəkildə formalaşdırıb həyata keçirməklə, gələcək üçün etibarlı bünövrə yaradır. Dövlətin, xalqın öz gələcəyinə əminliyi məhz gəncliyə bağlıdır”.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanda gənclər siyasətinin təməl prinsipləri düzgün müəyyənləşdirilib, dövlət bu sahədə mükəmməl proqrama malikdir. Bu siyasətin üstünlüklərindən biriondan ibarətdir ki, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, biz həyata keçirmək istədiyimiz siyasəti elmi-praktiki cəhətdən əsaslandırırıq, onu dövlət proqramlarında sistemləşdirir və reallaşdırırıq. Azərbaycan dövlətinin yürütdüyü siyasətin uğurunu təmin edən əsas amil bu siyasətin xalqın maraqlarına söykənməsidir. Elə buna görə də Azərbaycan xalqı onu dəstəkləyir.

Gənclər Fondunun fəaliyyəti barədə danışan Əli Həsənov qeyd edib ki, diqqət çəkən mühüm məqam onun gördüyü işlərin şəffaflığıdır. Müşahidə Şurası da öz işini şəffaf şəkildə həyata keçirir. Ümumiyyətlə Prezident yanında yaradılan fondların hamısında belə şəffaf, praktiki proseslər gedir. Bu siyasətin formalaşmasında gənclər və media yaxından iştirak edir.

Ə.Həsənov çıxışını tədbir iştirakçılarına müraciətlə tamamlayıb: “Qarşıda bizi çox mühüm hadisələr, inkişaf gözləyir. Bu inkişafda bizim söykəndiyimiz əsas dayaq siz gənclərsiniz”.

Tədbirdə fondun dəstəyi ilə müxtəlif təşkilatların və gənclərin həyata keçirdiyi layihələrdən bəhs edən videoçarxlar nümayiş olunub.

 

AzərTAc

Azərbaycan.-2014.- 23 dekabr.-  S.9.