Prezident İlham
Əliyev Heydər Əliyev adına İdman-Konsert
Kompleksində əsaslı təmir
işlərinin gedişi ilə tanış olub
Dekabrın
26-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva Heydər Əliyev
adına İdman-Konsert Kompleksində aparılan əsaslı
təmir işlərinin gedişi ilə tanış olublar.
Gənclər
və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə
burada görülən işlər barədə məlumat
verdi.
Qeyd
edək ki, 1977-ci ildə inşasına başlanılan və
1990-cı ildə istifadəyə verilən İdman-Konsert
Kompleksinin binasında indiyədək əsaslı təmir
işləri aparılmamışdı. Kompleks əsas
korpusdan və idmanın müxtəlif növləri üzrə
məşqlər üçün ayrı-ayrı korpuslardan
ibarətdir. Kompleksdə əsaslı təmir işlərinin
layihəsinin hazırlanmasına və icrasına xarici
şirkətlərlə yanaşı, yerli şirkətlər
və mütəxəssislər də cəlb olunub. Layihəyə
əsasən binanın daxili kommunikasiya sistemlərinin yenidən
qurulması, havalandırma sisteminin təmiri, yumşaq dam
örtüyünün izolyasiyasının, həmçinin
yer döşəməsinin daha keyfiyyətli örtüklərlə əvəzlənməsi,
qapı, pəncərə və vitrajların yenilənməsi,
zalların döşəmələrində idman təyinatlı
xüsusi örtüklərin dəyişdirilməsinə
başlanılıb. Kompleksdə müasir yarış
zalları, suvenir satışı mağazası, mətbuat
işçiləri üçün xüsusi sahələr,
VİP otaqlar, teleyayım mərkəzi, kafe-barlar və digər
lazımi otaqlar yaradılacaq.
Məşq
zalı ən müasir səviyyədə qurulur. Burada
saunalar, masaj, püşkatma, dopinq-yoxlama, tibb, hakimlər
üçün istirahət, beynəlxalq federasiyaların
işçi otaqları, yarış mərkəzi, 40 nəfərlik
iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər
köməkçi otaqlar olacaq.
Ümumi
sahəsi 55 min kvadratmetrə yaxın olan binada
tamaşaçı yeri təmirdən əvvəl 7587 idisə,
təmirdən sonra bu rəqəm 7682 olub. Burada, eyni zamanda,
142 VİP oturacaq quraşdırılacaq.
Əsaslı
təmir işləri zamanı kompleksin beynəlxalq səviyyəli
yarışların təşkilinə, o cümlədən
birinci Avropa Oyunları zamanı tələblərə cavab
verməsi və funksionallığının daha da
artırılması üçün bir sıra tədbirlər
görülüb. Heydər Əliyev adına İdman-Konsert
Kompleksində əsaslı təmir işləri Avropa Olimpiya
Komitəsi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi
və müvafiq beynəlxalq federasiyanın tələbləri
nəzərə alınmaqla yüksək keyfiyyətlə
aparılır. Kompleksdə 200 yerlik mətbuat mərkəzi,
jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans
otağı, 350 könüllü üçün zal və
kafe də fəaliyyət göstərəcək.
Bunlarla
yanaşı, kompleks təhlükəsizlik kameraları, 222 ən
müasir projektor, genişzolaqlı internet, müasir akustika və
səsgücləndirici sistemlər, avadanlığın
davamlı işləməsini təmin edən transformator, UPS
və generator ilə təchiz edilib. Beləliklə, burada
yaradılan şərait bir daha təsdiqləyir ki, ilk Avropa
Oyunlarının ən yüksək səviyyədə
keçirilməsi üçün Azərbaycanda hərtərəfli
imkanlar var.
Əsaslı
təmir işləri zamanı binanın fasadı da tamamilə
yenilənir. Fasad tac şəklində olmaqla xüsusi
örtüklə üzlənmiş konstruksiyadan ibarətdir.
Fasadın işıqlandırılması üçün
müxtəlif rəngdə xüsusi lampaların və
projektorların quraşdırılması nəzərdə
tutulur.
Prezident
İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva ətrafda aparılan
abadlıq-quruculuq işləri ilə də tanış
oldular, tapşırıq və tövsiyələrini verdilər.
Azərbaycan.-2014.- 27 dekabr.- S.3.