Azərbaycan-Rusiya parlamentlərarası
komissiyasının 12-ci iclası keçirilib
Dekabrın 23-də Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlıq üzrə parlamentlərarası komissiyasının 12-ci iclası keçirilib.
AzərTAc xəbər verir ki, Milli Məclis sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərov iclasın gündəliyi haqqında məlumat verib. Bildirib ki, bugünkü toplantıda komissiyanın tərkibi, onun 2014-cü ildə fəaliyyətinin nəticələri və qarşıdakı müddətdə vəzifələri, Azərbaycan ilə Rusiya arasında energetika sahəsində əməkdaşlığın perspektivləri, regionlararası əlaqələrin inkişafı, parlamentlərarası komissiyanın 2015-ci il üzrə planları, 13-cü iclasın yeri və vaxtı ilə bağlı məsələlər müzakirə olunacaq.
Federasiya
Şurasının sədr müavini,
parlamentlərarası komissiyanın həmsədri İlyas Umaxanov Rusiya tərəfindən komissiyanın tərkibində
dəyişikliklərin olduğunu qeyd edib. O bildirib ki, bu
dəyişikliklər nəticəsində komissiyaya
Federasiya Şurasının aqrar-ərzaq
siyasəti, elm, təhsil və mədəniyyət
komitələrindən üzvlər, həmçinin
Rusiyanın Başqırdıstan Respublikası, Həştərxan
və Samara vilayətlərini təmsil edən
nümayəndələr daxil edilib. Qeyd edilib
ki, komissiyada əsasən
Azərbaycanla qonşuluq edən
regionların nümayəndələri təmsil olunur ki, bu
da iki ölkə
arasında gələcək əməkdaşlıq sahələrinin
müəyyən edilməsi üçün
vacibdir.
Azərbaycan.-2014.- 24 dekabr.- S.4.