Zəka və ülviyyət məbədi

 

Azərbaycan Dövlət Pedaqoji Kolleci-95

 

Tarixən məzunları ilə fəxr edən Azərbaycan Dövlət Pedaqoji Kollecinin 95 yaşı tamam olur. Əsası keçən əsrin əvvəlində - 1919-cu ildə qoyulan, qərinələri yola salan, fəaliyyəti bir əsrə yaxınlaşan bu təhsil məbədi Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın savadlanması, maariflənməsi naminə həyata keçirdiyi mühüm tədbirlərdən biri kimi tarixin səhifələrinə həkk edilmişdir. O dövrdə ölkəmizdə mövcud olan, savadsızlığın aradan qaldırılması yolunda fəaliyyət göstərən pedaqoji kadrların hazırlanması məqsədilə yaradılan təhsil ocağı ilk günlərdən müxtəlif nəsillərdən olan insanların məhəbbətini qazandı.

Azərbaycan Dövlət Pedaqoji Kolleci 1919-1920-ci illərdə Bakı Kişi Müəllimləri Seminariyası, 1920-1925-ci illərdə Bakı Qadın Müəllimləri Seminariyası, 1925-1926-cı illərdə Bakı Müttəhid (Birləşmiş) Müəllimlər Seminariyası, 1926-1930-cu illərdə Azərbaycan Mərkəzi Beynəlmiləl Pedaqoji Texnikumu, 1938-1963-cü illərdə M.Ə.Sabir adına Rus Pedaqoji Məktəbi, 1968-ci ildən M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbi, 1991-ci ilin dekabrından M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu, 1999-cu ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərir.

Fəaliyyətinin əsas mərhələlərində Azərbaycan və rus bölmələri üçün sinif müəllimi, ibtidai siniflərdə rus dilinin tədrisi ixtisasları üzrə kadr hazırlayan təhsil ocağının uğurları həmişə diqqəti cəlb edib. İndiyə qədər 125 min nəfər məzun bu təhsil ocağından həyata vəsiqə alıb. Məzunların fəaliyyət coğrafiyası da xüsusi maraq doğurur. Təkcə ölkəmizdə deyil, Gürcüstanda, Dağıstanda və Rusiya Federasiyasının müxtəlif bölgələrində çalışan məzunlar ixtisas təhsili aldıqları məktəbə başucalığı gətiriblər.

Yeri gəlmişkən, bu təməli, bu özülü qoyanları xatırlamaq yerinə düşər. O dövrdə nəzəri və təcrübi hazırlığı, təşkilatçılıq qabiliyyəti ilə tanınan Pənah Qasımov 1920-ci ildə təhsil ocağına direktor təyin edildi. Onun səyi, problemə bələdlik səviyyəsi elə ilk aylardan diqqəti cəlb etməyə başladı.

Məktəbin nüfuzunu qaldırmaq üçün oraya dövrün ən görkəmli və tanınmış müəllimlərindən Soltan Məcid Qənizadəni, Hüseyin Cavidi, Abdulla Şaiqi, Azad bəy Əmirovu, Əlibəy Qasımzadəni, Qori seminariyasının digər məzunlarından Nuruş Şahsuvarovu, Məhəmməd Abdullayevi, Əhməd Kədəri Zəkizadəni, Qafur Rəşadı, Sultanmurad Əliyevi və başqalarını işə dəvət etdi. Hələ o dövrdə görkəmli ədib-pedaqoq kimi tanınan bu şəxslər Azərbaycanda savadsızlığın ləğv edilməsinə, maariflənmə prosesinin geniş vüsət alması naminə yeni yollar müəyyənləşdirir, tədris prosesinin milli və bəşəri ənənələr əsasında qurulmasına çalışırdılar.

Tarixi mənbələr göstərir ki, milli mədəniyyətimizin fəxri Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq, məşhur pedaqoqlardan Camo Cəbrayılbəyli, Azad Əmirov, ilk ziyalı qadınlarımızdan Mədinə xanım Qiyasbəyli kollecdə dərs demiş, zəngin bir irs qoyub getmişlər. Akademiklərdən Əlisöhbət Sumbatzadə, Məmmədhüseyn Təhmasib, professorlardan Əkrəm Cəfər, Mərdan Muradxanov, Fatma Süleymanova, Əli Sultanlı, xalq rəssamı Salam Salamzadə, musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmiş Niyazi, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, xalq yazıçısı Mehdi Hüseyn, Əzizə Cəfərzadə, yazıçı Sabit Rəhman, xalq şairlərindən Mirvarid Dilbazi, Cabir Novruz və başqaları kollecin fəxri məzunları olmuşlar.

Belə bir fakt da maraq doğurur ki, təhsil ocağının ilk buraxılışında cəmi 9 məzun olmuşdur. Onlardan biri Mirəli Abdulla oğlu Axundov idi. M.Axundov darülmüəllimini bitirdikdən sonra bir müddət müəllimlik etmiş, sonra ali məktəbə daxil olmuşdur. Mirəli Axundov Azərbaycan təbiət elmlərinin inkişafında böyük xidmətləri olan görkəmli alimlərimizdən idi.

Bu gün çox böyük iftixar hissi ilə deməliyik ki, zəngin ənənələri ilə tanınan təhsil ocağı ulu öndər Heydər Əliyevin də həmişə diqqət mərkəzində olmuşdur. Bu təhsil ocağının 80 illik yubileyi münasibətilə imzaladığı təbrik məktubunda kollektivin əməyini belə dəyərləndirmişdir: “Respublikanın maarif ocaqlarını yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir”.

Ulu öndərin bu təhsil ocağının 80 illiyi ilə əlaqədar müəllimlərə və tələbələrə ünvanladığı təbrik məktubu kollektivin hər bir üzvünün çox böyük sevincinə səbəb olmuşdur. O vaxtdan keçən 15 il ərzində nailiyyətlər daha da artmış, kadr hazırlığı sahəsində əldə olan bütün imkanlardan maksimum səmərə ilə istifadə əzmkarlığı geniş vüsət almışdır.

Aydın məqsəd, qarşıya qoyulan vəzifələrin həlli yolunda çəkilən zəhmət hədər getmir - deyənlər haqlıdırlar. Hələ o zaman dövlət başçısının təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirməsi 1990-cı ildən kollektivə rəhbərlik edən filologiya üzrə elmlər doktoru, professor Nurlana xanım Əliyevanın və kollektivin digər üzvlərinin qarşıya qoyulan vəzifələrə, bütövlükdə pedaqoji prosesə yaradıcı yanaşmalarının nəticəsi kimi qiymətləndirilməlidir. Mübaliğəsiz deməliyik ki, pedaqoji kollektivdə çalışan müəllimlər təhsilimizin müasir problemlərini mükəmməl bilməklə yanaşı, eyni zamanda, tədris etdikləri fənn dairəsində qarşıya qoyulan vəzifələri əzmkarlıqla yerinə yetirirlər.

Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə yaradılan dövlət komissiyası tərəfindən hazırlanan və 15 iyun 1999-cu ildə təsdiq olunan Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramının həyata keçirilməsində, qarşıya qoyulanmühüm əhəmiyyət kəsb edən prinsipial vəzifələrin həlli yolunda Azərbaycan Dövlət Pedaqoji Kollecinin geniş və çoxcəhətli fəaliyyəti təqdir olunur. Kollecin yaradıcı kollektivi müstəqil respublikamızın bu günü, gələcəyi üçün layiqli vətəndaş yetişdirilməsi işinin pedaqoji təminatçısına çevrilib.

Pedaqoji fəaliyyət prosesində demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə istinad etmək, təhsil alanın şəxsiyyət kimi formalaşmasına nail olmaq, bu prosesdə milli zəmini, bəşəri dəyərləri əsas götürmək kollecin müəllim kollektivinin daha parlaq şəkildə nəzərəçarpan fəaliyyət strategiyasıdır.

Diqqəti çəkən və digər pedaqoji kollektivlər üçün nümunəvi təsir aspekti kimi xarakterizə olunan əsas cəhətlərdən birisağlam və yaradıcı tədris mühitinin təşkilidir.

Foyedə, tədris kabinetlərində elmi əsaslar və bədii-estetik prinsiplər istiqamətində aparılan tərtibat işləri təlim-tərbiyə məqsədi daşımaqla zövq oxşayır. Zəruri informasiya şəbəkəsi yaradır. Əlbəttə, bütün bunlar milli və umumbəşəri dəyərlərin, azərbaycançılıq ideyalarının düzgün dərk edilməsinə istiqamətlənmişdir.

İstər tədris prosesində, istərsə də auditoriyadankənar məşğələlərdə əsas diqqət, qarşıya qoyulan məqsəd ona yönəldilmişdir ki, “İbtidai sinif müəllimliyi”, “Texnologiya müəllimliyi”, “Ailə və ev təhsili”, “Təsviri incəsənət müəllimliyi”, “Fiziki tərbiyə müəllimliyi”, “İnformatika müəllimliyi”, “Qeyri Azərbaycan məktəblərində Azərbaycan dili müəllimi” ixtisaslarına yiyələnən gələcəyin müəllimləri müstəqil və yaradıcı düşünmək, müasir təlim texnologiyalarına yiyələnmək bacarığı ilə tanınsınlar. Məzun ləyaqətini uca tutmaq ənənəsini daha da inkişaf etdirsinlər.

Aydın məqsəd yolunda həyata keçirilən tədbirlər, xüsusilə tədris prosesinə informasiya-kommunikasiya texnologiyalarının müxtəlif forma və vasitələrinin tədbiqi ilə əlaqədar görülən işlər daha çox maraq doğurur. Zəngin maddi-texniki bazaya malik olan kollecdə müasir elmi-texniki avadanlıqlarla təchiz edilən 45 kabinet fəaliyyət göstərir. Həmin kabinetlərdə istinad olunan İKT vasitələrinin hamısını xatırlatmağı lazım bilməsək də, onların sırasında “Aykü Board, Mimio, elnstuction Touch Board (AQ)” adlı lövhənin mahiyyəti, funksiyası üzərində dayanmağı zəruri sayırıq. Bu lövhələrə “ağıllı” deyənlər haqlıdırlar. Bu lövhələr vasitəsilə ayrı-ayrı fənlər üzrə müvafiq mövzuları elmi-həyati mövqedən daha əhatəli şəkildə izah etmək olur. Dərslər zəngin faktlar, əyani-illüstrativ vasitələr əsasında keçilir, mükəmməl mənimsəmə şəraiti yaranır. Təqdirəlayiq haldır ki, həm müəllimlər, həm də tələbələr həmin lövhələrdən səmərəli şəkildə istifadə etməyi bacarırlar. Onlardan məqsədəmüvafiq şəkildə istifadə ayrı-ayrı fənlər üzrə keçilən dərsləri daha maraqlı edir. Dərslərin məzmunu, quruluşu daha cəlbedici olur. Mövzu daha geniş planda izah edilir, səthi, primitiv yanaşmalara yer qalmır. Məhz elə buna görə də bütün tədris kabinetləri belə lövhələrlə təchiz olunmuşdur.

İKT-dən istifadə problemindən bəhs edərkən çox böyük məmnunluq hissi ilə qeyd etməliyik ki, kollecdə çalışan 212 nəfər müəllimdən 198-i xüsusi sertifikat alıb. Bu, təqdir olunan faktdır.

Təhsil sistemimizin indiki inkişaf mərhələsində “Öyrənməyi öyrətmək” prinsipinə geniş şəkildə istinad edilməsi kollecin pedaqoji kollektivinin hər bir üzvünün ürəyincədir. Azərbaycan Dövlət Pedaqoji Kollecində bu prinsipin real həllinə nail olmaq üçün işlər əsasən iki mərhələdə aparılır.

Birinci mərhələdə müəllimlərin özləri yeni pedaqoji texnologiyalara, onların əsas mahiyyəti ilə bağlı zəruri anlayışlar sisteminə yiyələnirlər. Belə bir ideya inamına əsaslanırlar ki, müasir texnologiyaların geniş miqyaslı tətbiqinə nail olmadan qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi mümkün deyil. Yeni pedaqoji texnologiyalardan müntəzəm, sistemli istifadə yaradıcı təfəkkürlə aşılanan tədris prosesini daha mənalı, məzmunlu edir.

İkinci mərhələdə tələbələr yeni pedaqoji texnologiyalar üzrə zəruri bilik, bacarıq və vərdişlərə yiyələndikdən sonra özləri müəllimlik etməyə başlayırlar. Ayrı-ayrı qruplar ibtidai siniflərə, tələbələr isə şagirdlərə çevrilirlər. Beləliklə, müxtəlif fənlər üzrə silsilə dərslər keçilir. Həmin dərslər əsasında müzakirə aparılır. Müsbət və unudulan, arzu olunan cəhətlər diqqətə çatdırılır. Məhz bu yolla, bu forma ilə tələbələr təbris ili boyu sanki sınaq təcrübəsində olurlar. Zəruri biliklərə nə dərəcədə yiyələndiklərini nümayiş etdirirlər.

İxtisas təhsilinə yiyələnmək prosesinə belə yanaşmalar çox mühüm nəzəri və praktik əhəmiyyətə malikdir. Əslində, problemliliyi ilə diqqəti cəlb edən cəhətlər tələbələri - gələcək müəllimləri ilk günlərdən səmərəli pedaqoji fəaliyyətə, bu sahədə fəal mövqeyin formalaşmasına istiqamətləndirir. Kollecdə diqqəti cəlb edən və yuxarıda göstərdiyimiz problem məsələlərlə sıx bağlı olan cəhətlərdən biri də tələbələrin mütaliə mədəniyyətinin inkişafına xüsusi diqqət yetirilməsidir. 85 mindən çox kitabı və 500 elektron kitab olan zəngin kitabxana fondu pedaqoji-psixoloji və bədii ədəbiyyat nümunələrindən ibarətdir.

Mütaliənin əhəmiyyətini göstərən və görkəmli filosof, söz-sənət ustaları tərəfindən deyilən sözlər də bu prosesə fəal təsir göstərir:

Heç nə bilməyən və bilməyə çalışmayan adam çox bədbəxtdir. Çünki ona iki bədbəxtlik birdən üz verib” (Aristotel), “Mütaliə adamı bilikli, söhbətcil, hazırcavab edir” (F. Bekon), “İnsan gücü ilə yox, mütaliə etməklə ağıllanır” (C.Bruno), “Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalanı həyatın öz işidir” (F.M. Dostoyevski). Əlbəttə, hikmət çələnginə dönən bu sözlər zamanın, əsrlərin sınağından sonra bizim günlərə çatdırılmış, tərbiyəvi təsir qüvvəsini itirməmişdir.

İxtisas təhsili prosesində kadr hazırlığının keyfiyyət göstəricilərinin yüksəldilməsi, məzunların gələcək müvəffəqiyyətinin təminatına, bu istiqamətdə ən münasib vasitə və yollara, müasir təlim texnologiyalarına geniş yer verilməsi, pedaqoji kollektivin hər bir üzvünün həyat-fəaliyyət amalına çevrilmişdir. Ədalət naminə qeyd edək ki, kollecdə çalışan müəllimlərin hər biri uğurlu axtarış yolunda inamla irəliləyir.

Pedaqoji kollecin 95 illiyinə həsr olunan “Qeyri-ənənəvi dərslər toplusu” (müəlliflər: filologiya elmləri doktoru, professor Nurlana Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, elmi redaktoru və rəyçisi pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayevdir) adlı metodik vəsait də orijinallığı, yenilikçi aspekti və fundamentallığı ilə diqqəti cəlb edir.

Vəsaitin ön səhifəsində ulu öndər Heydər Əliyevin pedaqoji prosesin daha da zənginləşməsinə istiqamətlənən “Təhsil millətin gələcəyidir”, “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”, “Cəmiyyətimizin gələcək tərəqqisi bir çox cəhətdən indi gələcəyimizə nəyi və necə öyrətməyimizdən asılıdır” - fikirlərinin xüsusi olaraq nəzərə çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu səhifədə dövlət başçısı Prezident İlham Əliyevin yüksək məna tutumu ilə aşılanan “Biz çox istəyirik ki, gənc nəsil dünyanın ən müasir standartlarına cavab verən şəraitdə oxusun, bilikli, savadlı olsun” sözlərinin əks etdirilməsi ideyalılığa, inkişafa, tərəqqiyə zəmin yaradır.

“Qeyri-ənənəvi dərslər toplusu” vəsaitinin məzmununa, problemlərin qoyuluşuna və həlli yollarına diqqət yetirdikcə istər-istəməz belə qənaətə gəlirsən ki, kollecin müəllimləri - müxtəlif ixtisas sahibləri uğurlu yaradıcılıq axtarışını inamla davam etdirirlər. Bu fikrin həyatiliyini, məna dəyərini açıqlamaq üçün vəsaitdə əks olunanbu günün tələblərilə həmahəng səsləşən tədris materiallarına diqqət yetirmək kifayətdir.

Azərbaycan dili və ədəbiyyatı, pedaqogika-psixologiya, riyaziyyat-informatika, biologiya-kimya, humanitarsosial iqtisadi, xarici dil, təsviri incəsənət və rəsmxətt, mədəniyyətşünaslıq, texniki fənlər, texnologiya, elektron dərslər üzrə fənn komissiyalarının açıq dərslərinin mövzu tutumu, quruluşu, gedişi, yekunu ilə tanışlıq göstərir ki, kollecdə sözün həqiqi mənasında yeni təlim texnologiyalarından istifadəyə geniş meydan verilib, bu yola yaşıl işıq yandırılıb.

“Qeyri-ənənəvi dərslər toplusunda tələbələrin sınaq dərslərinə, habelə metodik işlərə aid xüsusi bölmələrin əyani-illüstrativ vasitələr əsasında nəzərə çatdırılması, orijinallığı, nəzəri-metodik mahiyyəti ilə diqqəti cəlb edir.

Kollecdə hökm sürən təqdirəlayiq ənənələrdən biripedaqoji kollektivin üzvlərinin elmi-pedaqoji yaradıcılıq prosesinin daha da fəallaşmasına zəmin yaradan pedaqoji-metodik əsərləri qələmə almalarıdır. Kollecin direktoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın “Sövet dövrü Azərbaycan ədəbiyyatı” (Aliorta ixtisas məktəbləri üçün dərslik. 2013), “Azərbaycan uşaq ədəbiyyatı müntəxəbatı” (pedaqoji təmayüllü orta ixtisas məktəblərinin tələbələri üçün dərs vəsaiti. Tərtib edənlər: filologiya üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Təhminə Əsədova. 2012), filologiya üzrə fəlsəfə doktoru Təranə Əliyevanın və pedaqogika üzrə fəlsəfə doktoru Ümhanı Məmmədovanın “Müasir təlim texnologiyaları” (dərs vəsaiti 2014), pedaqogika üzrə fəlsəfə doktoru Sara Bayramovabaş müəllim Kifayət Məmmədovanın “Təhsilin modernləşdirilməsi kontekstində kiçikyaşlı məktəblilərin humanizm tərbiyəsinin metodiki aspektləri (tədris vəsaiti 2014), Günay Qarayevanın “İbtidai siniflərin riyaziyyat kurikulumunun metodik məsələləri” (tədris vəsaiti 2012), Gülnar Aliyevanın “Parça ilə işlərin texnologiyası” (dərs vəsaiti 2012) adlı tədris vəsaitləri belə bir fikir söyləməyə əsas verir ki, kollecdə çalışan müəllimlər öz ixtisasları dairəsində dərs deməklə kifayətlənmir, tədrisin elmi-pedaqoji təminatı naminə səmərəli fəaliyyət göstərirlər.

Kollecdə öz ixtisasını mükəmməl bilən və dövrün başlıca tələblərinə cavab verən yüksək səviyyəli kadr korpusu yaradılmışdır. Burada fəaliyyət göstərən müəllimlərdən bir nəfəri filologiya üzrə elmlər doktoru, professor, 21 nəfəri müxtəlif elm sahələri üzrə elmlər namizədi - fəlsəfə doktoru, 16 nəfəri baş müəllim titulunu şərəflə daşıyır. Müəllimlərdən 30 nəfəri müvafiq ixtisaslar üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün tədqiqat aparır, dissertasiya üzərində işləyir. Bütün bunlar təhsil ocağında yaranan sağlam, inkişafetdirici mühitin fərəh doğüran nəticəsi kimi qiymətləndirilməlidir.

Son illərdə kollecin müəllimlərinin pedaqoji mətbuatda, o cümlədən ayrı-ayrı jurnallarda, elmi metodik toplularda, müxtəlif universitetlərin elmi əsərlər məcmuəsində dərc etdirdikləri məqaqələr də həmkarlarına düzgün istiqamət vermək yolunda əhəmiyyətli vasitələrdən sayılır. 250-dən çox məqalənin hər birində milli təhsil sistemimizin inkişafı problemi ilə bağlı müxtəlif cəhətlər nəzərdən keçirilir.

Hər tədris ilində təhsil islahatının qarşıya qoyduğu vəzifələrin real həllinə istiqamətlənən elmi-praktik konfransların, seminarların təşkili də burada yaranan dəyərli ənənələrdəndir. Məzmununa, formasına görə diqqəti cəlb edən həmin elmi məclisləri sadalamaq imkan xaricindədir. Bununla belə, yubiley ilində keçirilən konfransları xatırlatmağı məqsədəmüvafiq sayırıq. “İntellekt əsri: öyrənməyin və öyrətməyin müasir aspektləri”, “Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz”, “Qloballaşma dövrundə dərslərin müasir texnologiyalarla keçirilməsinin əsas komponentləri” mövzularında keçirilən respublika miqyaslı konfransların hər biri elmi-metodik istiqamətinə görə mühüm əhəmiyyət kəsb edir.

İnamla deməliyik ki, Azərbaycan Dövlət Pedaqoji Kolleci respublikamızda fəaliyyət göstərən kolleclər sırasında öndə gedən mütərrəqi təhsil ocağıdır. Zəngin ənənəyə, kadr korpusuna malik olan bu baza əsasında təhsilin bakalavr pilləsini keçən pedaqoji kadr hazırlamaq əlverişli olar. Kollecdə tələbələrin hərtərəfli və ahəngdar inkişafına böyük əhəmiyyət verilir. Bunu kollecin 95 illik yubileyinə həsr edilən tədbirlər planında da görmək olur. Yubiley tədbirində əl işlərindən ibarət nümayiş etdirilən sərginin zənginləşdirilməsi”, “Özfəaliyyət dərnəklərinin işinin təkmilləşdirilməsi”, “Ayrı-ayrı qruplarda müxtəlif nominasiyalar üzrə müsabiqələrin təşkili, qaliblərin mükafatlandırılması”, “Görkəmli şəxslərlə görüş rubrikası ilə görkəmli şəxslərlə görüşün təşkili”, “Öyrənirik ki, öyrədək” adlı riyaziyyat fənn olimpiadalarının keçirilməsi”, gənclər arasında sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində “Maariflən və sağlam yaşa” adlı filmə baxış, “Azərbaycan dramaturqlarının səhnə əsərlərinə baxışın təşkili”, “Müsabiqələrin, yarışların, olimpiadaların, inşa yazılarının, rəsm əsərlərinin müsabiqələrinin təşkili” və s. tədbirlər fərdi, kütləvi xarakter daşımaqla tələbələrin bədii-estetik zövqünün, idraki - yaradıcılıq qabiliyyətlərinin inkişafına güclü təsir göstərmişdir. Yeri gəlmişkən, bu ilin may ayında Azərbaycan Dövlət Milli Dram Teatrında xalq yazıçısı Anarla keçirilən görüşün təəssüratını nəzərə çatdırmaq istərdim. Bu görüş bədii estetik təsirinə görə tədbirdə iştirak edən hər bir kəsin qəlbini riqqətə gətirdi. Tələbələr xalqın rəğbətini qazanan Anarın dərin vətənpərvərlik ruhu ilə aşılanan yaradıcılığının ayrı-ayrı mərhələlərindən söhbət açdılar. Səhnə əsərlərindən fraqmentlər göstərdilər. Müxtəlif vaxtlarda yazdığı şeirlərini, sözlərinə yazılmış mahnıları məharətlə ifa etdilər. Müəllif də razı qaldı, tamaşaçılar da. Belə bir cəhət tam əminliklə nəzərə çatdırıldı ki, pedaqoji kollecdə tələbələrin bədii-estetik tərbiyəsinə xüsusi fikir verilir. Bu istiqamətdə müntəzəm, sistemli tədbirlər həyata keçirilir ki, bu da pedaqoji kadr hazırlığının ən zəruri tələblərindəndir.

Tələbə gənclərin fiziki tərbiyəsi üzrə aparılan dərslər, fərdi və qrup halında keçilən məşğələlər, müxtəlif xarakterli yarışlar da böyük maraq doğurur. Vaxtilə ordu idman klubunda bədən tərbiyəsi və idman üzrə aparılan məşğələlər indi kollecin hər cəhətdən müasir tələblərə cavab verən 400 kvadratmetr sahəni əhatə edən idman kompleksində keçirilir. Bir il bundan əvvəl çox böyük çətinliklərlə başa gələn kompleksdə idmanın müxtəlif növləri üzrə məşq, geyim otaqları, tibb bacısının otağı və s. var. Hər cəhətdən göz oxşayan bu kompleksdə indi rayonrespublika miqyaslı yarışlar da keçirilir.

Bəli, zəngin, öyrənilməyə layiq ənənələri ilə elmi pedaqoji ictimaiyyətin dərin rəğbətini qazanan, 1999-cu ildən Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi tanınan bu möhtəşəm təhsil ocağında illərdən bəri çalışan müəllimlər, indi təhsil alan tələbələr, təəssübkeş məzunlar 95 illik yubiley ərəfəsində çox böyük sevinciftixar hissi keçirirlər. İllər bir-birini əvəz edəcək. 95-dən sonra 100 illik yubiley də gələcək. Xatirələr işığı ilə olub-keçənlər əsasında deyilən sözlər təhsilimizin möhtəşəm məbədlərindən sayılan kollecin şan-şöhrətini daha da artıracaq. Bizə o qalır ki, saf niyyətlə, saf ürəklə deyək: Uğurlarınız davamlı olsun!

 

VİDADİ XƏLİLOV,

PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü,

pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim

Azərbaycan.-2014.- 25 dekabr.- S.7.