Prezident İlham
Əliyev Bakıda inşa olunan
Heydər məscidində
son tamamlama işlərinin gedişi ilə tanış olub
Dekabrın
24-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi
rayonunun ərazisində inşa edilən Heydər məscidində
aparılan son tamamlama işlərinin gedişi ilə
tanış olublar.
Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov tikintinin başa
çatdığını, hazırda burada son tamamlama
işlərinin həyata keçirildiyini bildirdi. Dövlətimizin
başçısının tapşırığı ilə
inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə
salınıb. Artıq məscidin fasadında bütün
işlər görülüb, 72 metr
hündürlüyündə 4 minarənin inşası
başa çatdırılıb.
Prezident
İlham Əliyev məscidin tikintisini daim diqqət mərkəzində
saxlayıb, həyata keçirilən inşaat işlərinin
gedişi ilə yaxından maraqlanıb, mütəmadi olaraq
buraya gələrək görülən işlərlə
bağlı müvafiq tapşırıqlarını verib.
Məscidin
fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi
daşlarla üzlənib. Tikinti işləri zamanı bəzək
elementləri xüsusi ustalıqla yerinə yetirilib. Ornamentlərin
zənginliyi məscidin fasadının arxitekturasında xüsusi
harmoniya yaradıb. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin
daxilində də tamamlama-bəzək işləri başa
çatmaq üzrədir. Burada da xüsusi bəzək elementlərindən
istifadə olunub, günbəzin kənarlarına Quran ayələri
yazılıb. Hündürlükləri 55 metr və 35 metr
olan baş və ikinci günbəzlər məscidin daxilinə
xüsusi gözəllik verir.
Maddi-mədəniyyət
abidələrinin bərpası və mühafizəsini daim
diqqət mərkəzində saxlayan dövlətimizin
başçısının sərəncamları ilə son
bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların
bərpası ilə bağlı görülən silsilə
tədbirlər dini-mənəvi dəyərlərə verilən
yüksək qiymətin göstəricisidir. Prezident İlham
Əliyevin xalqımızın dini dəyərlərinə,
müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə
yanaşması, milli mənəvi dəyərlərə həssas
münasibətin dövlət siyasətinin mühüm
prioritetlərindən birinə çevrilməsi, ölkədə
güclü tolerantlıq ənənələrinin getdikcə
daha da möhkəmləndirilməsi Azərbaycanı
dünyada multikulturalizmin əsas mərkəzinə
çevirib. Dini, mədəni və tarixi abidələrin bərpasına,
onların yenidən xalqın qan yaddaşına
qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə
həyata keçirilən layihələrə ciddi dəstək
verən Prezident İlham Əliyevin son illərdə bir
çox dini abidələrin bərpası ilə bağlı
imzaladığı sərəncamlar, verdiyi
tapşırıqlar artıq ölkəmizdə mövcud olan
milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə
çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpir,
Bibiheybət, Əjdərbəy məscidlərində
geniş tikinti və yenidənqurma işləri həyata
keçirilib. Hazırda Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən Gəncədəki
“İmamzadə” kompleksində təmir-bərpa işləri
aparılır. Artıq Azərbaycan və Şərq
memarlığının nadir incilərindən olan
Şamaxı “Cümə” məscidi də dindarların istifadəsinə
verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident
İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan
vermir və çalışır ki, gələcək nəsillər
xalqımızın milli mənəvi dünyasına daha
çox bağlı olsunlar.
Prezident
İlham Əliyev məsciddə son tamamlama işlərinin
yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə
bağlı tapşırıq və tövsiyələrini
verdi.
Azərbaycan.-2014.- 25 dekabr.- S.1.