Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edib

 

Dekabrın 25-də gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər Təşkilatının inzibati binasında Şirvan şəhərinin, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarının sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir Azad Rəhimov qəbul zamanı 30-a yaxın vətəndaşın müraciətini dinləyib. Müraciətlər əsasən QHT-lərin yaradılmasına dəstək verilməsi, yay istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, yeni gənclər mərkəzlərinin açılması, “Bakı-2015” Avropa Oyunlarına könüllülərin cəlb edilməsi ilə bağlı olub. İdman sahəsində isə fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının avadanlıqlarla təmin edilməsi, yeni Olimpiya İdman komplekslərinin tikilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakı və digər məsələlərə dair müraciətlər edilib. Müraciətlər sırasında, eyni zamanda, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlər də yer alıb.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması lazım gələn məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Azərbaycan.-2014.- 26 dekabr.- S.6.