Sumqayıtda “Heydər Əliyev - Azərbaycan: dünən, bu gün

 və sabah” mövzusunda “dəyirmi masa” keçirilmişdir

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna rol oynayıb. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi üçün mümkün ola bilən hər bir işi görmüş, tarixi xidmətlərinə görə əbədiyaşarlıq qazanmış, xalqımızın ümummilli liderinə çevrilmişdir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev - Azərbaycan: dünən, bu günsabah” adlı “dəyirmi masada ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən danışılıb.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar ƏZİZOV bildirib ki, XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanıb. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqının milli mənafeyi uğrunda əzmlə mübarizə aparıb. Heydər Əliyev Azərbaycana rəhbərliyə başlayandan sonra qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirib. Bu baxımdan 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişafquruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanın müstəqilliyini möhkəmləndirib və xalqımız Heydər Əliyevin adını müasir dövlətimizin banisi kimi tarixə həkk edib.

Son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi böyük yüksəliş yolu ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesinin nəticəsidir. Görülən işlər sayəsində Azərbaycanın bütün bölgələri tarazlı şəkildə inkişaf edir, şəhər və kəndlər, qəsəbələr intibah dövrünü yaşayırlar. Prezident İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın etimadını doğrultmuş qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.

Sumqayıt şəhərinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub. Hakimiyyətdə olduğu illərdə sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun əvəzsiz xidmətləri danılmaz bir faktdır. Prezident İlham Əliyev də Sumqayıta sözün həqiqi mənasında xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının dəstəyi ilə Sumqayıt sürətlə abadlaşır və güclü sənaye mərkəzinə çevrilir.

“Heydər Əliyev - Sumqayıt: dünən, bu günsabahmövzusunda danışan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İMAMƏLİYEV bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin “Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir” sözləri şəhər sakinləri tərəfindən daim böyük qürur və fərəh hissi ilə xatırlanır. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsində Sumqayıtda yeni zavod və fabriklər, yüngül sənaye və energetika müəssisələri, iri idman obyektləri, ittifaq əhəmiyyətli elmi-tədqiqat institutları və digər sosial xarakterli müəssisələr istifadəyə verilib, şəhər gündən-günə böyüyüb, keçmiş ittifaqın inkişaf etmiş sənaye mərkəzi kimi tanınıb.

İndi isə Prezident İlham Əliyevin Sumqayıta olan böyük qayğısı, şəhərin sosial-iqtisadi inkişafına dair verdiyi sərəncamlar şəhər ictimaiyyəti tərəfindən böyük ehtiramla qarşılanır. Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını özünə qaytarır və bu işlərdə inamla irəliləyir. Bu, yeni sənaye müəssisələrinin, sosial obyektlərin istifadəyə verilməsi, şəhərin görkəminin büsbütün dəyişməsi, təmiz bir şəhərə çevrilməsi üçün həyata keçirilən yorulmaz fəaliyyətin nəticəsidir.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa QASIMLInın çıxışı “Heydər Əliyev və İlham Əliyev: Azərbaycanın müstəqil xarici siyasət konsepsiyası” mövzusunda oldu. Bildirildi ki, ulu öndər Heydər Əliyev qısa zamanda uzaqgörən gedişlərlə Azərbaycanın xarici siyasət kursunu sistemləşdirib və zamanın tələbləri səviyyəsinə qaldırıb, əsas istiqamətlərini konkret geosiyasitarixi şəraitə uyğun müəyyənləşdirib. Bu siyasətin mərkəzində güclü Azərbaycan dövləti və demokratik cəmiyyət yaratmaq dururdu. Ulu öndərin əsasını qoyduğu siyasi kursu layiqincə davam etdirən, dəyişən dünyanın yeni çağırışlarına uyğunlaşdıraraq daha da zənginləşdirən Prezident İlham Əliyevin “Azərbaycanla təzyiq dilində danışmaq olmaz” sözləri isə bu gün real həyatımızda, ölkəmizin xarici siyasətində öz təsdiqini tapmaqla, Azərbaycanın tam müstəqil siyasət yeridən ölkə olduğunu göstərir.

Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirən və milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir. Bunu isə ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar BABAYEV bildirdi. “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda danışan M.Babayevin sözlərinə görə, ulu öndər Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ilk gündən yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışıb. Çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə daxil olmuş qlobal neft müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadistrateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız enerji müstəqilliyini təmin edib, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib.

Milli Məclisin deputatı Leyla ABDULLAYEVA bildirib ki, ötən hər il sözün həqiqi mənasında, böyük və ibrətamiz ömür yaşamış ümummilli lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin böyüklüyünü sübut edir. Bu mənada Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanması və inkişaf etdirilməsidir ki, bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir. Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük əsəri olan müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha sıx birləşməkdə görür. Fəxrlə söyləyə bilərik ki, xalqımızın ümummilli liderininAzad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir” arzusu Prezident İlham Əliyevin səyi nəticəsində reallığa çevrilib.

“Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir” - aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonikdüzgün qiyməti əks etdirir. Ulu öndər xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur”. Bunu “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır” mövzusunda danışan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman NƏSİROV bildirdi. Onun sözlərinə görə, Azərbaycan xalqı artıq 11 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Sumqayıt şəhər Cümə məscidinin axundu Rauf SƏRDAROV və Müqəddəs Serafim Sarovski kilsəsinin keşişi Vadim ŞELKOV ölkəmizdə milli-mənəvi və dini dəyərlərə göstərilən qayğıdan, dini tolerantlıqdan, multukultiralizmdən danışıblar. Qeyd olunub ki, Heydər Əliyev sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən həmişə xalqının milli dəyərlərini yüksək qiymətləndirib, uzaqgörən siyasəti nəticəsində bu dəyərləri qoruyub saxlaya bilmişdi. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra dövlət-din münasibətlərinin tənzimlənməsi və radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyev ulu öndərin bu yolunu davam etdirərək dini ibadət məkanları olan məscidlərin təmir edilməsi və ya ehtiyac duyulan yerlərdə yenilərinin tikilməsinə lazım olan dövlət dəstəyini əsirgəmir. Eyni zamanda ölkəmizdə mövcud olan dini tolerantlıq mühiti bütün dünyaya nümunədir. Azərbaycan xalqı başqa millətlərin inanclarına hörmətlə yanaşır ki, bu da ölkəmizin multikulturalizm ənənələrinə sadiqliyini göstərir.

Zəngin sənaye ənənələri olan Sumqayıt indi bu sahədə daha böyük uğurlara imza atır. Bu barədə fikirlərini bildirən Sumqayıt Texnologiyalar Parkının icraçı direktoru Sahib MUSAYEV deyib ki, müasir Sumqayıt sənayesi İlham Əliyevin yeni dövrün tələblərinə uyğun həyata keçirdiyi inkişaf siyasətinin nəticəsidir. Prezident İlham Əliyev Sumqayıt şəhərini sənaye mərkəzinə çevirməyi Azərbaycanın dövlət siyasətinin başlıca prioritetlərdən biri kimi qarşıya məqsəd qoyub. Sumqayıt Texnologiyalar Parkının yaradılması bu istiqamətdə atılan olduqca mühüm addımdır. STP qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq, artıq regionda ən böyük sənaye mərkəzlərindən birinə çevrilib.

Sumqayıt şəhəri 11 saylı tam orta məktəbin direktoru, “Şöhrət” ordenli, əməkdar müəllim Ofelya BABAYEVA Heydər Əliyev Fondunun çoxşaxəli və parlaq fəaliyyətindən söz açıb. Qeyd edib ki, ölkəmizin birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən ulu öndərin sosial siyasət kursuna uyğun layihələr həyata keçirərək ölkəmizdə sosial siyasətin uğurla reallaşdırılmasına layiqli töhfələrini vermişdir. Heydər Əliyev Fondunun Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, təhsil, səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin nəticələrini artıq görürük. Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də təqdirəlayiq işlər görən fond müxtəlif dillərdə yüzlərlə nəşrlər hazırlayaraq, onu bütün dünyaya yayır.

Yekunda “dəyirmi masa” iştirakçılarının Sumqayıt şəhər ictimaiyyəti adından Bəyanatı oxundu. Bəyanatda deyilir: Biz, Sumqayıt şəhərinin ziyalıları, elm və mədəniyyət adamları, şəhər ictimaiyyətinin nümayəndələri əsası dahi siyasətçi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan güclü və müstəqil Azərbaycanın yüksək inkişafını böyük qürurla qeyd edir, ümummilli liderin uzaqgörən siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək ölkəmizin regionun lider dövlətinə çevrilməsini, beynəlxalq aləmdə böyük nüfuz qazanmasını fəxr hissi ilə vurğulayaraq Heydər Əliyev və İlham Əliyev siyasətini ürəkdən dəstəklədiyimizi bəyan edirik”.

Bəyanatda “dəyirmi masa”nın iştirakçıları Heydər Əliyev - İlham Əliyev dövrünün tarixə böyük quruculuqinkişaf dövrü kimi düşəcəyinə əminliklərini, Azərbaycanın gələcəyinin məhz Heydər Əliyev siyasəti ilə, İlham Əliyevin apardığı siyasətlə bağlı olduğunu bildirir və ölkəmizi tarixi qələbələr və böyük uğurlar yolu ilə aparan bu siyasətin alternativinin olmadığını bəyan edirlər.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 23 dekabr.-  S.14.